Şəmkirdə Dövlət Bayrağı Günü ilə bağlı tədbir

 

Noyabrın 9-da Şəmkirdə Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçrilmişdir. Tədbirdə Şəmkir və Gədəbəy rayonları ictimaiyyətinin nümayəndələri, habelə Qarabağ müharibəsi şəhidlərinin, hərbçi ailələrinin uşaqları, Gəncə Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi, Qovlar şəhər qarışıq tipli orta internat məktəbində tərbiyə olunan uşaqlar iştirak da etmişlər.

Tədbir iştirakçıları Dövlət Bayrağı Meydanı və burada yerləşən “Bayraq muzeyi”, Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Onlara dövlət müstəqilliyimizin rəmzi olan dövlət atributları və onların tarixi haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli dövlət quruculuğu siyasəti nəticəsində vətəndaşlarımızda dövlət rəmzlərinə hörmət hisslərinin aşılanması həmişə diqqət mərkəzində saxlanılır.

Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən üçrəngli bayrağımız ilk dəfə 1990-cı il noyabr ayının 17-də məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində Muxtar Respublikanın rəsmi bayrağı kimi təsdiq olunmuşdur. Bir qədər sonra, 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının rəsmi Dövlət bayrağı elan edilmişdir.

Ölkə başçısı cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də “Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında imzaladığı sərəncama əsasən hər il noyabr ayının 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd olunur. 2010-cu il sentyabr ayının 1-də Prezident İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli sərəncamına uyğun Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı inşa olunub. Burada Ginnesin rekordlar kitabına düşmüş ən uca dirəkli bayraq dalğalanmaqdadır. Bu, dövlət rəmzlərinə verilən dəyərin bariz nümunəsi olmaqla, dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsində ən mühüm amillərindən biridir.

2013-cü ilin sentyabr ayında Şəmkirdə də Bayraq Meydanı və Bayraq Muzeyi istifadəyə verilmişdir. Şəmkirdə Bayraq Meydanı ilə yanaşı, son illər bir sıra müasir binalar, Heydər Əliyev Mərkəzi, əhalinin istirahətinin yüksək səviyyədə təşkilini təmin edən parklar, “Zəka” İntellektual Gənclər Mərkəzi, “Excelsior Hotel Shamkir” mehmanxanası tikilib istifadəyə verilmiş, Alman Lüteran Kilsəsi bərpa edilmişdir.  Aparılan abadlıq işlərinin davamı olaraq noyabrın 9-da Şəmkirdə 26 adda tanınmış brendi bir araya gətirmiş “West Gate” (“Qərb Qapısı”) Ticarət Mərkəzi də istifadəyə verilmişdir.

Bayram tədbirlərində iştirak edən Şəmkir və Gədəbəy rayonlarındakı aztəminatlı ailələrlə, hərbçı ailələrə, habelə Gəncə Uşaq Evi, Gəncə SOS Uşaq Kəndi, Tovuz rayonundakı Qovlar şəhər qarışıq tipli orta internat məktəbində tərbiyə alan uşaqlara Heydər Əliyev Parkındakı və “Meqafun” Əyləncə Mərkəzindəki attraksionlardan pulsuz istifadə etmək imkanı da yaradılmışdır.

Dövlət Bayrağı Günü münasibəti ilə keçirilən tədbir musiqili bayram atəşfəşanlığı ilə başa çatmışdır.

 

N.CAVADOV

 

Respublika.-2013.- 13 noyabr.- S.12.