Sumqayıt şəhərində Azərbaycan ədliyyəsinin 95 illik yubileyi qeyd olunmuşdur

 

 

  Ümummilli liderimiz Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 22 noyabr ədliyyə işçilərinin peşə bayramı hər il ölkəmizdə təntənəli surətdə qeyd edilir. Müasir Azərbaycanı Xalq Cümhuriyyətinin varisi hesab edən ulu öndər bu tarixi əbəs yerə seçməmişdir. Məhz həmin gün, yəni 1918-ci ilin 22 noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Ədliyyə Nazirliyinin nizamnaməsini təsdiq etmişdir. Elə ona görə də 2013-cü ildə yaranmasının 95-ci ildönümü tamam olan ədliyyə orqanlarının əməkdaşları bu tarixi günü böyük ruh yüksəkliyi, sevinculu öndərə dərin minnətdarlıq duyğuları ilə qarşılayırlar.

Bu günlərdə ölkəmizin iri şəhər və rayonlarında Azərbaycan ədliyyəsinin 95 illik yubileyi ilə bağlı müxtəlif tədbirlər keçirilir. Belə tədbirlərdən biri də 21 noyabr 2013-cü il tarixində respublikamızın iri sənaye mərkəzi sayılan Sumqayıt şəhərində baş tutmuşdur.

Əvvəlcə ədliyyə işçiləri müasir Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək onun Sumqayıt şəhərində ucalan abidəsi önünə əklil və tər çiçəklər qoymuşlar.

Sonradan tədbir iştirakçıları Sumqayıtın tarixi muzeyinin iclas zalına toplaşdılar. Burada Sumqayıt Apelyasiya Məhkəməsinin və onun yurisdiksiyasına aid edilən məhkəmələrin hakimləri, məhkəmə aparatının işçiləri, Sumqayıt Regional Ədliyyə Şöbəsinin, Sumqayıt şəhərində fəaliyyət göstərən icra, qeydiyyat şöbələrinin, notariat kontorlarının əməkdaşları, icra hakimiyyətinin, qanunvericilik hakimiyyətinin, hüquq mühafizə orqanlarının nümayəndələri bir araya gəlmişdilər.

Yığıncağı Sumqayıt Apelyasiya Məhkəməsinin sədri Səadət Bəktaşi açaraq Azərbaycan ədliyyə sisteminin zəngin tarixindən, ölkəmizin yenidən dövlət müstəqillyi əldə etdikdən və cənab Heydər Əliyev respublika rəhbərliyinə qayıtdıqdan sonra ədliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılmasından, bunun üçün həyata keçirilmiş əsaslı tədbirlərdən danışmışdır. Səadət xanım çıxışında ulu öndər Heydər Əliyev siyasi kursunu layiqincə və uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin daha da qüdrətlənməsini, ədliyyə sisteminin təkmilləşdirlməsi üzrə genişmiqyaslı islahatların aparılmasını, insan hüquqlarının etibarlı təmin olunmasını, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, onlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edən ədliyyə infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən ardıcıl işləri xüsusi vurğuladı.

Toplantıda həmçinin hakimlər, ədliyyə şöbələrinin işçiləri də çıxış edərək ölkəmizdə aparılan uğurlu hüquq islahatlarından, ədliyyə sisteminin inkişafından, təkmilləşdirilməsindən söhbət açmış, ədliyyə orqanlarının qanunçuluğun möhkəmləndirilməsi, vətəndaşların hüquqlarının etibarlı təmin olunması işində öz vəzifələrini layiqincə yerinə yetirmələrini qeyd etmişlər.

Tədbir Ədliyyə Nazirliyinin fəaliyyətinə həsr edilmiş 20 dəqiqəlik sənədli filmlə yekunlaşdı.

 

Söhrab Səfiyev,

 

Respublika.-2013.- 22 noyabr.- S.8.