GÖRKƏMLİ ƏDƏBİYYATŞÜNAS VƏ İŞIQLI ŞƏXSİYYƏT

 

Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli yaradıcıları sırasında böyük alim, parlaq şəxsiyyət pedaqoq Firidun Hüseynovun xüsusi yeri var.

Sanballı elmi xidmətləri olan tanınmış alim, əsl milli ziyalı, çox təbii səmimi insan kimi tanıdığım Firidun Hüseynov (1933-1986) ilk növbədə ədəbiyyatşünas idi. Firidun müəllim həyatını Azərbaycan mollanəsrəddinçi ədəbiyyatının tədqiqinə və tədrisinə həsr etmişdir. Onun mollanəsrəddinçi ədəbiyyat haqqındakı qiymətli tədqiqatlarında XX əsrin əvvəlləri Azərbaycan tənqidi realizmi ədəbiyyatının real mənzərəsi, ədəbi gedişatı “uğurlar və problemlər” şəklində işıqlandırılmışdır.

Sovet rejiminin ciddi dövrlərində yaşayıb-yaratmasına baxmayaraq, filologiya elmləri doktoru, professor Firidun Hüseynovun tədqiqat əsərlərində keçmiş ideologiyanın izləri çox azdır, yox dərəcəsindədir, məcburi, yaxud formal zahiri fon təsiri bağışlayır. Bunun əsas səbəbi görkəmli alimin əsl mollanəsrəddinçi kimi həmişə gerçəkçi elmi mövqedə dayanması, araşdırma prosesində ədəbi faktlara və hadisələrə üstünlük verməsi ilə əlaqədardır. Firidun Hüseynovun təhlilləri mollanəsrəddinçi ədəbiyyatdan alınmış çoxsaylı informasiyalarla, real ədəbi materialla zəngindir. Bir çox tanınmış ədəbiyyatşünaslardan fərqli olaraq o, araşdırma apararkən hazır sxemlərdən və modellərdən deyil, ədəbiyyatın özündən çıxış edirdi. Bu mənada professor Firidun Hüseynov tədqiqat əsərlərini, ədəbiyyatşünaslıq elmini bədii ədəbiyyatın özünə yaxınlaşdırmışdır. Onun elmi əsərlərində milli mollanəsrəddinçi ədəbiyyatın real nəbzi döyünür.

Azərbaycan mollanəsrəddinçi irsinin Mirzə İbrahimov, Abbas Zamanov, Mir Cəlal, Əziz Şərif, Əziz Mirəhmədov kimi qüdrətli tədqiqatçılarının sırasında Firidun Hüseynovun da özünəməxsus yeri vardır. O, mollanəsrəddinçi ədəbiyyatşünaslığın əsas yaradıcılarından biridir. Mollanəsrəddinçi ədəbiyyata həsr olunmuş qiymətli tədqiqat əsərləri onu geniş mənada Azərbaycan ədəbiyyatşünaslıq elminin görkəmli yaradıcıları sırasına daxil etmişdir. Aradan xeyli illərin keçməsinə və ideoloji sistemin dəyişməsinə baxmayaraq, indiFiridun Hüseynovun elmi irsi öz aktuallığını itirməmişdir. Bu zəngin və dəyərli elmi irsə aid olan çoxsaylı məqalələr, sanballı monoqrafik tədqiqatlar yenə də mütəxəssislərin, müəllimlərin və tələbələrin xidmətindədir.

Firidun Hüseynov mollanəsrəddinçi ədiblərin tədqiqinə “Əli Nəzminin həyatı və yaradıcılığı” adlı namizədlik dissertasiyası ilə başlamışdır. Əli Nəzmi Məşədi Sicimqulu ilə əlaqədar apardığı ciddi araşdırmalar Firidun HüseynovunMolla Nəsrəddin” dünyasına açılan ilk qapısıdır. “Əli Nəzmi” monoqrafiyası (1970) mollanəsrəddinçi irsin tədqiqinin birinci mərhələsinin uğurlu yekunudur. Bu qiymətli kitab ədəbiyyat tariximizdə “ikinci Sabirkimi tanınmış görkəmli mollanəsrəddinçi şair Əli Nəzmiyə ucaldılmış layiqli elmi abidədir. Burada Əli Nəzminin həyatı və yaradıcılığının  bütün yönləri və problemləri özünün dolğun elmi əksini və həllini tapmışdır. İndiki mərhələdə bu faydalı kitabı yenidən nəşr edib elmi dövriyyəyə daxil etməyə ehtiyac vardır.

Əli Nəzmiyə həsr olunmuş elmi-tədqiqat işi və həmin araşdırma əsasında yazılmış monoqrafiya mollanəsrəddinçi bədii irsin tədqiqi sahəsində Firidun Hüseynovun mükəmməl elmi məşqidir. “Molla Nəsrəddin” dünyasına həsr olunmuş sonrakı qiymətli elmi əsərləri həmin möhkəm bünövrə üzərində ucaldılmışdır. Elmi mühitdə professor Firidun Hüseynov daha çox görkəmli Mirzəcəlilşünas alim kimi tanınır. Doktorluq dissertasiyası kimi meydana çıxmış “Cəlil Məmmədquluzadə bədii nəsrinin əsas problemləri” adlı sanballı elmi-tədqiqat əsəri onu Azərbaycan ədəbiyyatşünaslığının böyük Mirzəcəlilşünasları cərgəsinə çıxarmışdır. Həmin doktorluq dissertasiyası əsasında hazırlanıb nəşr edilmişAdi əhvalatlarda böyük həqiqətlər” adlı qiymətli monoqrafiyası (1977) ümumən Cəlil Məmmədquluzadə yaradıcılığının, xüsusən də ədibin bədii nəsrinin dünyasını açan və yüksək elmi səviyyədə dəyərləndirən faydalı əsərdir. Bu əsərdə də Firidun Hüseynovun mövcud ədəbi materialı elmi cəhətdən bütün dərinliyi ilə həzm etdiyi aydın surətdə görünməkdədir. Kitabın düzgün seçilmiş uğurlu adı burada Cəlil Məmmədquluzadə yaradıcılığının əsas qayəsinin, ana xətlərin dolğun ifadə edildiyini nəzərə çarpdırır. Firidun müəllim tərəfindən düşünülmüş bu ad, sərlövhə “Adi əhvalatlarla böyük həqiqətlər” tezisi təkcə Cəlil Məmmədquluzadənin yaradıcılığını deyil, geniş mənada mollanəsrəddinçi ədəbiyyatın da əsas, başlıca mahiyyətini mənalandırmaq imkanlarına malikdir.

Satirik gülüşün qüdrəti” kitabı (1982) Firidun Hüseynov üçün konkret bir mollanəsrəddinçi şairi öyrənməkdən “Molla Nəsrəddin” məktəbini bütöv şəkildə araşdırmağa mənalı bir keçiddir.  Fikrimizcə, “Molla Nəsrəddin və mollanəsrəddinçilər” monoqrafiyası (1986) professor Firidun Hüseynovun tənqidi-realist ədəbiyyat haqqındakı tədqiqatlarının qanunauyğunuğurlu məntiqi yekunudur.  Bu ümumiləşdirici tədqiqat əsərində “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçi satirik mətbuat, habelə Cəlil Məmmədquluzadə və digər mollanəsrəddinçilər haqqında geniş elmi araşdırmalar öz əksini tapmışdır. Nəticə etibarilə professor Firidun Hüseynov mollanəsçrəddinçi ədəbiyyat haqqında sanballı elmi söz deməyə nail olmuşdur. Müəllif özünəməxsus böyük təvazökarlıqla “Molla Nəsrəddin və mollanəsrəddinçilər” monoqrafiyasını “realist mətbuat və ədəbiyyatımızın araşdırılması və təbliği sahəsində tikilməkdə olan böyük binanın divarına qoyulan bir kərpic” adlandırsa da, əslində həmin monumental əsər böyükMolla Nəsrəddin” məktəbi barəsində özünə qədər bu həcmdə və sanbalda belə bir əsər yazılmadığı kimi, təəssüf ki, ondan sonra da həmin səviyyədə hələlik ciddi bir ümumiləşdirici elmi əsər meydana çıxmamışdır. Firidun HüseynovunMolla Nəsrəddin və mollanəsrəddinçilər” monoqrafiyası Azərbaycan ədəbiyyatşünaslığının ilk və yeganə ümumiləşdirilmiş mollanəsrəddinnaməsidir.

Firidun müəllim uzun  dövr Bakı Dövlət Universitetində “XX əsr Azərbaycan ədəbiyyatı” fənnini ədəbiyyatşünaslığın və ədəbiyyat müəllimlərinin bir neçə nəslinə böyük peşəkarlıqla tədris etmişdir. O, böyük bir elmi-pedaqoji nəslin əvəzsiz və unudulmaz müəllimidir. Firidun Hüseynov əsl ədəbiyyat müəllimliyinə də nümunə və örnəkdir. O, eyni zamanda “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin əsas yaradıcılarından biridir. Onun görkəmli alim, böyük yazıçı və pedaqoq Mir Cəlal Paşayevlə birlikdə hazırladığı “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi universitetlərdə indi də istifadə olunan nadir və mükəmməl ali məktəb dərsliyidir. Uzun illər Azərbaycan Dövlət Universitetində (indiki BDU-da) Azərbaycan ədəbiyyatı tarixi kafedrasına rəhbərlik etmiş Mir Cəlal müəllim çoxsaylı yetirmələri sırasında Firidun Hüseynovu xüsusilə fərqləndirmiş, onun istedadına, mənəviyyatına, zəhmətsevərliyinə və əsərlərinə ehtiram bəsləmişdir. Firidun Hüseynov da böyük müəllimi və elmi rəhbəri Mir Cəlal Paşayevə təkcə ədəbiyyatda yox, həyatda və elmdə də bir neçə nəslin manifestinə çevrilmiş ustad kimi yüksək qiymət vermişdir. Bu mənada Mir Cəlal PaşayevFiridun Hüseynovun yazdığı və nəşr etdirdikləri “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyi ustad və yetirmə, tələbə münasibətlərinə bariz nümunədir.

Sonralar uzun müddət Bakı Dövlət Universitetində Azərbaycan ədəbiyyatı tarixi kafedrasına bacarıqla rəhbərlik etmiş Firidun Hüseynovun vaxtilə birgə çalışdığı öz müəllimlərinə — Mir Cəlal Paşayevə, Abbas Zamanova, həmyaşıdı olan həmkarlarına və tələbələrinə münasibətindəki yüksək ehtiram, dərin nəzakət, həssas və qayğıkeş münasibət dərin izləri qalmış böyük mənəviyyatın unudulmaz təzahürləridir. Professor Firidun Hüseynovun işıqlı ömür yolu əsl alimlikböyük müəllimlik məktəbidir. Müəllimləri və müasirləri Firidun Hüseynovun bütöv şəxsiyyətinə və elmi-pedaqoji irsinə yüksək qiymət vermişlər. Böyük ustad müəllimimiz, əməkdar elm xadimi, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Abbas Zamanov bu sətirlərin müəllifinə göndərdiyi 7 mart 1987-ci il tarixli məktubunda yazmıışdır: “Göndərdiyin “Kitablar aləmində” jurnalı məni sevindirdi, həm də kədərləndirdi. Çünki unudulmaz dostumuz, qardaşımız Firidun Hüseynovun son yazısı — “İntibah carçısı” məqaləsi burada çap olunmuşdur. “Molla Nəsrəddin” haqqında mollanəsrəddinnamə məqaləsi...

Bu məqaləni oxuyarkən Firidun təmkinliyi, Firidun konkretliyi, Firidun söz demək ustalığı ilə bir daha üz-üzə gəldim.

İsa! Firidun nadir insan, nadir dost, nadir alim, nadir şəxsiyyət idi. Sevdiyi, sədaqətlə xidmət etdiyi Vətən torpağı halaldır ona”.

Fikrimcə, haqqında ürək dolusu danışmaq istədiyim professor Firidun Hüseynov barəsində bundan yüksək söz tapmaq çətindir.

 

Firidun müəllimlə Bakıdatanınmış alimlər Fərhad Zeynalov, Yusif Seyidov, Kərim Həsənov, İnayət Bəktaşi, Qara Namazov başqaları ilə birgə keçən günlər, iştirakçısı olduğum hadisələr, söhbətlər... əvəzsiz həyat bilik dərsləri kimi yaddaşımda dərin izlər buraxıb. Bundan başqa, Naxçıvanda, Şərurda Şahbuzdakı görüşlər onun adiliyi, sadəliyi, böyüklüyü müdrikliyini gün işığı kimi ortaya qoyurdu. O, elmdə olduğu kimi həyatda da mollanəsrəddinçi idi. Bu sadə, gerçəkçi, obyektiv insan qeyri-adi yumoru ilə diqqəti çəkirdi. Onun elmi əsərlərində olduğu kimi danışığında rəftarında daMolla Nəsrəddinməktəbinin ruhu yaşamaqda idi.

Professor Firidun Hüseynovun xarakterindəki mollanəsrəddinçi cizgiləri müasirləri yaxından duymuş diqqət mərkəzinə çəkmişlər. Uzun illər Firidun Hüseynovla birlikdə elm ali məktəb yollarında bərabər çalışmış akademik Vasim Məmmədəliyevin aşağıdakı müşahidələri bu fikrin əyani təsdiqidir: “Mən onun zarafatlarından, duzlu-məzəli söhbətlərindən, mənalı atmacalarından doymaq bilməzdim. Elə şirin söhbət edərdi ki, vaxtın necə ötdüyünü əsla hiss etməzdim. İlahi, bu adam qədər atalar sözü, zərbi-məsəl, lətifə bilərdi. Sinəsi söz xəzinəsi idi, danışarkən dilimizin gözəlliyindən, şirinliyindən elə yerli-yerində istifadə edərdi ki, insan onun zəngin söz ehtiyatına, ədəbi dilimizin, xalq dilinin incəliklərini dərindən bilməsinə heyran olardı... Rəhmətlik Firidunda Mirzə Cəlil yumoru, Sabir gülüşü var idi”.

Professor Firidun Hüseynov qoca Molla Nəsrəddinə xas işıqlı müdrik insan, görkəmli mollanəsrəddinçi alim kimi əbədi yaşamaq haqqı qazanmışdır. Görkəmli alimin əsərləri yeni nəsillər üçün örnəkdir.

 

İsa HƏBİBBƏYLİ,

 

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,

Milli Məclisin deputatı, akademik.

 

Respublika.-2013.- 15 noyabr.- S.8.