Azərbaycanın şərəfli istiqlal yolu

 

Xalqımız öz tarixinin ən parlaq və şərəfli səhifələrindən biri olan Azərbaycan xalq Cümhuriyyətinin yaranmasının 95–ci ildönümünü böyük ruh yüksəkliyi və qürur hissi ilə qeyd edir. 1918–ci il mayın 28–də müsəlman Şərqində ilk demokratik respublikanın elan edilməsi xalqımızın imperiya əsarətindən qurtulmaq üçün apardığı milli azadlıq mücadiləsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan dövlətçilik ənənələrimizin bərpası idi. Demokratik respublika xalqımızın azadlıq və müstəqillik arzularının təcəssümü kimi Azərbaycanın dünya birliyində layiqli yer tutmaq əzmini nümayiş etdirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, bu respublika milli dövlətçilik sahəsində bir sıra zəruri tədbirlər həyata keçirməyə, Azərbaycanı beynəlxalq səviyyədə tanıtdırmağa, nail oldu. Azərbaycan dilinə dövlət dili statusu verildi, mədəniyyət və təhsil sahəsində mühüm addımlar atıldı. Milli ordu, dövlət təhlükəsizliyi və ədliyyə orqanlarının yaradılması, dövlət rəmzlərinin qəbul edilməsi gənc respublikanın qısa müddətdə qazandığı çox böyük nailiyyətlər idi. Dövlət strukturlarında və ictimai həyatın əsas sahələrində o dövrə məxsus Avropa standartlarının tətbiqi Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin yüksək siyasi səviyyəsindən, demokratik prinsiplərə sadiqliyindən xəbər verirdi. Ölkədə yaşayan müxtəlif millətlərin və milli azlıqların hüquqlarına hörmətlə yanaşılması da bu dövlətin demokratik mahiyyətlərinin çox mühüm göstəricisi idi.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri barədə danışarkən demişdir: “Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə— XIX əsrin sonu— XX əsrin əvvəllərində xalqımız milli azadlıq və müstəqillik arzusu, ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi övladları, ziyalılar xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı”.

1920–ci ilin aprelində bolşevik işğalı nəticəsində süquta uğrasa da, ilk demokratik respublika xalqımızın qan yaddaşına əbədi həkk olundu və sonrakı nəsillər üçün mübarizə simvoluna çevrildi. Milli dövlətçilik tariximizin bu şərəfli səhifəsini yaşadanistiqlal arzularını daim müqəddəs tutan xalqımız XX əsrdə ikinci dəfə azadlığını qazandı və dövlət müstəqilliyini bərpa etdi.

1991–ci il oktyabrın 18–də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız 1920–ci ilin aprelində itirdiyi istiqlalına yenidən qovuşdu. Bu, dünyanın qlobal inkişaf proseslərinin təsiri altında keçmiş SSRİ imperiyasının dağılması nəticəsində yaranmış ictimaisiyasi şəraitdən irəli gələn, həmçinin milli şüurumuzdakı oyanışdan suverenlik əzmindən qaynaqlanan əlamətdar tarixi hadisə idi. Lakin həmin dövrdə Azərbaycanda hakimiyyətin səbatsız və qətiyyətsiz adamların əlində olması, Heydər Əliyev kimi dünya şöhrətli, vətənini, xalqını bütün varlığı ilə sevən, fenomenal təşkilatçılıq və idarəçilik istedadına malik şəxsiyyətin bu prosesdən kənarda qalması milli dövlətçiliyimizin taleyini təhlükə ilə üzləşdirmişdi. Keçmiş SSRİ–nin süqutu ərəfəsində xalqımıza düşmən olan qüvvələrin Dağlıq Qarabağda başlatdığı separatçılıq və Ermənistanın təcavüzü nəticəsində alovlanan müharibə, torpaqlarımızın işğalı, bir milyona yaxın soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, daxili çaxnaşmalarkürsü davası, ağır sosialiqtisadi böhran və hakimiyyət çevrilişləri, durmadan artan cinayətkarlıq və vətəndaş qarşıdurması—bunlar müstəqilliyimizin ilk iki ilinin acı mənzərəsinin əsas cizgiləri idi.

Vurğulamaq lazımdır ki, 1993– ildə ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ənənələrinin bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1994– ilin oktyabr və 1995–ci ilin mart hadisələri zamanı Heydər Əliyev özünün qətiyyəti və xarizması ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bildi.

Ulu öndərimiz siyasi sabitliyi təmin etməklə yanaşı demokratik dövlət modeli konsepsiyasını həyata keçirməyə başladı.

Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısında başlıca xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995–ci ildə qəbul olunmuş ilk milli Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasları təsbit olundu. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini özünün gələcək inkişaf yolu kimi seçdi. Heydər Əliyevin müəllifliyi ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu ali sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşdü.

1995–ci ildə müasir müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına daha geniş imkanlar açdı. Bu hadisə dövlət müstəqilliyinin prioritet istiqamətlərini müəyyənləşdirmək və həyata keçirmək yolunda istinad mənbəyi rolunu oynadı. Bununla da Azərbaycanın dünya dövlətləri sırasında özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində daha fəal və geniş fəaliyyətin əsası qoyuldu.

Bu gün ölkəmiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə öz siyasi nüfuzunuiqtisadi qüdrətini daha da artırır. Azərbaycan xalq Cümhuriyyətinin siyasi varisi olan müstəqil Azərbaycan dövləti bu gün artıq öz istiqlaliyyətini nəinki qoruyub saxlayıb, həm də onu daha da möhkəmləndirib və dünyanın ən önəmli ölkələrindən birinə çevirib.

 

Akif Nəbiyev,

 

Poladəritmə İstehsalat

Tikinti Mexanizasiya Şirkətinin

baş direktoru.

 

Respublika.-2013.-28 may.-S.8.