Məhkəmə və ədliyyə sistemində mütərəqqi islahatların təminatçısı

 

Dövlətimizlə bərabər sürətlə yeniləşən, möhkəmlənən və inkişaf edən Azərbaycan ədliyyəsinin yaranmasının 95-ci ildönümü tamam olur. XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə Azərbaycan ədliyyəsinin şərəfli tarixi başlanmışdır.

Müasir dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə ədliyyə işçilərinə yüksək etimad göstərilərək Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün - 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü elan olunmuşdur. Bu tarixi sərəncam ədliyyə və məhkəmə fəaliyyətinin mənəvi stimullaşdırılmasına, onların tarixi varisliyinin təsbit olunmasına, cəmiyyətdə nüfuzunun artırılmasına xidmət etmişdir.

1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildiyi gün Ədliyyə Nazirliyinin də təsis edilməsi, onun fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılması ilə əlaqədar mühüm qərarların qəbulu ədliyyə fəaliyyətinə verilən xüsusi əhəmiyyəti göstərirdi. Həmin dövrdə bilavasitə Ədliyyə Nazirliyinin təşəbbüsü ilə ölkə parlamentinin müzakirəsinə çıxarılmış Azərbaycan vətəndaşlığı haqqında, məhkəmə işçiləri vəzifələrinə namizədlər haqqında, andlı iclasçılar məhkəməsinin təsis edilməsi barədə, məhkəmə aidiyyəti məsələləri haqqında, xarici dövlətlərin məhkəmə qərarlarının icrası qaydası haqqında, amnistiya haqqında və digər qanunlara nəzər salarkən Azərbaycan xalqının və ədliyyə sisteminin demokratik ənənələrinin bir daha şahidi oluruq.

Təəssüf ki, sonrakı dövrlərdə ədliyyə sisteminin inkişafı heç də rəvan olmamış, Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq keçmiş Sovetlər Birliyində Ədliyyə Nazirliyinin fəaliyyətinə əhəmiyyət verilməmiş, hətta nazirlik ləğv edilərək uzun müddət ərzində onun təşkilinə ehtiyac bilinməmişdir. Yalnız 1970-ci illərdə dahi rəhbər Heydər Əliyevin ədliyyə və məhkəmə sisteminin inkişafına xüsusi diqqəti sayəsində ədliyyə fəaliyyəti tamamilə yenidən qurulmuşdur.

Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra aparılan məhkəmə-hüquq islahatı nəticəsində isə Ədliyyə Nazirliyinin fəaliyyəti daha da təkmilləşdirilərək müasir tələblərə uyğunlaşdırılmış, nazirliyin funksiya və səlahiyyətləri genişlənmişdir. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra ədliyyə orqanlarına yüksək diqqət və qayğı ilə yanaşmış, bu sahədə yeni dövrün tələblərindən irəli gələn islahatların aparılmasını təmin etmişdir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında aparılmış məhkəmə-hüquq islahatları çərçivəsində qəbul edilmiş çoxlu sayda qanunlara, imzalanmış fərmanlara əsasən Ədliyyə Nazirliyinin üzərinə yeni vəzifələr qoyulmuşdur. Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları xidməti təsis edilməklə yanaşı, keçmiş MDB-də ilk olaraq Azərbaycanda istintaq təcridxanaları nazirliyin tərkibinə verilmişdir. Ədalət mühakiməsi əleyhinə olan və bəzi digər cinayətlərin ibtidai istintaqının aparılması, bütün qeyri-tibbi məhkəmə ekspertizalarının həyata keçirilməsi, Azərbaycan Respublikası adından xarici dövlətlər və beynəlxalq təşkilatlarla hüquqi sahədə əməkdaşlıq üzrə müqavilələrin bağlanması və onların icrasının təmin edilməsi, cinayət işləri üzrə hüquqi yardımın göstərilməsi, o cümlədən ekstradisiya və digər məsələlərin həlli Ədliyyə Nazirliyinə tapşırılmışdır.

Ölkəmizdə aparılan hərtərəfli islahatların səmərəli iqtisadi sistemin bərqərar olmasına gətirib çıxarması əhalinin hüquq və mənafelərinin daha etibarlı qorunması, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi zərurətini yaradırdı. 2000-ci ildə iqtisadi və hüquqi proseslərin tənzimlənməsində mühüm əhəmiyyəti nəzərə alınaraq, notariat və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanlarında da köklü dəyişikliklər və əsaslı tədbirlər həyata keçirilmiş, yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə metodoloji yardımın göstərilməsi Ədliyyə Nazirliyinin funksiyalarına aid edilmişdir.

Ulu öndər Heydər Əliyev ədliyyə islahatları ilə paralel şəkildə məhkəmə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsi məsələlərini də xüsusi diqqət mərkəzində saxlamışdır. Aparılan məhkəmə-hüquq islahatı nəticəsində Konstitusiya Məhkəməsi təsis olunmuş, 2000-ci ildən yeni, əvvəlki məhkəmə sistemindən köklü surətdə fərqlənən, insan haqlarının müdafiəsinə daha etibarlı təminat verən üçpilləli müstəqil məhkəmə sistemi fəaliyyətə başlamışdır. Həmin vaxtdan etibarən keçmiş sovet respublikaları arasında, demək olar ki, ilk dəfə Azərbaycanda həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin, məhkəmələr üzərində prokurorluq və ədliyyə orqanlarının nəzarəti ləğv olunmuş, demokratik məhkəmə nəzarəti institutu formalaşdırılmışdır.

2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanla seçilmiş, nəticədə hakim korpusunun 60 faizi təzələnmişdir. Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir.

Ulu öndər Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü həm də əsasını qoyduğu siyasəti yeni dövrün tələblərinə uyğun davam etdirə biləcək qüdrətli lider və etibarlı davamçını yetişdirməsindədir. 2003-cü ildən ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə məhkəmə sisteminin modernləşməsi prosesi cəmiyyətin inkişafına adekvat olaraq uğurla davam etdirilmişdir. Bu məqsədlə hələ 2004-cü ildə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq onun tərkibinə nüfuzlu beynəlxalq ekspertlər daxil edilmiş, çoxşaxəli fəaliyyət planı hazırlanaraq həyata keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində “Məhkəmələr və hakimlər haqqında” qanun əsaslı şəkildə yenilənmiş, “Məhkəmə-Hüquq Şurası haqqında” yeni qanun, “Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə”, “Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları”, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul edilmişdir.

Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman isə respublikanın məhkəmə sistemində fundamental yeniliklər üçün baza rolunu oynamışdır. Regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş bir sıra təşkilati-hüquqi, sosial tədbirlərin mahiyyətindən irəli gələn həmin fərman əsasında bölgələrdə yeni apelyasiyaiqtisad məhkəmələri yaradılmışdır. Fərman əsasında həmçinin Ədliyyə Akademiyası yaradılmış, Hakimlərin Etik Davranış Kodeksi hazırlanaraq təsdiqlənmiş, məhkəmələrdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, məhkəmə təcrübəsində nəzərə alınması təmin olunmuşdur.

Məhkəmələrin yükünün azaldılması, işlərə vaxtında nəzərdə tutulmuş qaydadavaxtda baxılması məqsədilə məhkəmələrdə hakimlərin sayının artırılması da xüsusi diqqət mərkəzində olmuşdur. Dövlət başçısı İlham Əliyevin 17 avqust 2006-cı il tarixli “Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında” fərmanı ilə respublika məhkəmələri hakimlərinin sayı 153 ştat artırılmışdır. Ümumilikdə, son illərdə hakimlərin sayı 2 dəfə, məhkəmə işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ayrılmışdır. Respublika üzrə hakimlərin sayının 600 nəfər müəyyən olunması da ədalət mühakiməsinin keyfiyyətinin daha da yüksəldilməsinə xidmət etmişdir. Bundan başqa, son illər hakimlərin müddətsiz - son yaş həddinədək təyinatı, fəaliyyətlərinin qiymətləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin şəffaf və demokratik əsasları təsbit olunmuşdur.

Şübhəsiz, məhkəmə hakimiyyətinin nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması həm də bu hakimiyyəti realizə edən hakimlərin peşəkarlığı, onların mənəvi keyfiyyətləri ilə bilavasitə bağlıdır. Bununla əlaqədar məhkəmə hakimiyyətinin hazırlıqlı və mənəvi cəhətdən saf hakimlərlə komplektləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilmiş, bütün məhkəmələrin tərkibi təzələnmişdir. Həmçinin, hakimliyə namizədlərin ən şəffaf üsullarla seçilməsi qaydası müəyyən edilmişdir. Çoxsaylı imtahan və müsahibələrdən, namizədlərin hakim vəzifələrinə hazırlanmaları üçün uzunmüddətli kurs və təcrübədən ibarət olan bu seçim proseduru müstəqil qurum - tərkibi əsasən hakimlərdən ibarət olan Hakimlərin Seçki Komitəsi tərəfindən həyata keçirilir.

Son illər Avropada ən mütərəqqi və şəffaf hesab edilən bu qaydalar əsasında 2200 namizəd sırasından seçilmiş 311 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifələrinə təyin edilmişdir. Hakim vəzifəsinə yeni təyin olunmuş şəxslər uzunmüddətli nəzəri kurslarda iştirak etmiş, məhkəmələrdə təcrübə keçmiş, xarici ölkələrə tədris səfərlərinə göndərilmiş, beləliklə, çətin hakim vəzifəsi üçün tam hazırlanaraq müxtəlif məhkəmələrə təyinatlar almışlar.

Ölkədə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən mütərəqqi tədbirlər nüfuzlu beynəlxalq qurumların da diqqətini cəlb etmiş, Avropa Şurası Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Azərbaycanda hakimlərin seçimi prosesini bilavasitə izləməklə ölkəmizin təcrübəsini digər Avropa dövlətlərinə örnək kimi göstərmişdir. Bu proses Avropa İttifaqı tərəfindən də eyni yüksək qiymətə layiq bilinərək digər dövlətlərə tövsiyə olunmuşdur.

Bundan başqa, əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması üçün son 5 ildə 20-dək yeni regional məhkəmələr, o cümlədən apelyasiya, ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələr yaradılmış, məhkəmə infrastrukturunun yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Vətəndaş-məmur münasibətlərində yaranan mübahisələrin qısa zaman çərçivəsində çevik həllinə imkan verən inzibati-iqtisadi məhkəmələrin yaranması və 2011-ci il yanvarın 1-dən inzibati işlərə məhz yeni yaradılmış həmin məhkəmələrdə baxılması Azərbaycan məhkəmə sistemi üçün tamamilə yeni hadisədir. Bu yenilik inzibati xarakterli mübahisələrin ixtisaslaşmış birinci instansiya məhkəmələri tərəfindən tam, hərtərəfli, obyektiv araşdırılmasının, ədalətlə və sırf qanuna uyğun olaraq baxılmasının təmin edilməsinə, ümumilikdə isə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edir.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət edən məhkəmə-hüquq islahatları 2012-ci ildə də uğurla davam etdirilmişdir. Beynəlxalq təcrübə nəzərə alınmaqla 2012-ci ildə “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında” qanunlara mütərəqqi dəyişikliklər edilmişdir. Məhkəmə-Hüquq Şurasının fəaliyyət mexanizmləri təkmilləşdirilmiş, hakimlərin müstəqilliyinin əlavə təminatları müəyyən olunmuş, məhkəmə hakimiyyətinin özünüidarə funksiyaları daha da genişləndirilmişdir.

Xüsusi qeyd etmək istərdik ki, son illər ərzində ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Dünya Bankı ilə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində 2012-ci ildə Bakı şəhəri Yasamal, Gəncə şəhəri Nizami və Gədəbəy rayon məhkəmələri üçün müasir tələblərə cavab verən yeni inzibati binalar inşa edilmişdir.

Yeni binaların bir üstün cəhəti də ondan ibarətdir ki, onlar inzibatiictimai zonalara bölünürlər və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edirlər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.

Müasir məhkəmə sistemini informasiya-kommunikasiya texnologiyalarından kənar təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyildir ki, son illərdə vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsi və hüquqi xidmətlərin təkmilləşdirilməsi məqsədilə bütün məhkəmələri əhatə edən veb-səhifə yaradılmışdır. Veb-səhifənin imkanlarından istifadə etməklə ali, apelyasiyabirinci instansiya məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, hakimlərin qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini yükləmək, həmçinin müvafiq məhkəmələrə internet vasitəsilə müraciət etmək mümkündür.

 

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamların uğurla həyata keçirilməsi prosesində ədliyyə naziri Fikrət Məmmədovun yüksək təşkilatçılığı, nizam-intizama, peşəkarlığa və dövlət mənafelərinə sadiqliyi də əhəmiyyətli rol oynamışdır. Məhz Məhkəmə-Hüquq Şurasının təqdimatı əsasında möhtərəm Prezidentımiz mütəmadi olaraq bir çox hakimlərə yüksək etimad göstərir, test, müsabiqə və tədris mərhələsini keçən hakimliyə namizədlər bu vəzifəyə təmin edilirlər.

Azərbaycan Prezidentinin 2013-cü il 4 oktyabr tarixliBir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi və bəzi birinci instansiya məhkəmələri hakimlərinin vəzifələrinin dəyişdirilməsi haqqında” sərəncamı əsasında hakim vəzifəsinə təyin olunanlar arasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin də hakimi vardır. Şübhəsiz, yeni hakim təyin edilmiş şəxslər dövlət başçısının bu yüksək etimadını doğrultmaq, insan və vətəndaş hüquq və azadlıqlarının məhkəmələrdə etibarlı şəkildə qorunmasını təmin etmək üçün səylə çalışacaqlar.

Son 10 ildə cəmiyyət həyatının ən müxtəlif sahələrində islahatları yüksək dinamizmlə davam etdirən dövlət başçısı İlham Əliyev ədliyyə sisteminin müasirləşdirilməsi və bu orqanın cəmiyyətin hüquq sistemindəki yerinin möhkəmləndirilməsi məqsədilə də bir sıra zəruri fərman və sərəncamlar imzalamışdır. 2006-cı il 18 aprel tarixli “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə”, 26 may 2006-cı il tarixli iclasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu, 17 avqust 2006-cı il tarixli “Ədliyyə orqanlarının inkişafı haqqında” fərman və s. sənədlərin qəbulu bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Sonuncu fərman əsasında bölgələrdə regional ədliyyə şöbələrinin və rayon (şəhər) qeydiyyat şöbələrinin yaradılması yerli əhalinin bu orqanlara müraciət imkanlarını asanlaşdırmış, habelə regionların sosial-iqtisadi inkişafına, xüsusilə yerli hüquqşünasların işlə təmin olunmasına xidmət etmişdir.

Bütün bunlar təsdiqləyir ki, Azərbaycan ədliyyəsi və məhkəmə orqanları son 10 ildə cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu inkişaf yolu keçmişlər. Ədliyyə və məhkəmə orqanlarının əməkdaşları ürəkdən inanırlar ki, 2013-cü il oktyabrın 9-da xalqın iradəsi ilə yenidən Azərbaycan Prezideni seçilmiş İlham Əliyev bundan sonra da hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna xidmət edən mütərəqqi məhkəmə və ədliyyə islahatlarını davam etdirəcəkdir.

 

Aida HÜSEYN,

 

1 saylı İnzibati-İqtisadi Məhkəmənin hakimi

 

Respublika.-2013.- 20 noyabr.- S.8.