YAP xalqımız qarşısındakı ali missiyanı uğurla yerinə yetirir

 

 

 Azərbaycanı XXI yüzilliyinüçüncü minilliyin dinamik inkişaf yoluna gətirib çıxarmış, ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və  ölkəmizin həyatını kökündən dəyişdirmiş, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoymuş, yarandığı vaxtdan siyasi mübarizələrlə dolu şərəfli bir yol keçmişdir. İqtidar partiyası kimi, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini vermişdir. Bu, bundan sonra da davam edəcək, partiyamız ulu öndərimiz, Azərbaycan xalıqının əbədi lideri Heydər Əliyevin əməllərini yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, onun yolunun və ideyalarının davamçısı olacaqdır.

Bu günlərdə Nərimanov rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 21-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Mərasim Nərimanov rayonu ərazisində yerləşən Kaspian Line Biznes Mərkəzində keçirildi.

Tədbirdə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının fəalları, rayon icra hakimiyyətinin rəhbərliyi, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, kütləvi informasiya işçiləri və fəal gənclər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası və onun böyük lideri, ulu öndər Heydər Əliyev 1993-cü ilin iyunundason dərəcə mürəkkəb, ağır bir dövrdə xalqın təkidli tələbi  ilə ölkəyə rəhbərlik məsuliyyətini üzərinə götürməsəydi, biz çətin ki, bugünkü müstəqil, qüdrətli, sürətlə inkişaf edən, regionun lider dövlətinə çevrilən Azərbaycandan danışa biləcəkdik. Olduqca çətin bir şəraitdə yaranmış bu partiyanın çox qısa bir müddətdə əsl siyasi qüvvə kimi formalaşması, minlərlə vicdanlı və əqidəli insanın onun sıralarında birləşməsi bu gün bir daha Heydər Əliyev fenomeninin, dühasının qüdrətindən xəbər verir.

A.Fərzəliyev vurğuladı ki, 2003-cü ildən alternativi olmayan bu siyasəti inamla davam etdirən möhtərəm Prezident İlham Əliyevin ötən 10 ildəki əzmkar fəaliyyəti Azərbaycanın onilliklərə bərabər inanılmaz bir inkişaf yolu keçməsini təmin etməklə yanaşı, Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirməkdir. YAP-ın güclü siyasi partiya kimi özünü təsdiqləməsi həm də cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətləri ilə şərtlənir. Bu yaxınlarda ölkəmizdə keçirilmiş prezident seçkiləri Azərbaycan vətəndaşlarının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini, onun yürütdüyü siyasi kursu hərtərəfli dəstəklədiyini birmənalı olaraq təsdiqləmişdir. Prezident seçkilərinin nəticələri göstərdi ki, Azərbaycan cəmiyyəti ümummilli liderimiz Heydər Əliyev siyasi kursunu ölkənin davamlı inkişafının, bundan sonrakı uğurlarının, təminatlı gələcəyinin mühüm şərti hesab edir. Prezident cənab İlham Əliyev YAP İdarə Heyəti üzvləri ilə 11 mart 2004-cü il tarixli görüşündə bildirmişdir ki, hər bir partiya üzvü ümummilli lider Heydər Əliyevin həyata keçməyən ali ideallarını, müqəddəs arzularını gerçəkləşdirmək üçün əlindən gələni etməli, dövlətçiliyimizin inkişafına və tərəqqisinə daim xidmət göstərməlidir. Biz bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin Yeni Azərbaycan Partiyasının sədr müavini Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində qabarıq görürük.

Vurğulamaq lazımdır ki, Bakı şəhərində partiyanın ilk təşkilatı Nərimanov rayonunda yaradılmışdır. Hazırda YAP Nərimanov Rayon Təşkilatı üzvlərinin sayı 19115 nəfərə çatmışdır. Ərazi ilk partiya təşkilatlarının sayı 133-ə çatıb. Təşkilatın üzvləri daim ictimai-siyasi proseslərdə böyük fəallıq göstərir. Rayonda inkişaf tempi uğurla davam edir, abadlıq və quruculuq işləri vüsət alır.

YAP-ın yaradılmasının 21-ci illiyinə həsr olunmuş geniş tədbirdə YAP Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, millət vəkillərindən Siyavuş Novruzov, Mübariz  Qurbanlı, YAP İdarə Heyəti Ağsaqqallar Şurasının sədri Kərim Kərimov və Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa və Tibbi Amillərlə Müalicə İnstitutunun direktoru Əlişir Musayev çıxış etdilər.

Tədbirdə Nərimanov rayonunun ictimai-siyasi həyatında göstərdiyi xidmətlərə görə bir qrup şəxsə YAP Nərimanov Rayon Təşkilatının və həmçinin Nərimanov Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələr təqdim olundu.

 

Qədir ASLAN

 

Respublika.-2013.- 22 noyabr.- S.9.