Kitabxanada yubiley tədbiri

 

      M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyi ilə birgə görkəmli xalq şairi Nigar Rəfibəylinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən çap olunmuş “Şanlı nəsillərin yadigarıyam” (tərtib edəni Sona Xəyal) və “Məhəbbətim bölünmədi” (tərtib edəni Pərvin) kitablarının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamladı və sözü mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verdi.

      Vaqif müəllim Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Nigar Rəfibəylinin 100 illik yubileyinin keçirilməsi barədə sərəncamını bu görkəmli xalq şairinin yaradıcılığına verilən yüksək qiymət kimi dəyərləndirmiş və bu gözəl tərtibatlı kitabların incə ruhlu şairənin yubileyinə töhfə olaraq nəşr edildiyini bildirmişdir.

       Tədbir iştirakçıları Nigar xanım haqqında çəkilmiş sənədli filmə tamaşa etmişlər.

Dağları duman alanda,

Gözüm yollarda qalanda

Yadıma səni salanda

Gül yanağın solmasınmı?

      Görkəmli bəstəkarımız Emin Sabitoğlunun Nigar Rəfibəylinin sözlərinə bəstələdiyi bu məşhur mahnı bənzərsiz müğənnimiz Zeynəb Xanlarovanın ifasında səsləndirilərkən ürəklər riqqətə gəldi və o xoş günlər xatırlandı. Göyçayın məşhur Çinarı, Gəncənin füsunkar gözəlliyi sanki göz önündə canlanırdı.

    Nigar xanımın atası Xudadat bəy Avropada oxumuş ilk ali təhsilli azərbaycanlı cərrah idi. 6 yaşlı Nigarın ali təhsilli cərrah atasını— bəy nəslindən olan Xudadat bəyi haqsız olaraq Nargin adasında güllələmişlər. Çünki o Azərbaycan Demokratik Cümhuriyyəti zamanında səhiyyə naziri, Gəncə quberniyasının valisi vəzifələrində çalışmışdı.

      Bu çətin məhrumiyyətlərə baxmayaraq, Nigar xanım öz qürurunu saxladı, sınmadı və bir-birindən bənzərsiz neçə-neçə sənət əsərləri yaratmış və fars dilində yazılmış klassiklərimizin əsərlərini peşəkarlıqla ana dilimizə tərcümə etmişdir. 900 il bundan əvvəl Məhsəti Gəncəvinin yazdığı rübailəri oxunaqlı dilimizə çevirmiş Nigar Rəfibəylinin ruhları sanki bir-birinə qovuşmuşdur.

     Xalq şairi Nəriman Həsənzadə qüdrətli söz ustası, xalq şairi Rəsul Rza ilə birlikdə Nigar xanımın mehriban söhbətlərinin şahidi olduğunu söyləmiş, hətta bir kövrək xatirə də danışmışdır. Bir gün Rəsul Rzanın evinə getmişdim. Ölməz sənətkar təzə şeirimi çox bəyəndi və yazdığım şeirin üzərinə o vaxtlar “Ədəbiyyat” qəzetinin redaktoru Qasım Qasımzadənin adına belə yazmışdı: “Çapını təkidlə çap elə”. Nəriman müəllim bir kövrək xatirəni də danışdı: “Hərbi xidmətdə idim. Bir gün xəbər gəldi ki, anam dünyasını dəyişib. Mənə rus komandirləri evə getməyə icazə verməsələr də, əsgərlikdən qaçıb kəndimə gəldim, anamın dəfnində iştirak etdim. Məni hərbi tribunala vermişdilər. O çətin, kimsəsiz dövrümdə böyük şəxsiyyətlər Rəsul Rza Nigar xanımla hərbi tribunala gələrək mənim xahişimi etmiş və məni həbs olmaq təhlükəsindən azad etmişlər”.

    Nəriman Həsənzadə onu da vurğulamışdır ki, əgər Nigar Rəfibəyli şeir yazmasaydı da, o, tək tərcümələrinə görə yenə də tarixdə qalacaq və yenə də hörmətlə xatırlanacaqdı.

AYB-in katibi Arif Əmrahoğlu öz çıxışında redaktoru olduğu bu kitablardan bəhs etmiş və Nigar Rəfibəylinin yaradıcılığından danışmışdır.

ADPU-nun filologiya fakültəsinin dekanı, professor Buludxan Xəlilov demişdir: “Ədəbiyyatda çox nadir insanlar var ki, qoşa qanadla ədəbiyyatda qalıblar. Bir-birinə arxa olublar. Rəsul Rzanın böyüklüyü onda olub ki, onun Nigar xanım kimi qürurlu, sədaqətli ömür-gün yoldaşı olub.

Nigar xanımın incə dəst-xətti olub. Şeirlərini oxuyarkən muncuq kimi düzülən sözlər sanki insanın ruhunu tənzimləyir. Çünki o, Nizamidən qaynaqlanıb. Füzulini, Məhsəti Gəncəvini, Mayakovskini tərcümə edib”.

Müasir Azərbaycan ədəbiyyatında Rəsul Rza ilə Nigar Rəfibəyli  və bu böyük nəslin layiqli davamçısı Anar təmsil olunur.  Bir nəsildə üç söz ustasının yetişməsi Azərbaycan xalqının böyüklüyündən, soykökünün bağlılığından xəbər verir.

Buludxan müəllim onu da qeyd etmişdir ki, ovqatımızın qəmli məqamında Nigar xanımın poeziyasını oxuyarkən, mahnılarına qulaq asarkən zövq alırıq. Tarıma çəkilmiş əsəblərimiz sanki sakitləşir. “Aman ayrılıq” mahnısı hər birimizi kövrəltsə də, Nigar xanımın böyük ürək sahibi olduğunu  aydın hiss edirsən.

     Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, BDU-nun filologiya fakültəsinin professoru Alxan Bayramoğlu demişdir:

—Nigar Rəfibəylinin lirikası insan əsəblərinə, ruhuna sığal çəkir. Onun yaradıcılığında işığa doğru yürüş var. O, ağrı-acıları qəbul etsə də, sızıntıları kimsəyə ünvanlamır. Çünki onun poeziyasında torpaq gücü var.

AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini Teymur Kərimli Azər Abdullanın çap etdirdiyi qəzetdə Rəsul Rza haqqında yazdığı əsərdən danışmış və Nigar xanımın Füzulinin əsərindən tərcümə etdiyi qəzəli söyləmişdir.

Sonra söz AYB-in sədri, Azərbaycanın xalq yazıçısı Anara verilmişdir. Anar müəllim ölkə Prezident İlham Əliyevə, Mədəniyyət və Turizm Nazirliyinə, eləcə də bu silsilə tədbirlərdə iştirak edən qonaqlara öz təşəkkürünü bildirmiş və bu tədbirdə iştirak edən ailəsi, qohumları adından hər bir kəsə öz minnətdarlığını bildirmişdir.

Tədbir iştirakçılarına Nigar Rəfibəylinin kitabları təqdim olunmuş və görkəmli sənətkarın sözlərinə bəstələnmiş mahnılar səsləndirilmişdir.

Tədbirin sonunda iştirakçılar “Şanlı nəsillərin yadigarıyam —Nigar Rəfibəyli —100” adlı geniş kitab sərgisi ilə tanış olmuşlar. Tədbirdə həmçinin Azərbaycan Milli Kitabxanasının işçiləri tərəfindən hazırlanmış “Nigar Rəfibəyli —100” adlı məlumat bazasının təqdimatı da keçirilmişdir.

 

Rauf İLYASOĞLU,

Respublika.-2013.- 24 noyabr.- S.5.