Ədliyyə və məhkəmə orqanlarında islahatlar uğurla aparılır

 

Hər bir xalqın tarixi müəyyən mənada ona rəhbərlik etmiş böyük siyasi liderlərin, parlaq şəxsiyyətlərin çoxşaxəli fəaliyyətində öz təcəssümünü tapmışdır. Azərbaycan kimi özünəməxsus dəyərləri, mentaliteti, dövlətçilik ənənələri olan ölkələrdə şəxsiyyət və lider amili hər zaman aktualdır.

Ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı hər il ölkəmizdə təntənəli surətdə qeyd edilir. Müasir Azərbaycanı Xalq Cümhuriyyətinin varisi hesab edən ulu öndər bu tarixi əbəs yerə seçməmişdir. Məhz həmin gün—1918-ci ilin 22  noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin nizamnaməsini təsdiq etmişdir. Elə ona görə də 2013-cü ildə yaranmasının 95-ci ildönümü tamam olan bu tarixi günü məhkəmə hakimiyyətini təmsil edən bütün şəxslər böyük ruh yüksəkliyi, sevinculu öndər Heydər Əliyevə dərin minnətdarlıq duyğuları ilə qarşılayırlar.

Həqiqətən də tarixə nəzər yetirsək, görərik ki, 1920-ci il sovet işğalından sonra dəfələrlə ləğv edilib səlahiyyətləri ayrı-ayrı dövlət orqanlarına həvalə edilmiş Ədliyyə Nazirliyinin yenidən dövlətçiliyin vacib sütunlarından biri kimi təsis edilməsi bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 1969-cu ildə ulu öndər Azərbaycan rəhbərliyinə gəldikdən sonra, 27 oktyabr 1970-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Ədliyyə Nazirliyi təsis edilmiş, bununla da ölkə ədliyyəsi tarixində yeni mərhələ başlamışdır.

Azərbaycan müstəqillik qazandıqdan sonra həyatımızın bütün sahələrində olduğu kimi, hüquq sahəsində də islahatların həyata keçirilməsi, tamamilə yeni hüquq və məhkəmə sisteminin formalaşması, daha mütərəqqi və demokratik dəyərlərə əsaslanan qanunvericilik bazasının yaradılması günün tələbinə uyğun meydana çıxdı. Ancaq müstəqilliyimizin ilk dövründə Azərbaycana rəhbərlik edənlərin səriştəşizliyi üzündən ölkədə heç bir islahat aparılmadı, Yeni Konstitusiyanın yaradılması həyata keçirilmədi. Bu istiqamətdə sistemli işlərə yalnız 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə respublika rəhbərliyinə yenidən qayıtdıqdan sonra başlanmışdır.

Müstəqil dövlətin həyatında Konstitusiyanın oynadığı rolu yüksək qiymətləndirən Heydər Əliyev səlahiyyətli tərkibdə Konstitusiya Komissiyası yaratdı və layihə ulu öndərin rəhbərliyi ilə geniş ictimaiyyətin müzakirəsinə verildi. 12 noyabr 1995-ci ildə Azərbaycanda çoxpartiyalı əsaslarla parlament seçkiləri keçirildieyni vaxtda referendum yolu ilə müstəqil Azərbaycanın Əsas Qanunu—Konstitusiyası qəbul olundu. Əsas Qanunda Azərbaycan dövlətinin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat verilməsi; vətəndaş cəmiyyətinin qurulması, xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən dünyəvi-hüquqi dövlətin bərqərar olunması, ədalətli sosial nizamın yaradılması və ən əsası, hakimiyyətin üç müstəqil qolaqanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünməsi öz əksini tapmışdır. Qəbul edilmiş bu Konstitusiya köklü məhkəmə-hüquq islahatlarının aparılmasının da əsasını qoydu.

Hüquq islahatlarının həyata keçirilməsi, demokratik təsisatların və qanunun aliliyi prinsipinin möhkəmləndirilməsi məqsədilə 1996-cı ildə ulu öndər Heydər Əliyevin sərəncamı ilə Hüquq İslahat Komissiyası, 1998-ci ildə isə dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyası yaradıldı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış və 1997-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunu ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan ilk, lakin çox vacib addım olmaqla, hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin müstəqil, yalnız qanun çərçivəsində fəaliyyət göstərməsinə imkan yaratdı. Hüquq İslahat Komissiyası tərəfindən hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Notariat haqqında” və digər qanunların qəbulu da xüsusi əhəmiyyətə malikdir.

 

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi və “məhkəmə islahatlarının həyata keçirilməsinə   dair tədbirlər barədə” 1 dekabr 1998-ci il tarixli Prezident fərmanı ilə məhkəmələrin təşkil edilməsi, hakim vəzifələrinə namizədlərin seçilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyətləri dairəsində həyata keçirən məşvərətçi orqan kimi Məhkəmə-Hüquq Şurası yaradılmış və ölkə tarixində ilk dəfə olaraq hakim vəzifəsinə namizədin peşə hazırlığını, bilik səviyyəsini, hakim vəzifəsinə layiq olduğunu müəyyən etmək məqsədilə test üsulu ilə imtahan və müsahibə aparılması yolu ilə təyin edilməsi qərara alınmışdır.

Məhkəmə-Hüquq Şurasının 11 mart 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”yə uyğun olaraq hakimlərdən, Məhkəmə-Hüquq Şurası Aparatının, Ədliyyə Nazirliyininprokurorluğun nümayəndəsindən, vəkil və hüquqşünas-alimlərdən formalaşdırılan Hakimlərin Seçki Komitəsi təşkil olunmuşdur.  Hakimlərin Seçki Komitəsi tərəfindən indiyədək keçirilən test imtahanları zamanı hakim korpusu xeyli təzələnmiş, hakimliyə namizədlər üçün təşkil olunmuş uzunmüddətli kurslar onların bilik səviyyəsinin, təcrübə və bacarıqlarının artırılmasında mühüm rol oynamışdır. Ulu öndərin əsasını qoyduğu mütərəqqi islahatları 2003-cü ildən inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev ədliyyə sistemi ilə yanaşı, insan hüquq və azadlıqlarının təmini baxımından ötən müddətdə məhkəmə sistemində yeni dövrün tələblərinə cavab verən islahatların aparılmasına da xüsusi diqqət yetirmişdir.  Ötən 10 ildə “Məhkəmə-Hüquq Şurası haqqında”, “Məhkəmələr və hakimlər haqqında” qanunlara bir sıra mütərəqqi əlavə və dəyişikliklər edilmiş, yeni dövrün reallıqları ilə şərtlənən bir sıra qanunvericilik aktları qəbul olunmuşdur.

Prezident İlham Əliyev bölgələrin inkişafı tədbirlərinin davamı kimi 19 yanvar 2006-cı  il tarixdə “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanunun tətbiq edilməsi barədə fərman imzalamışdır. Regionların sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsi ilə şərtlənən bu fərman dövlət başçısının məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzlu təsisat kimi təşəkkül tapmasında maraqlı olduğunu bir daha nümayiş etdirmişdir.

Dövlət başçısının 17 avqust 2006-cı il tarixli digər fərmanı ilə məhkəmələrdə hakimlərin sayı 153 ştat vahidi artırılmış, bu da cinayət işlərinə baxılmasında səmərəliliyi və keyfiyyəti əhəmiyyətli dərəcədə təmin etmişdir. Məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində atılan addımlar mütərəqqi məhkəmə-hüquq islahatlarının məntiqi davamı kimi dəyərləndirilə bilər. Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin şəffaf və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. Seçim prosedurları zamanı hakim vəzifəsini tutacaq şəxsin qanunları mükəmməl bilməsinə, geniş dünyagörüşünə, yüksək insani keyfiyyətlərə malik olmasına, cəmiyyətdə nüfuzu ilə tanınmasına xüsusi diqqət yetirilmişdir.

2010-cu ildə regionlardapaytaxtda yeni məhkəmələrin yaradılması, həmçinin, məhkəmələrdə hakimlərin sayının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Məhkəmələrdə yükünün çoxluğu nəzərə alınaraq Məhkəmə-Hüquq Şurasının təklifi ilə hakimlərin sayı 25 faiz, məhkəmə aparatı işçilərinin sayı isə 60 faizədək artırılmış, hər bir hakim üçün əlavə köməkçi ştatı təsis olunmuşdur.

Dövlət başçısı İlham Əliyevin 2010-cu il 22 iyun tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” qanunu xüsusi qeyd etmək lazımdır. Qanunla yerli iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmışdır.

Azərbaycan Prezidentinin 2010-cu il 15 iyul tarixli “Azərbaycan Respublikasının məhkəmə sisteminin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2010-cu il 22 iyun tarixli Qanununun tətbiq edilməsi haqqında” fərmanına əsasən Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi əsasında Bakı Ağır Cinayətlər Məhkəməsi, habelə Lənkəran, Gəncə, Şəki ağır cinayətlər məhkəmələri yaradılmışdır.

Fərmanla həmçinin 1 və 2 saylı Bakı, Gəncə, Sumqayıt, Şəki, habelə Naxçıvan iqtisad məhkəmələrinin bazasında inzibati-iqtisadi məhkəmələr yaradılmış, onların sədrləri və hakimləri təyin olunmuşdur. 2011-ci il yanvarın 1-dən iqtisadi, inzibati işlərə məhz yeni yaradılmış inzibati-iqtisadi məhkəmələrdə baxılır. Bu isə iqtisadi xarakterli mübahisələrin ixtisaslaşmış birinci məhkəmə instansiyasında tam, ədalətli, obyektiv araşdırılmasına, qanunamüvafiq şəkildə baxılmasına, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Bu gün Sumqayıt Apelyasiya Məhkəməsinin kollektivi ədliyyə işçilərinin peşə bayramını – Ədliyyə orqanlarının yaranmasının 95-ci ildönümünü iftixarla qeyd edir, dövlət başçısının məhkəmə və ədliyyə orqanları qarşısında qoyduğu vəziflərin layiqincə yerinə yetirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, qanunların aliliyinin təmin olunması üçün var qüvvəsi ilə çalışır.

 

Şəmsəddin Abasov,

 

Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi

 

 

Respublika.-2013.- 19 noyabr.- S.10.