TANINMIŞ PALEOQRAF ALİM

 

Filologiya elmləri doktoru Məmməd Musa oğlu Adilov dünyasını dəyişəndə 58 yaşı hələ tamam olmamışdı.

 

Məmməd Adilov 27 il işlədiyi Əlyazmalar İnstitutunda elmi işçi vəzifəsindən elmi katib, elmi işlər üzrə direktor müavini və direktor vəzifəsinədək yüksəlmişdi. Elmi müəssisəyə rəhbərlik etdiyi vaxtda institutun elmi-tədqiqat istiqamətini, problemlərini, yazılı abidələrin kataloqlaşdırılması, nəşrə hazırlanması, tədqiqi və təbliği işini daim diqqətdə saxlayırdı. Əlyazmalar İnstitutu Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat müəssisəsi olmaqla bərabər, bu gün dünyanın Şərq əlyazmalarının saxlanıldığı ən zəngin mərkəzlərindən biridir. Məmməd Adilov da daim fəaliyyətinin əsas hissəsini məhz bu möhtəşəm xəzinəyə məxsus ərəbdilli, farsdilli, anadilli əlyazmaların tərcüməsinə, tədqiqinə, transfoneliterasiya edilməsinə, həmçinin əlyazmalarla yanaşı, xəzinədəki əski çap kitablarının, tarixi sənədlərin, burada saxlanılan 32 görkəmli ədibin şəxsi fondunun araşdırılıb üzə çıxarılmasına, nəşrinə və təbliğinə həsr etmiş, eyni zamanda institut kollektivinin normal iş fəaliyyətini təşkil edə bilmişdi.

Məmməd Adilov 18 noyabr 1953-cü ildə Şəki şəhərində görkəmli dilçi alim Musa Adilovun ailəsində dünyaya gəlib. 1961-1971-ci illərdə Şəki şəhəri 10 nömrəli məktəbdə təhsil almışdı. O, 1971-ci ildə Azərbaycan Dövlət Universiteti (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olmuş, ali məktəbi 1976-cı ildə şərqşünas-filoloq, tərcüməçi, ərəb və Azərbaycan dilləri müəllimi ixtisası üzrə bitirmişdi. Ali təhsil alandan sonra o, müxtəlif idarə və müəssisələrdə—Şəki şəhəri 43 nömrəli orta texniki peşə məktəbində ədəbiyyat müəllimi, Şəki şəhər 2 nömrəli internat məktəbində dil-ədəbiyyat müəllimi, Azərbaycan radiosunda və eyni zamanda “Bakı” qəzetində ştatdankənar müxbir, Azərbaycan Dillər Universiteti nəzdindəki ikiillik axşam kurslarında ərəb dili müəllimi, hərbidə tərcüməçi, 1984-cü ildən ömrünün sonunadək isə bütün fəaliyyətini elmə bağlayaraq, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda işləmişdir. O, 1981-1986-cı illərdə APXDİ-nin (indiki Azərbaycan Dillər Universiteti) müasir Azərbaycan dili kafedrasının dissertantı olmuşdu. 1986-cı ildə “Azərbaycan dilində ixtisar sözlər” mövzusunda namizədlik dissertasiyasını, 2004-cü ildə isə “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya” mövzusunda yazdığı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdi.

Məmməd Adilovun elmi fəaliyyəti zənginliyinə və tədqiqat əsərlərinin mövzuları rəngarəngliyinə görə seçilir. Ancaq burada biz onun özünün də son vaxtlar daha çox önəm verib, diqqət yetirdiyi humanitar elmlərin ən az öyrənilmiş sahələrindən biri olan paleoqrafiya ilə bağlı fikirlərini qeyd etməyi lazım bildik. Bu elm sahəsinə aid araşdırmalar onun doktorluq dissertasiyasının, ümumiyyətlə, elmi fəaliyyətinin əsas hissəsini təşkil edib və monoqrafiya kimi çap etdirdiyi “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri” adlanan kitabında (B.: Nurlan, 2002), həmçinin bu kitabından əvvəl və sonra nəşr olunan, həmmüəllifi olduğu “Azərbaycan əlyazmalarında filiqranlar” (B.:”Tural-Ə” Nəşriyyat Poliqrafiya Mərkəzi, 2001), “Türk mətninin transfoneliterasiya problemləri” (B.:Nurlan, 2003), “Azərbaycan paleoqrafiyası” (B.: Elm, 2010) əsərlərində geniş əks olunmuşdur. Tədqiqatçının yaradıcılığında əlyazmalarımızın paleoqrafik xüsusiyyətlərinin araşdırılması başlıca yer tutur. Xatırladaq ki, adı çəkilən kitablar çap olunana qədər bu elmi-tədqiqat sahəsinə Azərbaycan mənbəşünas alimləri öz əsərlərində çox az yer ayırmış, yalnız bəzi məqalə və araşdırmalarda məsələyə ümumi olaraq toxunulsa da, əlyazmaların paleoqrafiyası ilə bağlı sanballı iş son vaxtlaradək yazılmamışdı.

Orta əsrlərdə Şərq xalqlarına məxsus yüz minlərlə əlyazma əsərləri yaransa da, onların paleoqrafik cəhətdən araşdırılmasında ilk təşəbbüs avropalılar tərəfindən olmuşdur. Qeyd edək ki, “paleoqrafiya” anlayışı yunancadan “palaios” və “grapho” sözlərinin birləşməsindən yaranaraq qədim əlyazmaların qrafikası, xarici görünüşü haqqında elm deməkdir. Əlyazma kitablarının xarici görünüşü dedikdə onun yaranmasında mühüm əhəmiyyət kəsb edən —cildi, kağızı, frontospisi, ünvanı, filiqranı, mürəkkəbi, xətti, miniatürü, möhürü, kolofonu və sair xüsusiyyətləri nəzərdə tutulur. Məhz bu xüsusiyyətlərin araşdırılması əlyazma kitabı haqqında daha geniş, əhatəli fikir söyləməyə imkan verir.

Paleoqrafiyanın bir elm kimi meydana gəlməsi fransız alimi, rahib Jan Mobilonun (1632-1707) adı ilə bağlıdır. 1739-cu ildə Parisdə nəşr olunmuş “Kral kitabxanası əlyazmaları kataloqu” bu sahədə elmə məlum olan ilk əsərdir. Bu kataloqda o vaxtlar Paris Kral Kitabxanasında saxlanılan 4200-ə qədər müxtəlif Şərq əlyazma nüsxələri (o cümlədən 396-ı türkcə, 1626-ı ərəbcə, 388-i farsca ...) haqqında məlumat verilmişdir. Azərbaycanda isə ötən əsrin 60-cı illərindən başlayaraq əlyazmalarımızla bağlı bir neçə kataloq və s. nəşrlər yerinə yetirilmişdir. Bu sahədə işin son illərdə daha da sürətlənməsi məhz Məmməd Adilovun İnstituta rəhbərlik etdiyi zamandan başlanmışdı. XIX əsr alman filoloq-paleoqrafı L.Traube yazır ki, paleoqrafiya tədqiqatçıdan gərgin zəhmət, cəsarət tələb edən elmdir. Məhz Məmməd Adilovun gərgin əməyi sayəsində, əlyazmalar üzərində araşdırma aparmaqla yazılı abidələrin paleoqrafik xüsusiyyətləri haqqında ümumiləşdirdiyi nəzəri-praktiki fikirləri dəyərli vəsait olaraq bu gün tədqiqat işi aparan, xüsusilə, əlyazmaçı mütəxəssislərin faydalana biləcəyi masaüstü kitaba çevrilmişdir.

Məmməd Adilov “Azərbaycan paleoqrafiyası və tarixi orfoqrafiya məsələləri” əsərində ilk dəfə idi ki, “Mətn”, “Yazı”, “Əlyazma”, “Paleoqrafiya”, “Əlyazma kitabı”, “Yazı materialı”, “Filiqranlar”, “Müəllif”, “Katiblər”, “Xətlər”, “Azərbaycan kitabı”, “Mətnşünaslıq və linqvistika problemləri” kimi mövzulara kompleks şəkildə yanaşmaqla, elmi təhlillər aparmış və hər bir mövzuya əlyazmaşünaslıq kontekstindən yanaşmaqla aydınlıq gətirmişdir. Tədqiqatçı bu mövzuların hər birini incələməklə indiyə qədər dolaşıq salınan bəzi terminlərin izahını vermiş, onların düzgün, yerində işlənməsini müəyyənləşdirmiş, Azərbaycan kitabı və Azərbaycan əlyazması anlayışı ilə bağlı məsələnin kifayət qədər dürüst çözülməsinə elmi münasibət bildirmiş, Azərbaycan ərazisində aşkarlanmış ilk yazı nümunələri, azərbaycanlı katiblərin köçürdüyü əlyazma kitablarının ərəb qrafikalı əlyazmalar arasında ən qədim və nadir nümunələrdən olması haqqında istinad etdiyi mənbələrdən gətirdiyi fikirləri şərh etməklə oxucuya çatdırır.

Tədqiqatçının ən çox maraq doğuran fikirlərindən biri xarici ölkələrin kitabxanalarında saxlanılan, əcnəbi araşdırıcıların azərbaycanlı katiblərin köçürdüyü ərəbdilli, farsdilli əlyazma kitablarını Azərbaycan kitabına aid etməməsi məsələsinə münasibətlə bağlıdır. O, yuxarıda adı çəkilən əsərində yazır: “Tədqiqatçılar ənənəvi olaraq “türk əlyazmaları”, “fars əlyazmaları” və “ərəb əlyazmaları” ifadələrini işlədərkən abidələrin bir sərvət kimi milli mənsubiyyətindən deyil, dilindən çıxış edirdilər ki, burada kataloqlaşdırma işinin ənənəsi və ümumiyyətlə, qarşıya qoyulan məsələnin həllində işin asanlaşdırılması məqsədi öz təsirini göstərir. İkinci tərəfdən, məsələn, “Azərbaycan əlyazmaları” (başqa sözlə, “Azərbaycanın əlyazmaları”) ilə “Azərbaycan əlyazma kitabı eyniləşdirilir” (s.120). Bu iki anlayışı bir-birindən fərqləndirmək üçün müəllif məsələ ilə bağlı aşağıdakı xüsusiyyətləri qeyd edir:

Azərbaycan əlyazmaları—Azərbaycan MEA Əlyazmalar İnstitutunda və respublikanın ayrı-ayrı muzeylərində mühafizə olunan və Azərbaycan xalqının və dövlətinin sərvəti sayılan yazılı mənbələrdir...

Azərbaycan kitabı—azərbaycanlılar tərəfindən yaradılan və ya azərbaycanlıların birbaşa fəal iştirakı ilə yaradılan kitablardır. Azərbaycan kitabı yalnız Azərbaycanda – Bakıda saxlanılmır, onun ən gözəl nümunələri dünyanın müxtəlif kitab xəzinələrini bəzəyir. Drezdendə və Vatikanda saxlanılan “Kitabi-Dədə Qorqud”da, Aya Sofiyada saxlanılan Tusinin avtoqraf əlyazması da, Tunisdə saxlanılan Xətib Təbrizinin avtoqraf nüsxəsi də Azərbaycan kitabıdır (s.120).

Məsələnin düzgün, obyektiv həllinə çalışaraq, tədqiqatçı XI yüzillikdə köçürülmüş üç əlyazma kitabının Azərbaycan əlyazma kitabı olmasını aşağıda belə əsaslandırır. Rus tədqiqatçısı O.F.Akimuşkinin “447-ci ilin şəvval ayında – 1056-cı ilin yanvarında Əbu Mənsur Müvəffəq Əl-Hərəvinin şair və gələcək leksikoqraf Əli bin Əhməd Əl-Əsədi Ət-Tusi tərəfindən köçürülmüş “Kitabi-əbniya ən hədaiqil-ədviya” (“Əczaçılığın həqiqətləri haqqında əsaslar kitabı”) əlyazması hazırda dünyada məlum olan ən qədim fars – müsəlman əlyazma kitabı sayılır” fikrinə istinad etməklə yazır: “Ancaq həmin müəllifin (O.F.Akimuşkin nəzərdə tutulur —Ə.M.) abidənin milli mənsubiyyətinin müəyyənləşdirilməsində əsərin dilinin əsas götürülməsi prinsipinə riayət etdiyini xatırladıqda bu məlumatların dəqiqləşdirilməsinə ehtiyac olduğunu etiraf etmək lazım gəlir. Məsələn, tuslu Əli bin Əl-Əsədinin zatən azərbaycanlı olduğu dəqiqləşərsə, onda Əl-Hərəvinin göstərilən əlyazmasının Azərbaycan kitabı ola biləcəyi güman edilir” (s.122).

Digər bir tədqiqatçının fikri ilə əlaqəli yazır: “K.İ.Çaykinin hələ 1934-cü ildə verdiyi məlumata görə, həmin Əli bin Əhməd Əl-Əsədi Ət-Tusi h.456-458 / m.1064-1066-cı illər ərzində Naxçıvanda vəzir Məhəmməd bin İsmayıl Hüsninin və onun qardaşı İbrahimin sifarişi ilə “Gerşaspnamə” adlı bir poema yazmış və onu buranın hakimi Əmir Əbu Duləf Deyraniyə təqdim etmişdi” (s.122). Tədqiqatçıya görə, həm müəllif, katib, həm də yazıya alınma yerindən çıxış etdikdə, artıq qəti demək mümkündür ki, bu əlyazma ən qədim Azərbaycan əlyazma kitablarından biri sayıla bilər.

Məmməd Adilovun bu faktların üzərində isararla dayanıb, dəqiqləşdirmə aparıb öz mülahizələrini ortaya qoyması Azərbaycan əlyazma kitabının yaranma tarixinin çox qədim olduğunu bir daha təsdiq edir.

Əlyazmaların paleoqrafik cəhətdən araşdırılmasında ən başlıca yer tutan xüsusiyyətlərdən biri orta yüzilliklərdə istehsal olunan kağızlarda filiqranların (su nişanlarının) aşkar olunub üzə çıxarılmasıdır. Vaxtilə XVII əsr əlyazma kitablarının paleoqrafiyasına və mətnşünaslıq məsələlərinə həsr olunmuş namizədlik dissertasiyamı yazarkən tədqiqat işində XVII əsr əlyazma kitabları kağızında filiqranlara aid bir yarımfəsil də ayırmışdım. Bu mövzu haqqında, demək olar ki, Azərbaycanda heç bir elmi yazıya rast gəlmədiyimdən, yalnız əcnəbi tədqiqatçıların araşdırmalarından o zaman faydalana bilmişdim. Ancaq sonralar mənə bəlli oldu ki, bu mövzuya aid Məmməd Adilov da həmin ərəfədə araşdırma aparmış və 1994-cü ildə BDU-nun 75 illik yubileyinə həsr olunmuş elmi konfransda “Azərbaycan əlyazmalarındakı filiqranların qabarıq xüsusiyyətləri haqqında” adlı məruzə ilə də çıxış etmişdir. Əlyazmaşünaslıqda filiqranların öyrənilməsinin başlıca əhəmiyyəti naqıs, yəni müxtəlif səbəblərdən əvvəl və sondan vərəqləri qopub düşmüş əlyazmaların köçürülmə tarixinin (əlyazmanın köçürülmə tarixi haqqında məlumat əsasən mətnin sonunda, bəzən də əvvəldə qeyd olunur) təxmini də olsa filiqranoloq tərəfindən aşkar olunub üzə çıxarılmasıdır. Məmməd Adilov 2001-ci ildə mənə filiqranlarla bağlı müştərək bir kitab buraxdırmağı təklif etdi. Fikirlərimizi birgə bölüşəndə məlum oldu ki, onun araşdırması nəticəsində Azərbaycan əlyazmalarından 92, mənim araşdırıb və 1997-ci ildə müdafiə etdiyim dissertasiyaya əlavə olaraq daxil etdiyim 52 filiqranın təsviri mövcuddur. Beləliklə, əlyazmalardan aşkar olunmuş cəmi 144 filiqranın təsvirindən və bu mövzuya aid yazılmış məlumatdan ibarət “Azərbaycan əlyazmalarında filiqranlar” (Bakı, “Tural-Ə” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2001) adlanan kataloq, hələ ki bu mövzuya həsr edilmiş və əlyazmaşünaslıq sahəsində çalışan mütəxəssislərin faydalandığı yeganə mənbədir.

Məmməd Adilov Azərbaycan əlyazmalarının kataloqlaşdırılması işini Əlazmalar İnstitutunun əsas prioritet tədqiqat sahəsi kimi daim diqqətdə saxlayır və “Elm” qəzetində dərc etdirdiyi bir məqaləsində əlyazmaların kataloqlaşdırılması ilə bağlı görülən işlərin azlığı haqqında onun narahatlığını həmin yazıdan sezməmək olmur. O yazırdı: “... İndiyədək klassik üslubda cəmi 4250 əlyazma əsərinin təsvirini əhatə edən 8 cild kataloq hazırlanmasına baxmayaraq, bu kataloqlar AMEA Əlyazmalar İnstitutunun “qızıl fond”unun olduqca cüzi bir hissəsini əks etdirir. Çünki burada saxlanılan təxminən 12 min kitabın çoxu məcmuə xarakterli olub özündə bir sıra əsərləri birləşdirir. Beləliklə, hazırda çapdan çıxmış kataloqlarımızın sayı təxminən 50 mindən artıq olan əlyazma əsərlərinin yalnız bir hissəsinin təsviridir və görünür, institutda həmin üsulla kataloqlaşdırma işi hələ onillərlə davam etdiriləcəkdir” (“Elm” qəzet, 8 oktyabr 2009). Kataloq xəzinənin, belə deyək ki, açarıdır. Əgər əlyazmaların təsviri haqqında kataloqlar tam hazır deyilsə, o xəzinənin irsi haqqında bütövlüklə, geniş təsəvvür yaratmaq mümkün deyil. Əlbəttə, bu olduqca ağır zəhmət və uzun vaxt tələb edən elmi-paleoqrafik iş tədqiqatçının dediyi kimi, neçə onilliklər davam edəcəkdir.

Tanınmış əlyazmaşünas, dilçi, paleoqraf-alim Məmməd Adilovun anadan olmasının 60 illiyini burada yalnız xatirələrdən ibarət bir yazı ilə yad etmək bəlkə də daha yerinə düşərdi. Ancaq memuar səpkili yazı əvəzinə, onun elmi fəaliyyətindən söz açmaq məncə daha məqsədəuyğun görünür.

Bu gün minnətdarlıqla demək olar ki, ömrünü elmə həsr edən Məmməd Adilovun yazdığı kitablar, məqalələr Azərbaycan filologiya elminin çox az öyrənilmiş sahəsinə kifayət qədər işıq sala bildi və onun bu istiqamətdə dəyərli, elmi tövsiyələri də gələcəkdə yazılacaq yeni-yeni əsərlərin meydana gəlməsinə geniş imkanlar yaradacaq.  

 

Əli Məmmədbağıroğlu,

 

filologiya elmləri üzrə fəlsəfə doktoru

 

Respublika.-2013.- 17 noyabr.- S.4.