Ədliyyə sistemində dövrlə səsləşən islahatların keyfiyyətcə yeni mərhələsi

 

  Noyabrın 22-si Azərbaycanda ədliyyə orqanlarının yaranmasının 95-ci ildönümü tamam olur. Mövcudluq tarixi ərzində mürəkkəb və şərəfli yol keçərək xalqa, dövlətə layiqli xidməti özünün ali məqsədi sayan milli ədliyyə sisteminin formalaşması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. Milli hökumətə rəhbərlik edən ziyalılar hələ o dövrdə hüquqi dövlətin formalaşdırılması baxımından ədliyyə orqanlarının yaradılmasını vacib saymış, bu istiqamətdə əməli tədbirlər həyata keçirmişlər.

Təsadüfi deyildir ki, Azərbaycanın dövlət müstəqilliyinin elan olunduğu bir tarixi gündə—28 may 1918-ci il tarixdə Ədliyyə Nazirliyi təsis edilmiş, dövrünün nüfuzlu ictimai-siyasi xadimlərindən olmuş Xəlil bəy Xasməmmədov bu posta təyin olunmuşdur. Nazirlər Şurasının qərarı ilə 1918-ci il noyabrın 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi və ştat cədvəli təsdiq olunmuşdur.

Xalq Cümhuriyyətinin məlum səbəblər üzündən süqutundan sonra Ədliyyə Nazirliyinin mükəmməl struktur kimi əsaslı surətdə formalaşdırılması, ədliyyə işinin təkmilləşdirilməsi, onun gələcək inkişafı üçün əlverişli şəraitin yaradılması məhz 70-ci illərə—ümummilli lider Heydər Əliyevin respublikamıza birinci rəhbərliyi dövrünə təsadüf edir. Ötən əsrin sonlarında Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyev Ədliyyə Nazirliyinin inkişafı, hüquqi dövlətdə layiqli yer tutması üçün əlindən gələni əsirgəməmiş, hüquqi dövlətin yaradılması baxımından ədliyyə orqanlarının fəaliyyətinin gücləndirilməsini son dərəcə zəruri saymışdır.

Ötən əsrin 70-80-ci illərində formalaşmış möhkəm iqtisadi-siyasi, hüquqi, mədəni-intellektual zəmin üzərində 1991-ci ilin oktyabrında dövlət müstəqilliyini bərpa edən Azərbaycan ilk illərdə ciddi siyasi böhran və məhrumiyyətlərlə üzləşmiş, hüquqi, demokratik dövlətə qovuşmaq arzusunu reallaşdıra bilməmişdir. 1993-cü ilin iyun ayınadək respublikada hərc-mərclik, xaosanarxiya mühiti, hakimiyyət boşluğu hökm sürmüş, insanların təhlükəsiz yaşamaq kimi fundamental hüququ pozulmuşdur. Bu acınacaqlı vəziyyətin aradan qaldırılması yalnız ulu öndər Heydər Əliyevin xalqın istəyi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur.

Bu mərhələdən ictimai həyatın digər sahələrində olduğu kimi hüquq sistemində də köklü islahatların reallaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1995-ci ildə ümummilli liderin rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş ilk milli Konstitusiya demokratik quruluşunhüquqi dövlətin möhkəm təməlini qoymuşdur. Konstitusiyanın qəbulundan sonra respublikamızda məhkəmə-hüquq islahatları ilə yanaşı ədliyyə orqanlarının fəaliyyətinin keyfiyyətcə yeni dövrün tələblərinə uyğun təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Demokratik inkişaf yolu ilə inamla irəliləyən Azərbaycanın Avratlantik məkana fəal inteqrasiya kursu seçməsi, Əsas Qanunda əksini tapmış müddəaların üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması ədliyyə sistemində əsaslı islahatların aparılmasını, bu orqanın bir sıra funksiyalarının təkmilləşdirilməsini və fəaliyyət dairəsinin genişləndirilməsini vacib məsələ kimi önə çıxarmışdı. Bu mərhələdən davamlı olaraq aparılan islahatlar respublikamızın dövlət quruluşu sistemində ədliyyə orqanlarının layiqli yerinin müəyyənləşdirilməsi, onun statusu, fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericik qaydasında təsbit edilməsi məqsədinə yönəlmişdir.

Ulu öndər Heydər Əliyevin “İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında” 1999-cu il 11 fevral tarixli, “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında”, eləcə də “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında” 1999-cu il 9 oktyabr tarixli fərmanları respublikamızda ədliyyə sahəsində köklü islahatların aparılmasında dönüş nöqtəsi olmuşdur.

Cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi MDB məkanında ilk dəfə məhz Azərbaycanda həyata keçirilmiş, bununla da Azərbaycanda vahid islah-təsir siyasətinin gerçəkləşdirilməsi, istintaq təcridxanalarının və cəzaçəkmə müəssisələrinin fəaliyyətinin Avropa Şurası standartlarına uyğunlaşdırılmasına təkan verilmişdir.

Ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilərək Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün—22 noyabr ədliyyə işçilərinin peşə bayramı günü elan edilmişdir. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmış, Azərbaycan ədliyyə tarixinə, müsbət ənənələrə ehtiramın təzahürü kimi dəyərləndirilmişdir.

Ümumiyyətlə, 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, bu müddətdə 70-dək qanun və digər normativ hüquqi akt qəbul olunmuşdur. Ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.

Demokratik dəyərlərin cəmiyyət həyatında getdikcə daha da möhkəmləndiyi, həyata keçirilən uğurlu sosial-iqtisadi inkişaf strategiyasının yüksək nəticələr verdiyi, siyasi sistemin, vətəndaş cəmiyyəti təsisatlarının möhkəmləndiyi, beynəlxalq təşkilatlarla əməkdaşlığın yeni müstəvidə davam etdirildiyi bir şəraitdə ədliyyə sisteminin davamlı olaraq müasirləşdirilməsi son 10 ildə xüsusi diqqət mərkəzində olmuşdur. Ulu öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin ötən dövrdə imzaladığı mühüm fərman və sərəncamlar, dövlət proqramları ədliyyə sisteminin işinin əhəmiyyətli dərəcə təkmilləşməsini və müasirləşməsini, keyfiyyətcə yeni dövrün tələbləri səviyyəsində qurulmasını təmin etmişdir. Bu baxımdan Azərbaycan Prezidentinin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərmanının əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Fərmanla Nazirliyin strukturunda ciddi dəyişikliklər edilmiş, bir sıra qurumların funksiyaları dəqiqləşdirilmiş, digərlərinin statusu genişləndirilmiş, habelə İnsan hüquqlarının təmin olunmasına, hüquqi maarifləndirmə və informasiya təminatı işinin yaxşılaşdırılmasına, ictimaiyyətlə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilərək İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsi yaradılmışdır.

Fərman əsasında bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırmış, habelə regionların sosial-iqtisadi inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına xidmət etmişdir. Ədliyyə işçilərinin, prokurorların, vəkillərin və digər hüquqşünasların ixtisasının artırılması yeni yaradılmış Ədliyyə Akademiyasına həvalə edilmişdir.

2009-cu il 6 fevral tarixdə təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamı olmuşdur. Proqramın əsas vəzifələri sırasına ədliyyə sahəsində islahatların davam etdirilməsi və bu sahədə inkişafın təmin edilməsi; ədliyyə sistemində və məhkəmələrdə yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi işinin sürətləndirilməsi, müasir tələblərə cavab verən yeni prosesinin təşkil edilməsi; cəzaçəkmə müəssisələrinin fəaliyyətinin müasirləşdirilməsi; məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi; vətəndaşların ədliyyə orqanlarına və məhkəmələrə müraciət imkanlarının genişləndirilməsi məsələləri aiddir.

Son illərdə ədliyyə fəaliyyətində müasir üslubları və qabaqcıl texnologiyalar tətbiq olunur. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2013-cü il ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ilielan olunmuşdur. Ədliyyə Nazirliyi tərəfindən İKT-lərin tətbiqi daim diqqətdə saxlanılaraq bu sahədə xeyli işlər görülmüşdür. O cümlədən vətəndaşlara keyfiyyətli və rahat xidmət göstərilməsi, elektron köşklər, habelə nəzarətin gücləndirilməsi üçün veb-kameralar quraşdırılmışdır. Nazirliyin saytında xüsusi e-xidmətlər bölməsi, habelə məhkəmə sisteminin vahid elektron portalı yaradılmışdır.

Ədliyyə sistemində islahatların mühüm istiqamətlərindən biri kimi son 10 ildə məhkəmə orqanlarının fəaliyyətinin müasirləşdirilməsi və təkmilləşdirilməsi tədbirlərini də xüsusi qeyd etmək lazımdır. Ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi, mövcud nöqsanların aradan qaldırılması üzrə ardıcıl tədbirlər görülmüşdür.

Aparılmış islahatlar nəticəsində yeni təsisat—məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan və əsasən hakimlərdən ibarət formalaşdırılmış Məhkəmə-Hüquq Şurası yaradılmışdır. Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edilmişdir. Demokratik cəmiyyətlərdə mühüm yer tutan bu təsisatın yaradılmasında əsas məqsəd məhkəmələr və hökumət arasında yeni qurum yaratmaqla məhkəmə sisteminin müstəqilliyini gücləndirmək, məhkəmələrin özünüidarə funksiyalarını gücləndirmək olmuşdur.

Təkcə son 10 il ərzində əhalinin məhkəmələrə müraciət imkanlarının yaxşılaşdırılması, bölgələrdə hüquq institutlarının inkişafı məqsədilə 20-dək yeni məhkəmələr, o cümlədən regional apelyasiya məhkəmələri təsis edilmişdir. Dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixli fərmanları bu istiqamətdə yeni mühüm mərhələ olmuşdur. Bu fərmanların icrası ilə bağlı ölkədə 4 yerli ağır cinayətlər məhkəmələri, habelə dövlət orqanları tərəfindən vətəndaşların pozulmuş hüquqlarının bərpası məqsədilə inzibati ədliyyə sistemi yaradılmış, bu məqsədlə 7 inzibati məhkəmə fəaliyyətə başlamışdır.

Qeyd etmək yerinə düşər ki, son illər Azərbaycandakı sürətli iqtisadi inkişaf, məhkəmə müdafiəsi mexanizmlərinin genişləndirilməsi nəticəsində məhkəmələrə müraciətlərin sayı son illər dəfələrlə çoxalmış, bu da hakimlərin yükünün xeyli artmasına gətirib çıxarmışdı. İş yükünün çoxluğu işlərə keyfiyyətlə və vaxtında baxılmasında ciddi çətinliklər yaradırdı. Bununla əlaqədar ölkə Prezidentinin müvafiq fərmanları ilə son illər hakim ştatlarının sayı 2 dəfə, o cümlədən 2010-cu ildə daha 25 faiz artırılaraq 600-ə çatdırılmışdır. Bundan əlavə məhkəmə aparatı işçilərinin sayı 75 faiz çoxalmış, hər bir hakimə ayrıca köməkçi ştatı ayrılmışdır. Hakimlərin maddi təminatı da diqqətdən kənarda qalmamışdır—2000-ci illə müqayisədə hakimlərin əməkhaqqı orta hesabla 30 dəfə çoxalmışdır.

Hakimlərin obyektiv və qərəzsiz olmasının, işlərə daha keyfiyyətlə baxılmasının ən mühüm amillərdən biri də onların seçimi prosesinin şəffaflığı və obyektivliyidir. Azərbaycan bu məqsədlə ən mütərəqqi qaydalar tətbiq edilir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum olan Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir. Bu qaydalar əsasında 2200 namizəd sırasından seçilmiş 311 nəfər yüksək hazırlıqlı hüquqşünas hakim vəzifələrinə təyin edilmişdir.

Azərbaycan Avropa Şurasına üzv qəbul edilərkən üzərinə götürdüyü öhdəliklər sırasında hakimlərin müstəqilliyinin artırılması məqsədilə onların təyinat müddəti və seçim proseduru məsələlərinin nəzərdən keçirilməsi də var idi. Əvvəllər hakimlər birinci instansiya məhkəmələrinə 5 il, yuxarı instansiya məhkəmələrinə 10 il müddətinə təyin edilirdilər. Aparılan məhkəmə islahatları nəticəsində isə hakimlərin ən yüksək həddədək—müddətsiz təyinatı müəyyən olunmuş, habelə seçim prosedurları təkmilləşdirilmişdir. Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) öz hesabatında ölkəmizdə məhkəmə islahatlarına göstərilən diqqəti Avropa dövlətləri sırasında fərqləndirərək yüksək qiymətləndirmişdir.

Yeni məhkəmə binalarının inşası, habelə həmin binalarda müasir texnologiyaların tətbiqi də diqqət mərkəzindədir. Dünya Bankı ilə birgə keçirilən layihəyə uyğun olaraq vətəndaşların məhkəmələrə müraciət imkanlarının daha da asanlaşdırılması və hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır. Bu portal Ali, Apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır. Portalda bütün hakimlər barədə məlumatlar da əksini tapmışdır.

Məhkəmə və ədliyyə sistemi hər bir dövlətin, xüsusən də demokratik-hüquqi cəmiyyətin aparıcı qüvvəsi, onurğa sütunudur. Bu gün fəxrlə deyə bilərik ki, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən müstəqil Azərbaycan möhkəm təməllər üzərində qurulmuşmüasir dünya tələbləri səviyyəsində fəaliyyət göstərən ədliyyə sisteminə malikdir.

Azərbaycan ədliyyəsinin yaranmasının 95-ci ildönümünü ruh yüksəkliyi ilə qeyd edən ədliyyə və məhkəmə orqanlarının çoxsaylı kollektivi 2013-cü ilin 9 oktyabr prezident seçkilərinin nəticələrinə nəzərən müstəqil Azərbaycanın uğurlu gələcəyinə böyük inam bəsləyirlər. Tam əminliklə deyirik ki, son seçkilərdə xalqımızın yüksək etimadı ilə növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın ədliyyə və məhkəmə sistemi daha da müasirləşəcək, insan hüquq və azadlıqlarının müdafəsi sahəsində öz sözünü deyəcəkdir.

 

Azər HÜSEYNOV,

 

Sumqayıt Apelyasiya Məhkəməsi mülki kollegiyasının sədr əvəzi

 

Respublika.-2013.- 17 noyabr.- S.4.