Ədliyyə işçiləri peşə bayramlarını qeyd etdilər

 

Ədliyyə işçilərinin 95 illik yubileyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə Şöbəsinin kollektivi tərəfindən təntənə ilə qeyd edildi.

Ədliyyə işçiləri bayram tədbirinə ulu öndər Heydər Əliyevin şəhərin baş meydanında ucadan əzəmətli abidəsini ziyarət etməklə və önünə gül-çiçək dəstələr düzməklə başladılar.

Bayram münasibətilə keçirilən yığıncağı Göyçay Regional Ədliyyə Şöbəsinin rəhbəri, ədliyyə müşaviri Ruslan Osmanlı açaraq Azərbaycan Ədliyyə orqanlarının keçdiyi şərəfli yol barədə danışdı.

Göyçay RƏŞ-in aparıcı məsləhətçisi Teymur Mustafayev tədbir iştirakçıları qarşısında “Azərbaycan ədliyyəsinin 95 illik yubileyimövzusunda məruzə ilə çıxış etdi. O bildirdi ki, milli mənafeləri hər şeydən uca tutan uzaqgörən siyasətçi Heydər Əliyev hələ 70-ci illərdə Azərbaycanın gələcəkdə müstəqil dövlət kimi mövcudluğuna və inkişafına zəmin yaratmaq istiqamətində çox tədbirlər həyata keçirirdi. Ölkə iqtisadiyyatı məhz bu məqsədə uyğun istiqamətlərdə inkişaf etdirilir, milli təhlükəsizlik, hərbi və digər sahələrdə milli kadr korpusu yetişdirilir və digər tədbirlər görülürdü.

Ulu öndər Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladıqdan az sonra 1970-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi təsis edildi. Məhz həmin ildən Ədliyyə Nazirliyi formalaşmağa başladı, onun gələcək inkişafının təməli qoyuldu.

Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən və ümummilli liderimiz Heydər Əliyev ölkədə yenidən siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan ədliyyəsinin həyatında yeni dövr başlandı.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Respublikasını daha dinamik, sürətli inkişaf yoluna çıxarmışdır. Ötən müddətdə Azərbaycan Prezidentinin məhkəmə və ədliyyə sisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə imzaladığı ən mühüm sənədlərdən biri 2009-cu il 6 fevral tarixli - Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramıdır. Dövlət Proqramı ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiyakommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqimaddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi istiqamətində böyük rol oynayıb.

Hazırda ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi çərçivəsində məhkəmə fəaliyyətində, o cümlədən məhkəmə proseslərinin aparılmasında yeni texnologiyalar tətbiq olunur, məhkəmələrin maddi-texniki bazası yaxşılaşdırılır.

Yığıncaqda elan olundu ki, şöbə rəhbəri Ruslan Osmanlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən müşavir rütbəsi ilə təltif edilmişdir.

Məruzə ətrafında Göyçay RİH başçısının müavini Ədalət Dövlətov və Yunis Osmanov, rayon prokuroru Fuad Məmmədov, notarius Polad Nəcəfov, qeydiyyat şöbəsinin müdiri Könül Məmmədova və başqaları çıxış etdilər.

Bayram tədbirini Göyçay RƏŞ-in rəhbəri, ədliyyə müşaviri Ruslan Osmanlı yekunlaşdırdı.

 

Vəli İLYASOV

 

Respublika.-2013.- 23 noyabr.- S.6.