Heydər Əliyev və müstəqil dövlətin ilk Konstitusiyası

 

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq birliyin tamhüquqlu üzvü kimi ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir.

       1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyasının qəbulu ölkəni yeni tarixi perspektivə, hüquqi dövlət quruculuğu yoluna çıxardı. Bu Konstitusiyanın müəllifi dünyanın qanunvericilikhüquq siyasəti tarixində öz modelini işləyib hazırlamış dahi şəxsiyyət, qüdrətli dövlət xadimi Heydər Əliyev idi. Bu Konstitusiya hazırlanarkən Heydər Əliyev müasir Şərq demokratiyasının əsas prinsiplərini Şərq sivilizasiyasının tarixi sınaqlardan çıxmış dəyərləri və milli özünəməxsusluğun tələbləri ilə üzvi surətdə qovuşdurmağa nail olmuşdu. Ona görə də Azərbaycan dövlətinin Əsas Qanunu bütün dünyada mükəmməl, orijinal bir hüquqi sənəd kimi dəyərləndirildi. Bu sənəd tariximizə Heydər Əliyev Konstitusiyası adı ilə daxil oldu. Vurğulamaq lazımdır ki, 2002-ci il avqustun 24-də isə yenə ümummilli liderimiz Heydər Əliyevin müəllifliyi ilə ölkəmiz əsas qanunu yeni tarixi reallıqları əks etdirməklə təkmilləşdirildi, ümumxalq referendumu ilə Konstitusiyaya əlavə və dəyişikliklər qəbul olundu.

Bu Konstitusiyanın prinsipləri əsasında Azərbaycanda həyata keçirilən islahatlar sırasında ölkədə mükəmməl demokratik qanunvericilik bazasının yaradılması da Heydər Əliyevin adı, gərgin və müstəsna fəaliyyəti ilə bağlıdır. 1996-cı ildən bəri ardıcıl olaraq qəbul olunmuş, hüquq-mühafizə sistemində islahatları tənzimləyən, onların normal fəaliyyətini təmin edən çoxsaylı sənədlərin hamısı ümummilli liderimiz, tariximizin böyük himayədarı Heydər Əliyevin bilavasitə nəzarəti, fəal yardımı, tövsiyələri əsasında hazırlanıb.

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar, yaradılan qanunçuluq bazası ölkənin polis sistemində tamamilə demokratikləşdirilmiş, sivil dünya təcrübəsi ilə silahlandırılmışdır. Polisin cəmiyyətdə yerini müəyyən edən, fəaliyyətini tənzimləyən qanunlar onu möhkəm hüquqi prinsiplərə söykənən dövlətin və demokratiya şəraitində yaşayan xalqın etibarlı keşikçisinə, asayişinin təminatçısına çevrilmişdir.

İnsan hüquq və azadlıqlarının tarixi inkişafın baş tələbinə çevrildiyi müasir dünya reallıqlarını ölkəmizdə bərqərar etmək üçün Heydər Əliyev bir sıra tarixi sənədlərə imza atmış, qoşulduğumuz beynəlxalq qurumlarla səmərəli, faydalı əməkdaşlığı böyük yola çıxarmışdır. Bütün bunların uğurlu nəticəsi kimi Azərbaycan Avropa Şurası kimi nüfuzlu, problemlərimizin həllində təsirli rol oynayan bir beynəlxalq qurumun tamhüquqlu üzvüdür.

Ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyev dövlət quruculuğundaxalqa rəhbərliyində elə bir humanist hüquqi sistemə üstünlük verirdi ki, ölkədə sabitliyin yaranması, qanunçuluğun möhkəmlənməsi inzibati qaydaların sərtləşdirilməsi, cəzaların artırılması yolu ilə deyil, insanların tərbiyələndirilməsi, islah olunması, cəmiyyətdə yerini tapması vasitəsilə mümkün olsun.

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin I bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Təsadüfi deyildir ki, Konstitusiyaya edilmiş 11 dəyişikliyin, 39 əlavənin, müvafiq olaraq, 5 dəyişikliyi və 22 əlavəsi Konstitusiyanın 3-cü fəslinə – əsas insan və vətəndaş hüquqları və azadlıqları fəslinə aid olmuşdur. Bütün bu dəyişikliklər isə dövlətin ali qanununun, Konstitusiyasının daha da təkmilləşdirilməsinə xidmət etmişdir.  

Dövlətin əsaslarını, əsas insan və vətəndaş hüquqlarını, vəzifələrini, qanunvericilik, icra və məhkəmə hakimiyyətini dövlət quruluşunu, mülkiyyət formalarını və dövlət həyatının digər bu kimi məsələlərini müəyyənləşdirən Konstitusiyanın qəbul edilməsi hər bir dövlətin həyatında mühüm ictimai-siyasi hadisədir.

Ümummilli liderimiz Heydər Əliyev müstəqil dövlətimizin ilk konstitusiyasının banisidir. Qeyd etmək lazımdır ki, müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildikdən sonra dövlət quruculuğu sahəsində yeni mərhələ başlanmışdır. Konstitusiya əsasında hüquqi, demokratiksivil dövlət quruculuğu sahəsində uğurlu nəticələrə imza atılmış və bu gün Prezident İlham Əliyevin ətrafında xalqımızın sıx birliyi təmin olunmuşdur.

 

Nofəl MƏHƏRRƏMOV,

 

Bakı şəhəri Nizami rayon polis idarəsinin rəisi.

 

Respublika.-2013.- 9 noyabr.- S.7.