ŞƏRƏFLİ TARİXİMİZƏ EHTİRAM

 

Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrin əvvəllərində başlanmış və imperiyanın süqutu ilə daha da genişlənən milli–azadlıq mübarizəsinin məntiqi nəticəsi idi. Xalqımızın siyasi şüur səviyyəsinin, intellektual potensialının, milli birliyinin göstəricisi olan cümhuriyyət ölkəmizin həm də sivil və bəşəri dəyərlərə sədaqətini nümayiş etdirirdi. Cümhuriyyətin həyata keçirdiyi siyasət müstəqil dövlətçiliyimizin əsaslarının yaradılmasını və gələcək inkişaf yolunun müəyyənləşdirilməsini nəzərdə tuturdu. 23 aylıq mövcudluğu dövründə cümhuriyyət xalqımızda istiqlalsuverenlik qürurunu yaşada bilmişdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “az müddətdə, 23 ay ərzində çox işlər görüldü. Bu işlərin ən əsas məzmunu, mənası ondan ibarətdir ki, Azərbaycanda müstəqillik, azad yaşamaq və müstəqil dövlət kimi həyat sürmək fikirləri artıq geniş yayıldı.

28 May Cümhuriyyət Günü münasibətilə Cəlilabad şəhərində keçirilmiş təntənəli mərasimə toplaşan rayonun rəhbər işçilərinin, əmək kollektivlərinin üzvlərinin, ictimaiyyət nümayəndələrinin dilində bu fikirlər qürurla səslənirdi.

Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov mərasimi açaraq geniş nitq söylədi. O dedi ki, Azərbaycan xalqının əldə etdiyi bu nailiyyət bizim üçün çox əzizdir. Xalq Cümhuriyyətini yaradanlara hörmət və ehtiram hissləri vətəndaşlarımızda çox güclüdür. Cümhuriyyət qurucularının həyata keçirməyə başladıqları ideyalar bu gün müstəqil Azərbaycan dövləti tərəfindən uğurla həyata keçirilir.

Toplantıda çıxış edənlər vurğuladılar ki, belə bir əlamətdar vaxtda ulu öndər Heydər Əliyevin nurlu siması göz önünə gəlir. Ümummilli liderimiz sözün əsl mənasında Azərbaycanın ən yeni tarixinin yaradıcısı, müstəqil dövlətimizin memarı, yenimodern dövlətçilik ənənələrinin müəllifidir. Heydər Əliyevin dərin zəkası sayəsində ölkəmiz demokratik, hüquqi inkişaf yoluna çıxmış, beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirmişdir. Hazırda həmin möhtəşəm kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Cümhuriyyət Günü münasibətilə toplaşanlar bu hadisə mövzusunda sərgiyə baxdılar. Sonra tədbir rayonun bədii özfəaliyyət kollektivləri, mədəniyyət və incəsənət işçiləri tərəfindən davam etdirildi.

 

Sabir MUSTAFAYEV,

 

Respublika.-2013.-28 may.-S.8.