MASALLIDA SAHİBKARLARA YENİ LAYİHƏLƏR TƏQDİM OLUNMUŞDUR

 

Ərkivan qəsəbəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilmişdir. Tədbirə Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı və Cəlilabad rayonlarının adamları, sahibkarlar dəvət olunmuşdular. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun iqtisadi rayonda həyata keçirdiyi layihələr barədə videoçarx nümayiş olunmuşdur.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbir iştirakçılarını salamlamış, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi islahatların uğurla davam etdirildiyini, ölkəmizdə böyük sahibkarlar təbəqəsinin yarandığını bildirmişdir. İcra başçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin sahibkarlığın inkişafına daim dəstək verdiyini, özəl sektorun iqtisadiyyatın aparıcı bir hissəsinə çevrildiyini, Masallının sosial-iqtisadi inkişafında sahibkarların çox mühüm rol oynadığını qeyd etmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditləri hesabına Masallı şəhərində ildə 5200 dəst mebel buraxan fabrik, 700 ton faraş tərəvəz məhsulları istehsal edən istixana təsərrüfatı yaradılmışdır. Hazırda iki hektar sahədə istehsal gücü 800 ton faraş tərəvəz məhsulları olan istixana təsərrüfatı tikilir. Obyektdə tikinti-quraşdırma işləri sürətlə aparılır.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa  Kömək  Milli  Fondunun  icraçı direktoru Şirzad Abdullayev çıxışında Lənkəran iqtisadi rayonunun rütubətli subtropik iqlimə, məhsuldar torpaqlara, su və kifayət qədər əmək ehtiyatlarına malik olduğunu diqqətə çatdırmışdır. İcraçı direktor fondun dəstəyilə iqtisadi rayonda həyata keçirilən layihələrdən söhbət açmış, yerli sahibkarlara çörək müəssisələrinin, heyvandarlıq-südçülük komplekslərinin,  tərəvəzçilik üzrə istixana  təsərrüfatlarının və yerli tikinti materialları istehsal edən sexlərin yaradılmasını nəzərdə tutan 4 nümunəvi investisiya layihəsini təqdim etmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Elçin İbrahimov, nazirliyin Lənkəran regional bölməsinin  müdiri Çingiz Məmmədov güzəştli kreditlərin verilməsi mexanizmi, kreditin alınması üçün tələb olunan sənədlər, elektron qeydiyyat sistemionun üstünlükləri barədə məlumat vermiş, sahibkarları maraqlandıran suallara aydınlıq gətirmişlər.

Sonra Lənkəran iqtisadi rayonu üzrə bir qrup sahibkara müvəkkil kredit təşkilatları vasitəsilə güzəştli kreditlər verilmişdir.

 

Əlisəfa HƏSƏNOV,

 

Respublika.-2013.-19 noyabr.-S.-12.