Unudulmaz dövlət xadimi

 

Dəhşətli 20 noyabrdan uzun illər keçsə də, elə təsəvvür edirəm ki, hadisə bu gün baş verib. O müdhiş günü heç vaxt unuda bilmirəm. Onun haqqında dəfələrlə xatirə yazmağa cəhd göstərmişəm, lakin hər dəfə həyəcandan qeyri-ixtiyari qələmi əlimdə saxlaya bilməmişəm, özümdən asılı olmayaraq həddən artıq kədərlənmişəm. Axı o, bu dünyanı vaxtsız tərk etdi. İsmət müəllim xalqımız, millətimiz, dövlətçiliyimiz üçün olduqca dəyərli və gərəkli bir insan idi. Onun bütün arzuları, istəkləri yarımçıq qaldı. O yaşamaq istəyirdi, həddən artıq həyatsevər və ailəcanlı idi. Övladları - oğlu İsmayılı, qızı Firuzəni canından artıq istəyirdi. Sevimli övladlarından, bütün varlığı ilə bağlı olduğu həyat yoldaşı Leyla xanımdan vaxtsız ayrı düşdü. Heç vaxt özünü Leyla xanımsız təsəvvür etməzdi İsmət. Onun xalqına, övladlarına olan sonsuz məhəbbəti yarımçıq qaldı.

Bu sətirləri qələmə almaq istərkən yenə də həddən artıq həyəcanlandım, lakin çətinliklə özümdə güc tapıb yazmağa başladım. Axı hələ də mən onun yoxluğuna, aramızda olmamasına inana bilmirəm.

Sözün həqiqi mənasında dəyərli bir insan idi İsmət Qayıbov. O inanılmaz təşkilatçılıq qabiliyyətinə malik, mənəviyyətcə təmiz və saf bir şəxsiyyət kimi yetişmişdir. Deyirlər səhvsiz insan yoxdur, ancaq İsmət doğurdan da səhvsiz, qərəzsiz bir şəxsiyyət, daim haqqa-ədalətə söykənən hüquqşünas, görkəmli dövlət xadimi idi.

İsmət müəllim gözəl hüquq mütəxəssisi olmaqla bərabər, həyatı düzgün dərk edə bilən, uzaqgörən bir insan olmuşdur.

Hər hansı bir qərarı qəbul edərkən, heç vaxt tələsməzdi, necə deyərlər yüz ölçüb, bir biçərdi. O, zamanın nəbzini tutmağı bacaran və yaranmış vəziyyəti düzgün qiymətləndirən bir şəxs olmuşdur. Eyni zamanda o, olduqca ürəyiyumşaq və humanist bir şəxs idi. Kimliyindən asılı olmayaraq, hər hansı bir qəbahət törətmiş vətəndaşlara qarşı ədalətli olmağı hər şeydən üstün tutardı.

İsmət Qayıbov humanist bir insan kimi həmişə tərbiyələndirmək prinsipini əsas məqsəd tutardı. O, heç vaxt ağır cəza vermək tərəfdarı olmazdı. Bununla bərabər, insan haqlarının pozulmasına heç bir vəchlə yol verməzdi və belə halları o, qəbul etməzdi. Bu kimi hallara yol verilməsini böyük günah hesab edərdi İsmət müəllim.

Dağlıq Qarabağ məsələsi mənfur ermənilər tərəfindən ortalığa atılanda da İsmət Qayıbov düzgün mövqe tutmaqla, çox cəsarətli və qətiyyətli addımlar atırdı. O, vəziyyətin mürəkkəbliyini dərk edərək, dəfələrlə efir vasitəsilə ermənilərə kəskin və tutarlı mesajlar göndərirdi. Bir qarış torpaq belə sizə verməyəcəyik!. Onun belə ciddi bəyanatlarından Dağlıq Qarabağda, xüsusilə Xankəndidə yaşayan ermənilər qorxuya düşüb, şəhəri tərk etmək məcburiyyətində qalmışdılar. O vaxtlar mən bu məsələlərdən hərtərəfli xəbərdar idim, çünki bütün il boyu qaynar nöqtələrdə olurdum. Dağlıq Qarabağda yaşayan bütün ermənilər çalışırdılar ki, Azərbaycan ərazisini tezliklə tərk etsinlər. Ürək ağrısı ilə qeyd edirəm ki, 1991-ci il 20 noyabr hadisəsindən sonra M.Qorbaçov hakimiyyətinin təkidi ilə bu proses tamamilə dayandırıldı. Erməni faşistləri fürsətdən istifadə edərək ərazimizdə meydan sulamağa başladılar, nəticədə 20 faizdən çox torpaqlarımız işğal olundu.

İsmət Qayıbov yuxarıda qeyd etdiyim kimi, olduqca humanist bir insan idi. Ehtiyatsızlıq səbəbindən törədilən cinayətlərə görə təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini tələb edir və günahkarı islah etməyin düzgün yolunu bunda görürdü. Qəsdən törədilməyən cinayətlərə görə o, məhkəmə prosesində təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini tövsiyə edirdi. Yaxşı yadımdadır, bir dəfə məhkəmə prosesində iştirak etməyi mənə təklif etdi, mən isə dedim, axı mən rayon Daxili İşlər Şöbəsinin rəisiyəm. Camaat nə fikirləşər? Dedi, burda heç bir qəbahət yoxdur, mülki geyimdə oturarsan zalda və zarafatyana dedi: eynək taxarsan, heç kim səni tanımaz. Bu sözləri elə səmimiyyətlə dedi ki, mən onunla razılaşmalı oldum. Prosesdə ittiham nitqinin sonunda İsmət müəllim məhkəməyə xoş təbəssümlə müraciət edərək bu cavan oğlanın iradəli üzünə, qıvrım tellərinə fikir verin, əminəm ki, o cəmiyyətimiz üçün hələ itirilməyib dedi. Prokurorun bu ifadəsi zalda xoş ovqat yaratdı, və o əlavə etdi ki, biz insanların tərbiyələndirliməsini cəza verməkdən üstün tutmalıyıq. Prokurorun belə humanist mövqe tutması hamıya çox yaxşı təsir bağışladı. Sonradan öyrəndim ki, təqsirləndirilən o şəxs kimsəsiz bir sovxoz fəhləsidir. Həqiqətən də məhkəmə həmin cavan oğlana yüngül cəza verməklə kifayətləndi.

1979-cu ildə məni İsmayıllı Rayon Daxili İşlər Şöbəsinə rəis təyin etmək istərkən təklif olundu ki, rayon partiya komitəsinin 1-ci katibi ilə görüşüm. O vaxtlar qayda belə idi. Həmin il avqust ayının axırlarında İsmayıllı rayonuna gələrək birbaşa rayon partiya komitəsinə getdim və 1-ci katib mərhum Qəşəm Aslanovun qəbulunda oldum. O, mənimlə xeyli söhbət etdikdən sonra təklif etdi ki, rayon prokuroru ilə də görüşüb söhbət edim.

O vaxt İsmayıllı rayonunun prokuroru, sonralar Əli Bayramlı, Sumqayıt şəhər prokuroru, daha sonra isə respublikamızın ilk Baş prokuroru olmuş general İsmət İsmayıl oğlu Qayıbov idi. Mən onun yanına getdim, o məni çox mehriban qarşıladı və 1 saata yaxın onunla söhbət etdik. Söhbət zamanı İsmət müəllim bildirdi ki, rayonda cinayətkarlıqla bağlı vəziyyət yaxşı deyil, inşallah, təyinat alıb gələrsən, ürəkli işləyib, vəziyyəti birlikdə düzəldərik. Söhbətdən sonra onunla sağollaşıb Bakıya qayıtdım. Sonradan mənə məlum oldu ki, hələ mənim İsmayıllıya göndərilmək məsələm ortalığa çıxarkən iş fəaliyyətimin öyrənilməsi məsələsi rayon partiya komitəsinin rəhbərliyinin tövsiyyəsi ilə rayonun prokuroru İsmət Qayıbova həvalə edilmişdir, o da öz növbəsində müxtəlif kanallarla mənim kimliyimi və necə işçi olmağımı bütün təfərrüatı ilə öyrənmiş, rayon partiya komitəsində müsbət xarakterizə etmişdir. Hətta İsmət müəllim demişdi ki, İsmayıllı rayon DİŞ-nin rəisi vəzifəsi üçün Xalıq müəllim ən yaxşı namizəddir. O, Daxili İşlər Nazirliyinin Qərargah İdarəsində çalışır, haqqında hamı ancaq müsbət fikirdədir, özü də hüquq elmləri namizədidir. Rayon rəhbərliyi İsmət Qayıbovun rəyini nəzərə almış və mənim təyinatıma razılıq vermişdir.

Beləliklə, 5 sentyabr 1979-cu ildə İsmayıllıya milis rəisi vəzifəsinə təyin olundum. Gələn gündən İsmət Qayıbovla aramızda həm işgüzar, həm da çox mehriban dostluq münasibəti yaranmışdı.

İsmayıllı rayonunda vəziyyət olduqca ağır idi, problemlər həddindən çox idi, hətta kriminal və keçmişdən qalmış açılmayan cinayətlər. Bütün bu məsələlər məni çox narahat edirdi. Mənim bu narahatçılığımı hiss edən İsmət müəllim deyirdi: Hər şey yaxşı olacaq, mən əlimdən gələn köməkliyi edəcəm ki, mövcud olan çətinliklər aradan qaldırılsın. İsmət müəllimin bu sözləri elə bil mənə qol-qanad verdi, mənim işləməyə həvəsim artdı və öz fəaliyyətimə keçmişdən açılmamış qalan cinayət işlərinin araşdırılması ilə başladım. Bu fikrimi İsmət müəllimlə bölüşdüm. O, bunu çox razılıq hissi ilə qarşıladı və əlavə etdi ki, çoxdandır keçmişdən açılmamış qalan cinayət işləri ilə məşğul olan yoxdur, həm də şöbədə bu xarakterli cinayət hadisələrinin açılması ilə məşğul ola bilən əməliyyatçı da yoxdur. Nə kömək lazımdır mən edərəm.

Həmin işləri nəzərdən keçirərkən diqqətimi 1969-cu ildə baş vermiş ölüm hadisəsi cəlb etdi. Belə ki, yenicə ailə qurmuş cavan bir gəlin amansızlıqla qətlə yetirilmişdi. Mən həmin cinayət işi, həm də cinayət axtarış işi ilə tanış olarkən dəhşətə gəldim. Cinayət işi bir neçə müstəntiqin icraatında olmuş, işi ancaq təzələməklə kifayətlənmişlər. Heç bir istintaq hərəkəti edilmədən cinayət işi yenidən dayandırılmışdır. Materiallarla tanışlıqdan o da məlum oldu ki, bu cinayətin açılmasında heç kim maraqlı olmamışdır. İş üzrə elementar istintaq hərəkətləri edilməmişdir. Hiss olunurdu ki, işin açılmasına kim tərəfindənsə güclü maneəçilik törədilmişdir. Mən bu vəziyyəti görəndən sonra gecələr yata da bilmirdim. Fikirləşirdim... necə ola bilər ki, ailəli cavan bir gəlin öldürülsün, ağır cinayətin üstü açılmasın? Kim öldürə bilər deyə öz-özümə sual verirdim və belə qərara gəldim ki, uzağa getmək lazım deyil, bunu ailənin özünün daxilində axtarmaq lazımdır. Şübhə etmirdim ki, bu hadisə qısqanclıq zəmnində törədilmişdir. Mən bu hadisə ilə də bağlı rayon prokuroru İsmət Qayıbova bildirdim və o, bu fikrlə razılaşdı. Dərhal Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəisi general-mayor Tofiq Aslanova zəng edərək təcrübəli müstəntiq ezam edilməsini xahiş etdi və əlavə etdi ki, işçiniz Məbud Hüseynovu göndərəsiniz, zənnimcə, o, bu işin öhdəsindən gələ bilər. Səhərisi gün istintaq idarəsinin müstəntiqi Məbud Hüseynov İsmayıllıya ezam edildi. Bir neçə gün gərgin zəhmət öz bəhrəsini verdi və müəyyən edildi ki, qadını öz həyat yoldaşı qısqanclıq zəmnində qətlə yetirərək çaya atmışdır. Bu hal təkzibedilməz sübutlarla öz təstiqini tapmış və həmin şəxs törətdiyi cinayət hadisəsini boynuna almışdır.

1981-ci il mart ayının axırlarında rayonun Mican kəndində iki nəfərin öldürülməsi barədə milis şöbəsinə məlumat daxil olmuşdur. Dərhal İsmət müəllimlə birlikdə hadisə yerinə getdik. Orada məlum oldu ki, 1913-cü il təvəllüdlü Hacıağa və onun 1908-ci ildə anadan olmuş həyat yoldaşı Zöhrə öz evlərində amansızlıqla qətlə yetirilmişlər. Hacıağa uzun illər yataq xəstəsi olmuşdur. Bu hadisə həddən artıq ağır cinayət idi. Hadisə haqqında məlumat ildırım surəti ilə bütün ətraf rayonlara yayıldı. İsmayıllı camaatı hadisədən dəhşətə gəlmiş, əhali vahimə içərisində idi. Bu son bir neçə ildə törədilmiş ən ağır cinayət hadisəsi idi. Axı iki nəfər köməksiz yaşlı insan vəhşicəsinə qətlə yetirilmişdi. Rayon rəhbərliyinin zənglərinin ardı-arası kəsilmirdi. Partiya Komitəsinin 1-ci katibi mərhum Qəşəm Aslanov dəfələrlə şöbəyə gələrək işin gedişatı ilə maraqlanırdı. O vaxtlar respublika daxili işlər naziri Cəfər Vəliyev şəxsən özü bir neçə dəfə zəng edərək hadisə ilə maraqlanmışdır. Həmin cinayətin açılmasında rayon prokuroru İsmət Qayıbov əsl fədakarlıq göstərdi. Biz 17 sutka ərzində gecə-gündüz birlikdə işlədik. Mən nə qədər çalışırdım ki, o, evinə gedib heç olmasa bir az istirahət etsin, onu heç cür məcbur edə bilmirdim. Deyirdi: mən həmkarlarımı necə tək qoyub, istirahətə gedə bilərəm? İsmət müəllim gecələr kürsüdə mürgüləyirdi, onunla da kifayətlənirdi. Bu cinayət hadisəsinin də açılmasında DİN-in İstintaq İdarəsinin müstəntiqi Məbud Hüseynovun əvəzsiz rolu olmuşdur. O da cinayət hadisəsinin tam açılmasına qədər bizimlə birlikdə gecə-gündüz yorulmadan çalışdı.

Nəhayət, 17 gün çəkmiş gərgin zəhmət nəticəsində bu dəhşətli cinayətin üstü açıldı və cinayətkarlar öz layiqli cəzalarını aldılar. Cinayətkarlardan biri güllələndi, digəri isə 15 il azadlıqdan məhrum edildi. Bu cinayətin açılmasında İsmət Qayıbovun rolu danılmazdır, çünki o, cinayət açılmayana qədər rahatlıq bilmədi.

İsmət Qayıbov dostluqda çox sədaqətli idi. Bu məsələdə o əvəzedilməz bir insan idi. Onun kimi dostluğa, yoldaşlığa sadiq bir insan tanımıram. O, bu məsələlərə nə qədər böyük əhəmiyyət verirdi.

Bir neçə il idi ki, işləyirdim, günlərin birində şöbənin növbətçisi zəng edib bildirdi ki, Bakıdan bir nəfər qonaq gəlib və sizi istəyir. Kim olmasını soruşmadan dedim qoy gəlsin. 2 dəqiqə keçməmiş mənim aspirant yoldaşım Arif Mustafayev otağa daxil oldu. Uzun illər idi ki, onunla görüşməmişdik. Onun gəlişinə çox sevindim. Arif müəllim alicənab, təmkinli bir insandır. Onunla oturub aspirantlıq illərimizin şirin anlarını yada salıb, xatırladıq. O vaxtdan keçən illəri bir daha yada saldıq. Nahar vaxtı İsmət müəllimə zəng edərək dedim ki, mənim əziz bir qonağım gəlib, aspirant yoldaşımdır, Şirvanın, o cümlədən İsmayıllı rayonunun maddi mədəniyyətini öyrənən görkəmli etnoqraf alimdir. Gəl birlikdə nahar edək. Əlavə etdim ki, özü də Qazax mahalındandır. O, zarafatyana dedi: hə, onda məmnuniyyətlə gələrəm. İsmət müəllim özü də əslən Qazax mahalındandır. Bir neçə dəqiqədən sonra o, gülər üzlə kabinetə daxil oldu, Arif müəllimlə çox mehribanlıqla görüşüb söhbət etdilər. Mən hiss etdim ki, ilk andan Arif müəllim haqqında onda yaxşı təəssürat yarandı. Arif müəllimin söhbətlərinə o çox maraqla qulaq asırdı. Onların geniş, əhatəli ilk söhbəti mənim üçün də maraqlı oldu, xüsusilə Qayıbovların şəcərəsinə dair söhbət daha böyük maraq kəsb etdi. Onların söhbəti əsnasında mən bu şəcərənin görkəmli nümayəndəsi 33 il Zaqafqaziya müftisi olmuş Hüseyn Əfəndi Qayıbov, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov barədə ətraflı məlumat ala bildim. Bu nəslin görkəmli nümayəndəsi olan Fərrux ağa Qayıbov Azərbaycanın ilk təyyarəçisi kimi, Birinci Dünya müharibəsi cəbhələrində hərbi rəşadət göstərərək həlak olmuşdur.

Onlar söhbət etdikcə mən hiss edirdim ki, İsmət müəllim öz əcdadlarının xidmətləri və hərbi şücaətləri barədə danışdıqca, iftixar hissi duyur. Bu cəhəti, deyəsən, Arif müəllim də sezmişdi. Elə ona görə də söhbətin mövzusunu dəyişməzdən əvvəl o, əlavə etdi ki, indi Qayıbovların ənənələrini davam etdirmək növbəsi Sizə çatır, İsmət müəllim! İnşallah, bunu zaman göstərəcəkdir. Kaş sağlıq olsun, deyə İsmət müəllim cavab verdi.

 

Söhbət zamanı məlum oldu ki, Arif müəllim İsmayıllı rayonuna elmi işi ilə əlaqədar göndərilib, hələ bir neçə gün İsmayıllıda qalmalıdır. Bu məni daha da sevindirdi. Arif müəllimin dərin söhbətləri İsmət müəllimin çox xoşuna gəlmişdi, hər gün onunla görüşüb söhbət edirdilər. Adətən, İsmət müəllim ziyalı insanlarla oturub-durmağı, onlarla ünsiyyətdə olmağı çox xoşlayırdı. Bir neçə gün sonra elmi işi ilə əlaqədar Arif müəllim İsmayıllının uzaq bir dağ kəndinə getməli oldu. Mən onu kəndə yola saldım və ora zəng edərək xahiş etdim ki, ona lazımi şərait yaratsınlar. Həmin gün axşam İsmət müəllim mənə zəng edərək Arif müəllimi şam yeməyinə dəvət etdiyini bildirdi. Mən ona dedim ki, Arif müəllim rayon mərkəzində yoxdur, kəndə gedib, bir neçə gün həmin kənddə qalmalıdır. Mən belə dedikdə o təəssüflə dedi: məyər rayonda qalmağa yer yox idi ki, tez-tələsik kəndə göndərmisən, heç səndən gözləməzdim. Mən ona izah etdim ki, Arif müəllim elmi-tədqiqat işi ilə bağlı kəndə gedib və bir neçə gün orda qalmalıdır. O, buna tam əmin olduqdan sonra hiss etdim ki, sakitləşdi.

Bir neçə gündən sonra Arif müəllim işini yekunlaşdırıb rayona qayıtdı. İsmət müəllimlə birlikdə onu yola saldıq. İsmət müəllim həmişə Arif müəllimi məndən soruşurdu və deyirdi ki, mənim salamlarımı ona çatdır, çox gözəl insandır, nə yaxşı ki belə insanlar hələ var, onun gələcəyinə inanıram, ümid edirəm ki, o görkəmli alim olacaq. Həqiqətən də İsmət müəllimin bu arzusu həqiqətə çevrildi. Arif müəllim indi tarix elmləri doktoru, professordur. Bakı Dövlət Universitetində elmi-tədqiqat laboratoriyasının müdiri kimi elmi fəaliyyətini davam etdirir.

Neçə illər İsmət müəllimlə bir rayonda işlədikcə bir dəfə də olsun o mənsiz heç bir tədbirə getməzdi. Hətta o vaxt kolxoz, sovxozlara da onunla birlikdə gedərdik, əməkçilərlə görüşlərdə elə maraqlı söhbətlər edərdi ki, bəlkə də səhərə qədər çıxış etsəydi belə yenə də qulaq asardılar. Onun bütün söhbətləri çox sadə, səmimi, həm də yumorla dolu keçərdi. Bir nəfər kimi hamı onu maraqla dinləyirdi, İsmət müəllim baxmayaraq ki, rayonun prokuroru idi, heç kimin könlünə, qəlbinə dəyməzdi, elə buna görə də onu hamı sevirdi.

İsmət müəllimlə mehriban dostluğumuz ailələrimizə də sirayət etmişdir. Bütün bayramları ailəlikcə bir yerdə keçirərdik və bir-birimizin evinə tez-tez qonaq gedərdik. Bizim dostluğumuz rayonda çox xoş əhval-ruhiyyə yaradırdı, hamı sözün yaxşı mənasında qibtə edirdi, həm də belə münasibəti yerli camaat çox razılıqla qarşılayırdı. Bizim İsmətlə mehribançılığımız rayonda əmin-amanlığın, sakitliyin başlıca amili idi. Birgə işlədiyimiz illər ərzində rayonda cinayətkarlıq ilbəil azalmağa doğru gedirdi. O illərdə demək olar ki, rayonda oğurluq, soyğunçuluq, qarət halları baş verməmişdi, bütün bunlar hüquq-mühafizə orqanlarının birgə işləməsinin nəticəsi idi. Bu işdə də İsmət Qayıbovun əvəzsiz xidməti olmuşdur. O, həmişə hamını mehribançılığa və səmimiyyətə səsləyirdi.

İsmət Qayıbov eyni zamanda rayonun ictimai-siyasi həyatında fəal iştirak edirdi. Elə buna görə də respublikada yeganə rayon prokuroru idi ki, rayon Partiya Komitəsinin büro üzvü seçilmişdi, o vaxt bu çox şərəfli hesab edilirdi. Hamı onun belə nüfuza malik olmasına həsəd aparırdı.

Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, İsmət müəllimlə mehribançılığımızın nəticəsi olaraq, indi övladlarımız bu ənənəni davam etdirirlər. Oğlum Fərid, İsmət müəllimin oğlu İsmayılla o vaxtdan dostluq edirlər, tez-tez görüşüb səmimi söhbət edirlər, keçmiş günləri yada salırlar, bu məni həddən artıq sevindirir.

İsmət Qayıbov harada işləməsindən asılı olmayaraq, heç vaxt onunla əlaqəni kəsməzdik və bu mümkun də deyildi, ona görə ki, o özü buna imkan verməzdi.

Əli Bayramlı şəhər prokuroru olanda da, Sumqayıt şəhər prokuroru olanda da hər zaman əlaqə saxlayaraq, imkan olanda vaxt tapıb, görüşüb söhbət edərdik.

İsmət Qayıbov respublika Baş prokuroru olanda mən artıq, Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsində işləyirdim. Respublika Baş prokuroru olması da İsmət müəllimin sadəliyini, xasiyyətini dəyişmədi. Yenə də həmin İsmət olaraq qalırdı. Onun təbiətində sadəlik, təvazökarliq, səmimlik həmişə qalırdı.

İsmət Qayıbov respublika Baş prokuroru olan vaxt mütəmadi olaraq zənglər edər və məni yanına dəvət edərdi. Oturub İsmayıllıda keçirdiyimiz günləri xatırlayardıq.

 

Belə bir insanın itkisi hamı kimi məni də sarsıtmışdır.

Nə yaxşı ki, İsmayıl kimi ləyaqətli oğlu, davamçısı var. Ancaq bu mənim kədərimi az da olsa yüngülləşdirir, mən bununla təsəlli tapıram. Yeri gəlmişkən, İsmət müəllimin yadigarı olan İsmayıla işlərində uğurlar arzulayıram və inanıram ki, o atası kimi haqq-ədaləti hər şeydən uca tutacaqdır. Axı ot kökü üstündə bitər deyib müdriklərimiz.

İsmət Qayıbov belə böyük ürəyə sahib bir insan olmuşdur. Onun gözəl insani keyfiyyətləri, saf səmimiyyəti indi də mənim gözlərimin önündədir.

Belə bir böyük insanı unutmaq olarmı?!

 

Allah rəhmət eləsin, qəbri nurla dolsun .

 

Xalıq Qasımzadə,

hüquq elmləri namizədi.

 

Respublika.-2013.- 20 noyabr.- S.7.