Səbail rayonu

 

                        İməcilik keçirilmişdir

 

Bakı şəhərinin mərkəzi rayonu olan Səbail rayonunda ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayonda yaşıllıqların artırılması, yeni ağacların əkilməsi istiqamətində görülən işlər davam etməkdədir.

Səbail rayonunda yaşıllıqların salınması və yeni ağacların əkilməsi ilə bağlı keçirilən növbəti genişmiqyaslı iməcilik rayon icra hakimiyyətinin, təsərrüfat və digər xidmətlərinin kollektivlərinin çoxsaylı nümayəndələrinin, ümumilikdə 250 nəfərin iştirakı ilə rayon icra hakimiyyəti tərəfindən xüsusi nəzarətdə saxlanılan—respublikamızın sakinləri və paytaxtımıza gələn çoxsaylı qonaqların geniş istifadə etdiyi Bakı şəhərinin cənub-qərb giriş yolu olan “Şıx” yaşayış sahəsində, Salyan yolu boyunca keçirilmişdir.

İməcilik ərəfəsində hazırlıq işləri görülmüş, lazımi miqdarda ləvazimat toplanmış, ağacların suvarılması üçün 5000 metr uzunluğunda yeni xətlər çəkilmiş və ən əsası isə burada əkilmək üçün dekorativ ağacgül kolları alınmışdır.

İlin əvvəlindən bu ərazilərdə təmizləmə işləri aparılmış, yol kənarlarından keçən kommunikasiya xətləri dəyişdirilmiş, “Dostluq parkı”ndan Lökbatan dairəsinə qədər ərazidə abadlıq işləri aparılmış, yeni torpaq qatı, yaşıl ot qatı salınmış, yeni ağacdekorativ kollar əkilmiş, əraziyə xüsusi yaraşıq verən yaşıllıq guşələri yaradılmışdır.

Həmin ərazidə yerləşən, keçən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə yaradılmış “Dostluq parkı”nın ərazisində yeni veloparkın yaradılması məqsədilə böyük yenidənqurma işləri aparılıb, burada 20 mindən çox yeni Eldar şamı, sərv ağacı və xaricdən gətirilmiş müxtəlif bəzək ağacları və kollar əkilmişdir.

Keçirilən iməcilik ərzində burada 1000 ədəd yeni ağac əkilmiş, 7000 kvadratmetr sahədə qazon salınmış, əlavə olaraq əvvəl əkilmiş 5000 ədəd ağaca qulluq göstərilmiş, ərazidə təmizlik işlərinə və ağacların suvarma məsələlərinə xüsusi fikir verilmişdir.

Yol kənarlarında əkilən ağaclar bu ərazidə ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, Səbail rayonunda yaşıllıqların artırılması, ərazinin gözəlləşməsi, yeni ağacların əkilməsi istiqamətində görülən işlərin davamı olmuşdur.

İlin sonuna kimi Səbail rayonunda ərazinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulmuşdur.

 

Məhəmməd VƏLİYEV,

 

Respublika.-2013.- 8 noyabr.- S.7.