Tibbi xidmətin səviyyəsi yüksəlir

 

Ərazisinin böyük hissəsi Ermənistan tərəfindən işğal edilmiş Ağdam rayonunda son illər  genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, yeni və müasir sosial obyektlər inşa olunur, yollara asfalt örtük çəkilir. Daxili imkanlar və bütün qüvvələr rayonun işğal olunmamış hissəsində abadlıq və quruculuq işlərinin aparılmasına səfərbər olunub. Rayonda yeni və sağlam bir ab-hava yaranıb, nizam-intizam möhkəmləndirilib. Əsas diqqət isə əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, yeni iş yerlərinin yaradılmasına, insanların sağlamlığının qorunmasına yönəldilib. Təkcə bir faktı göstərmək kifayətdir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rayona göstərdiyi diqqət və qayğının, doğma münasibətin nəticəsində cəbhə xəttində ən müasir tələblərə cavab verən yeni xəstəxana binası inşa olunub. Bu da həkimlərin və tibb işçilərinin məsuliyyətini daha da artırıb.

Mərkəzi rayon xəstəxanasının baş həkimi Gülnar Abbasova rəhbər təyin olunduqdan sonra səhiyyənin inkişafı üçün gərgin əmək sərf edib. Geridə qalmış, günün tələbləri ilə ayaqlaşa bilməyən tibb ocaqlarının yenidən qurulmasına, əhaliyə göstərilən xidmətin yaxşılaşdırılmasına səy göstərilib. Nəticə ürəkaçandır. İndi rayonun tibb məntəqələrində və şəfa ocaqlarında yeniliklər, səliqə-sahman  diqqəti daha çox cəlb edir. Təbii ki, bu da cəbhə bölgəsində yaşayan insanların dərin razılığına səbəb olur.

Baş həkim Gülnar xanım Abbasova ilə söhbətimizdə rayon səhiyyəsinin keçdiyi çətin və məsuliyyətli dövrləri əhatə etməklə bərabər, əldə olunmuş nailiyyətlərdən də söz açıldı. Gülnar xanım deyir:

—2013-cü ilin 9 ayı ərzində rayon əhalisinə göstərilən tibbi xidmət sahəsində yaxşılığa doğru əsaslı dönüş olmuşdur. Bu, birinci növbədə MRX-nın maddi-texniki bazasının yaxşılaşdırılmasında, əmək intizamının möhkəmləndirilməsində, xəstələrə olan münasibətin köklü surətdə dəyişdirilməsində özünü göstərmişdir.

Hörmətli Prezidentimiz cənab İlham Əliyevin ayırdığı xüsusi vəsait hesabına tikilmiş 50 çarpayılıq 3 mərtəbəli yeni xəstəxana binası bütün tələblərə cavab verir. Belə ki, MRX-nın cərrahiyyə, terapiya, reanimasiya, poliklinika şöbələri, Göz xəstəxanası, Stomatoloji poliklinika, rayon Doğum evi uzun illər heç bir şəraiti olmayan otaqlarda yerləşirdi. İndi isə adıçəkilən şöbələr heç də iri şəhərlərdəki tibb müəssisələrindən geri qalmayan bir vəziyyətdə fəaliyyət göstərir.

Ağ ciyər Xəstəlikləri Dispanseri və Ruhi əsəb Dispanseri yeni binaya köçürülmüşdür. Hazırda Quzanlı qəsəbəsində Uşaq xəstəxanası və Doğum evi üçün yeni tipli, müasir və tələbata uyğun yeni 3 mərtəbəli bina tikilir.

Rayon Mərkəzi Xəstəxanası ilə Səhiyyə Nazirliyi arasında Elektron poçt internet xidməti yaradılmışdır. Bu da Səhiyyə Nazirliyi tərəfindən verilmiş təlimatların vaxtında və gecikdirilmədən qəbuluna və ötürülməsinə şərait yaradır. Bundan başqa, MRX-nın işıqlanma sisteminin tənzimlənməsi məqsədilə bütün elektrik naqilləri yenisi ilə əvəz olunmuş, fövqəladə vəziyyət üçün yeni generator-stabilizator quraşdırılmışdır.

MRX-nın şöbələri və xəstəxanalar üçün müxtəlif təyinatlı müasir tipli avadanlıqlar alınmasına yerli icra hakimiyyəti və Səhiyyə Nazirliyi diqqətlə yanaşmış və onlar öz köməyini əsirgəməmişlər. Belə ki, üç USM, 2 ədəd Elektroensefaloqrafiya aparatı, müasir göz cərrahiyyə əməliyyatı üçün mikroskop, pultla idarə olunan cərrahi masa, cərrahiyyə və reanimasiya üçün oksigen xətt anbarı, müalicəvi qaz xətləri, müasir USM Doppler aparatları, mərkəzi laboratoriya üçün ən müasir tipli 3 növ analizatorlar, hematoloji, biokimyəvi, İFA və stomatoloji alətlər üçün yeni sterilizatorlar və s. alınmışdır. Mərkəzi rayon xəstəxanasının köhnə binası əsaslı şəkildə təmir olunmuş və həmin bina poliklinika şöbəsinə verilmişdir.

Hazırda Ağdam MRX-da 354 həkim və 1060 nəfər orta tibb işçisi fəaliyyət göstərir. 67 həkim və 240 orta tibb işçisi isə dondurulmuş əməkhaqqı alır.

Yuxarıda qeyd etdiyimiz yenidənqurma işlərinin nəticəsində rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsində və keyfiyyətində müsbət dəyişikliklər baş vermişdir. Yeni və müasir avadanlıqların quraşdırılması, habelə həkimlərin tibbin son nailiyyətlərindən istifadə etməsi nəticəsində başqa rayonlara və iri şəhərlərə üz tutan xəstələr indi mərkəzi rayon xəstəxanasına müraciət edir və burada şəfa tapırlar. Bizi sevindirən odur ki, insanların inamını özlərinə qaytara bilmişik. Məhz bunun nəticəsidir ki, cari ilin 9 ayı ərzində 1070 nəfər üzərində cərrahi əməliyyat aparılmışdır. Halbuki ötən ilin müvafiq dövründə bu 285 nəfər olmuşdur. Göründüyü kimi, xəstələrin hospitalizasiya səviyyəsi 2,5 dəfə yüksəlmiş, cərrahi fəallıq xeyli artmışdır.

Rayon doğum evinin yeni və müasir şəraiti olan binaya köçürülməsi, sahənin yüksək ixtisaslı kadrlarla təmin olunması, xəstəxananın bərk və yumşaq inventarlar, yeni avadanlıqlarla təchiz edilməsi öz müsbət nəticəsini vermişdir. Belə ki, doğuşların sayı keçən ilin müvafiq dövrünə nisbətən 2 dəfədən çox artmışdır. Ana və uşaqların ölümü isə baş verməmişdir.

Uzun illərdən bəri ərazidə yaşayan əhali başqa rayonlara və şəhərlərə üz tuturdu. Çünki Stomatoloji poliklinikanın fəaliyyəti dayanmışdı. Sahənin fəaliyyətə başlaması üçün bir sıra tədbirlər həyata keçirildi və yeni stomatoloq-həkim fəaliyyətə başladı, poliklinika müasir stomatoloji kreslo, bor maşını və başqa ləvazimatlarla təmin edilərək əhalinin istifadəsinə verildi.

Cari ildə görülən işlərdən biri də rayon ACXD üçün yeni 6 otaqdan ibarət binanın tikilməsi və iş şəraitinin daha da yaxşılaşdırılması olmuşdur.

2013-cü ilin 9 ayı ərzində 99 nəfər vərəmli xəstə daimi nəzarət altında olmaq şərtilə “DOTS” proqramı əsasında fasiləsiz surətdə spesifik vərəm əleyhinə dərmanlarla təmin edilərək müalicəyə cəlb edilmişdir. Bu ildən etibarən xəstəliyi dərman davamlı adlanan—“multirezistent”—3 nəfər xəstə isə Qlobal Fondun vərəmlə mübarizəyə aid milli proqramına uyğun DOTS (+) Proqramına daxil edilmişdir. Həmin xəstələr müəyyən qədər aylıq ərzaq norması ilə də təmin edilirlər. İlkin 47 olmaqla cəmi 81 xəstə DOTS (+) Proqramı üzrə müalicə almışdır.

Ötən müddət ərzində aparılmış məqsədyönlü tədbirlər nəticəsində əhaliyə göstərilən ambulator tibbi xidmətin səviyyəsi və keyfiyyəti əsaslı surətdə dəyişmişdir. Belə ki, səyyari tibbi xidmət briqadaları yaradılmış, müxtəlif ixtisaslı həkimlər qrafik üzrə dəfələrlə 4 yol sahəsi, “Mamırlı”, Ağcabədidə məcburi köçkünlər qəsəbəsi, “İsmayılbəyli”, Ergi, Səfərli və s. qəsəbələrdə olaraq ehtiyacı olan xəstələri qəbul etmişdir. Əlbəttə, bu addım adamlar tərəfindən razılıqla qarşılandı.

Son 9 ayda rayonun ambulator poliklinika müəssisələrinə edilən müraciətin sayı keçən ilin müvafiq dövrünə nisbətən xeyli artmışdır.

Ambulator tibbi xidmətin əsas sahələrindən biri xroniki xəstələrin dispanserizasiyasıdır. Bu isə həm Dövlət Proqramına aid edilmiş (Şəkərli diabet, verəm, onkoloji xəstəliklər, hemofiliyalı, talassemiyalı və s.) xəstəliklər sahəsində xeyli artmışdır.

Ötən müddət ərzində ana və uşaqlara göstərilən tibbi xidmət işində də yaxşılığa doğru dönüş nəzərə çarpır. Rayon doğum evinin kadr potensialının gücləndirilməsi, yüksək ixtisaslı ginekoloq həkimlərinin buraya dəvət olunması, xidmət şəraitinin yaxşılaşdırılması nəticəsində doğuşların stasionar şəraitdə keçirilməsi artmışdır.

Uşaqlara göstərilən tibbi xidməti daha yaxşı təşkil etmək məqsədilə gələcəkdə baş verə biləcək yoluxucu xəstəliklərin qarşısını almaq üçün Respublika İnnovasiya Mərkəzindən rayon GEM vasitəsilə kifayət qədər peyvənd materialları və birdəfəlik şprislər gətirilərək yerli tibb məntəqələrinə paylanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiq etdiyi peyvənd planına uyğun 2013-cü ilin 9 ayı ərzində uşaqlar arasında vərəm, qızılca, məxmərək, parotit, difteriya, göyöskürək, tetanus, polimielit, virus hepatit “B” xəstəliyinə qarşı peyvənd işi dəqiq həyata keçirilmişdir. 10 ay ərzində nəzərdə tutulmuş plana uyğun olaraq uşaqlar 98,4-99 faiz peyvəndə cəlb edilmişdir. Bunun nəticəsidir ki, uşaqlar arasında xüsusi infeksiya xəstəliyi qeydə alınmamışdır.

Bu il üç tibb məntəqəsi istifadəyə verilib. Hacıturalı, Ortaqışlaq, Qasımbəyli kəndlərində yaşayan əhali öz evlərinə yaxın ərazidə tibbi müayinədən keçirlər. Təzəkənddə isə yeni tibb məntəqəsi inşa olunur. MRX-nın cərrahları bu il 250 uşağı sünnət ediblər və bu təmənnasız xidməti gələcəkdə də davam etdirəcəyik.

Yeri gəlmişkən, qeyd edim ki, Respublika Şəkərli Diabet Cəmiyyəti ilə rayonumuz arasında səmimi və doğma bir münasibət yaranıb. Bu yaxınlarda cəmiyyətin sədr müavini Akif Muxtarov rayonumuzda olmuş, həkim və xəstələrlə görüşmüş, öz dəyərli tövsiyələrini vermişdir. Qeyd edim ki, rayonda 2185 nəfər şəkərli diabet xəstəsi qeydə alınıb. Onlardan 400 nəfərinə dərmən preparatları çatdırılır.

Məcburi köçkün əhalinin sağlamlığına dövlət tərəfindən göstərilən diqqət və qayğı dərin razılıqla və minnətdarlıqla qarşılanır. Kollektivimiz prezident seçkilərində fəal iştirak etdi. Ən layiqli namizədə səs verdik. Prezidentimizin rayonumuza səfəri hamıda olduğu kimi, mənim də qəlbimdə dərin iz buraxıb. Onunla görüşdə cənab İlham Əliyev qətiyyətlə bildirdi ki, nəyin bahasına olursa-olsun torpaqlarımız erməni işğalından azad olunacaqdır. Bundan başqa, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdiyi dəyərli layihələr həm paytaxtda, həm də bölgələrdə səhiyyənin inkişafına güclü təkan verib. Bu diqqət və qayğıya əməli işimizlə cavab vermək üçün  ailəliklə cəbhə bölgəsində işləmək, əhaliyə xidmət göstərmək, vətəndaşlıq borcumuzu yerinə yetirmək üçün Quzanlı qəsəbəsinə gəlmişik. Bundan, haqlı olaraq, qürur duyuruq.

 

Salman Alıoğlu,

 

Respublika.-2013.- 20 noyabr.- S.11