Üzü dağlara sarı...

 

 Cənnət Qarabağın başı üzərində qara buludlar dolaşırdı. Bu torpağın sakitliyi pozulmuşdu, vaxtilə bu yerlərə gəlmiş ermənilər uzun illər boyu suyunu içdikləri, çörəyini yedikləri Qarabağa xəyanət yolunu tutmuşdular. Bu torpağın əsl sahibi olan azərbaycanlılara qarşı ağır cinayətlər törədirdilər. Münaqişə gündən-günə alovlanırdı. Gündə bir ev dağılır, bir ailənin ocağı sönürdü. Dinc insanlar qorxu və vahimə içində qalmışdılar. Təpədən-dırnağadək silahlanmış ermənilər demək olar ki, hər gün yollarda pusqu qurur, maşınları atəşə tutur, azərbaycanlıları qətlə yetirirdilər. Ən acınacaqlısı o idi ki, ermənilərin törətdikləri bu ağır cinayətlərin çoxu cəzasız qalır, keçmiş sovet rəhbərləri açıq-aşkar onlara havadarlıq edirdilər. Təbii ki, Ermənistanda həmin quldurları cinayətkar kimi yox, qəhrəman kimi qarşılayırdılar. Bu isə azərbaycanlılara qarşı daha qanlı cinayətlərin törədilməsinə geniş rəvac verirdi.

Xankəndidə nəşr olunanSovetskiy Karabax” (10 iyul 1990-cı il) qəzeti yazırdı ki, “Artsax iqtisadi suverenlik qazandı” və bu münasibətlə ermənilər Moskvanın Dağlıq Qarabağdakı mütləq hakimi Arkadi Volskinin xidmətlərini xüsusi qeyd edirdilər. Həmin Volskini isə Azərbaycandan keçmiş SSRİ Ali Sovetinə deputat seçmişdilər?!

Bunun ardınca isə xalqımıza qarşı həmişə öz düşmən mövqeyini nümayiş etdirən Mixail Qorbaçov 1990-cı il iyulun 25-də silahlı dəstələr yaradılmasını qadağan etmək və silah qanunsuz saxlandığı halda onu geri almaq haqqında fərman imzaladı. Fərmanın mürəkkəbi qurumamış Azərbaycanda adi ov silahlarından tutmuş hər bir şey müsadirə olunsa da Dağlıq Qarabağda bu göstəriş ermənilərə şamil olunmadı. Həmin ərəfədə isə Ermənistanda 140 min nəfərə yaxın silahlı dəstələr yaradılmış və onların böyük əksəriyyəti Dağlıq Qarabağa yerləşdirilmişdi. Qarabağ belə bir ziddiyyətli, həm də mürəkkəb dövrə gəlib çatmışdı. Ermənilər qədim yurd yerlərimizi yandırır, dinc və köməksiz azərbaycanlıları qətlə yetirir, hətta uşaqlara, xəstələrə, qocalara aman vermir, onları öldürür, insanları öz isti ocaqlarından didərgin salırdılar. Azərbaycanlı əhalinin harayı eşidilmironlar taleyin ümidinə qalmışdılar.

Qarabağ od içində qan ağlayırdı. Bax belə çətin bir vaxtda öz soydaşlarının köməyinə tələsən, sözün həqiqi mənasında canını oda yaxan qeyrətli, vətənpərvər oğullar da var idi. Onlar münaqişənin qarşısını almağa cəhd göstərir, qətiyyətli mövqe nümayiş etdirirdilər. Onlardan biri haqqında söhbət açmaq istəyirəm. Qəlbimdə özünə əbədilik qazanmış, son dərəcə səmimi, eyni zamanda alovlu vətənpərvər, xeyirxah insan, görkəmli ziyalı, sözün əsl mənasında azərbaycanlı adını şərəflə ucaldan, keçmiş SSRİ-nin xalq deputatı Vəli Məmmədov. Mən onu özünü alovlara çarpan Səməndərə bənzədirəm, onun damarlarında xilaskarlıq axırdı, bənzərsiz səmimiyyət sahibi idi. Azərbaycanın ictimai, siyasi və mədəni həyatında öz ömrünü şam kimi əridən Vəli müəllimlə hamımız üçün ağır və çətin vaxtlarda tanış olduq. Bu tanışlıq qəlbimdə dərin iz buraxdı.

1991-ci ilin yayı isti keçirdi və respublikamızda baş verən hadisələr, erməni terror dəstələrinin törətdikləri qanlı cinayətlər də bir tərəfdən cəmiyyətin “hərarətini” xeyli yüksəltmişdi. Həqiqət naminə deməliyik ki, Qarabağda baş verən hadisələri obyektiv şəkildə öz səhifələrində işıqlandıran “Qarabağ” qəzetinin materialları çox ekstremal şəraitdə hazırlanırdı. Qəzet münaqişə bölgəsinin nəbzini tuta bilir və haqsızlığa düçar olmuş azərbaycanlıların haqq səsini çatdırmağa çalışırdı.

Həmkarım Elcan Şahmaroğlu ilə (sonralar avtomobil qəzasında həlak oldu) İmarət-Qərvənd (Kərəmli) kəndinə ezam olunmuşduq. Qeyd etmək lazımdır ki, həmin kənd Dağlıq Qarabağda azərbaycanlılar yaşayan ən qədim yurd yerlərindən biri idi. Həmin dövrdə ermənilər azərbaycanlılar yaşayan kəndlərə gedən bütün yolları bağlamışdılar. Yeganə ümid hava yoluna qalmışdı. Helikopterdən düşən kimi kəndə sarı getdik. Kənd dağların sinəsində, axar-baxarlı bir yerdə idi. Ana təbiət bu yerlərdən heç nəyi əsirgəməmişdi, gülün-çiçəyin ətri adamı bihuş edirdi. Biz kəndə girən kimi atışma başlandı. Ermənilər kəndi sürəkli şəkildə atəşə tutmuşdular. Atəş bir saata qədər davam etdi. Birbaşa kənddə keçmiş sovet ordusunun guya sülhü qorumalı olan bölüyünün yerləşdiyi binaya gəlib etirazımızı bildirdik. Bölüyün komandiri deyəsən kefli idionun rabitəsiz sözlərindən heçbaşa düşmək olmadı. Kənd sovetinin binasına xeyli adam toplaşmışdı. Onlar ermənilərin hər gün kəndi atəşə tutduqlarını həyəcanla danışdıqları zaman xəbər gəldi ki, örüşdə heyvan otaran iki çobanı quldurlar yaralayıblar. Gecəni səksəkə içində keçirdik və səhərə qədər ermənilər kəndi bir neçə dəfə atəşə tutdular.

Yeri gəlmişkən qeyd edək ki, İmarət-Qərvənd kəndi ilə üzbəüz, dərənin o biri tərəfində balaca bir erməni kəndi yerləşirdi. Kəndin adı Çaparlı idi. Həmin kənddə bütün evlər arxası İmarət-Qərvəndə tərəf tikilmişdiheç bir pəncərə qoyulmamışdı. Bu evlərdən atəş açılırdı. Necə deyərlər, səhəri dirigözlü açdıq. Bir qədər keçəndən sonra kəndə tərəf bir helikopterin gəldiyini gördük. Onun düşdüyü yerə çatanda vətənpərvərliyi ilə Qarabağda çox böyük hörmət və xalq məhəbbəti qazanmış Vəli Məmmədovu gördük. Hamıyla bir-bir görüşən Vəli müəllimi camaat çox sevinclə və çox doğma bir insan kimi qarşıladılar. Elə o dəqiqə də Vəli müəllim kənddəki vəziyyətlə maraqlandı. Kənd sovetinin sədri mövcud vəziyyəti deyəndən sonra Vəli müəllim üzünü bizə tutaraq bildirdi ki, heç nədən çəkinmədən hadisələri olduğu kimi qələmə alın. Biz başa düşdük ki, senzora (həmin dövrdə çap olunan qəzetlərə ciddi senzor nəzarəti var idi) baxmadan vəziyyəti olduğu kimi yazmaq lazımdır. Bir qədər də əsəbi şəkildə dedi:

Qaradan artıq rəng yoxdur, camaatın taleyini heç kəsə etibar etmək olmaz. Özümüz çarə tapmalıyıq.

Vəli müəllimin dedikləri atəş altında yaşayan adamların ürəyindən xəbər vermişdi. Ali qonağı evə dəvət edən ağsaqqallar bir ağızdan dedilər ki, Vəli müəllim, bir stəkan çayımızı içməsəniz, sizi heç yerə buraxan deyilik. Xalqımızın ən gözəl adətlərindən birionun qonaqpərvərliyidir. Gözəl süfrə hazırlamışdılar. Çörək yeyilən zaman hiss edirdik ki, Vəli müəllim çox narahatdır. Bizi çox da intizarda saxlamadı. Bildirdi ki, ermənilərin Narınclar kəndindən girov götürdükləri çobanı xilas edə bilmişik. Onun vəziyyəti yaxşı deyil və mən onunla mütləq görüşməliyəm. Belə edirik, Salman mənimlə Narınclara gedir, Elcan isə qonşu Umudlu kəndinə. Vəli müəllim tapşırıqlarını verdi və hərbi bölüyün komandirinə tapşırdı ki, əgər ermənilər yenə kəndi atəşə tutsalar sənin cəzan ağır olacaq. Sonra rusca ona dedi ki, burada sərxoşluqla məşğul olmaqdansa əhalinin təhlükəsizliyini qorumaq lazımdır.

Vəli müəllimin camaatla isti, səmimi və doğma münasibəti onun böyük qəlb sahibi olduğundan xəbər verirdi. Kənd sakinləri ondan ayrılmaq istəmirdilər. Dönə-dönə deyirdilər ki, Vəli müəllim bizi unutma, tez-tez bizə baş çək, ümidimiz sənədir. Elə bil öz doğma övladları ilə danışırdılar.

Azərbaycanın xüsusi təyinatlı dəstəsindən olan üç cəngavər oğlanla Narınclar kəndinə istiqamət götürdük. Helikopterin pəncərəsindən gözlərimiz qarşısında açılan mənzərə hamımızı ovsunlamışdı. Başı göylərə dəyən dağlar, sıldırım qayalar, zümrüd meşələr, yamyaşıl çəmənlikdə ulduz təki sayrışan çiçəklər qəlbimizi riqqətə gətirmişdi. İlahi gözəllikdən doymaq olmurdu. Sükutu Vəli müəllim pozaraq dedi:

—Dünyanın çox yerlərində olmuşam, ancaq bu möhtəşəm gözəlliyə heç bir yerdə rast gəlməmişəm. Ulu Tanrı yurdumuzdan heç nəyi əsirgəməyib. Düşmənlərimiz bu gözəlliyi əlimizdən almaq üçün dəridən-qabıqdan çıxırlar. Onların qara niyyətini məhv etməliyik.

Azərbaycanın ən ucqar kəndi olan Narınclara çatanda Vəli müəllimin gözlərindəki kədər açıq-aydın duyulurdu. Kənd camaatı vəziyyəti Vəli müəllimə danışdılar. Məlum oldu ki, bu kənd də müntəzəm olaraq ermənilər tərəfindən atəşə tutulur. Bu məlumatları qeyd dəftərinə yazan Vəli müəllimin əsəbiləşdiyi açıq-aydın duyulurdu. Bu şəkil də həmin görüş zamanı çəkilib. Girovluqdan azad olunmuş çobanın vəziyyəti olduqca ağır idi. Kənd dörd bir tərəfdən ermənilərin mühasirəsində qalmışdı. Axşam düşürdü. Gecə vaxtı uçuş çox təhlükəli idi. Helikopterin komandiri bu barədə Vəli müəllimə məlumat verəndən sonra çobanı da götürüb qalxdıq. Vəli müəllim çox əsəbi idi. Bu arada gördük ki, Ermənistan tərəfdən başqa bir helikopter sürətlə bizə tərəf yaxınlaşır. Vəli müəllimin dediyi sözlər indiyə kimi yadımdadır:

—Hə, qardaşlar, qələm-dəftəri bir kənara qoyaqsilaha sarılaq. Üzünü xüsusi təyinatlılara tutaraq dedi:—Bizə də silah verin. Göyün yeddinci qatında düşmənlərə can vermək olmaz.

O bu sözləri çox böyük qətiyyətlə dedi. Doğrudan da çox təhlükəli vəziyyət yaranmışdı. Ermənistana məxsus olan həmin helikopter bizə daha yaxın gələrək təxminən beş dəqiqə yanaşı uçaraq geriyə qayıtdı. Çox güman ki, erməni quldurlar bizim helikopterdə silahlı döyüşçülərin olduğunu hiss edən kimi aradan çıxdılar.

Hamı bilir ki, ermənilərin üzbəüz döyüşməyə cürəti çatmaz, onlar tülkü kimi pusquda dayanıb qadınlara, uşaqlara güllə atırlar. Bu sözləri deyən Vəli müəllim gərginliyi aradan qaldırmaq üçün Vətənə aid bir şeir söylədi.

Qaş qaralanda Xocalıya çatdıq. Kənd sovetinin binasında Vəli müəllimin rəhbərliyi ilə kənd fəalları, milisin və Dağlıq Qarabağ üzrə fövqəladə rayon komendantının iştirakı ilə iclas keçirildi. İclasdan sonra gecə biz Ağdama qayıtdıq, Vəli müəllim Xocalıda qaldı və tapşırdı ki, material səhərki qəzetdə mütləq çap olunmalıdır. Çapla bağlı nə çətinlik olsa gecənin yarısı da olsa mənə müraciət edin. Həmin yazını redaksiyaya çatdırdıq və dərhal da çap olundu.

Sonra dəfələrlə Vəli müəllimlə Dağlıq Qarabağın ən qaynar, ən qorxulu, ən təhlükəli nöqtələrində görüşdük. Hətta bir dəfə Xocavənd istiqamətində ölümlə üz-üzə gəldik. Sırf təsadüf nəticəsində xilas ola bildik. Vəli müəllim çox fədakar bir insan idi. O ağır illərdə Vəli müəllimin sorağı ən ucqar kəndlərdən gəlirdi.

1991-ci ilin noyabr ayı ağır hadisələrlə başlanmışdı. Demək olar ki, hər gün erməni silahlı dəstələri azərbaycanlılar yaşayan kəndlərdə dinc insanlar öldürürdülər. Vəziyyət çox ağır idi. O ağır günlərin qısa xronikası belədir: 1991-ci il. Oktyabrın 29-da saat 15 radələrində Xocalıdan Yevlağa uçan “AN-2” təyyarəsi Əsgəran rayonu ərazisində erməni silahlı dəstələri tərəfindən vurulmuş və 7 nəfərdən ibarət olan heyət həlak olmuşdur. Noyabr ayının 3-də Laçın rayonunun Zabux kəndində 3 nəfər, ayın 15-də Ağdam-Şuşa yolunda 1 nəfər, ayın 20-də Tərtər-Kəlbəcər yolunda 2 nəfər, həmin gün Laçında 2 nəfər ermənilər tərəfindən öldürülmüşdür. Oktyabrın 30-da erməni silahlı dəstələri qədim tarixi olan Tuğ kəndini işğal edərək Azərbaycan əhalisinə divan tutmuşlar. Noyabrın 18-də ermənilər rus əsgərlərinin köməyi ilə Xocavənd kəndini işğal edərək onlarla adamı qətlə yetirmiş, qadınların və uşaqların çoxunu əsir götürmüşdülər.

Bax, belə ağır bir vaxtda Ağdamdakı mərkəzi meydan məcburi köçgünlərlə dolmuşdu. Noyabr 20-də dövlət katibi Tofiq İsmayılovun rəhbərliyi altında hökumət və dövlət nümayəndələrindən ibarət böyük bir heyət Ağdama gəlmişdi. Erməni təcavüzünə uğramış azərbaycanlı əhali onları çox əsəbiliklə qarşıladılar. Rayon sovetinin binasında 3-cü mərtəbədəki zalda iclas keçirildi. Zal ağzına kimi dolmuşdu. Həmin vaxt Vəli müəllimlə tələsik görüşdük İclas başlandı. Dövlət katibi Tofiq İsmayılov Dağlıq Qarabağ rayonu üzrə komendant olan Jinkin soyadlı polkovnikə bildirdi ki, əhalinin yurd-yuvasından didərgin düşməsinin, adamların öldürülməsinin məsuliyyəti sənin üzərindədir. Belə ağır və gərgin keçən mübahisələrdən sonra qərara alındı ki, Bakıdan gələn yüksək rütbəli dövlət və hökumət nümayəndələri Xocavəndə getsinlər. Həmin iclasda iştirak etdiyim üçün hər an yaddaşımdadır. Tez-tələsik qəbul edilən qərar didərgin əhalini sakitləşdirsə də həmin istiqamətə getmək çox təhlükəli idi. Birincisi, DQMV-nin komendantı iclasda qətiyyətlə bildirdi ki, Xocavənddə qırğın olmayıb və bu ağır cinayəti açıq-aşkar gizlətməyə çalışırdı. İkincisi, yüksək rütbəli insanlar aparan helikopteri başqa hərbi helikopter müşayiət etmirdi. Mərhum Osman Mirzəyev elan etdi ki, iclasda iştirak edən jurnalistlər də Ağdam aeroportuna gəlsinlər. Biz respublikanın baş prokuroru mərhum İsmət Qayıbovun, dövlət müşaviri, mərhum Məhəmməd Əsədovun arxasınca pilləkənlə düşən zaman o vaxt Ağdam rayonunun prokuroru Zakir Məmmədov Baş prokurora dedi:

—İsmət müəllim, artıq günortadır, əgər mümkündürsə bir tikə çörək yeyin, sonra gedərsiniz.

İsmət müəllim ona bildirdi ki, Zakir, artıq gecdir, yoldaşlar aeroporta gedirlər, onlardan ayrılmaq olmaz. Biz qayıdana qədər yaxşı bir Qarabağ plovu dəmlədərsən, gəlib çörək yeyəcəyik. Mən də həmin təkliflə Vəli müəllimə müraciət etdim, lakin o da dedi ki, aeroporta gecikə bilərik, sağlıq olsun, qayıdandan sonra. Aeroportda Qazaxıstandan olan üç müşahidəçi, dövlət və hökumət nümayəndələri helikopterə minəndən sonra Osman Mirzəyev bildirdi ki, yer qalmadığına görə təkcə AzTV-nin əmakdaşları minsinlər. Helikopterin qapısı bağlandı və havaya qalxan zaman aralıdan bir “UAZ”ın sürətlə gəldiyini gördük, bu gələn keçmiş SSRİ xalq deputatı Vaqif Cəfərov idi. Helikopter yerdən təxminən bir metrə yaxın qalxmışdı. Vaqif müəllim çox çətinliklə helikopterə minə bildi. Bundan sonra Ağdama qayıtdıq. Təxminən axşam saat 17 radələrində eşitdim ki, Xocavəndə uçan helikopterə nə isə olub. Redaksiyanın maşını ilə keçmiş Martuni rayonu istiqamətinə getsək də hadisə yerinin yaxınlığında rus əsgərləri yolu bağlamışdılar. Hadisənin səhəri saat 11 radələrində jurnalistləri hadisə yerinə buraxdılar. Gördüyümüz dəhşətli mənzərə hamını sarsıtdı. Çox böyük faciə baş vermişdi. Bir neçə saat əvvəl bir yerdə olduğumuz insanların hamısı həlak olmuşdu. Ermənilər helikopteri partladaraq yandırmışdılar. Gücüm bir kənara çəkilib hönkür-hönkür ağlamağa çatdı. Hamı sarsılmışdı, düşündüm ki, bu faciədən sonra Qarabağın taleyi sual altına düşdü.

Axşam bu faciə haqqında materialı hazırlayıb Bakıya, redaksiyaya göndərdik. Foto müxbirimizin iclasdan çəkdiyi şəkilləri də yazıya əlavə etdik və həmin yazı “Sonuncu şəkil” adı ilə çap olundu. Həmin şəkildə Vəli müəllim adəti üzrə qeyd dəftərinə qeydlər etdiyi an lentə alınıb.

İlk günlər isə xalqın say-seçmə oğullarını qanına qəltan edən erməni terrorunu gizlətməyə cəhd göstərildi. Qanlı faciənin və beynəlxalq miqyaslı sui-qəsdin üstündən 22 il keçir. Allah 21 noyabr faciəsinin şəhidlərinə rəhmət eləsin!

Mərhum Vəli müəllim dağları çox sevirdi. Üzü dağlara sarı bir ruh boylanır...

 

Salman Alıoğlu,

 

Respublika.-2013.- 20 noyabr.- S.6