İslahatlar notariat xidmətinin səviyyəsini daha da təkmilləşdirir

 

 

Bu yaxınlarda xalqımız Dövlət Bayrağı Gününü və müstəqillik, dövlətçilik tariximizdə yeni səhifə açmış ilk Milli Konstitusiyamızın qəbul olunmasının 18-ci ildönümünü təntənə ilə qeyd etdi. Hazırda isə ədliyyə işçiləri öz peşə bayramları ərəfəsindədir. Belə ki, 22 noyabr ədliyyə işçilərinin peşə bayramıdır.

Ədliyyə işçilərinin peşə bayramı keçirilərkən çoxəsrlik dövlətçilik ənənəsi olan ölkəmizin ədliyyə tarixinə nəzər salmaq yerinə düşər. 1918-ci ildə qurulan və cəmi 23 ay yaşayan müstəqil Xalq Cümhuriyyəti Azərbaycan tarixinin dövlətçilik ənənələrinin ən şərəfli səhifələrini təşkil edir. 1918-ci il mayın 28-də Cümhuriyyət ilə eyni gündə Ədliyyə Nazirliyi də yaranmışdır. Həmin il noyabrın 14-də məhkəmə palatasının əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edilmişdir. Sonralar sovet hakimiyyəti dövründə Ədliyyə Nazirliyi ləğv edilərək Xalq Ədliyyə Komissarlığı yaradılmışdır. 1930-cu ildə isə həmin struktur ləğv edilərək onun funksiyaları müxtəlif orqanlara, prokurorluq, ali məhkəmə, mərkəzi icraiyyə komitəsi və digər qurumlara verilmişdir. Beləliklə, SSRİ dövründə bir neçə dəfə ləğv edilərək yenidən qurulan Ədliyyə Nazirliyinin sonuncu bərpası 1970-ci ilə, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrə təsadüf edir. Həmin il oktyabrın 27-də Ədliyyə Nazirliyi yenidən təsis edilərək Azərbaycan ədliyyə tarixində yeni mərhələnin başlanğıcı qoyulmuşdur. Bu qurumun köklü inkişafı böyük öndərin ikinci dəfə ölkə rəhbərliyinə qayıdışından sonra mümkün olmuşdur. Belə ki, əvvəlcə cəzaçəkmə müəssisələri, sonra isə istintaq təcridxanaları Daxili İşlər Nazirliyindən alınıb Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir. 1995-ci ildə referendum yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyamız digər sahələrdə olduğu kimi, ədliyyə sistemində də islahatların əsasını qoymuşdur. Böyük öndərin sədrliyi ilə Hüquqi İslahat Komissiyası yaradılmış, aparılan uğurlu məhkəmə-hüquq islahatları nəticəsində beynəlxalq standartlara uyğun yeni, mütərəqqi qanunlar qəbul edilmiş, ədliyyə orqanlarının fəaliyyət dairəsi genişlənmişdir. Ölkəmizdə insan hüquqlarının daha etibarlı müdafiəsinə yönəlmiş üçpilləli məhkəmə sistemi yaradılmış, hakimlər demokratik prinsiplər əsasında test və müsabiqə yolu ilə seçilirlər.

Heydər Əliyevin 2000-ci il noyabrın 11-də imzaladığı sərəncamla Azərbaycan Demokratik Respublikası Milli Şurası tərəfindən Ədliyyə Nazirliyinin əsasnaməsinin təsdiq edildiyi günün - 22 noyabrın ədliyyə işçilərinin peşə bayramı kimi təsis edilməsi ulu öndərin ədliyyə işçilərinə qayğısının bariz nümunəsidir. Bu dövrdə həm də Ədliyyə Nazirliyinin fəaliyyətinə aid çoxsaylı qanunvericilik aktları qəbul olunmuşdur. Bu sırada “Məhkəmə və hakimlər haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunları, Mülki Məcəllə, Ailə Məcəlləsi, Cinayət Prosessual Məcəllə, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında və sair aktları nümunə göstərmək olar.

Notariat haqqında” qanuna uyğun olaraq Dövlət Notariusu bir sıra əməliyyatları–əqdləri və etibarnamələri, vərəsəlik hüququ haqqında şəhadətnamələri, sənədlərdəki imzaların həqiqiliyini bir dildən başqa dilə tərcümənin düzgünlüyünüs. təsdiq edir. Ədliyyə orqanlarında aparılan islahatlara müvafiq olaraq nazirliyin fəaliyyətinin ayrı-ayrı sahələrində, o cümlədən notariat haqqında qanunvericilikdə edilən dəyişiklik və əlavələr nəticəsində daha da təkmilləşdirilməsi, hüquqi təbliğatın, əhali arasında izahat işlərinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır.

Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında son illər həyata keçirilən hüquqi islahatlar çərçivəsində bu sahədə də çox böyük işlər görülmüşdür. Bu sahə daim təkmilləşdirilir. Ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə vətəndaşların hüquq və mənafelərinin daha yaxşı qorunması onlara göstərilən hüquqi yardımların yaxşılaşdırılması, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, bir sözlə, ədliyyə orqanının bütün strukturlarının fəaliyyətinin müasir tələblərə uyğun daha da təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

 

Ədliyyə Nazirliyinin bir strukturu olaraq bu gün biz fəaliyyətimizi Azərbaycan Respublikası Konstitusiyasının, “Notariat haqqında” Qanunun, ədliyyə nazirinin əmr və sərəncamlarının, habelə müvafiq icra hakimiyyəti orqanlarının öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktların tələblərinə uyğun qururuq. Ədliyyə işçilərinin peşə bayramının böyük ruh yüksəkliyi ilə qeyd edilməsi həm də onunla əlamətdardır ki, bu il ədliyyə orqanlarının yaranmasının 95 ili tamam olur. Ədliyyə Nazirliyinin bir strukturunun işçiləri kimi peşə bayramımızdan qürursevinc hissi duyur, bu münasibətlə bütün həmkarlarımızı təbrik edirik.

 

Ramiz HÜMMƏTOV,

 

Abşeron rayon 1 saylı Notariat Kontorunun notariusu.

 

Respublika.-2013.- 22 noyabr.- S.8.