Bir dəfə ucalan bayraq bir daha enməz

 

Azərbaycan Demokratik Respublikası hər bir müstəqil dövlət kimi fəaliyyətinin elə ilk günlərindən öz dövlət atributları olan bayraq, gerb, himn, dövlət dili məsələləri ilə məşğul oldu. 1918-ci il iyunun 27-də Xalq Cümhuriyyəti hökuməti Azərbaycan dilini dövlət dili kimi qəbul edərək bir çox zəruri məsələlərin həllinin vacibliyini qarşıya vəzifə kimi qoydu. Bundan təxminən altı ay sonra 1918-ci il noyabrın 9-da isəMilli Bayraq haqqındaqərar verildi. Təəssüf ki, dövlətin özü kimi onun rəmzlərinin ömrü qısa sürdü. Yetmiş illik sovet rejimi millətimizin bu qeyrət rəmzlərinin üzərinə qara bir pərdə çəkdi. Lakin taleyin öz hökmü var. Üçrəngli bayrağımız yenidən dalğalandı...

Dövlət Bayrağı Meydanı. Bakının and yeri olan məkanlarından biri. Bu gün burada yenə qələbəlikdir. Xətai rayon rəhbərliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Bayrağı Günü münasibətilə rayon gənclərinin bayram yürüşünün məhz burada başa çatması isə heç təsadüfi deyildi. Bayraq gününün belə yüksək əhval-ruhiyyə ilə qeyd edildiyi bu məqamda bir neçə il öncə ölkə başçısı İlham Əliyevin iştirakı ilə bu möhtəşəm abidənin təntənəli açılış mərasimini, onun dərin məzmunlu çıxışını xatırlamamaq olmur. Dövlət başçısı deyirdi: “...1990-cı il noyabrın 17-də ilk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı Azərbaycanda Dövlət Bayrağı kimi qaldırıldı. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Naxçıvan Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyəti bayrağı Naxçıvanda dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda o vaxtkı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırıldı tələb edildi ki, bu bayraq Azərbaycanın dövlət bayrağı kimi qəbul edilsin. Məhz Xalq Cümhuriyyətinin bayrağının dövlət bayrağı kimi qəbul olunması Azərbaycanı müstəqilliyə daha da yaxınlaşdırmış ölkəmizdə gedən proseslərə güclü təkan vermişdir...”

Onu da qeyd edək ki, Dövlət Bayrağı Meydanının yaradılması barədə ölkə başçısı 2007-ci il noyabrın 17-də sərəncam imzalamış, o vaxtdan iki il sonra, 2009-cu il noyabrın 17-də Azərbaycan Dövlət Bayrağı Günü təsis edilmişdir. Həmin ildən hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi qeyd olunur. Meydanın üst hissəsinin sahəsi 3 hektar, bütövlükdə ərazisi 60 hektardır. Burada Azərbaycanın dövlət rəmzləri: gerbi, himninin mətni, xəritəsi qızıl suyuna çəkilmiş bürüncdən hazırlanaraq təsvir edilmişdir. tək ortada üçrəngli bayrağımız ucaldılıb.  Hündürlüyü 162 metr olan bu bayraq şəhərin hər yerindən görünür.

Dövlət Bayrağı Meydanının təməlqoyma mərasimi 2007-ci il dekabrın 30-da olmuş, ABŞ-ın “Trident Support” şirkəti tərəfindən hazırlanmış layihənin icrasını AzərbaycanınAzenkoşirkəti yerinə yetirmişdir. Burada inşa olunmuş dayağın hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2 metr, bünövrənin üst hissəsinin diametri 1,09 metr, qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi təqribən 350 kiloqramdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.

Hər il olduğu kimi, bu il Xətai rayonunun ayrı-ayrı təhsil müəssisələrində oxuyan 500-dək şagird Bayraq Meydanına toplaşmışdı. Xətai Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir meydanda əks olunan digər dövlət rəmzləri ilə tanışlıqdan başladı. Sonra onlar Dövlət Bayrağı Muzeyinin eksponatları ilə tanış oldular. Ayrı-ayrı bölgələrdə qorunub saxlanılan Azərbaycan dövlətinin orden medalları, orta əsrlərə aid dövlət bayraqları, döyüş paltar sursatları hər kəsin marağına səbəb oldu.

Fürsətdən istifadə edərək iştirakçıların təəssüratlarını öyrənməyə çalışırıq. Xətai rayon 171 saylı orta məktəbin təşkilatçısı Sima Əhmədova deyir: “Bayraq bizim müqəddəs dövlət rəmzlərimizdən biridir. Dövlət başçısının sərəncamı ilə Bayraq Gününün təsis edilməsi bir vətəndaş, bir təhsil işçisi kimi məni çox sevindirir. Bugünkü tədbirin əhəmiyyəti isə daha böyükdür. Biz uşaqlarımıza tariximizi olduğu kimi öyrətməli, onları vətənpərvərlik ruhunda tərbiyə etməliyik. Onlar dövlət rəmzlərini bilməli ona hörmət etməlidirlər”.

Həmin məktəbin uşaq birliyinin rəhbəri Günay Qasımova da həmkarının söylədiklərinə şərik çıxaraq bunları əlavə etdi: “Bu gün üçrəngli bayrağımız dünyanın hər yerində dalğalanır. Buna hər birimiz sevinirik. Ancaq bizim bir arzumuz var. Müstəqil Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin edilsin, işğal olunmuş torpaqlarımız azad olunsun, üçrəngli bayrağımız Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda dalğalansın!”.

Bəli, Azərbaycan qədim dövlətçilik ənənələrinə malikdir. Bu ənənələrin qorunub saxlanması isə müqəddəs bir işdir. Müstəqilliyimizin bərpasından sonra ulu öndərimiz Heydər Əliyev gənc Azərbaycan dövlətinin memarı kimi onun əbədiliyini təmin etdisə, onun layiqli davamçısı ölkə başçısı İlham Əliyev Azərbaycanın daha da qüdrətlənməsinə çalışdı, dövlət rəmzlərinə hörmətini nümayiş etdirdi. bununla da sübut etdi ki, bir dəfə ucalan bayraq bir daha enməyəcəkdir!..

 

Zümrüd ABDULLAYEVA

 

Respublika.-2013.- 9 noyabr.- S.6.