Möhkəm təmələ söykənən siyasi kursun təntənəsi

 

Azərbaycanın müasir tarixi dahi siyasətçi, zəmanəmizin böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev bəşər tarixinin dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdəndir.

Ulu öndərimizin polad iradəsi və qətiyyəti fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi ucaldılıb. Taleyüklü hadisələrlə dolu olan bu dövr ərzində Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkəmizin ictimai-siyasi, iqtisadi tərəqqisinə nail olub. Bu qüdrətli şəxsiyyətin müəyyənləşdirdiyi yol, strateji siyasi kurs daim Azərbaycana uğur gətirib.

Ulu öndərimizin dövlətimiz, millətimiz qarşısında ən böyük xidmətlərindən biri də müəyyənləşdirdiyi milli inkişaf kursunu özündən sonra inamla davam etdirə biləcək layiqli siyasi varis yetişdirməsidir. Bu barədə böyük öndər 2003-cü ilin oktyabrında xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatıdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Azərbaycan Prezidenti cənab İlham Əliyev ona olan bu ümidləri layiqincə doğrultdu. Heydər Əliyevin müəyyənləşdirdiyi milli inkişaf kursunu müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla aparan ölkə başçısının rəhbərliyi altında Azərbaycan bu gün dünya birliyində özünə layiqli yer tutub, iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayanıb.

Bu gün Azərbaycan ulu öndərimizin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə doğru inamla irəliləyir, möhtəşəm nailiyyətlərə imza atır. Ölkəmiz sabit iqtisadiyyatamühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan bir dövlətdir. Son on il ərzində cənab İlham Əliyev ölkəmizin nüfuzunu daha da yüksəklərə qaldırıb, xalqın əsl liderinə çevrilib, onun sonsuz məhəbbət və etimadını qazanıb. Ötən on il, ilk növbədə Heydər Əliyev ideyalarının əbədiyaşarlılığının, müəyyən etdiyi siyasi kursun alternativsizliyinin təsdiqi, xalqın tarixi seçiminin düzgünlüyü, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və inkişafı, Azərbaycanın bütün dünya dövlətləri üçün önəminin artması ilə əlamətdar olub.

Son illər ölkə iqtisadiyyatının üç dəfə artımı, yoxsulluq səviyyəsinin 49 faizdən 5 faizə enməsi, 1 milyon 200 minə yaxın yeni iş yerinin açılması, insanların yaşayış səviyyəsinin xeyli yüksəlməsi, əməkhaqlarının ildən-ilə mütəmadi olaraq artırılması və s. dinamik inkişafımızın real mənzərəsini əks etdirir.

2011-ci ildə 193 ölkədən 155-nin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi Azərbaycanın son illər əldə etdiyi uğurların böyük təntənəsidir.

Bu gün Azərbaycan müasirləşən, beynəlxalq aləmdə nüfuz sahibi olan, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkədir. Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev demişdir: “...Doqquz ay çox uğurlu keçdi, qarşımızda duran bütün vəzifələr icra edildi. Azərbaycan iqtisadiyyatı bu il uğurla inkişaf edirbu dinamik inkişaf, əminəm ki, gələcək illərdə də özünü göstərəcəkdir. Çünki bugünə qədər aparılan islahatlar və əldə edilmiş nəticələr deməyə əsas verir ki, bundan sonra da Azərbaycanın uğurlu inkişafı təmin ediləcəkdir. Bütün makroiqtisadi göstəricilər yüksək səviyyədədir, iqtisadiyyatımız doqquz ayda 5,4 faiz artmışdır. Hesab edirəm ki, indiki zəmanədə xüsusilə dünyada hələ də davam edən böhran şəraitində bu, kifayət qədər yüksək göstəricidir və bu bizə imkan verir ki, biz öz investisiya proqramımızı da uğurla icra edək. Ən sevindirici məsələ ondan ibarətdir ki, qeyr-neft sektorumuz artır, yüksək templərlə artır və ilin əvvəlindən bugünə qədər bu yüksək temp qorunur. Qeyri-neft sektorumuz doqquz ayda 10,4 faiz artmışdır və hesab edirəm ki, bu, dünya miqyasında ən yüksək göstəricidir”.

Respublikamızda son on il ərzində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, ölkə nəqliyyat sistemi də özünün tərəqqi, intibah dövrünü yaşayır. On ildə bu sahədə həyata keçirilən böyük infrastruktur layihələri Azərbaycanın yol-nəqliyyat kompleksinin daim yeniləşməsinə və modernləşməsinə dünya tələbləri səviyyəsinə çatdırılmasına imkan vermişdir. Bu dövr ərzində dəmir yolu, avtomobil, mülki hava nəqliyyatı yolları sahəsində aparılan yenidənqurma, quruculuq işləri son on ildə dövlətimizin qazandığı möhtəşəm iqtisadi nailiyyətlərin bəhrəsidir.

Hazırda müasir standartlara cavab verən dəmir yollarının, avtomobil yollarının yenidən qurulması, əsaslı təmiri işləri uğurla davam etdirilir, mühüm tədbirlər həyata keçirilir. Nəqliyyat sektorunun inkişafını əsas prioritet istiqamət kimi önə çəkən ölkə başçısı cənab İlham Əliyev qeyd etmişdir: “Hər bir istiqamət—avtomobil yollarının, dəmir yollarının bərpası üzrə gedir. Bu da çox vacibdir. Çünki biz sürətli dəmir yollarının fəaliyyətinə nail olmalıyıq. Yeni dəmir yolu xətləri o məqsədlə tikilir ki, qatarlar yüksək sürətlə hərəkət edə bilsin. Nəzərə alsaq ki, Azərbaycan yaxın zamanlarda nəqliyyat sahəsində böyük tranzit ölkəsinə çevriləcəkdir, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir, Azərbaycanın dəmir yolları da yüksək dünya standartlarına cavab verməlidir”. Bu sahənin sürətli inkişafını təmin etmək məqsədilə Prezident İlham Əliyev 2010-cu ildə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalamışdır. Dövlət Proqramında lokomotiv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə, digər sahələrin əsaslı təmiri, Bakı-Böyük Kəsik istiqamətində sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşməsi və s. mühüm işlər öz əksini tapmışdır.

İpək Yolunun keçdiyi əsas ərazilərdən biri Azərbaycandır. Ölkəmiz bir çox dünya dövlətləri ilə, Avropa İttifaqı və başqa beynəlxalq təşkilatlarla, İpək Yolunun bərpa olunması sahəsində TRASEKA Proqramının hazırlanmasında yaxından iştirak etmişdir. Azərbaycanın burada iştirakı Avropa ölkələri ilə iqtisadi əlaqələrin möhkəmləndirilməsinə, respublikamızın beynəlxalq nəqliyyat qovşağına çevrilməsinə imkan yaradır. Son 10 ildə ölkəmizin artıq dünya miqyasında bir nəqliyyat mərkəzi kimi tanındığını bildirən cənab İlham Əliyev onu da qeyd edib ki, əgər nəqliyyat sektoru olmasa, coğrafi yerləşmə böyük əhəmiyyət kəsb etməz: “Məhz son illərdə bu sahəyə qoyulan investisiyalar Azərbaycanı artıq bir loqistika—nəqliyyat mərkəzinə çevirmişdir. Bizim nəqliyyatımızın bütün növləri bu gün ən yüksək standartlara cavab verir...”.

Son 10 ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətin ən ali məqsədi ölkənin hər bir vətəndaşı üçün layiqli və firavan həyat tərzinin təmin olunması, azad və demokratik cəmiyyətin qurulmasıdır ki, bu işdə ona dəstək də Azərbaycan vətəndaşlarından gəlir. 2013-cü ilin oktyabrında xalqımız növbəti dəfə düzgün seçim edərək bir daha ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu sürətli inkişafa, xalqımızın xoşbəxt gələcəyini təmin edən siyasi kursa yekdilliklə səs verdi. Bundan sonra da müstəqil Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcək, dünya birliyində öz layiqli yerini qoruyub saxlayacaqdır.

 

Elyar MURADOV

Respublika. - 2013.- 29 noyabr.- S.7.