AZƏRBAYCAN ƏDLİYYƏSİNİN CƏMİYYƏTDƏKİ NÜFUZU

VƏ MÖVQEYİ MÖHKƏMLƏNİR

 

 

Ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə hər il noyabr ayının 22-nin Ədliyyə işcilərinin peşə bayramı günü kimi qeyd olunması hüquq siyasətinin həyata keçirilməsində önəmli yer tutan, insan hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyətli rol oynayan ədliyyə işcilərinin fədakar əməyinə, onların ədliyyə işinin təkmilləşdirilməsi və inkişafındakı xidmətlərinə verilən yüksək qiymətdir.

Ədliyyə tariximizə diqqət etsək, məlum olur ki, Azərbaycanın Rusiya tərəfindən işğalına qədər şəriət məhkəmələri mövcud olmuşdur. Bundan başqa, xanlıqların divan, mahalicma məhkəmələri də fəaliyyət göstərmişdir. 1806-cı ildə Gəncədə ilk qəza məhkəməsi açılmış və həmin məhkəmədə bütün işlər rus dilində və rus qanunvericiliyinə uyğun aparılmışdır. 1812-ci ildə həmin məhkəmə ləğv edilmiş və qəza məhkəməsinin işləri Tiflis qəza məhkəməsinə verilmişdir. 1814-cü ildə Gəncə qəzası quberniyaya çevrilmişburada dairə rəisinin sədrliyi altında dairə məhkəməsi yaradılmışdır. Həmçinin 1812-ci ildə Bakı və Quba şəhər məhkəmələri, 1819-cu ildə Şəki, 1820-ci ildə Şirvan, 1822-ci ildə Qarabağ əyalət məhkəmələri açılmışdır.

1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi və həmin iclasda Ədliyyə Nazirliyi yaradıldı. Noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edildi. Ümummilli liderimiz Heydər Əliyev məhz həmin tarixi əsas götürərək, noyabr ayının 22-ni ədliyyə işçilərinin peşə bayramı elan etmişdir. Bu il Azərbaycanın hüquq sistemində özünəməxsus yerinüfuzu olan ədliyyə orqanlarının yaranmasının 95-ci ildönümü tamam olur.

Azərbaycanda Ədliyyə Nazirliyinin əsaslı şəkildə təşəkkül tapması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ölkəmizdə məhkəmə-hüquq islahatlarının müəllifi olan Heydər Əliyevin sədrliyi ilə Hüquq-İslahat Komissiyası çox səmərəli işləmiş, bir-birinin ardınca yeni qanunlar hazırlamış, insan hüquq və azadlıqlarının təminatlı müdafiəsini həyata keçirmək üçün üçpilləli məhkəmə sistemi yaradılmışdır.

2004-cü ildə məhkəmələrin qarşısında duran vəzifələri, hakimlərin statusunu, maddisosial təminatını, müstəqilliyini, səlahiyyətlərini müəyyən edən “Məhkəmələr və hakimlər haqqında” Qanun qəbul edilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin 2010-cu il 22 iyun tarixdə imzaladığı “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə mövcud bəzi məhkəmələrin adı dəyişdirilmiş, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə bundan sonra Ağır Cinayətlər Məhkəməsi, Ağır Cinayətlərə Dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının Məhkəməsi isə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsi, yerli iqtisad məhkəmələri isə inzibati-iqtisadi məhkəmə adlandırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2006-cı il 19 yanvar tarixli fərmanı məhkəmə-hüquq islahatlarının yeni bir mərhələsi oldu. Həmin fərmanla yeni apelyasiyaiqtisad məhkəmələri yaradıldı. Eyni zamanda, Hakimlərin Etik Davranış Kodeksinin hazırlanması, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi və məhkəmə təcrübəsində nəzərə alınması, Ədliyyə Akademiyasının yaradılması, hakimlərin say tərkibinin artırılması öz əksini tapmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanda məhkəmə sistemini təkmilləşdirmək və “Məhkəmələr və hakimlər haqqında” və “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında 2010-cu il 22 iyun tarixli Azərbaycan Respublikası Qanununun tətbiqini təmin etmək məqsədilə 2010-cu il 15 iyul tarixdə daha bir Fərman imzalamışdır. Həmin fərmana əsasən, Bakı, Lənkəran, Gəncə, Şəki şəhərlərində yeni ağır cinayətlər məhkəmələri yaradılmışdır. Fərmana əsasən, Naxçıvan, Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan yerli iqtisad məhkəmələri inzibati-iqtisad məhkəmələri adlandırılmışdır.

 

Vətəndaşların hüquq və azadlıqlarının müdafiəsinin real təmin edilməsi müasir hüquqi dövlətin əsas vəzifəsi sayılır. Bu baxımdan 30 iyun 2009-cu il tarixli qanunla təsdiq edilmiş və 01 yanvar 2011-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının İPM-i dövlət-vətəndaş münasibətlərində yaranmış problemlər üzrə vətəndaşların məhkəmə qaydasında hüquqlarının müdafiəsi istiqamətində mühüm addım olmuşdur. Yeni inzibati icraat qanunvericiliyi Azərbaycanda uğurla həyata keçirilən məhkəmə-hüquq islahatlarının tərkib hissəsi olmaqla, vətəndaşlara və hüquqi şəxslərə inzibati orqanların qəbul etdiyi qərarların məhkəmə qaydasında yoxlanılması imkanını vermişdir. 2011-ci ilin yanvar ayından başlayaraq ölkəmizdə inzibati məhkəmələr fəaliyyət göstərir. Şəxslərin inzibati orqanların qanunsuz inzibati aktlarından, hüquqazidd hərəkət və ya hərəkətsizliyindən verdikləri iddialar aidiyyəti üzrə məhkəmələr tərəfindən qəbul edilir və baxılır.

Bu gün Azərbaycan ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır. Dövlət başçısı cənab İlham Əliyev respublikanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə prosesini Azərbaycanın gələcək yüksəlişinin mühüm şərti hesab edir. Cənab İlham Əliyev çıxışlarında hər zaman bildirir ki, hər hansı ölkənin inkişafının mühüm şərti heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.

Azərbaycanın bugünkü dinamik inkişafı isə deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahə və istiqamətlərdə olduğu kimi, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı sahəsində də ən qabaqcıl dövlətlərdən birinə çevriləcəkdir.

Sübut olunmuş faktdır ki, hüquqi, demokratik dövlət quruculuğuna nail olmaq üçün dövlətin ədliyyəsi güclü olmalı, məhkəmə sistemi demokratik prinsiplərlə formalaşdırılmalıdır. Konstitusiyamızda dövlətin idarə olunmasında hakimiyyət bölgüsü dünya təcrübəsinə uyğun təsbit olunmuş, qanunverici, icra hakimiyyətləri ilə yanaşı, məhkəmə hakimiyyəti də öz yerini tutmuşdur.

Azərbaycan Respublikasının Konstitusiyası, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmələrin və hakimlərin müstəqilliyi, hüquq və vəzifələri, zərurət yarandıqda digər hakimiyyətlərin yanlış qərarlarının qarşısını almaq səlahiyyətləri təsbit olunmuşdur. Artıq bu, sivil dövlət quruculuğu təcrübəsinin əməli şəkildə tətbiqi kimi qiymətləndirilməlidir.

Hər bir dövlətin müstəqilliyini şərtləndirən, onu əbədiləşdirən amillər, ilk növbədə qanunun aliliyinin təminatından, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi keyfiyyətindən, ədalət mühakiməsinin beynəlxalq tələblərə uyğunlaşdırılmasından asılıdır. İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, ictimai-siyasi həyatın bütün sahələri üzrə hüquqi bazanın möhkəm təməllər üzərində qurulması, ədalət prinsiplərinə ciddi şəkildə riayət olunması həmin dövlətdə sabitliyin, vətəndaş həmrəyliyinin və dinamik iqtisadi inkişafın başlıca təminatlarından biridir.

Əminliklə demək olar ki, Azərbaycanda hər bir vətəndaşın mənafeyi nəzərə alınmaqla həyata keçirilən məhkəmə-hüquq islahatları da ölkəmizin demokratik imicini daha da gücləndirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması sadəcə olaraq bir şüar, yaxud bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir”.

2013-cü il noyabrın 22-də yaranmasının 95-ci ildönümünü qeyd edən Azərbaycan ədliyyəsi müasirləşmə və davamlı inkişaf yolundadır. Ölkədə həyata keçirilən islahatlar Azərbaycan ədliyyəsinin fəaliyyətində əsaslı dönüş yaratmış, onun dövlətin hüquq sistemindəki layiqli mövqeyini təmin etmişdir.

Ölkəmizdə 9 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkilərində xalqın böyük etimadını qazanaraq üçüncü dəfə Azərbaycan Respublikasının Prezidenti seçilmiş cənab İlham Əliyev ulu öndərin möhkəm təməl üzərində əsasını qoyduğu məhkəmə-hüquq islahatlarını yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirməkdədir. Bu isə Azərbaycan ədliyyəsinin cəmiyyətdəki nüfuzumövqeyini daha da möhkəmləndirəcəkdir.

 

Loğman SÜLEYMANOV,

                

Gəncə Apelyasiya Məhkəməsinin Mülki

Kollegiyasının sədri səlahiyyətlərini icra edən.

 

Respublika.-2013.- 22 noyabr.- S.7.