Xalqın siyasi iradəsinin hüquqi ifadəsi

 

Azərbaycan xalqı öz tarixinin ayrı-ayrı dövrlərində müstəqil dövlət qurmağa müvəffəq olmuşdur. Bu dövlətlər xalqımızın maddi-mədəniyyət abidələrinin, ədəbiyyatının, dilinin, mənəvi-əxlaqi dəyərlərinin inkişafında və qorunub saxlanmasında mühüm rol oynamışdır. Heç də təsadüfl deyildir ki, Yaxın və Orta Şərqdə ilk dramaturgiya, ilk opera, ilk qəzet məhz Azərbaycanda meydana gəlmiş, müsəlman Şərqində müasir parlament mədəniyyətinin əsası da Azərbaycanda qoyulmuşdur.

1918-ci ildə Şərq aləmində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin elan   edilməsi dövlətçilik tariximizin  ən yaddaqalan şanlı səhifələrindəndir.

Gələcək  nəsillərin taleyi baxımından çox böyük önəm daşıyan bu tarixi hadisə xalqımızın əsrlər boyu ürəyində yaşatdığı azadlıq amalının parlaq ifadəsi idi.

Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı XX əsrdə iki dəfə öz dövlət müstəqilliyini bərpa etməyə nail olmuşdur. Əsrin əvvəllərində qurulmuş və cəmi 23 ay yaşamış Azərbaycan Xalq Cumhuriyyətindən fərqli olaraq əsrin sonlarında -1991-ci ildə müstəqil dövlət kimi tarix səhnəsinə qədəm qoymuş Azərbaycan müstəqilliyin ilk illərində həlli çətin görünən problemlərlə üzləşmişdir. Milli tariximizin belə bir sınaq dönəmində bütün təhlükələrə və təlatümlərə baxmayaraq, dövlətimiz müstəqillik yollarında ilk kövrək addımlarını atmaqla labüd fəlakətlərdən qurtulmuşdur. Ulu öndər Heydər Əliyevin qətiyyəti sayəsində xalqımız dövlət müstəqilliyini qoruyub saxlamaq, onu dönməz və əbədi etmək iqtidarında olduğunu bütün dünyaya sübut etmişdir.

Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra əldə edilmiş ictimai-siyasi sabitlik, ölkədə hüquqi dövlət quruculuğu istiqamətində islahatların aparılması, demokratik prinsiplərin bərqərar olması üçün əlverişli zəmin yaranmışdır.

Bu dövrdə ölkənin Əsas Qanunu hələ sovetlər dövründə qəbul edilmiş Konstitusiya idi. Ölkənin ictimai-siyasi həyatında baş vermiş dəyişikliklər respublikanın Əsas sənədində öz əksini tapmamışdır.

Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I ümumazərbaycan Sovetlər qurultayında qəbul edilmişdir. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV ümumazərbaycan Sovetlər qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə mövcud olmuşdur.

SSRİ-nin dağılmasının labüdləşdiyi bir məqamda - 1991-ci il avqustun 31-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsi haqqında Bəyannamə qəbul edildi. 18 oktyabr 1991-ci il tarixində “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsi respublikanın müstəqil dövlətçiliyinin hüquqi əsasını möhkəmləndirdi. Yeni Konstitusiyanın hazırlanması üçün başlanğıc sayılan bu Akt respublikanın dövlət, siyasiiqtisadi quruluşunun əsaslarının təsisini nəzərdə tuturdu.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi dövrdən etibarən ictimai-siyasi, sosial-iqtisadihüquqi həyatda baş verən sürətli dəyişikliklər, eyni zamanda 1991-ci il il Konstitusiya Aktının yekun müddəalarının tələbləri yeni Konstitusiyanın tez bir zamanda qəbul olunmasının zəruriliyini diktə edirdi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiya qəbul edilənədək 1978-ci il Kontitusiyasının “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə ziddiyyət təşkil etməyən maddələri qüvvədə olmuşdur. Yeni Konstitusiyanın hazırlanması məqsədilə 1991-ci və 1993-cü illərdə komissiyalar təşkil edilsə də, onların əməli fəaliyyəti nəzərə çarpmamışdı.

9 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Konstitusiyasına (Əsas Qanununa) dəyişikliklər və əlavələr edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun 1995-ci il noyabrın 27-də qüvvədən düşmüşdür.

Bütün bunlar müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsinin hazırlanmasını şərtləndirən amillərdən idi. 1994-cü ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başladı və layihə 1995-ci ildə ümumxalq müzakirəsinə verildi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olundu. Azərbaycan dövlətçiliyinin formalaşması və dövlətimizin Əsas Qanunu olan ilk Konstitusiyanın qəbulu məhz xalqın təkidi ilə 1993-cü ildə ikinci dəfə ölkə rəhbərliyinə qayıdan Heydər Əliyevin adı ilə bağlıdır. Beləliklə, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə düşmüşdür.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycanın dövlət quruculuğunun əsaslarını qoymuşdur. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir.

Azərbaycan Respublikası artıq öz yeni tarixinin üçüncü onilliyini yaşayır, ölkəmizdə milli dövlətçilik möhkəmlənir və inkişaf edir. Tarixi təcrübə göstərir ki, bütün ölkələrdə cəmiyyətin inkişafına uyğun olaraq Konstitusiyada müvafiiq dəyişikliklər aparılması zəruridir.  Buna misal olaraq ABŞ və bir çox Avropa ölkələrinin konstitusiyalarında müxtəlif illərdə edilən dəyişiklikləri göstərmək olar.  Konstitusiyanın təkmilləşdirilməsi həmin ölkələrdə demokratiyanın inkişafına təkan vermiş və vətəndaş hüquqlarının qorunmasına etibarlı hüquqi zəmin yaratmışdır.

2002-ci il avqustun 24-də və 2009-cu il martın 18-də keçirilmiş referendumlarla Azərbaycan Respublikası Konstitusiyasına bir sıra dəyişikliklər edilmişdir.

1995-ci il noyabr ayının 12-də referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının qüvvəyə minməsindən artıq 18 il keçir. Bu müddət ərzində ölkəmizdə bütün sahələri əhatə edən dinamik islahatlar həyata keçirilmiş və Azərbaycanda dünyəvi, demokratik dövlətçilik ənənələri, insan hüquq və azadlıqlarının toxunulmazlığını təmin edən sivil cəmiyyət formalaşmışdır. Bütün bunlar ölkəmizdə hüquqi dövlət quruculuğu işinin uğurlu nəticəsinin əsası kimi qiymətləndirilməlidir.

Müəllifı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin olduğu ilk milli Konstitusiyamızın qəbulundan ötən dövrdə respublikamızda mühüm irəliləyişlər baş vermiş və cəmiyyətimiz köklü surətdə demokratikləşmişdir.

Ölkəyə rəhbərlik etdıyı dövrlərdə ümumxalq maraqlarını, millı mənafeyi hər şeydən uca tutan ulu öndərimiz Heydər Əliyev hələ sovet dövründə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasında dilimizin dövlət dili kimi təsbit edilməsinə nail olmuşdur.

             Xalqın siyasi iradəsinin hüquqi ifadəsi olan yeni Konstitusiyanın müddəaları respublika prezidenti Heydər Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə real həyata tətbiq olunmuşdur.

Bu gün ulu öndərimiz Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin ən layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində ölkəmizdə insan hüquq və azadlıqları sahəsində qazanılan nailiyyətlər dövlətimizin ümumi inkişaf səviyyəsini, iqtisadi-siyasi potensialını müəyyənləşdirən başlıca amillərdən sayılır.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafı ilə paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə deyil, hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırmışdır. Prezident İham Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə və milli maraqların müdafiəsinə yönələn müdrik siyasi kursun davamçısı olduğunu təsdiqləmişdir.

 

 

Cəmilə MƏLİKOVA

 

Respublika.-2013.- 9 noyabr.- S.7.