İnvestisiya proqramına əməl olunur

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində Bakı şəhərinin elektrik şəbəkələrinin yenidən qurulması ilə bağlı “Bakıelektrikşəbəkə” ASC tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Bir neçə il öncə fəaliyyətə başlamış, “Bakıelektrikşəbəkə” ASC yeni idarəetmə strukturunun təşkili, elektrik şəbəkələrinin yenidən qurulması və gücləndirilməsi üçün İnvestisiya Proqramı və müvafiq texniki tədbirlər işləyib hazırlamış, zəruri olan material və avadanlıqların, maşın-mexanizmlərin əldə edilməsinə nail olunmuşdur.

Vurğulamaq lazımdır ki, son illər geniş əraziyə malik olan Bakının Nizami rayonunda digər sahələrdə olduğu kimi, energetika sektorunda da müsbət dəyişikliklər olmuş, ilboyu abonentlərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi təmin olunmuşdur.

Biz rayon enerji təchizatı və satışı idarəsi istismar şöbəsinin rəisi, təcrübəli energetik İmran Məmmədovla söhbət edərkən o, bizi maraqlandıran məsələlərə aydınlıq gətirərək dedi:

–“Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının surətləndirilməsinə dair tədbirlər proqramı”na uyğun olaraq energetiklərimiz ikiqat səylə çalışır, xüsusilə ilin payız-qış mövsümündə əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına maksimum səy göstərirlər. Məhz buna görə də idarəmizdə uğurlu nəticələrə imza atılır, “Bakıelektrikşəbəkə” ASC tərəfindən qarşıya qoyulan vəzifələr ləyaqətlə həyata keçirilir.

Kollektivimizin əmək estafeti 2013-cü ildə uğurla davam etdirilir. Artıq ilin 10 ayı başa çatmışdır. Energetiklərimizin birgə səyi nəticəsində həmin müddətdə bir sıra texniki dəyişikliklər aparılmışdır. Bu ilin sentyabr ayının 25-də rayon ərazisindəki M.Əliyev küçəsi ilə M.Abbasov küçələrinin kəsişməsində 204 saylı 110/35/6 kilovoltluq yarımstansiyanın açılışı olmuş, açılışda Prezident İlham Əliyev iştirak etmiş, enerji təchizatını yaxşılaşdırmaq məqsədi ilə kollektivimizə lazımi göstəriş və tövsiyələrini vermişdir.

Yarımstansiyanın açılışında ölkə başçısı bu sözləri söyləmişdir: “Bakı şəhərində elektrik təsərrüfatı dövlət nəzarətinə qayıtdıqdan sonra bu sahədə islahatlar uğurla gedirsevindirici haldır ki, hazırda elektrik enerjisi tələbatçıları 2-3 dəfə üstələyir”.

Qeyd etmək lazımdır ki, rayonda müxtəlif ünvanlarda yarımstansiya tikilir, həmin yarımstansiya 2013-cü ilin sonuna qədər əhalinin və istehlakçıların istifadəsinə veriləcəkdir.

Yarımstansiyalarla yanaşı, rayonda ilin ötən 10 ayı ərzində yeni transformator məntəqələri tikilmişdir və həmçinin avadanlıqlar quraşdırılmışdır. 37 saylı TM-də 1000 KVA transformator 1600 KVA transformatorla, Q.Qarayev prospekti 25/6-da isə mövcud 1 ədəd 630 KVA transformator əvəzinə, yeni TM-də 2 ədəd 16000 KVA transformator quraşdırılmışdır.

Yarımstansiyaların və transformator məntəqələrinin torpaq sahəsi ayrıldığına, bizə qayğı və diqqət göstərdiyinə görə Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqova minnətdarlığımızı bildirirəm.

Rayon ərazisində 123 transformator məntəqəsi və 128 ədəd komplekt transformator məntəqəsinə xidmət edirik. 125,5 km 10 kilovoltluq kabel xətləri, 41 km 10 kilovoltluq hava xətləri, 281 km 0,4 kilovoltluq kabel xətləri və 21 km 0,4 kilovoltluq hava xətləri mövcuddur.

Özbəkistan, Ə.Hacıyev, Şərifli, İ.Əliyev, T.Abbasov, R.Teymurov, Ş.Mirzəyev, Ə.Vəliyev, Şərq küçələrində çılpaq naqillər 35 km kabel xətləri ilə əvəz edilmişyeni dəmir dirəklər basdırılmışdır. Şərq küçəsində 1 ədəd 1000 KVA gücü olan yeni KTM quraşdırılmışdır.

Qeyd etmək lazımdır ki, rayon ərazisində 54311 əhali və 3567 qeyri-əhali abonenti qeydə alınmışdır.

İlin ötən 10 ayında rayon üzrə yığım faizi 95,8 faiz təşkil etmişdir.

Rayonda elektrik enerjisindən qənaətlə istifadə ötmək, təhlükəsizlik texnikasına düzgün riayət olunması məqsədi ilə abonentlər arasında geniş maarifləndirmə işləri aparılır.

Abonent Etirazları Komissiyasının fəaliyyəti də təqdirəlayiqdir. Qeyd etmək lazımdır ki, abonentləri narahat edən məsələlər vaxtında öz həllini tapır.

 

İdarədə çalışan mühəndis-texniki işçilər və fəhlələr bilik və peşəkarlıq səviyyələrini artırmaq məqsədi ilə “Bakıelektrikşəbəkə” ASC-nin tədris mərkəzində müntəzəm olaraq kurslarda fəal iştirak edirlər.

 

Qədir Aslan,

 

Respublika.-2013.- 19 noyabr.- S.13.