Görkəmli alim-pedaqoq

 

  Əməkdar elm və texnika xadimi, SSRİ Dövlət Mükafatı laureatı,  texnika elmləri doktoru, professor İzzət Əhməd oğlu Nəbiyev respublikamızda, eləcə də keçmiş Sovetlər Birliyi məkanında neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsinin elmi-praktiki əsaslarını qoymuş alimlərimizdən biridir.

Ömrünün 50 ilindən çoxunu elmi təşkilatçılığa, gənc kadrların tərbiyəsinə və təhsilinə, respublikamızda o vaxtlar yeni elmi-texniki istiqamət olan avtomatlaşdırma, informatika və cihazqayırma sahələrinin bünövrəsinin qoyulmasına və inkişafına həsr edən İzzət müəllim şərəfli və məhsuldar həyat yolu keçmişdir.

O, çoxşaxəli yaradıcılığı, ölkəmizdə neft sənayesinin təşəkkülü və inkişafı sahəsində göstərdiyi məhsuldar fəaliyyəti ilə alim və ictimai xadim kimi yalnız respublikamızda deyil, dünya miqyasında da geniş şöhrət qazanmış Azərbaycan ziyalısı idi.

İzzət Əhməd oğlu 1923-cü ildə Şəki şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1940-cı ildə Bakıda 132 saylı orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra İzzət Nəbiyev indiki Azərbaycan Dövlət Neft Akademiyasına (o zaman Azərbaycan Sənaye İnstitutu adlandırılırdı) daxil olmuş, lakin könüllü olaraq cəbhəyə getdiyindən institutda təhsilini ancaq müharibədən sonra başa vura bilmişdir. Böyük Vətən müharibəsinin iştirakçısı İzzət müəllim 1949-cu ildə ali təhsilini əla qiymətlərlə bitirdikdən sonra Azneft Birliyində mühəndis işləmişdir. 1951-ci ildə respublikanın göndərişi ilə Moskva Energetika İnstitutunun aspiranturasına oxumağa getmiş, 1954-cü ildə namizədlik, 1972-ci ildə isə doktorluq prizintasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.

İzzət müəllimin 1954-cü ildən sonrakı əmək fəaliyyəti ali məktəbdə yüksək ixtisaslı elm və mühəndis kadrlarının hazırlanması, respublikanın neft və qaz sənayesinin avtomatlaşdırılması ilə bağlı olmuşdur.

O, 1960-cı ildə neft profilli ali məktəblərdə yeni bir fakültənin–İstehsal proseslərinin aftomatlaşdırılması fakültəsinin əsasını qoymuş və onun ilk dekanı olmuşdur. 1970-ci ildə isə Avtomatika, telemexanika və elektronika kafedrasına müdir seçilmişdir və ömrünün axırınadək həmin kafedraya rəhbərlik etmişdir.

Neft və qaz sənayesinin artırılması sahəsində Azərbaycanda müvafiq elmi məktəbin yaradılmasında öz töhfələrini vermiş professor İzzət Nəbiyev zəngin elmi yaradıcılığa malikdir. Sanballı monoqrafiyalar, dərsliklər müəllifi professor İzzət Nəbiyevin bir sıra elmi kitabları Moskvada işıq üzü görmüşdür. Alimin “Neft quyularının məhsuldarlığının teleölçüsü üçün avtomatik sistemlər”, “Ölçmə məlumatının yığılması və çevrilməsinin diskret texniki vasitələri”, “Neftçıxarma sənayesi üçün telemexanika kompleksləri” monoqrafiyaları və neçə-neçə elmi məqalələri Moskvada dərc olunmuşdur. Bu da azərbaycanlı alimin məşğul olduğu sahədə keçmiş İttifaq məkanında aparıcı alimlər elitasında yer tutmasının bariz sübutdur. İzzət Nəbiyev 11 monoqrafiya və dərs vəsaitinin, 300-dən artıq elmi məqalə, 50 ixtira üçün müəlliflik şəhadətnaməsinə malikdir. Həmin elmi əsərlər bu gün də aktualdır və gənc tədqiqatçılar tərəfindən geniş istifadə edilir.

Professor İzzət Nəbiyev elmlə istehsalatın vəhdətini ön plana çəkən alimlərdən olmuşdur. 1957-ci ildən ömrünün axırınadək—1993-cü ilə qədər o, eyni zamanda Sumqayıt “Neftkimyaavtomat” Elmi-Tədqiqat və Layihə İnstitutunda (indiki “Neftqazavtomat” Elmi-İstehsalat Birliyində) yerinə yetirilən İttifaq əhəmiyyətli elmi-tədqiqat və konstruktor-layihə işlərində bilavasitə iştirak etmişdir. Onun əldə etdiyi fundamental nəzəri nəticələr kütləvi istehsalda mənimsənilmiş, respublikamızın, eləcə də keçmiş İttifaqın neft və qaz sənayesinin avtomatlaşdırılması və telemexanikləşdirilməsi komplekslərinin yaradılmasında mühüm rol oynamışdır.

1969-cu ildə professor İzzət Nəbiyev bir qrup həmkarı ilə birlikdə “Avtomatlaşdırma sistemlərinin və texniki vasitələr kompleksinin işlənməsi və Azərbaycan neft sənayesində tətbiqinə görə” SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.

Professor İzzət Nəbiyev geniş diapazonlu pedaqoq kimi gənc nəslin təlim-tərbiyəsinə, respublikamızın xalq təsərrüfatının prioritet sahələri üçün mühəndis, elmi kadrların hazırlanmasına daim xüsusi diqqət və qayğı göstərmişdir. O, 4000-dən çox yüksək ixtisaslı mühəndisin yetişməsində böyük rol oynamışdır.

İzzət Nəbiyev avtomatlaşma və cihazqayırma sahəsində fənlərin Azərbaycan dilində tədrisinin nizamlı sistemini yaratmış ilk və öndər alimlərin sırasında layiqli yer tutur. O, respublikada birinci olaraq Azərbaycan dilində “Telemexanika” dərsliyinin müəllifidir. İzzət müəllim onlarca dərs vəsaitinin yazılmasında, redaktə edilməsində və tədris prosesinə tətbiq olunmasında bilavasitə iştirak etmişdir.

Dövlətimiz və xalqımız professor İ.Ə.Nəbiyevin məhsuldar alim-pedaqoq və elmi təşkilatçılıq əməyinə yüksək qiymət vermişdir. 1981-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar Elm və Texnika Xadimi fəxri adı verilmiş, bir sıra medallarla təltif olunmuşdur.

Respublika Prezidenti yanında Ali Attestasiya Komissiyasının üzvü, keçmiş SSRİ-nin Ali Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının üzvü, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının Avtomatika və istehsal proseslərinin avtomatlaşdırılması bölməsinin sədri, müxtəlif dövrlərdə ixtisaslaşdırılmış elmi şuraların üzvü kimi mühəndis kadrların hazırlanmasında xeyli əmək sərf etmişdir. Onun elmi rəhbərliyi və məsləhətçiliyi ilə 75 elmlər doktoru və namizədləri yetişmişdir.

İzzət müəllim xeyirxah, nəcib işləri ilə özünə unudulmaz mənəvi abidə ucaltmışdır. Azərbaycan Dövlət Neft Akademiyasında vaxtilə onun rəhbərlik etdiyi Avtomatika, tekmexanika kafedrasında və yaşadığı binanın fasadında görkəmli heykəltəraş Ömər Eldarovun müəllifi olduğu xatirə lövhələri vurulmuşdur.

Bakıda küçələrdən birinə İzzət Nəbiyevin adı verilmişdir.

O, böyük bir maarifçi ailənin və nəslin yetirməsi idi. Babası Rəşid bəy Əfəndiyev (1863-1942) ilk Azərbaycan maarifçisi, görkəmli pedaqoq, yazıçı və etnoqraf idi. Onun böyük oğlu Məhəmməd bəy Əfəndiyev (1887-1977) Azərbaycanın ilk görkəmli riyaziyyatçı alimi olmuşdur.

R.Əfəndiyevin qızı (İzzət Nəbiyevin anası) Maral xanım Əfəndiyeva (1883-1967)—Azərbaycanın ilk maarifçi qadınlarından idi. O, Şəkidə, Tərtərdə, Qarqabazarda ilk qız məktəbləri açmışdır. Atası Əhməd Nəbiyev Qori Seminariyasını bitirdikdən sonra təhsilini Peterburq Darülfünunda davam etdirmişdir.

İ.Ə.Nəbiyev müəllimlik fəaliyyətinə görə 1949-cu ildə SSRİ-nin ən yüksək mükafatı — “Lenin” ordeni ilə təltif olunmuşdur.

Hazırda dünya enerji sahəsində möhkəm yer tutan Azərbaycanın uğurlarında indi anadan olmasının 90 illiyini qeyd etdiyimiz görkəmli alim, nəcib insan İzzət Nəbiyevin və onun yetişdirdiyi mütəxəssis kadrların əvəzsis rol oynadıqlarını göstərmək vacibdir.

Ulu öndər Heydər Əliyevin “Biz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalıyıq və gənc nəsli bu ruhda tərbiyələndirməliyik” müdrik kəlamlarını unutmamalıyıq.

 

Telman Əliyev,  

AMEA Kibernetika İnstitutunun direktoru, akademik

Respublika.-2013.- 26 noyabr.- S.11.