XALQINA BAĞLI, DÖVLƏTİNƏ SƏDAQƏTLİ

 

İllərdən bəri haqqında yazı yazdığım hər bir insan mənim üçün doğmadı, əzizdi, ömrümün donmuş bir anı, bir parçasıdı.

Professor Əli Teymur oğlu Nağıyev bir başqa dünya, bir başqa möcüzədi. Ürəyi, gözü, könlü Azərbaycan sevgisi, sevdasıyla dopdolu bu qeyri-adi insan zəngin mənəviyyatı, saf əxlaqı, əqidəsi, kövrək ürəyi, böyük vətəndaşlığı ilə mənə əsrin əvvəllərinin ziyalılarını xatırladır. Gör neçənci söhbətimizdi artıq, amma mən bu söhbətlərdən yorulmuram, usanmıram. Onun səmimi, müdrik söz-söhbətindən ayrılmaq olmur.

Əkmə bitməyən yerə,

Can ver, itməyən yerə.

Ayaqlar necə varsın

Könül getməyən yerə.

Yaşıllıqlar qoynundakı bağ evinin eyvanında oturmuşuq. Dəniz burdan ovuc içi kimi görünür. Bu sadə bağ evindəki səliqə-sahman, qeyri-adi gözəllik məni heyran edir. Sərvlərlə əhatələnmiş iydə, badam, püstə, nar, alma, armud, gilənar, əncir ağacları, neçə-neçə güllər, çiçəklər, bəzək kolları mehriban-mehriban bir-birinə sığınıblar. Qollarını göyə açmış barlı meynə budaqları elə bil Tanrıya dua edir.

 “Bu ağacların çoxunu öz əllərimlə əkmişəm. Hansı  ağacın hansı ağacla, hansı gülün hansı güllə qonşuluğunu, “xasiyyətinin” uyğun gəlib-gəlməməsini ən xırda incəliyinə qədər öyrənmişəm. Canlı təbiət bizdən daha həssas, daha duyğulu, daha ağıllı, daha demokratikdi. Biz həyatda bəzən xoşumuz gəlməyən duyğusuz, hissiz bir nadanla illər uzunu işləməyə, yol getməyə, qonşu olmağa məhkumuq. Amma güllərdə, ağaclarda belə deyil. Xoşu gəlmədiyi birisi qonşuluğunda olsa ayaq üstəcə quruyar, saralıb solar. Yəni dünyanı yaşadan sevgidi, ülfətdi, doğmalıqdı.

Bilirsiniz, bu bağı, bu gözəlliyi niyə belə çox sevirəm? Çünki o mənə nakam şairimiz Müşfiqi xatırladır. Hər səhər, hər axşam onun söhbət etdiyi dənizlə söhbət edirəm.

Yenə o bağ olaydı,

Yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca

Fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı,

Səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə,

Hər gün bir yeni ilham,

Yazaydım, səhər-axşam.

Arzuya bax sevgilim,

Tellərindən incəmi?

Söylə, ürəyincəmi?”

İllər uzunu şeirin, sənətin içində olan yaradıcı bir insan kimi səmimi şəkildə etiraf edirəm: “Yenə o bağ olaydı” şeirini bu gözəllikdə, bu kövrəklikdə, yaşaya-yaşaya, duya-duya sinədən, candan söyləyən ikinci belə bir adama rast gəlməmişəm.  Yox, “söyləmək” sözü burda əsla yerinə düşmür. Əli müəllim ovsunlu, rəvan, ləngərli avazıyla bu sənət əsərinə əslində layiq olduğu qiyməti verir, ona heykəl qoyur. Bu, Müşfiqin ruhuna da böyük sayğı, hörmət, əsl sevgi əlaməti idi. Mənim duyğulandığımı, təsirləndiyimi görən Əli müəllim dahi Nizamidən, Hüseyn Caviddən, Hadidən, Puşkindən, Lermontovdan, Yesenindən, Bəxtiyar Vahabzadədən bənzərsiz misralar, şeirlər oxuyur. Məni heyrətləndirən və əlbəttə, sevindirən məhz ədəbiyyat adamının yox, dəqiq elmlər sahəsindən olan bir ziyalının, texnika elmlər doktorunun, tanınmış dövlət xadiminin, diplomatın, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri olan professor Əli Nağıyevin ədəbiyyatı, musiqini, tarixi, folklorumuzu bu qədər dərindən, incəliyinə qədər bilməsi idi.

 “Hər kəsin bir həyat eşqi olur. Mənim həyat eşqim də poeziyadı, musiqidi. Poeziyadan, musiqidən saatlarla söhbət açsam nə özüm yorularam, nə də müsahibimi yoraram. Onlar qoşa qanadlarımdı, siyasətdə də, diplomatiyada da, elə gündəlik həyatımızda da həmişə köməyimə çatıblar”.

Bu yaxınlarda Belarusdan qayıtmış qələm dostum, “Yazıçı” nəşriyyatının direktoru Şəmsi Vəfadarın sözlərini xatırlayıram: “Bu ilin oktyabr ayının ortalarında Belarusda səfərdə idim. Paytaxt Minskin mərkəzi küçələrinin birində yerləşən Belarus Dövlət Milli Musiqili Dram Teatrının qarşısındakı elanlar lövhəsindən asılmış afişanı oxuyarkən heyrətləndim: Üzeyir Hacıbəyov “Arşın mal alan”. Teatrın kassasına yaxınlaşıb tamaşanın vaxtını dəqiqləşdirdim. Özümə və mənimlə səfərdə olan dostlarım İsrafil Abdullayevə və Vidadi İsmayılova bilet aldım. Tamaşa günü zalda teatrsevənlər arasında bizdən başqa azərbaycanlılar gözümə dəyməsə də, “Arşın mal alan” tamaşası demək olar ki, anşlaqla keçdi. Alqış sədaları ürəyimizi qürurla doldurdu. Tamaşa sona çatandan sonra yüzlərlə tamaşaçı ayağa qalxıb uzun müddət aktyorları, yaradıcı heyəti alqışladı. Mən fürsətdən istifadə edib teatrın administratoruna yaxınlaşdım, tamaşanın nə vaxtdan teatrın repertuarına daxil edildiyini soruşdum. O dedi ki, “Arşın mal alan”ın tamaşaya qoyulması Azərbaycan Respublikasının Belarus Respublikasındakı keçmiş fövqəladə və səlahiyyətli səfiri Əli Nağıyevin şəxsi təşəbbüsü ilə baş tutmuşdur. Əli Nağıyev Belarusda səfir işlədiyi müddətdə özü və səfirliyin bütün əməkdaşları, demək olar ki, teatrın əksər tamaşalarına baxırdılar. Cənab səfirdə teatr tamaşalarına böyük maraq və sevgi vardı”.

Maraqlı faktdır, deyilmi? Fikir verin, bir vaxtlar ulu öndər Heydər Əliyev də bir çox teatr tamaşalarının premyeralarında şəxsən iştirak edər, dövlət məmurlarının bir çoxunu ailəvi şəkildə teatra getməyə təhrik edərdi. Bu yolla teatra, milli-mənəvi dəyərlərimizə qiymət verən dərin zəka sahibi Heydər Əliyev hər bir dövlət məmurunu da yüksək intellektə, zövqə, milli-mənəvi dəyərlərimizə, xüsusilə ana dilimizə hörmət etməyə dəvət edərdi.

Heydər Əliyev məktəbini keçmiş Əli Nağıyevin bu jesti, vətənpərvərliyi düşünürəm ki, hər bir diplomat üçün, xarici ölkələrdə Azərbaycanı təmsil edən vətəndaşlarımız üçün nümunədir.

İstedadlı insanlar barlı ağac kimidi. Barınanları çox olar, başı üstündə ildırımlar, qasırğalar, tufanlar oynar. XX əsr inqilabları, qanlı müharibələri, kütləvi repressiyaları, dramatik hadisələri ilə milyonlarla insanın, bütöv nəsillərin, xalqların taleyinə, ömrünə-gününə, yaddaşına qara-qırmızı hərflərlə yazıldı. Bu təzadlı rəng tandemi, bağrıbadaş, qolboyun qan və zülmət xofu insanların az qala genetik xəstəliyinə çevrildi. Qırmızı qan, qara dərd, kədər rəngidir. Xalqımız bu qanın, zülmətin, kədərin son ucunda—əsrin bu başında öz istiqlalına qovuşdu. Amma Azərbaycanı hələ böyük təhlükələr gözləyirdi. 90-cı illərin o çətin, ağır günlərində xalqın nicat yolunun Azərbaycanın böyük oğlu Heydər Əliyevlə bağlı olduğunu ilkin olaraq dərk edənlərdən, duyanlardan biri kimi Əli Nağıyev öz silahdaşları ilə ağır imtahanlardan keçdi. Yaş senzi ilə bağlı keçirdikləri fasiləsiz mitinqlərdə  göstərdikləri fədakarlıq əslində Heydər Əliyevə, Azərbaycana olan böyük sevgi idi.  Sonralar, 1992-ci ilin iyun ayında Yeni Azərbaycan Partiyasını yaratmaq ideyası ilə bir qrup tanınmış ziyalılarımızla Naxçıvanda, Heydər Əliyevin yanında olarkən Əli Nağıyevin: “...Çox təəssüflər olsun ki, yaş senzi ilə bağlı mitinqlərimiz bir nəticə vermədi”,—sözlərinə  Heydər Əliyev belə cavab vermişdi: “Əli Nağıyev, sən çox səhv eləyirsən, çox böyük nəticə verdi yaş senzi ilə bağlı keçirtdiyiniz o mitinqlər. Siz dünyaya sübut etdiniz ki, demokratiyadan danışanların özləri demokratiyanı boğurlar”.

Heydər Əliyev sonralar o çətin, məsuliyyətli günlərdə bu cəsarətli, məğrur, qəlbi, ürəyi Azərbaycan sevgisi ilə dopdolu gənc insanın Yeni Azərbaycan Partiyası sədrinin müavini olmasına elə-belə, təsadüfən razılıq verməmişdi. Ulu öndər Əli Nağıyevdəki böyük vətənpərvərliyi, təşkilatçılıq bacarığını, istedadı, zəkanı, böyük ideallara sədaqətini, sadiqliyini görüb duymuşdu. Sonralar Əli Nağıyev istər partiya quruculuğu işlərində, istər Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri işlədiyi müddətdə, istərsə də Azərbaycanın Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri olduğu vaxt ərzində öz fəaliyyəti ilə dövlətə, dövlətçiliyə, Heydər Əliyev ideyalarına necə bağlı, sədaqətli olduğunu əməli işləri ilə sübut etdi, hər yerdə Azərbaycanın başını uca etdi.

Tariximizin yetirdiyi nadir şəxsiyyətlərdən biri olan ulu öndərimiz Heydər Əliyevlə uzun illər çiyin-çiyinə işləmək, ən çətin, ən dramatik anlarda onun yanında olmaq bir siyasətçi kimi Əli Nağıyevə çox şeylər verdi: “Müdriklik, uzaqgörənlik, dözümlülük, yorulmadan, usanmadan çalışmaq, qurub-yaratmaq eşqi...”.

Əli müəllimin ulu öndər Heydər Əliyev haqqında dediyi bu sözlərdə böyük həqiqət var: “Heydər Əliyevlə söhbət edən hər bir kəs özü ilə bir dünya işıq aparırdı. Hətta əfəl, ağciyər, ətalətli adam belə süstlükdən sıyrılıb çıxır, həyat eşqi ilə, yaşamaq, yaratmaq eşqi ilə qaynayıb-daşırdı”.

Söhbətimizin axarı bizi haralara aparmır. Əli müəllim Azərbaycanın son illərdə qazandığı böyük uğurlardan, Azərbaycan Prezidenti İlham Əliyevə dünyanın nəhəng siyasətçilərinin verdiyi qiymətdən, YUNESKO-nun, İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın mədəniyyətimizlə, xüsusilə muğam sənətimizlə bağlı gördüyü qlobal işlərdən ürəkdolusu danışır. Mən bu söhbətdə xalqına, millətinə, dövlətinə ürəkdən bağlı olan böyük insanın sevgisini görürəm.

Əli müəllim həmişə böyük şəxsiyyətlərlə dostluq edib, ünsiyyət saxlayıb. Xalq şairi Bəxtiyar Vahabzadə belə insanlardan biri idi.

 “Rəhmətlik Bəxtiyar Vahabzadə ilə saatlarla söhbət edirdik. Hər təzə çıxan kitabını mənə göndərir, teatr tamaşalarına dəvət edirdi. Aramızda bir dostluq, ata-oğul münasibəti yaranmışdı. Heydər Əliyevi də çox istəyirdi. Bir dəfə Bəxtiyar müəllimə dedim ki, əsrlər boyu hökmdarlar, padşahlar, dövlət başçıları haqqında əsərlər yazılıb. Nizami kimi bəşərin ən uca fikir dağı “İskəndərnamə” kimi möhtəşəm əsər yazıb. “İqbalnamə”də, “Şərəfnamə”də İskəndəri peyğəmbər səviyyəsinə qaldırıb. Heydər Əliyev haqqında da bax belə əsər yaradılmalıdır. Heydər Əliyevin şəkli vardı otaqda, Bəxtiyar müəllim baxdı belə şəkilə, elə bil gözləri yol çəkdi. Dedi: “Əli, ömür möhlət versə, ömür gözləsə...” Ömürsə təəssüf ki, möhlət vermədi”.

Əli müəllimin sadəliyini, nəcibliyini, xeyirxahlığını, bir çox insanlar xüsusi olaraq qeyd edirlər. Filologiya elmləri üzrə fəlsəfə doktoru, Həsən bəy Zərdabi mükafatı laureatı Şövkət Hüseynova “Yaxşı ki dünyada yaxşılar varmış” yazısında yazır ki, sadəlik ona Tanrı payıdır. Onun keçdiyi şərəfli həyat yolu bunu bir daha sübut edir. İnsanlarla rəftarında, xoş ovqatlı söhbətlərində dəfələrlə bunun canlı şahidi olmuşam. Professor Əli Nağıyev çox xeyirxah, sədaqətli insandır. O, Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə, ulu öndər Heydər Əliyev irsinə, Azərbaycan Prezidenti İlham Əliyevin siyasətinə sidq ürəklə bağlı əsl dövlət xadimidir. 

Sözü qılınc kimi kəsərli, amma ürəyi qızılgül ləçəyi kimi kövrək, zərif olan Əli müəllimə bu yerdə solaxay bir sual verirəm: “Əli müəllim, bəs həyatda qorxduğunuz, ehtiyat etdiyiniz bir şey varmı?

Qaşları düyünlənir, fikrə gedir, hansı şairinsə şeirini yadına salır:

...Qorxuram

Üzüyuxarı enişə gedən yoldan,

Özü sağ ikən solaxay soldan.

Yaxşını pisdən,

Qızılı misdən

Ayıra bilməyən,

Gözü görə-görə kor olandan qorxuram.

Özünə gərəkli sözləri eşidən,

Qalan vaxtda kar olandan qorxuram.

Qara böhtandan,

Qırmızı tərifdən,

Ağ yalandan qorxuram.

Böyük Hüseyn Cavidin “İblis”ini də xatırladır:

İblis nədir?

—Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir?

—İblis!

Əli müəllimin sənət, sənətkar, insanlıq haqda öz qənaəti, öz meyarları var. Çexovun, Tolstoyun, Dostoyevskinin ayrı-ayrı əsərlərini başdan-ayağa təhlil edir. Hiss edirəm ki, Lev Nikolayeviç Tolstoyun vurğunudur. Stolunun üstü poeziyaya, musiqiyə, diplomatiyaya, tarixə, etnoqrafiyaya, siyasətə aid kitablarla doludur. Əsərlərin əksəriyyətini orijinaldan oxuyur. Şeirləri rus, ingilis, Azərbaycan dillərində oxuya-oxuya dilimizin necə şirin, zəngin, axar-baxarlı olduğunu bildirir.

İnsanlar kimi yazıların da qəribə taleyi olur. Bir neçə ay bundan əvvəl yazdığım bu portret yazının çapının bir xoş təsadüflə —Yeni  Azərbaycan Partiyasının yaranışı günləri ilə üst-üstə düşməsi açığını deyim ki, məni çox sevindirdi. Çünki bu partiyanın yaranmasında ulu öndər Heydər Əliyevin yüksək dəyər verdiyi, qiymətləndirdiyi professor Əli Teymur oğlu Nağıyevin müstəsna xidməti olmuşdur. Deməli, bu yazının bu əlamətdar günlərdə işıq üzü görməsinin özü də tanınmış dövlət xadimi  Əli Nağıyevin ana südü kimi  halal haqqıdır. Gəlin, haqqı olanları unutmayaq.

Noyabrın 21-i Yeni Azərbaycan Partiyasının yaranması günüdür. Bayram münasibətilə professor Əli Nağıyevi ürəkdən təbrik edir, ona uzun ömür, cansağlığı, gələcək fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

 

Zülfüqar Şahsevənli,

 

Respublika.-2013.- 20 noyabr.- S.9.