Milli Elmlər Akademiyasında islahatlar həyata keçirilir,

     maddi-texniki baza gücləndirilir

                                                                                

  Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadənin mətbuat konfransı keçirilmişdir. Rəyasət Heyətində təşkil olunmuş tədbirdə AMEA rəhbəri son zamanlar akademiyada həyata keçirilmiş islahatlardan, maddi-texniki bazanın gücləndirilməsi, innovasiya xarakterli elmi-tədqiqat işlərinin genişləndirilməsi, əməkdaşların mənzil və iş şəraitinin yaxşılaşdırılması, dünyanın aparıcı elmi müəssisələri ilə əlaqələrin qurulmasından danışmışdır. Bildirmişdir ki, akademiyada aparılan islahatları sürətləndirmək, elmi müəssisələr arasındakı əlaqələri gücləndirmək və tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək məqsədi ilə AMEA-nın elmi müəssisələrinin strukturları yenilənir. Akademiyada idarəetmənin və aparılan islahatların çevikliyinin artırılması, elmi müəssisələr üçün aktual olan məsələlərin geniş müzakirəsi, problemlərin səmərəli həll yollarının axtarılması məqsədi ilə AMEA Elmi Müəssisələrinin Direktorları Şurası yaradılmışdır. Son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verildiyini, yüksək ixtisaslı gənc alim və mütəxəssislərin yetişdiyini deyən akademik Akif Əlizadə vurğulamışdır ki, onların intellektual inkişafına nail olmaq üçün AMEA-da Gənc Alim və Mütəxəssislər şuraları təsis olunur.İnnovativ Layihələrin Ekspertizası və Koordinasiyası Şurasının yaradılması mühüm addımlardan biri kimi qiymətləndirilmiş və əldə olunan elmi nəticələrin tətbiqi istiqamətində aparılan islahatların davam etdiyi vurğulanmışdır. AMEA-nın biznes təşkilatları və QHT-lərlə birgə innovativ fəaliyyətinin formalaşdırıldığı, Təcrübə-Sənaye Zavodunun elmi-innovativ fəaliyyətinin gücləndirilməsi istiqamətində məqsədyönlü işlər aparıldığını bildirmişdir.Elmi tədqiqatların, əldə olunan innovativ nəticələrin həm ölkə, həm də dünya ictimaiyyətinə çatdırılmasını əsas hədəflərdən hesab edən akademik A.Əlizadə bununla bağlı “Thomson Reuters”in nümayəndələri ilə görüşündən söz açmışdır. Belə ki, alimlərin qlobal elmi bazaya çıxış təcrübəsini artırmaq üçün xüsusi təlim, seminar və kursların təşkili nəzərdə tutulur. Hazırda ictimaiyyətlə əlaqələrin qurulmasının, AMEA-nın bütün institut və təşkilatlarında bu işə məsul şəxslərin təyin edilməsinin vacibliyi də vurğulanmışdır.B.N.Yeltsin adına Rusiya Prezident Kitabxanasının baş direktoru Aleksandr Verşin, “Schlumberger” şirkətinin Moskva ofisinin nümayəndə heyətinin rəhbəri Georgi Karnauxov, Yaponiyanın “Tokyo Boeki Technology Ltd” şirkətinin prezidenti Kazuey Uçida və Belarus Respublikası Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin sədri Vladimir Qusakovla görüşlərindən bəhs edən A.Əlizadə bu qurumlarla qarşılıqlı əməkdaşlığın inkişafı imkanlarının müzakirə olunduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu istiqamətdə işlər elmi-innovativ fəaliyyətin təşkili sahəsində beynəlxalq təcrübədən faydalanmağa xidmət edir. Elmi kadr hazırlığına toxunan AMEA rəhbəri “Gənclər üçün Prezident Mükafatı”na namizədliyi irəli sürülmüş 8 alimdən danışmış, onların böyük potensiala malik olduqlarını vurğulamışdır. Həmçinin, qeyd etmişdir ki, bu il Prezident İlham Əliyevin dəstəyi ilə 10-dan çox gənc tədqiqatçının Avropanın elmi müəssisələrində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə təhsil almağa göndəriləcək, apardıqları tədqiqat işlərinin nəticələri elmi şuralarda müzakirəyə çıxarılacaqdır. Elmin inkişafına böyük töhfələr verən və mühüm nailiyyətlər qazanan alimləri stimullaşdırmaq məqsədi ilə “Nizami Gəncəvi adına Qızıl medal”ın təsisi, əsasnaməsinin təsdiq olunması üçün ölkə prezidentinə müraciət ediləcəyini deyən A.Əlizadə bununla alimləri daha yüksək səviyyəli tədqiqatlara həvəsləndirəcəyini söyləmişdir.

AMEA əməkdaşlarının mənzil problemlərinin həlli, müasir tələblərə cavab verən səhiyyə, ticarət və istirahət mərkəzlərinin yaradılması mətbuat konfransında xüsusi diqqət çəkən məsələlərdən olmuşdur. Qeyd edilmişdir ki, “Akademiya şəhərciyi”ndə Mərkəzi Elmi Kitabxananın və “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin inşası, Kimya Problemləri, Fizika və Geologiya institutlarında aparılan əsaslı təmir bu ilin sonunda yekunlaşacaq. Elmin inkişafını dəstəkləyən fərman və sərəncamların icra vəziyyəti ilə bağlı məlumat verən akademik Akif Əlizadə “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”nın daha bir ilinin yekunlaşdığını və AMEA-nın 2020-ci ilə qədərki inkişafını nəzərdə tutan sənədin hazırlanacağını qeyd etmişdir.

Sonda AMEA-nın 70 illiyinə hazırlıq işlərindən söhbət açan akademik Akif Əlizadə yubileyin təntənəli qeyd olunması üçün dövlət qarşısında vəsatət qaldırılacağını söyləmişdir. Azərbaycan alimlərinin I qurultayının keçiriləcəyini söyləyən AMEA rəhbəri bununla bağlı veb saytın hazırlanması, “Azərbaycan alimləri” adlı bələdçi kitabın və alimlərin peşə bayramının qeyd olunması üçün “Elm günü”nün təsis ediməsi ilə əlaqədar ölkə Prezidentinə müraciətin də hazırlanacağını demişdir.

 

    Samir Zeynalov

    Respublika.-2013.- 24 noyabr.- S.5.