Ədliyyə sistemi daim təkmilləşir

 

Hər il noyabr ayının 22-si Azərbaycan Respublikasında Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu bayram xalqımızın ümummilli lideri Heydər Əliyevin ədliyyə sisteminə verdiyi önəmin bariz nümunəsi kimi onun tərəfindən 11 noyabr 2000-ci il tarixli fərmanla təsis edilmişdir. Odur ki, ədliyyə işçiləri öz peşə bayramını həmişə xüsusi qürur hissi, fəxarətlə qeyd edirlər.

Bu il bayram həm də onunla əlamətdardır ki, Azərbaycan Respublikasında ədliyyə orqanlarının yaradılmasının 95 illiyi ilə üst-üstə düşür. Doxsan beş il əvvəl — 1918-ci il noyabr ayının 22-də Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edilməsi ilə başlayan Azərbaycan ədliyyəsinin tarixinə bu gün ən dolğun, ən parlaq, ən məzmunlu səhifələr yazılır.

Dövlətçilik tarixi hər bir xalqın siyasi manifesti, örnək və qürur mənbəyidir. Min illər boyu zamanın sərt sınaqları ilə üzləşən Azərbaycan müdrikaqil insanların sayəsində, öz varlığını qoruyub saxlaya bilmişdir. Ta qədim dövrlərdən insanlar bir-biri ilə münasibətlərini nizama salmaq üçün vasitələr axtarıblar. Tədricən insanların və insan qruplarının qarşılıqlı münasibətlərini tərəflərin razılığı ilə nizamlayan adətlər yaranıb.

Tədqiqatlar göstərir ki, bütün dünya dövlətlərinin, o cümlədən zəngin dövlətçilik tarixinə malik olan Azərbaycanın da qanunlarının kökündə zamanın sınaqlarından keçmiş həmin adətlər dayanır. Dövlət quruculuğunu şərtləndirən mühüm amillərdən biri də ölkənin hüquq sisteminin təşkilidir. Bu mənada çoxəsrlik dövlətçilik ənənəsi olan Azərbaycan Respublikasının ədliyyə sisteminin xalqımızın müstəqillik uğrunda mübarizəsini, onun şanlı keçmişini əks etdirən zəngin tarixi vardır. Şərqin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətində ədliyyə fəaliyyətinə xüsusi əhəmiyyət verilərək Ədliyyə Nazirliyi dövlətimizin yarandığı gün təşkil olunmuş, 1918-ci il noyabr ayının 22-də isə onun Əsasnaməsi qəbul edilmişdir.

Sovet hakimiyyəti dövründə konyuktur maraqlara uyğun olaraq hüquq siyasətinin dəfələrlə dəyişdirilməsi, ədliyyə və məhkəmə orqanlarının bir neçə dəfə ləğv edilməsi və yenidən yaradılması sabit ədalət mühakiməsi sisteminin formalaşmasına mane olurdu. Yalnız ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1970-ci illərdən başlayaraq ədliyyə və məhkəmə orqanları davamlı inkişaf mərhələsinə daxil oldu.

Azərbaycanın dövlət müstəqilliyinin ilk illərində Ermənistanın Azərbaycana qarşı təcavüzünün və hakimiyyət uğrunda mübarizənin doğurduğu siyasiiqtisadi tənəzzül, vətəndaş müharibəsi təhlükəsi, insan hüquqlarının kütləvi şəkildə pozulması, idarəçilik və qanunçuluq sahəsində böhran dövlətçiliyimizi məhv olmaq reallığı ilə üz-üzə qoymuşdu. Məhz belə bir ağır vəziyyətdə xalqın təkidi və xahişi ilə siyası hakimiyyətə qayıdan ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsinə, demokratik dövlət quruculuğuna, o cümlədən məhkəmə-hüquq islahatlarına başlanıldı. Nəticədə ölkəmizdə beynəlxalq standartlara cavab verən qanunvericilik bazası yaradıldı, demokratik prinsiplərə əsaslanan yeni məhkəmə sistemi təsis edildi, ədliyyə orqanlarının səlahiyyətləri genişləndirildi və onun qarşısında yeni vəzifələr qoyuldu, şəffaf prosedurlar əsasında peşəkar hakim və ədliyyə korpusu formalaşdırıldı.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin fəaliyyəti çoxəsrlik tariximizin ən parlaq səhifələrini təşkil edir. Təsadüfi deyil ki, bu dahi şəxsiyyətin 90 illik yubileyi ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş qeyd olundu.

Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində ümummilli liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız tarix boyu arzuladığı milli dövlətçilik amallarını məhz Heydər Əliyev epoxasında gerçəkləşdirərək dayanıqlı müstəqil Azərbaycan dövlətini qura bilmişdir.

Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə və tətbiqinə hələ uzun illər böyük ehtiyac olacaqdır və bu irs heç zaman tükənməyəcəkdir.

 

Ümummilli liderimiz Heydər Əliyev qanunçuluğun təmin edilməsində, ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, bütövlükdə hüquq sisteminin inkişafında ədliyyə və məhkəmə orqanlarının rolunu yüksək qiymətləndirərək hüquq varisliyini təmin etmək məqsədilə noyabrın 22-ni Ədliyyə işçilərinin peşə bayramı günü elan etdi.

Ümummilli liderimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısı ölkəmizin müstəqillik illərində də davam etmiş, hüquq sistemində inqilabi-demokratik yeniliklərə səbəb olan məhkəmə-hüquq islahatı həyata keçirilmiş, ədliyyə işi müasir tələblərə uyğunlaşdırılmışdır.

Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyə sistemi inkişaf etmiş, onun normativ bazası daha da təkmilləşdirilmiş, o cümlədən ədliyyə orqanlarında qulluq keçmə haqda qanunnazirliyin yeni əsasnaməsi qəbul edilmiş, ona hüquq-mühafizə orqanı statusu verilmiş, ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında proqram xarakterli fərmanlar imzalanmışdır.

Bu dövlət qurumunun cəmiyyətdə rolu və əhəmiyyətinə, onun yeni funksiya və vəzifələrinə uyğun olaraq qabaqcıl xarici və ölkədaxili təcrübədən geniş istifadə olunmaqla Ədliyyə Nazirliyi haqqında Əsasnamə hazırlanmışdır. Ədliyyə sisteminin inkişafına xüsusi diqqət göstərilərək, nazirliyin fəaliyyətinin normativ-hüquqi əsaslarının təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 18 aprel 2006-cı il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edilmişdir. Ədliyyə Nazirliyinin yeni funksiya və səlahiyyətlərini, onun cəmiyyətdə rolunu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna tarixi əhəmiyyətə malik olan bu Əsasnamə nazirlik tərəfindən bir sıra mühüm tədbirlərin həyata keçirilməsini şərtləndirir.

Hazırda ədliyyə sahəsində dövlət siyasətini və idarəetməni həyata keçirən Ədliyyə Nazirliyi qanunların və digər normativ-hüquqi aktların layihələrini hazırlayır, qanunvericilik aktları layihələrinin hüquqi ekspertizasını həyata keçirir, normativ-hüquqi aktların uçotunu və qeydiyyatını aparır, əhalinin hüquq maarifləndirilməsində iştirak edir, qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatını və dövlət reyestrini, mətbu nəşrlərin reyestrini aparır, notariat orqanlarının və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarının fəaliyyətinə rəhbərlik edir, məhkəmələrin və digər orqanların qərarlarının icrasını, məhkəmələrin fəaliyyətinin təşkilati təminatını, məhkəmə statistikasının aparılmasını təmin edir, ölkə əhalisinin dövlət reyestrinin aparılmasını və sənədlərin leqallaşdırılmasını həyata keçirir. Bundan başqa, nazirlik qeyri-kommersiya hüquqi şəxsləri tərəfindən alınmış qrant müqavilələrinin (qərarların) uçotunun aparılmasını həyata keçirir, bununla bağlı mövcud qaydaların pozulmasına görə inzibati məsuliyyət məsələlərini həll edirs.

“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” (2004-2008-ci illər) respublikanın bölgələrində iqtisadi inkişafı sürətləndirməklə yanaşı, yerlərdə vətəndaşlara göstərilən hüquqi yardımın yüksəldilməsini də vacib məsələ kimi önə çıxarmışdı. Bu prizmadan 2006-2007-ci illər bütövlükdə ədliyyə sisteminin, o cümlədən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin müasir tələblərə uyğun təkmilləşdirilməsi ilə əlamətdar olmuşdur. Məhz Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli fərmanının bu baxımdan çox böyük əhəmiyyəti vardır. Bu fərman və nazirliyin yeni strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyəsinin təkmilləşməsində yeni mərhələ olaraq, ədliyyə sistemində miqyaslı islahatlara yeni start verdi. Qeyd olunan fərmanla regional ədliyyə şöbələrinin yaradılması Azərbaycan ədliyyə sistemində bir yenilikdir. Dövlət başçısının fərmanında regional ədliyyə şöbələrinin yaradılması qərara alınarkən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi və onlara nəzarətin gücləndirilməsi, əhalinin ədliyyə orqanlarına müraciətetmə imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması məqsədi əsas götürülmüşdür.

 

Eyni zamanda Azərbaycan Respublikasının ədliyyə nazirinin əmri ilə regional ədliyyə şöbələri haqqında Əsasnamə təsdiq edilərək, onların fəaliyyət istiqamətləri, vəzifə və hüquqları, habelə fəaliyyətinin təşkili qaydaları müəyyənləşdirilmişdir.

Regional ədliyyə şöbələrinin fəaliyyəti yerlərdə ədliyyə orqanlarının işininbu orqanlar tərəfindən əhaliyə göstərilən hüquqi xidmətin keyfiyyətinin daha da yüksəldilməsinin, bələdiyyələrin fəaliyyətində qanunçuluğun tələblərinə daha ciddi əməl olunmasının təmin edilməsinə, vətəndaşların yerli ədliyyə orqanlarının, bələdiyyələrin və Ədliyyə Naziriliyinin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə daha operativ baxılıb həll edilməsinə şərait yaradır. Bu isə öz növbəsində yerlərdə qanunçuluğun daha da möhkəmlənməsinə, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı müdafiə olunmasına xidmət edəcəkdir.

Möhtərəm Prezidentimizin 6 fevral 2009-cu il tarixli sərəncamı ilə təsdiqlənmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı” isə milli ədliyyə sisteminin müasirləşdirilməsi və fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş məqsədyönlü və ardıcıl tədbirlər sisteminin uğurlu davamıdır. Dövlət Proqramı aktuallığına, əhatə etdiyi məsələlərin miqyasına, ədliyyə sahəsində həllini gözləyən problemlərə kompleks yanaşma mexanizmlərinə görə xüsusilə fərqlənir. Dövlət Proqramında qeyd olunduğu kimi, ölkəmizdə hüquq sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ədliyyə orqanlarının fəaliyyətinin son dövrün tələbləri səviyyəsində qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, regionlarda hüquq infrastrukturunun genişləndirilməsini, yeni nəsil hüquqşünasların formalaşdırılmasını zəruri edir. Dövlət Proqramının imzalanması da məhz ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiyakommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqimaddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Dünya Bankı ilə birgə həyata keçirilən Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində məhkəmələrdə idarəetmə imkanlarının gücləndirilməsi, vahid elektron şəbəkə yaradılmaqla sənəd dövriyyəsi və informasiya mübadiləsinin asanlaşdırılması üzrə tədbirlər görülmüş, bununla əlaqədar Ali Məhkəmə və Məhkəmə-Hüquq Şurası ən müasir avadanlıqla təmin olunmuş, bütün məhkəmələrin texnikiproqram təminatı nəzərdə tutulmuşdur.

Azərbaycanda ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər nüfuzlu beynəlxalq hüquq təsisatları tərəfindən də təqdir olunur. Belə ki, Azərbaycan Ümumi Məhkəmələr Hakimlərinin Assosiasiyasının Hakimlərin Beynəlxalq Assosiasiyasına üzvlüklə bağlı müraciəti əsasında təşkilatın nümayəndələri Azərbaycana səfər edərək, məhkəmələrin fəaliyyəti ilə tanış olmuş, uğurla həyata keçirilən məhkəmə-hüquq islahatı nəticəsində qazanılmış nailiyyətləri təqdir etmiş və ölkəmiz 70-dən çox dövləti birləşdirən həmin mötəbər quruma üzv seçilmişdir. Bu mühüm hadisə məhkəmə fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinə, qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə və tətbiqinə əlavə töhfə olmuşdur.

Azərbaycan ədliyyə və məhkəmə sisteminin təkmilləşməsi və müasirləşməsi üzrə atılan məqsədyönlü addımlar ölkəmizdə möhtərəm Prezidentimiz İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən mütərəqqi islahatların, nəhəng quruculuq işlərinin, sürətli sosial-iqtisadi inkişafın real təzahürüdür.

 

Kəmaləddin HƏSƏNOV,

 

Azərbaycan Respublikası

Ədliyyə Nazirliyinin Gəncə regional

ədliyyə şöbəsinin rəisi.

 

Respublika.-2013.- 19 noyabr.- S.10.