Respublika Günü Naftalan şəhərində təntənə ilə qeyd olundu

 

Naftalan şəhərində Respublika Günü münasibətilə keçirilən tədbir ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül–çiçək dəstələrinin qoyulması ilə başladı. Tədbirdə şəhər icra strukturlarının nümayəndələri, hüquq–mühafizə orqanlarının və idarə–təşkilat rəhbərləri iştirak edirdi. Ulu öndərin xatirəsi hörmətlə yad edildikdən sonra tədbir şəhər icra hakimiyyətinin iclas zalında davam etdirildi. Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov çıxış edərək tədbiri açıq elan etdi. O, 28 MayRespublika Günü münasibətilə Azərbaycan xalqını, şəhər ictimaiyyətini təbrik etdi. Şəhər icra hakimiyyətinin başçısı xalq cümhuriyyətinin yaranma tarixindən və cümhuriyyət rəhbərlərinin kəşməkəşli həyatından söhbət açdı. 95 il öncə yaradılmış respublikanın həyatında ulu öndər Heydər Əliyevin müstəsna rolundan söz açaraq dövlət atributu sayılan bayraq, gerb və dövlət himnimizin yenidən özümüzə qaytarılmasını xüsusi qeyd etdi.

Növbəti çıxış üçün söz şəhər ziyalısı, Naftalan şəhər 2 saylı orta məktəbin tarix müəllimi Sədrəddin Muradova verildi. Tarixçi–müəllim Azərbaycan Respublikasının yaranma tarixinə geniş nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən və yarandığı gündən bədnam ermənilərin xalqımıza qarşı təcavüzündən söz açdı. Amma bütün bu təzyiqlərə baxmayaraq, Şərqin ilk demokratik dövləti olan Azərbaycan Respublikası öz müstəqilliyini qoruyub saxlaya bildi, – deyə natiq vurğuladı. Hegemon xarici dövlətlərin təzyiqləri və daxildəki kəskin ictimaisiyasi gərginliklər hər an yeni yaradılmış gənc respublika üçün təhlükə yaradırdı. 28 may 1918–ci ildə Xalq Cümhuriyyəti yarandıqdan 2 il sonra Azərbaycanda Sovet hökuməti quruldu. Kütləvi repressiyalar, sürgünlər, Xalq Cümhuriyyəti liderlərinin təqib olunaraq məhv edilmələri adi hal almışdı. Öz xalqının azadlığı, dövlətinin müstəqilliyi üçün çalışan düşünən beyinlərin bəziləri ölkəni məcburi tərk edərək mühacirətdə, əksəriyyəti isə Sibir çöllərində məhv olaraq əbədiyyətə qovuşdular.

Çıxış edən tarixçi–müəllim 1991–ci ildə ulu öndər Heydər Əliyevin respublika üçün atdığı əzmli, iradəli addımını xüsusi vurğuladı. O qeyd etdi ki, Heydər Əliyevin Azərbaycana ikinci dəfə hakimiyyətə gəlişi xalqımız üçün yeni parlaq səhifə açmış oldu. İqtisadiyyatın bütün sahələrindəki tənəzzül Heydər Əliyevin gərgin əməyi və dəmir iradəsi sayəsində, ulu öndərin təbirincə desək, pərvəriş tapdı. Hazırda ölkəmizdə bütün sahələrdə inkişaf göz qabağındadır. Ölkəmiz Şərqin ən qabaqcıl ölkələrindən biridir, – deyə natiq öz çıxışını sona yetirdi.

Növbəti çıxış üçün söz Heydər Əliyev mərkəzinin direktoru Elman Alıyevə verildi. Mərkəz direktoru Xalq Cümhuriyyətinin yaranmasına qısa şərh verdikdən sonra Heydər Əliyevin ikinci dəfə Azərbaycana hakimiyyətə gəldikdən sonra xalq, dövlət üçün ölkəmizə verdiyi töhfələrdən geniş söhbət açdı. O vurğuladı ki, Azərbaycanı müstəqil bir dövlət olaraq bütün dünyaya tanıdan məhz Heydər Əliyev oldu. Ölkədaxili çəkişmələr səngiməyən bir dövrdə respublikada sabitlik yaratmaq, müharibə şəratində yaşayan ölkədə atəşkəsə nail olmaq, eyni zamanda ölkə iqtisadiyyatındakı irəliləyişlər, xarici investorların ölkəyə cəlb olunması, neft strategiyasında iri layihələrin reallaşdırılması, dünya siyasi arenasında Azərbaycan dövlətinin imzasının tanınması, xarici ölkələrdəki Azərbaycan diasporlarının fəaliyyəti məhz ulu öndər, zəmanəmizin Böyük Azərbaycanlısı Heydər Əliyev iradəsinin və zəkasının məhsulu ola bilərdi. Hazırda ölkəmiz durmadan inkişaf edir. Bu inkişaf Heydər Əliyev siyasi məktəbinin layiqli davamcısı möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.

Natiq çıxışının sonunda Azərbaycan xalqını təbrik etdi.

Tədbirin sonunda Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov dünya azərbaycanlılarını və tədbir iştirakçılarını Respublika Günü münasibətilə bir daha təbrik etdi.

 

Həsrət Rüstəmov.

 

Respublika.- 2013.- 30 may.- S. 11.