Müasirləşən Azərbaycan ədliyyəsi davamlı inkişaf yolunda

 

 

Bu il ədliyyə işçiləri peşə bayramı günü ilə yanaşı, həm də Ədliyyə Nazirliyinin yaradılmasının 95-ci ildönümünü qeyd edirlər. Bu münasibətlə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov fikirlərini oxucularla bölüşmüşdür.

—Fikrət müəllim, ilk öncə Sizi və rəhbərlik etdiyiniz kollektivi peşə bayramınız və Azərbaycan ədliyyəsinin 95 illik yubileyi münasibətilə ürəkdən təbrik edirik. Əsrə yaxın yaşı olan Ədliyyə Nazirliyinin cəmiyyətimizdə yeri və rolu barədə nə deyə bilərsiniz?

—Çox sağ olun. Dövlətçilik tariximizdə özünəməxsus yeri olan Azərbaycan ədliyyəsi barədə 95 illik yubiley günündə söhbət açmaq olduqca fərəhlidir.

Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlamış, təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunmuşdur. Həmin il noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmiş, onun funksiya və səlahiyyətləri müəyyən edilmişdir.

Həmin dövrə nəzər salanda şahidi oluruq ki, Ədliyyə Nazirliyi o vaxtlar şəraitin çətinliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması və inkişafı naminə xeyli iş görmüşdür. İlk növbədə ədliyyə, məhkəmə və istintaq strukturları bərpa edilmiş, respublikada qayda-qanunun bərqərar olması, yeni hüquq sisteminin təşkili ilə bağlı əhəmiyyətli qərarlar qəbul olunmuş, zəruri hüquqşünas kadrların hazırlanması və əhalinin hüquqi maarifləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Fəaliyyəti unudulmaz hadisələrlə yadda qalan Ədliyyə Nazirliyinin həm də çətin və mürəkkəb dövrü olmuşdur. 1920-ci ildə ölkə işğal edildikdən sonra milli dövlətçiliyin əsas sütunlarından olan Ədliyyə Nazirliyi ləğv edilərək əvəzində Xalq Ədliyyə Komissarlığı yaradılmış, səlahiyyətləri xeyli məhdudlaşdırılmış, iki dəfə ləğv olunaraq yenidən təsis edilmiş, funksiyaları ayrı-ayrı vaxtlarda prokurorluq, məhkəmə orqanlarına verilmişdir. Ədliyyə sisteminin stabil funksiya və struktura malik olmaması onun inkişafına ciddi əngəllər törətmişdir.

Ədliyyə Nazirliyinin yenidən və əsaslı surətdə təsis edilməsi, ədliyyə işinin təkmilləşdirilməsi məhz 1970-ci ilə - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəldiyi dövrə təsaduf edir. Həmin dövrdən etibarən Ədliyyə Nazirliyi sabit fəaliyyət göstərərək məhkəmə orqanlarına təşkilati rəhbərliyi həyata keçirmiş, əhaliyə hüquqi yardımı yaxşılaşdırmış, notariat fəaliyyətinin və məhkəmə ekspertizalarının aparılmasını təmin etmiş, ümumiyyətlə, onun gələcək inkişafı üçün əlverişli şərait yaradılmışdır.

Müstəqillik illərində ədliyyə və məhkəmə-hüquq sisteminin inkişafına müstəsna əhəmiyyət verən ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə yeni milli Konstitusiyamız qəbul olunmuş və hüquqi sahədə islahatların mütəşəkkil qaydada aparılması məqsədilə Hüquqi İslahat Komissiyası yaradılmış, qısa müddət ərzində mühüm qanunlar qəbul edilmiş, məhkəmə və hüquq-mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxılmışdır.

Azərbaycan ədliyyəsinin inkişafını təmin edən ardıcıl tədbirlər həyata keçirilərək səlahiyyətləri genişləndirilmiş, istintaq aparatı, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət institutu, icra xidməti yaradılmış, nazirliyin cəmiyyətdə rolu əhəmiyyətli dərəcədə artmışdır.

—Son illərə nəzər salanda ədliyyə sisteminin genişmiqyaslı islahatlar aparılmaqla daha da inkişaf etdiyinin, müasirləşdiyinin şahidi oluruq. Bu illər ərzində Azərbaycan ədliyyəsinin qazandığı nailiyyətlər hansılardır?

—Elədir. Ümummilli liderimizin dövlət quruculuğu xəttini uğurla davam və inkişaf etdirən cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyət göstərdiyi son 10 il ərzində Ədliyyə Nazirliyində və bütövlükdə ölkəmizin məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, bu mühüm sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir.

Ədliyyə və məhkəmə sisteminin inkişafı ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olmaqla, respublikamızın hərtərəfli tərəqqisinin məntiqi davamıdır.

Azərbaycan ədliyyəsinin inkişafına xidmət edən islahatlardan bəhs etməzdən öncə, ilk növbədə vurğulamaq istərdim ki, bu gün möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Müstəqil Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətimizin və xalqımızın gələcəyinə hesablanmış uzaqgörən və düşünülmüş siyasəti sayəsində son 10 ildə uğurla irəliləyərək mühüm nailiyyətlər əldə etmişdir.

Hazırda dünyanın inkişaf etmiş ölkələri ilə müqayisə olunan Azərbaycanın uğurlarını regionlarımızı dirçəldən mühüm konsepsiyanın —sosial-iqtisadi inkişafa dair iki çoxşaxəli Dövlət Proqramının müvəffəqiyyətlə reallaşdırılması, minlərlə sosial obyektlərin tikilərək istifadəyə verilməsi, çoxsaylı istehsal və emal müəssisələrinin yaradılması, infrastrukturun inkişafı, əhalinin rifahının xeyli yaxşılaşması və digər yüksək nailiyyətlər təsdiq edir.

Bu dövrdə elə bir sahə olmamışdır ki, orada islahatlar aparılmasın və inkişaf müşahidə edilməsin. Belə ki, 10 il ərzində iqtisadiyyatımız 3.4 dəfə artmış, dünyada baş verən qlobal maliyyə böhranına baxmayaraq, işsizliyin səviyyəsi 5 faizədək enmiş, yoxsulluq təxminən 10 dəfə azalmış, 60%-i bölgələrin payına düşməklə 1 milyon 200 minə yaxın yeni iş yeri açılmış, Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara yaxınlaşmışdır.

Bu il ilk telekommunikasiya peykimizin orbitə çıxarılması, Azərbaycanda kosmik sənayenin yaradılması da inkişafımızın miqyasını təcəssüm etdirir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi zamanı Azərbaycanın tarixi qələbəyə imza ataraq dünyanın ən nüfuzlu beynəlxalq siyasi qurumu sayılan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, paytaxt Bakının ideal məkan sayılaraq mötəbər beynəlxalq iqtisadi, humanitar forumlara, möhtəşəm mahnı müsabiqəsi və dünya miqyaslı idman yarışlarına uğurla ev sahibliyi etməsi respublikamızın beynəlxalq aləmdə yüksək imicə malik olduğunu bir daha sübut edir.

Ötən ay ölkəmizin tarixində mühüm ictimai-siyasi hadisə olan prezident seçkilərində qədirbilən Azərbaycan xalqının azad, şəffaf şəkildə öz iradəsini nümayiş etdirərək böyük vətəndaş fəallığı ilə ulu öndərimizin siyasi kursunu, dövlət quruculuğu ideyalarını uğurla davam və inkişaf etdirən dövlət başçısı cənab İlham Əliyevi yenidən ölkə Prezidenti seçməsi həm son 10 ildə görülən işlərə verilən qiymətdir, həm də ölkəmizin gələcək inkişafı ilə bağlı olan, xalq tərəfindən ifadə edilən niyyətdir.

Əminik ki, xalqın yekdil dəstəyi ilə inamlı qələbə qazanmış Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin növbəti illərdə ölkəyə rəhbərliyi zamanı xalqımızın gələcəyinə yönələn və hərtərəfli inkişafı təmin edən islahatlar, mühüm sosial, iqtisadi infrastruktur layihələr uğurla davam etdiriləcək, müasir tariximizin daha möhtəşəm, şanlı səhifələri yazılacaq, daha yüksək zirvələr fəth ediləcəkdir.

Bütün bunlar builki yubileyimizə əlavə bayram qatmış, ədliyyə işçilərinin ikiqat sevincinə səbəb olmuşdur.

Beləliklə, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti nəticəsində əldə edilən uğurlar Azərbaycan ədliyyəsindən də yan keçməmişdir.

2006-cı ildə nazirliyin yeni əsasnaməsi qəbul edilərək ona hüquq-mühafizə orqanı statusu verildi. Nazirliyin yeni müasir görünüşlü rəsmi emblemi təsdiq edildi. Ədliyyə orqanlarının inkişafı, məhkəmə sisteminin müasirləşdirilməsi haqqında fərmanların imzalanması, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” yeni qanunun, habelə ədliyyənin inkişafına dair ayrıca Dövlət Proqramının qəbulu xüsusi əhəmiyyət kəsb etdi.

Nazirlikdə yeni qurumların—Ədliyyə Akademiyasının, regional ədliyyə şöbələrinin, müxtəlif reyestrlərin yaradılması müasir Azərbaycan ədliyyəsi tarixində mühüm yer tutur.

Respublikamızda aparılan mütərəqqi islahatlar, eyni zamanda, geniş qanunyaradıcı fəaliyyət ilə müşayiət olunur. Qanunvericiliyin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi, o cümlədən ölkəmizin iqtisadi inkişafı, əhalinin maddi və sosial rifahının yaxşılaşdırılmasına yönələn normativ-hüquqi aktların işlənilməsində aktiv iştirak edən Ədliyyə Nazirliyi tərəfindən 2003-2012-ci illər ərzində ictimai həyatın müxtəlif sahələrini əhatə edən 20 minədək qanunvericilik aktının layihəsi ekspertizadan keçirilmiş, 2200-dən çox layihə hazırlanmışdır.

Son illər ölkəmizin sürətli sosial-iqtisadi yüksəlişi vətəndaşlarımıza mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaratmışdır. Bu da notariat orqanlarında rəsmiləşdirilən notariat hərəkətlərinin sayının artmasında öz əksini tapır. Belə ki, 2003-cü illə müqayisədə notariat hərəkətlərinin sayı 4 dəfə, qeydə alınmış vətəndaşlıq vəziyyəti aktlarının sayı isə 2 dəfəyədək çoxalmışdır. Vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynayan qeyri-hökumət təşkilatlarının sayının ilbəil artması davam etmiş, hazırda ölkədə qeyri-kommersiya təşkilatlarının sayı 3.900-ə çatmış, KİV-lərin sayı isə 4.800-ü ötmüşdür.

Ədliyyənin inkişafına dair Dövlət Proqramı çərçivəsində “Qeyri-kommersiya hüquqi şəxsləri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradılmış və qeydiyyata alınmış bütün qeyri-kommersiya hüquqi şəxslər və onların fəaliyyəti barədə məlumatlar informasiya resursuna daxil edilmişdir.

Həmçinin “Vətəndaşlıq vəziyyəti aktları”, “Elektron notariat” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemləri qurularaq notariat kontorları və qeydiyyat orqanları vahid elektron şəbəkədə birləşdirildi. Nəticədə beynəlxalq təcrübədə yalnız bir neçə inkişaf etmiş dövlətlərdə rast gəlinən bu informasiya sistemləri vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi xeyli sadələşdirildi.

Notariat sahəsində aparılan islahatlar nəticəsində yeni notariuslar korpusu formalaşdırıldı, ölkəmizdə beynəlxalq təcrübəyə uyğun xüsusi notariat institutu yaradıldı. Bu institutun inkişafı notariat hərəkətlərinin rəsmiləşdirilməsinə öz töhfəsini verdi. Artıq ölkədə bütün notariat korpusunun 45%-ni xüsusi notariuslar təşkil edir.

Ötən dövrdə ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işi də yenidən quruldu. İlk növbədə, icra xidmətinin fəaliyyəti və strukturu təkmilləşdirildi, Konstitusiyada məhkəmə qərarlarının icra olunmamasına görə məsuliyyət təsbit olundu, qanunvericilik əsaslı şəkildə yeniləşərək təsirli icra mexanizmləri yaradıldı, icra məmurlarının səlahiyyətləri (borclunun məcburi gətirilməsi, ölkədən getmək hüququnun məhdudlaşdırılması və s.) genişləndirildi, məhkəmə və digər orqanların qərarlarının icra edilməməsinə görə inzibati və cinayət məsuliyyəti sanksiyaları sərtləşdirildi.

Dövlət orqanları tərəfindən məhkəmə qərarlarının icra vəziyyəti ölkə Prezidentinin daim nəzarətindədir və bu məsələ ilə bağlı hər altı aydan bir müvafiq hesabatın ölkə başçısına təqdim olunması icra prosesi iştirakçılarının məsuliyyət hissinin artırılmasına xidmət edərək artıq müsbət nəticəsini verir.

Çətin və mürəkkəb icra işlərinin mütəşəkkil və vaxtında təmin olunması məqsədilə təcrübəli işçilərdən ibarət xüsusi icra qrupunun, habelə eyni inzibati ərazidə yerləşən məhkəmələrdə icra işinin vahid qurum tərəfindən həyata keçirilməsi üçün 17 icra qurumu əsasında geniş səlahiyyətlərə malik 4 yeni böyük strukturun yaradılması da icra işinin səmərəliliyinin xeyli yüksəlməsinə səbəb oldu.

Qeyd olunmalıdır ki, icra işlərinin mürəkkəbliyi, bu sahədə iş həcminin 2003-cü illə müqayisədə 3 dəfədən çox artaraq 185.000-i ötməsi nəzərə alınaraq icra məmurlarının sayı son illər 55% artırıldı.

Nazirlikdə 2000-ci ildən fəaliyyət göstərən İstintaq İdarəsinin səlahiyyətləri xeyli genişləndirildi, uşaqların hüquqlarına birbaşa toxunan alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçırmaya görə cinayət məsuliyyəti sanksiyası sərtləşdirildi. Son 10 ildə istintaqı aparılan cinayət işlərinin sayı 6 dəfədən çox artdı. Bununla bağlı bu sahədə işin səmərəliliyinin artırılması üçün regional ədliyyə şöbələrində müstəntiq ştatları təsis edildi.

Elmi-texniki proqres nəticəsində məhkəmə ekspertizası üzrə yeni növ, o cümlədən məhkəmə-kompyuter-texniki, əqli mülkiyyət obyektlərinin, məhkəmə-kontrafakt ekspertizalarının aparılmasına başlanıldı, müasir texnologiyaların tətbiqi bu sahədə tədqiqatların dolğun və dəqiq aparılmasını və rəylərin mötəbərliyini təmin etməklə cinayətkarlıqla mübarizə işinə, haqq-ədalətin müəyyən edilməsinə dəyərli töhfə verdi.

Bu sahədə tədqiqat metodikalarının standartlaşdırılması, həmçinin ekspertiza rəylərinin beynəlxalq aləmdə tanınması məqsədilə Azərbaycan Məhkəmə Ekspertizası Mərkəzi 2011-ci ildə Avropa Məhkəmə Ekspertizası İnstitutları Birliyinin (ENFSİ) üzvlüyünə qəbul edilmiş, ekspertiza növlərindən 4-ü beynəlxalq standartlara cavab verməsi ilə bağlı müvafiq sertifikata layiq bilinmişdir.

Ekspert araşdırmalarının operativliyinin təmin edilməsi, ibtidai araşdırmanın və ədalət mühakiməsinin səmərəli həyata keçirilməsi məqsədilə Ekspertiza Mərkəzinin Naxçıvan, Gəncə, Şirvan və Şəkidə filialları yaradılmışdır.

Ədliyyə Nazirliyinə həvalə olunmuş mühüm vəzifələrdən biri olan bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, inzibati nəzarətin səmərəliliyinin artırılması istiqamətində ardıcıl tədbirlər görüldü. Hər il inzibati nəzarətlə bağlı Milli Məclisdə illik məruzələr dinlənilir. Təsadüfi deyil ki, bu məsələyə 19 mart 2009-cu il tarixdə keçirilmiş referendumla konstitusion status verildi.

Eyni zamanda bələdiyyələr arasında fəaliyyətin əlaqələndirilməsi və mütəşəkkilliyinin təmin edilməsi məqsədilə ölkəmizdə şəhər, qəsəbə və kənd bələdiyyələrinin milli assosiasiyaları, həmçinin bu assosiasiyaların fəaliyyətini Əlaqələndirmə Şurası yaradıldı.

Azərbaycan ədliyyəsinin müasir tarixində baş vermiş mühüm hadisələrdən biri də respublikamızda ilk dəfə olaraq Ədliyyə Nazirliyinin regional şöbələrinin yaradılmasıdır. 2006-cı ildə ölkə Prezidentinin ədliyyə orqanlarının inkişafı haqqında fərmanına uyğun olaraq yaradılmış bu şöbələr bölgələrdə ədliyyə orqanlarının işini əlaqələndirir, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirir və onlara metodiki köməklik göstərir, qanunvericiliklə müəyyən edilmiş cinayətlər üzrə ibtidai istintaq aparır, qeydiyyat və notariat işinin, məhkəmə qərarlarının icrasının təşkilində iştirak edir. Bu qurumların fəaliyyətinin səmərəli təşkili ilə bağlı işlər görülərək artıq beş regional ədliyyə şöbəsi üçün hər cür şəraiti olan və müasir təşkilati-texniki avadanlıqla təmin edilmiş yeni inzibati binalar tikilmiş, o cümlədən peşə bayramı ərəfəsində Xaçmaz regional ədliyyə şöbəsinin açılışı olmuşdur. Açılış zamanı həmçinin fəaliyyətində aşkarlığın və şəffaflığın, vətəndaşların məlumatlılığının təmin edilməsi məqsədilə qurumun internet saytı istifadəyə verilmişdir.

Eyni zamanda Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramının həyata keçirilməsi məqsədilə Ədliyyə Nazirliyinin də üzərinə qoyulmuş vəzifələrin icrası çərçivəsində əhalinin aztəminatlı təbəqəsinə pulsuz hüquqi xidmətlər göstərən regional hüquqi məsləhət mərkəzləri yaradılmış və hazırda səmərəli fəaliyyət göstərir.

Prezident İlham Əliyevin gənclərə dəstəyi dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilməsinin, bu istiqamətdə apardığı islahatların və verdiyi qərarların nəticəsi olaraq dövlət qulluqçuları arasında gənclərin sayı günbəgün artmaqdadır. Nazirlikdə aparılan kadr siyasəti çərçivəsində ədliyyə orqanlarında çalışanların 45 faizə qədəri məhz gənclərdir.

Ədliyyə orqanlarına işə qəbul proseduru daim təkmilləşdirilmiş, 2006-cı ildən isə qulluğa qəbulun şəffaf müsabiqə yolu ilə aparılmasına başlanılmış, sənədlərin təqdim olunması qaydası xeyli sadələşdirilmişdir. Belə ki, imtahanda iştirak etmək istəyən şəxslər üçün təkcə ərizə vermək kifayətdir. İmtahan prosesi isə dövlət qurumları arasında ilk dəfə internetdə canlı yayımlanmağa başlanılmışdır.

Şəffaf prosedurlarla və aşkarlıq şəraitində keçirilmiş müsabiqə və müsahibələr əsasında 1500 nəfərə yaxın layiqli gənc mütəxəssis ədliyyə orqanlarına qulluğa qəbul olunaraq bu gün ədliyyənin müxtəlif sahələrində uğurla fəaliyyət göstərərək püxtələşirlər. Bu yaxınlarda isə 250-dən çox yüksək hazırlıqlı gənc mütəxəssis müsabiqə və müsahibələrdən müvəffəqiyyətlə keçərək ədliyyə orqanlarına təyinat almışlar. Bu günlərdə isə gənclərlə növbəti test imtahanı keçirilmişdir.

Eyni zamanda Ədliyyə Akademiyası yaradılaraq peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunur, Akademiyada ali hüquq təhsili olmayan ədliyyə işçilərinin hüquqi hazırlığı, ilk dəfə ədliyyə orqanlarına qulluğa qəbul edilən, prokuror və müstəntiq vəzifələrinə, habelə vəkilliyə namizədlərin icbari təlimi həyata keçirilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan hərtərəfli uğurlu islahatlar respublikamızın beynəlxalq hüquqi inteqrasiya prosesini də sürətləndirmişdir. Ədliyyə Nazirliyi tərəfindən hüquqi sahədə əməkdaşlığın daha da genişləndirilməsi məsələsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, nazirlik mərkəzi və əlaqələndirici orqan qismində 13 çoxtərəfli, 30-dək ikitərəfli müqavilələrin, o cümlədən cinayət və mülki hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi üzrə öhdəliklərin icrasını həyata keçirir, 26 ölkənin ədliyyə nazirlikləri ilə bağlanmış ikitərəfli sazişlər çərçivəsində əməkdaşlıq edir. Son on il ərzində beynəlxalq hüquqi yardımla bağlı digər dövlətlərdən daxil olan sorğuların sayı 5 dəfədən çox artaraq 11 mini ötmüşdür.

Nazirlik tərəfindən həmçinin BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı, Avropa Ümumi Hüquq Təşkilatı, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi, Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) və s. beynəlxalq təşkilatlar ilə səmərəli əməkdaşlıq aparılır.

Eyni zamanda ölkəmiz 120-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edərək uzun müddətdir Baş Prokurorluğun və Ədliyyə Nazirliyinin rəhbər şəxsləri təşkilatın ali orqanlarında—İcraiyyə Komitəsində və Senatında fəal təmsil olunurlar.

Məlum olduğu kimi, dövlətimizin başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə ümumbəşəri sosial bəla olan korrupsiya ilə sərt mübarizə aparılır. Təsadüfi deyil ki, ölkəmizdə institusional və qanunvericilik tədbirləri həyata keçirilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planları qəbul olunmuş, yeni şəffaf və innovativ xidmətlər yaradılmışdır. Prezidentin təşəbbüsü ilə yaradılmış və Azərbaycanın brendi sayılan, ədliyyə orqanlarının da müxtəlif mühüm xidmətlər göstərdiyi “ASAN xidmət” mərkəzlərinin uğurlu fəaliyyəti bu sahədə görülən tədbirlərin əyani təzahürüdür.

Həmçinin korrupsiyaya qarşı beynəlxalq əməkdaşlığa mühüm önəm verilərək ölkəmiz BMT-nin dəstəyi və Çinin təşəbbüsü ilə 2006-cı ildə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (İAACA) həmtəsisçisi olmuş, Ədliyyə Nazirliyinin rəhbərliyi qurumun vitse-prezident səviyyəsində təmsil olunur, bu mötəbər təşkilatın işinə, beynəlxalq antikorrupsiya fəaliyyətinə dəyərli töhfələr verilir. Bununla yanaşı, dövlətimiz Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə xüsusi qanunla qoşularaq Akademiyanın tamhüquqlu üzvüdür.

Yeri gəlmişkən, bu il İAACA-nın “Qanunun aliliyi və korrupsiyaya qarşı mübarizə: çağırış və imkanlar” mövzusunda Panamada keçiriləcək 7-ci İllik Konfransı, habelə Ümumi Yığıncağı və İcraiyyə Komitəsinin iclası məhz peşə bayramımız ərəfəsinə təsadüf edir və iştirak edəcəyimiz konfransın açılışı və ilk sessiyasına sədrlik vitse-prezident kimi Azərbaycanın nümayəndəsinə həvalə olunmuşdur.

—Nazirlik informasiya-kommunikasiya texnologiyalarının, elektron xidmətlərin tətbiqi sahəsində hansı addımlar atmışdır?

—Respublikamızda son illər İKT sektorunun inkişafı çərçivəsində Ədliyyə Nazirliyi tərəfindən xeyli işlər görülmüşdür.

2006-cı ildən etibarən əhalinin daim yeniləşən qanunvericilik aktlarının mətni ilə birbaşa, sərbəst və təmənnasız tanış olması, hüquqi biliklərinin artırılması məqsədilə milli qanunvericiliyin elektron məlumat bazası (www.e-qanun.az), eləcə də 2011-ci ilin iyulundan “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa əsasən nazirlik tərəfindən yaradılmış Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantı (www.huquqiaktlar.gov.az) interaktiv rejimdə fəaliyyət göstərir və sistematik yeniləşdirilir.

Ötən müddət ərzində Ədliyyə Nazirliyi ölkə vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər barəsində dövlət informasiya ehtiyatının formalaşdırılması məqsədilə Əhalinin Dövlət Reyestrini tam formalaşdırdı. BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirilmiş layihə çərçivəsində “Əhalinin Dövlət Reyestri” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi yaradıldı və 75 il ərzində vətəndaşlıq vəziyyətini müəyyən edən 15 milyondan çox akt qeydi bir neçə il çəkən nəhəng iş sayəsində elektron formata keçirildi.

Son illər nazirliyə həvalə olunmuş mühüm səlahiyyətlərdən biri kimi sahibkarlıq sahəsində aparılan yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2010-cu il və 15 fevral 2011-ci il tarixli fərmanlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən müvafiq reyestr formalaşdırılmış və həmin reyestr (www.yoxlama.gov.az) 2011-ci ilin mayından fəaliyyət göstərir. Artıq iş adamları üçün əməli əhəmiyyət daşıyan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin fəaliyyəti daha da təkmilləşdirilərək elektron xidmətlər bölməsinə və “1650” avtomatlaşdırılmış telefon xidmətinə sahibkarlara məlumat almaq və müraciət etmək imkanı yaradan funksiyalar əlavə olunmuşdur.

Ölkə başçısının dövlət orqanlarında elektron xidmətlərin göstərməsinə dair 2011-ci il 23 may tarixli fərmanına uyğun olaraq nazirliyin internet saytında elektron xidmət bölməsi yaradılmış, elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılmışdır.

Cari ildə elektron xidmət bölməsinin fəaliyyəti daha da təkmilləşdirilmiş, onun yeni versiyası hazırlanaraq istifadəyə verilmişdir.

Məhkəmə qərarlarının icrası ilə bağlı borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması mexanizmi xeyli təkmilləşdirilərək, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırıldı və nazirliyin internet saytında yeni elektron xidmət istifadəyə verildi. Bununla da hər bir kəs sayta daxil olub özü ilə bağlı qadağanın qoyulub-qoyulmamasını öyrənə bilər.

Həmçinin, əhaliyə göstərilən hüquqi xidmətlərin səmərəliliyinin artırılması məqsədilə universal elektron xidmət köşkləri işlənilmiş, xüsusi proqram təminatı hazırlanaraq onlar notariat orqanlarında istifadəyə verilmişdir. Artıq həmin köşklərdə ödənişlərin nağd yolu ilə və plastik bank kartları vasitəsilə aparılması təşkil edilmiş qeydiyyat orqanlarında da bu müsbət təcrübənin tətbiqinə başlanılmış və “pay-point” ödəniş terminallarının ilk nümunəsi sınaqdan keçirilməsi üçün Səadət Sarayında quraşdırılmışdır.

Eyni zamanda, “Elektron notariat” sistemi də yaradılaraq sınaq rejimində 24 notariat kontorunda istismara verilmiş, habelə məhkəmələr tərəfindən elektron xidmətlərin göstərilməsi işində mobil operatorların və internet resurslarının imkanlarından geniş istifadəsi üzrə tədbirlər görülmüşdür. Məhkəmə prosesi tərəflərinə SMS vasitəsilə bildirişlərin göndərilməsi təcrübəsi pilot layihə qaydasında bir sıra məhkəmələrdə tətbiq olunur.

Məhkəmə sahəsində də müasir İKT-lər geniş tətbiq olunur. Belə ki, məhkəmə infrastrukturunun müasirləşdirilməsi çərçivəsində yeni tikilən məhkəmə binalarında bu texnologiyalardan səmərəli istifadə olunmasına xüsusi əhəmiyyət verilərək bütün məhkəmələr arasında, o cümlədən Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyi ilə elektron sənəd dövriyyəsi və sənədlərin avtomatlaşdırılmış idarəetmə sistemi üçün zəruri infrastruktur quraşdırılmışdır.

Həmçinin, vətəndaşların məhkəmələrə müraciət imkanlarının daha da asanlaşdırılması və hüquqi xidmətin yaxşılaşdırılması məqsədilə məhkəmə sisteminin vahid internet portalı yaradılmışdır ki, portal ali, regional apelyasiya, ixtisaslaşdırılmış, habelə rayon məhkəmələri, onların yurisdiksiyası, baxılan işlər və çıxarılan qərarlar, müraciətə əlavə edilməsi zəruri olan sənədlər, qəbul günləri və s. barədə ətraflı məlumat almaq, iddia ərizələri və digər məhkəmə sənədlərinin nümunələrini əldə etmək, həmçinin onlayn rejimində müraciət etmək və cavab almaq imkanı yaradır. Portalda, həmçinin bütün hakimlər barədə məlumatlar öz əksini tapır.

—Bəs məhkumların hüquqlarının qorunması, bütövlükdə penitensiar sistemin müasirləşdirilməsi istiqamətində hansı tədbirlər görülmüşdür

—Məlum olduğu kimi, hər bir cəmiyyətdə məhkumlarla davranışa münasibət ölkənin mədəni-sivil inkişaf səviyyəsinin əsas göstəricilərindədir. Bu baxımdan son 10 ildə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə penitensiar sistemdə aparılan köklü islahatlar nəticəsində cəza siyasəti humanistləşdirilərək məhkumların hüquqları və imtiyazları xeyli genişləndirildi, onların saxlanma şəraiti, ərzaq və tibb təminatı köklü şəkildə yaxşılaşdırıldı, bu sahədə ictimai nəzarət gücləndirildi, müasir penitensiar infrastrukturun yaradılması üzrə məqsədyönlü işlər görüldü.

Təsadüfi deyil ki, təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə və müasir müəssisələrdə cəza çəkməsini təmin etmək məqsədilə ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən respublikanın müxtəlif regionlarında yeni penitensiar müəssisələrin inşasına başlanıldı. Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir tipli penitensiar komplekslər, Bakıda isə ən yüksək beynəlxalq standartlara uyğun yeni istintaq təcridxanası tikilərək istifadəyə verilmiş, məhkumların hüquqlarının qorunmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyev şəxsən təcridxanaya baş çəkərək yaradılmış şəraitlə tanış olmuş, göstərişlər vermişdir. Bir sıra dövlətlərin, o cümlədən Norveçin, Niderlandın, Mərakeşin, Türkiyənin və s. ədliyyə nazirləri də həmin müəssisəyə baş çəkərək yaradılan şəraiti təqdir etmişlər. Hazırda Gəncədə, Kürdəmirdə, Lənkəranda və Bakının Umbakı qəsəbəsində isə yeni müəssisə və komplekslərin inşası intensiv davam etdirilir.

Eyni zamanda, təqsirləndirilən şəxslər və məhkumların hüquqları və imtiyazları xeyli genişləndirildi, saxlanma şəraiti, dərman və digər təminatları, xüsusilə tibbi xidməti əsaslı şəkildə yaxşılaşdırıldı, penitensiar müəssisələr yeni tibb avadanlığı ilə təchiz olundu.

Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə səmərəli əməkdaşlıq nəticəsində vərəm xəstəliyinə düçar olmuş məhkumlar üçün xüsusi yaradılmış İxtisaslaşdırılmış Müalicə Müəssisəsində müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya və yeni müalicə korpusları istifadəyə verildi. Vərəm xəstəliyinin dəqiq diaqnozunu 3 aydan sonra deyil, bundan 1000 dəfə daha tez—1 saat 40 dəqiqə ərzində müəyyən etməyə imkan verən yeni ekspress-testin dünyada ilk dəfə olaraq penitensiar müəssisələrdə Azərbaycanda tətbiqinə başlanıldı. Bunun nəticəsidir ki, vərəmdən ölüm halları 38 dəfəyədək, ümumilikdə penitensiar müəssisələrdə xəstəlikdən ölüm halları 12 dəfə azalmışdır. Artıq ölkəmizin bu sahədə nailiyyətləri beynəlxalq aləmdə təqdir olunaraq BQXK Azərbaycanın bu müsbət təcrübəsini örnək kimi digər dövlətlərə tətbiqi üçün tövsiyə etmişdir. Bununla əlaqədar Böyük Britaniya, Moldova, Ukrayna, Gürcüstan, Filippin, İraq və Mərkəzi Asiya ölkələri, habelə Almaniya, İsveçrə və İngiltərənin, tibb üzrə ixtisaslaşmış QHT-ləri nailiyyətlərimizə böyük maraq göstərərək geniş nümayəndə heyətlərini Azərbaycana göndərmiş və təcrübəmizlə tanış olmuşlar.

Bu yaxınlarda BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan və baş qərargahı ABŞ-da yerləşən digər nüfuzlu təşkilat—İslah və Həbsxanalar Beynəlxalq Assosiasiyası ölkəmizin penitensiar sistemində vərəmə nəzarət proqramını 2013-cü ilin Səhiyyə Mükafatına layiq bilmiş və ABŞ-ın Kolorado Sprinqs şəhərində dünyanın 70 ölkəsinin ədliyyə, o cümlədən penitensiar sistemini təmsil edən 500-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilmiş Assosiasiyanın 15-ci İllik Konfransında təntənəli mərasim keçirilərək qurumun prezidenti tərəfindən həmin mükafat Azərbaycanın nümayəndə heyətinə təqdim olunmuşdur.

Qeyd olunmalıdır ki, belə mükafatlar penitensiar sistemlə bağlı proqramların dünya standartlarına uyğun icra edilməsində xüsusi fərqlənməyə və yüksək nailiyyətlərin əldə olunmasına görə verilir və Azərbaycan bu il səhiyyə sahəsində təltif edilmiş yeganə ölkə olmuşdur.

Ulu öndər Heydər Əliyevin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətinə sadiq qalan dövlət başçısı cənab İlham Əliyev əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyətini təmin etdi, qəbul olunmuş amnistiya aktları və əfv sərəncamları ilə cinayət törətmiş şəxslərin cəmiyyətə yenidən inteqrasiya olunaraq islah edilməsini stimullaşdırdı.

Ötən dövr ərzində ölkə başçısı tərəfindən imzalanmış əfv aktları ilə 2600-ə yaxın şəxs azadlığa buraxılmış, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya qərarları 30 minə yaxın şəxsə şamil olunmuş, minlərlə insan ailəsinə, cəmiyyətə qovuşmuşdur.

—Son illər məhkəmə sistemində aparılan islahatlar geniş vüsət almışdır. Bu sahədə görülən işlər barədə də məlumat verməyinizi istərdik.

—Doğrudur, məhkəmə islahatları bu gün də davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “bu prosesin əvvəli var, amma sonu yoxdur”.

Azərbaycan Respublikasının Prezidenti seçilməsinin ilk dövründən ədalət mühakiməsinin səmərəsinin və məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılmasına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsi ilə 2004-cü ildən məhkəmə sisteminin daha da müasirləşdirilərək Avropa standartlarına tam uyğunlaşdırılması işinə başlanıldı.

Bu məqsədlə Azərbaycan-Avropa Şurası birgə işçi qrupları yaradılaraq, Avropa Şurası ilə əməkdaşlıq şəraitində Məhkəmələr və hakimlər haqqında qanun əsaslı şəkildə yeniləndi, Məhkəmə-Hüquq Şurası haqqında yeni qanun, Hakimlərin Seçki Komitəsi haqqında Əsasnamə, Hakim vəzifələrinə namizədlərin seçimi Qaydaları, Hakimlərin Etik Davranış Kodeksi, məhkəmələrdə işin şəffaf təşkili ilə bağlı digər mühüm sənədlər qəbul olundu.

Aparılmış islahatlar nəticəsində yeni təsisat—məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası yaradıldı, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı digər məsələlər bu orqanın səlahiyyətinə aid edildi.

Son illərədək Azərbaycanda hakimlərin əhaliyə nisbətdə sayı Avropa Şurasına digər üzv dövlətlərlə müqayisədə aşağı göstərici ilə xarakterizə edilirdi, hər 100 min nəfərə, orta hesabla, 4 hakim düşürdü. Həmçinin, məhkəmələrin səlahiyyətlərinin əhəmiyyətli şəkildə genişləndirilməsi, habelə əhalinin məhkəmə sisteminə inamının artması işin həcminin xeyli yüksəlməsi ilə nəticələnmişdir. Bu da işlərin vaxtında və keyfiyyətlə baxılmasına təsir edirdi.

Bu məqsədlə hakimlərinin sayının artırılması və məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı dövlət başçısının 17 avqust 2006-cı il və 9 avqust 2010-cu il tarixli fərmanlarının ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu oldu. Belə ki, ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq hakimlərin sayı 2 dəfə artırılaraq 600-ə çatdırıldı, məhkəmə aparatı işçilərinin sayı isə 75% artırıldı, hər bir hakimə köməkçi ştatı ayrıldı.

Son illər Məhkəmə-Hüquq Şurası tərəfindən həyata keçirilən tədbirlər hakim vəzifəsinə seçkilərin tamamilə azad, obyektiv və ədalətli keçirilməsinə, bu məsul vəzifəyə ən layiqli insanların seçilməsinə xidmət etmişdir. Hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifənin yerinə yetirilməsi məqsədilə yaradılmış Hakimlərin Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi Avropada ən mütərəqqi və şəffaf hesab edilən seçim qaydaları əsasında 2600-dən çox namizəd sırasından seçilmiş 307 nəfər yüksək hazırlıqlı hüquqşünas müxtəlif hakim vəzifəsinə təyin olunmağa layiq bilinmişlər.

Təsadüfi deyil ki, hakimlərin seçim prosesi kadr seçimi tarixində ilk dəfə olaraq internet vasitəsilə onlayn rejimində birbaşa yayımlanmışdır.

Avropa Şurasının Ədalət mühakiməsinin səmərəliliyi üzrə Komissiyası (CEPEJ) Avropa hüquq sistemləri üzrə hesabatında respublikamızda məhkəmə islahatlarına göstərilən diqqətin, o cümlədən maliyyə ayırmalarının səviyyəsini, hakimlərin sayındakı artım tempini Avropa dövlətləri sırasında yüksək göstəricilərlə xarakterizə etmiş, həmçinin məhkəmələrdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqi sahəsində ölkəmizin səylərini yüksək dəyərləndirmişdir. Avropalı ekspertlər Azərbaycana səfər edərək hakimliyə namizədlərin seçimini bilavasitə izləmiş və nəticələr üzrə ekspertlər tərəfindən hazırlanmış əhatəli hesabatda Azərbaycanın bu sahədə müsbət təcrübəsi örnək kimi qiymətləndirilmişdir.

Avropa İttifaqı tərəfindən həyata keçirilən Şərq tərəfdaşlığı ölkələrində məhkəmə islahatlarının gücləndirilməsi layihəsi üzrə hesabatda da bu seçim nümunə kimi qiymətləndirilərək digər üzv-dövlətlərə tövsiyə edilmişdir.

Ölkə başçısının məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı tapşırıqlarına əsasən məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində mühüm işlər görüldü, vətəndaşların hüquq və azadlıqlarının daha etibarlı qorunması, onların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması məqsədilə regionlarda yeni apelyasiya və iqtisad məhkəmələri yaradıldı. Bunun davamı olaraq dövlət başçısının fərmanları ilə ölkədə yeni-yeni məhkəmələr, o cümlədən ağır cinayətlər, inzibati-iqtisadi, hərbi məhkəmələr fəaliyyətə başladı.

Regionlarda bu məhkəmələrin yaradılması müasir dövrün ehtiyacından irəli gələn sosial tələbat idi. Son dövrlər bu məqsədlə imzalanmış qanun və fərmanlar, sərəncamlar da yalnız bir məqsədə—regionlarda yaşayan əhalinin hüquq və mənafeyinin etibarlı qorunmasına xidmət edir.

Beləliklə, həyata keçirilən məhkəmə-hüquq islahatlarının nəticəsi olaraq regionlarda əhalinin məhkəmələrə müraciət imkanları asanlaşdı, vətəndaşlara göstərilən hüquqi yardımın keyfiyyəti və səmərəsi yüksəldi.

Eyni zamanda, məhkəmələrin iş şəraitinin yaxşılaşdırılması, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır.

Ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə dəstəyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin müasir tələblərə cavab verən yeni binası tikilib istifadəyə verildi. Bu əsl Ədalət Sarayının ərsəyə gəlməsi məhkəmə hakimiyyətinə verilən yüksək əhəmiyyətin təzahürüdür.

Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” Layihəsi çərçivəsində ən müasir tələblərə cavab verən konsepsiya əsasında 33 məhkəməni və 18 icra qurumunu əhatə edən məhkəmə kompleksləri və binalarının layihələşdirmə işləri aparıldı, son illər 4 rayon məhkəməsi üçün ən müasir İKT-lərlə təchiz olunmuş yeni binalar tikilərək istifadəyə verildi. 7 məhkəmə üçün bina və komplekslər isə intensiv inşa olunur. Tikilən binalar içərisində Bakı şəhəri Yasamal, eləcə də Oğuz rayon məhkəmələrinin açılışlarında dövlət başçısı cənab İlham Əliyevin şəxsən iştirak etməsi və görülən işləri yüksək qiymətləndirməsi xüsusilə əlamətdar olmuşdur.

Qeyd olunmalıdır ki, Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi bank tərəfindən ən uğurlu layihələrindən hesab olunmaqla ötən ilin sonunda “Azərbaycan Respublikası vətəndaşlarına yüksək səviyyəli xidmətlərin göstərilməsi məqsədilə müasir infrastrukturun yaradılması” nominasiyasında qalib gəlmişdir.

Dünya Bankının rəsmiləri bildirmişlər ki, ölkəmizin məhkəmə sistemindəki nailiyyətlər böyük marağa səbəb olub və bundan bəhrələnmək üçün digər dövlətlərdən müraciətlər edilir, Azərbaycana səfər etmək arzusu bildirilir. Layihənin uğurlu nəticələrini görən Dünya Bankı əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı niyyətini bildirmiş və hazırda bu məsələ ilə bağlı danışıqlar aparılır.

Qeyd olunmalıdır ki, ölkəmizdə elektron ədalət mühakiməsinin tətbiqi üzrə mühüm işlər aparılır, bu sahədə mütərəqqi beynəlxalq təcrübənin öyrənilməsinə xüsusi əhəmiyyət verilir.

məqsədlə Dünya Bankının təşəbbüsü ilə Azərbaycanın nümayəndə heyəti ötən ay məhkəmə sistemində İKT-lərin istifadəsində böyük nailiyyətlər əldə etmiş Sinqapurda səfərdə olmuş, bu ölkənin ədliyyə naziri, Ali Məhkəməsinin sədri, habelə Korrupsiya hallarının istintaqı Bürosunun rəhbəri ilə məhsuldar görüşlər keçirilmişdir. Sinqapurun elektron ədalət mühakiməsi sistemini tətbiq edən məhkəmələrə baş çəkilərək onların fəaliyyəti ilə tanış olunmuş, müasir İKT-lərin tətbiqi üzrə faydalı təcrübə mübadiləsi aparılaraq qarşılıqlı əməkdaşlığa dair razılıq əldə edilmişdir.

Səfər zamanı “Hüquq sisteminə inamın artırılması üçün məhkəmə fəaliyyətinin inkişafı” mövzusunda keçirilmiş beynəlxalq konfransda da iştirak edilmiş, Azərbaycanda aparılan məhkəmə islahatları və əldə olunmuş nailiyyətlər barədə verilmiş ətraflı məlumat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır

Beləliklə, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində Azərbaycanda ədliyyə və məhkəmə orqanlarının fəaliyyəti daha da müasirləşdi, əhaliyə göstərilən hüquqi yardımın səviyyəsi yüksəldi, ədalət mühakiməsinin daha çevik, işlək və obyektiv mexanizmlər əsasında həyata keçirilməsi təmin olundu.

—Fikrət müəllim, Azərbaycan ədliyyəsinin 95 illik yubileyi ədliyyə orqanlarında necə qeyd olunur?

—Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin qərarı ilə təsis edilmiş 22 noyabr—Ədliyyə işçilərinin peşə bayramı və Azərbaycan ədliyyəsinin 95 illik yubileyi respublikamızda böyük ruh yüksəkliyi və ulu öndərimizə dərin minnətdarlıq hissi ilə geniş və təntənəli şəkildə qeyd olunur.

Peşə bayramının və Azərbaycan ədliyyəsinin 95 illik yubileyinin təntənəli keçirilməsi məqsədilə əhatəli tədbirlər planı təsdiq olunmuşdur.

Hər il peşə bayramı günündə ədliyyə işçiləri Fəxri Xiyabana gedərək bu bayramı bizə bəxş etmiş müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında şəhidlərimizin xatirəsini yad edirlər. Bu gün bütün ədliyyə sistemində bayram ab-havası yaşanır, Azərbaycan ədliyyəsinin keçdiyi şanlı tarixə nəzər salınır, ədliyyə veteranları və gənc mütəxəssislərlə görüşlər, yığıncaqlar keçirilir, bayram tədbirləri təşkil olunur.

Həmçinin, əlamətdar bayram münasibətilə ədliyyənin tarixindən və müasir inkişafından bəhs edən foto və sənədlərdən ibarət xüsusi ekspozisiyalar, yeni nəşrlər və əyani vəsaitlər hazırlanmış, nazirliyin internet saytında müasir üsullar tətbiq olunmaqla Ədliyyə Nazirliyinin tarixini əks etdirən muzeylərimizin 3D formatında yeni bölməsi yaradılmışdır.

Azərbaycan ədliyyəsinin 95 illik yubileyi bu il “Səadət Sarayı”nda qeyd olunur və bu da rəmzi məna daşıyır. Ona görə ki, Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə məhz bu binada fəaliyyətə başlamışdır. Bu gün Bakının memarlıq ansamblında özünəməxsus yeri olan “Səadət Sarayı” möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqəti və qayğısı sayəsində müasir görkəm almışdır.

Ədliyyə işçiləri möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək ölkəmizin müasir inkişafına uyğun olaraq öz vəzifələrini hər zaman layiqincə yerinə yetirmək, demokratik hüquqi dövlət quruculuğu, Azərbaycan ədliyyəsinin davamlı inkişafı üçün bundan sonra da fədakarlıqla çalışmaq əzmindədirlər.

Fürsətdən istifadə edib bütün ədliyyə işçilərini 22 noyabr peşə bayramı və Azərbaycan ədliyyəsinin 95 illik yubileyi münasibətilə təbrik edir, çətin və şərəfli işlərində müvəffəqiyyətlər.

—Fikrət müəllim, belə bir xoş gündə bizə vaxt ayırdığınıza və oxucularımızla dəyərli fikrlərinizi bölüşdüyünüzə görə Sizə təşəkkür edirik.

 

 

Fikrət Məmmədov,

Azərbaycan Respublikasının ədliyyə naziri,

Məhkəmə-Hüquq Şurasının sədri.

 

Müsahibəni apardı:

H.MUSAYEV,

 

Respublika.-2013.- 21 noyabr.- S.4;6.