Ölkəmizin sosial-iqtisadi inkişafı davamlıdır

                               Son on ildə həyata keçirilən irimiqyaslı layihələr bunu deməyə əsas verir

 

 Bu gün Azərbaycanın əldə etdiyi tərəqqi və inkişaf məhz ulu öndərimiz, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev siyasətinin uğurlu davamı və məntiqi nəticəsidir. Azərbaycan xalqı respublikamızın davamlı inkişafı naminə 9 oktyabrda keçirilən prezident seçkilərində ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursa dəstək verdi. Seçicilərin mütləq əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev növbəti 5 il müddətinə ölkə başçısı seçildi. Xalq tərəfindən bu siyasi kursa yenidən dəstəyin verilməsi ölkəmizin son on ildə keçdiyi uğurlu inkişaf yoluna əsaslanır. Vətənə və xalqa sədaqət andı içərək səlahiyyətlərinin icrasına başlayan dövlət başçısı cənab İlham Əliyev respublikamızın iqtisadi inkişaf təmayüllərini müəyyənləşdirərək sosialyönümlü islahatların davam etdirilməsi üçün prioritetləri açıqlamışdır.

 Ötən on il ərzindəki fəaliyyəti dövlət başçısının verdiyi bütün vədlərin əməli işə söykəndiyini təsdiqləmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev andiçmə mərasimində demişdir: “Şadam ki, on il ərzində qarşıda duran bütün vəzifələr uğurla icra edildi. Hesab edirəm ki, prezident seçkilərində Azərbaycan xalqının mütləq əksəriyyətinin öz səsini bu siyasətə verməsi bir daha onu göstərdi ki, son on il ərzində verilən bütün vədlər icra edildi. Azərbaycan xalqı görülmüş işlərə öz qiymətini, öz səsini verdi. Eyni zamanda, bu səsvermədə gələcəklə bağlı öz fikirlərini, arzularını ifadə etdi. Əminəm ki, Azərbaycan xalqında qəti inam vardır ki, Azərbaycan bundan sonra da yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir”.

Ötən on ildə ölkənin əldə etdiyi böyük nailiyyətlər gündəlik həyatımızda hiss olunmaqdadır. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qazanılan inanılmaz uğurlar xalqın son seçkilərdə alternativsiz və prinsipial seçimini təmin etmişdir.

Ötən illərdə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum səviyyədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı İlham Əliyevin yüksək bilik və intellektə, təcrübə və istedadı, geniş dünyagörüşə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha nümayiş etdirir.

Ümumilikdə, geridə qalan on il Azərbaycan dövlətinin yüksəlişi və öz hədəflərinə yetişməsi üçün zərrə-zərrə formalaşdırdığı böyük potensialın bütün əzəməti ilə reallığa çevirdiyi əlamətdar mərhələdir. Müdrik xalqımız on il öncə inanıb taleyini etibar etdiyi cənab İlham Əliyev həyata keçirdiyi qlobal layihələrlə ümummilli liderin zəngin dövlətçilik irsində müəyyən olunmuş böyük amalları həyat gerçəkliklərinə çevirən güclü siyasi xadim olduğunu təsdiqləmişdir. Dövlət başçısının yürütdüyü siyasətin məqsədyönlülüyü, ardıcıllığı, obyektiv gerçəkliyə əsaslanması bir sıra strateji sahələrdə əldə olunmuş uğurlar fonunda bir daha aydın görünür.

Dövlət başçısının xalqın mənafeyini daim uca tutmaqla həyata keçirdiyi iqtisadi siyasət strategiyasının uğurları, ilk növbədə, respublikamızın ötən on ildə qazandığı makroiqtisadi göstəricilərdə öz əksini tapır. Belə ki, ölkənin əsas makrogöstəricisi olan ümumi daxili məhsul son on ildə 3,4 dəfə artmışdır. Hazırda Azərbaycanın ümumi daxili məhsulu Cənubi Qafqaz ölkələrinin məcmu ÜDM-in 70 faizdən çoxunu təşkil edir. Əhalinin hər nəfərinə düşən ÜDM-in həcmində 3 dəfə, qeyri-neft sektorunda isə 2,7 dəfə artım olunmuşdur. Adambaşına ÜDM-in həcmi 2003-cü ildə 889 dollar idisə, 2012-ci ildə 7491 dollara bərabər olmuşdur.

Son on ildə iqtisadiyyatın inkişaf etdirilməsinə, müxtəlif sosial və infrastruktur layihələrinin həyata keçirilməsinə 109,8 milyard manat həcmində investisiya yönəldilmişdir. İnvestisiyaların 50,6 faizi daxili mənbələr hesabına maliyyələşdirilmiş, 49,4 faizi isə xaricdən cəlb edilmişdir. Bu dövr ərzində istifadə edilmiş investisiya vəsaitlərinin 40,7 milyard manatı neft-qaz sektorunun inkişafına, 69,1 milyard manatı və ya 63 faizi iqtisadiyyatın qeyri-neft sahələrinin və maliyyə bazarının inkişaf etdirilməsinə yönəldilmişdir. On il ərzində 38 olimpiya idman kompleksi, 5 stadion, 12 şahmat məktəbi, 5524 çarpayılıq xəstəxana, 408,2 min şagird yerlik ümumtəhsil müəssisələri, 726 kilometr yeni avtomobil yolları və s. istifadəyə verilmişdir.

Sosial məsələlər də diqqətdən kənarda qalmamışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü ilin 9 ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında qeyd etdiyi kimi, ölkədə həyata keçirilən iqtisadi siyasət insanların firavan yaşayışına xidmət edir: “Təkcə bu ilin 9 ayında 90 minə yaxın yeni iş yeri açılmışdır ki, bu da işsizliyin azaldılmasına gətirib çıxarmışdır. Son məlumata görə, Azərbaycanda işsizlik 5 faizdən aşağıdır. İşsizliklə bilavasitə bağlı olan yoxsulluq da aşağı düşür”.

Hazırda Azərbaycanın hərtərəfli inkişafı üçün bütün sahələr üzrə xüsusi inkişaf proqramları və işlək icra mexanizmləri mövcuddur. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycan dövləti son illərdə iqtisadi artım sürətinə görə dünyada liderliyini inamla qoruyub saxlayır.

Bu gün Azərbaycanın hər bir regionu inkişaf edir. Paytaxtla rayonlar arasındakı fərqlər çox sürətlə aradan qalxır. Hər bir rayonda yeni infrastruktur layihələri reallaşdırılır, yollar çəkilir, parklar salınır, iş yerləri açılır, əhalinin güzəranı daha da yaxşılaşır. Əlbəttə ki, bütün bunlar bir məqsədə xidmət edir: Azərbaycan vətəndaşları üçün daha yaxşı həyat şəraiti təmin olunsun. Dövlət başçısı həmişə çıxışlarında qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır, yəni bu siyasət insan amilinə söykənir. Ona görə də müstəqil Azərbaycan dövlətinin əldə etdiyi böyük nailiyyətlər hər bir vətəndaşımız tərəfindən yüksək qiymətləndirilir, həmçinin xalqın öz liderinə inamını möhkəmləndirir.

Azərbaycan 22 ildir ki, müstəqil bir dövlətdir. Bu 22 il dövlətçilik baxımından çox da böyük olmayan bir tarixi dövrdür. Amma buna baxmayaraq, qısa zamanda böyük inkişaf yolu keçib, öz müstəqilliyini möhkəmləndirib, dönməz və əbədi edib. Bu gün dövlətimiz tam müstəqil, heç kəsdən asılı olmayaraq, yalnız vətəndaşlarımızın ali mənafeyinə xidmət edən siyasət həyata keçirir.

Cənab İlham Əliyevin onillik prezidentliyi dövründə əldə olunan möhtəşəm nailiyyətlərin canlı şahidləri kimi qəti əminliklə söyləyə bilərik ki, müstəqil Azərbaycan dövləti bu illər ərzində bir neçə on illərə bərabər sürətli inkişaf yolu keçib. Dövlətimizin başçısının yürütdüyü daxili və xarici siyasət bir-birini tamamlayaraq Azərbaycanın milli maraqlarının maksimum dərəcədə təmin olunmasına yönəlib.

Tam əminliklə və qətiyyətlə söyləmək olar ki, Prezident İlham Əliyev ulu öndərimizin siyasi və iqtisadi inkişaf kursunu layiqincə davam etdirir. Ümummilli liderin siyasi irsini yaşadan Yeni Azərbaycan Partiyası respublikanın yeniləşmə və tərəqqi yolu ilə yüksəlişin önündə gedir. Partiya üzvləri ölkəmizin daha da güclənməsi naminə ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçisi olmaqla, bu siyasətin uğurlarını xalq arasında geniş təbliğ etməkdədir. Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrinin nümayəndələrinin güclü dəstəyinə malikdir. Biz bu dəstəyi bugünə qədər keçirilən bütün seçkilərin nəticələrində real olaraq hiss etmişik. Azərbaycan xalqının mütləq əksəriyyətinin böyük dəstəyi ilə təmin olunan bu qələbələrin əsasında məhz böyük etimad dayanır. Ötən 21 il ərzində keçilən yola nəzər saldıqda, qazanılan uğurların fonunda bir daha ulu öndərimiz Heydər Əliyevin vaxtilə əminliklə söylədiyi “YAP dünənin, bugünün və gələcəyin partiyasıdır” fikrinin nə qədər doğru olduğunu müşahidə edirik.

Bu gün Azərbaycan inkişaf edən, müasirləşən, beynəlxalq aləmdə böyük nüfuzu olan, qlobal layihələri reallaşdıran, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən bir dövlətdir. 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçiriləcək Avropa Olimpiya Oyunlarına ev sahibliyi edəcəkdir. Prezident İlham Əliyev birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi barədə qərarı böyük tarixi hadisə adlandıraraq deyib: “Bu bizə göstərilən böyük inamdır, böyük etimaddır, böyük hörmətdir, eyni zamanda, üzərimizə düşən böyük məsuliyyətdir. Mən şübhə etmirəm ki, biz bu sınaqdan da uğurla və şərəflə çıxacağıq, bu oyunları yüksək səviyyədə keçirəcəyik”.

Bütün bunlar bariz şəkildə təsdiqləyir ki, müstəqil Azərbaycan dünyanın ən önəmli üzvlərindən biridir və məhz cənab İlham Əliyevin rəhbərliyi ilə sabaha inamla baxır. İnanırıq ki, bundan sonra da xalqımız ölkə Prezidentinin rəhbərliyi ilə daha möhtəşəm qələbələrin və zəfərlərin sevincini yaşayacaqdır.

 

Qoşqar MƏMMƏDOV,

Nərimanov rayon MKTB-nin rəisi

Respublika.-2013.- 26 noyabr.- S.10.