Qürur mənbəyi

 

Dünya azərbaycanlıları

 

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Xarkov regional təşkilatında Vətənimizin maraqlarından irəli gələn vəzifələrin icra olunmasına, həmvətənlərimizin təşkilatlanması və monolit bir qüvvəyə çevrilməsinə maksimum səy göstərilir. Vurğulamaq lazımdır ki, bu ölkənin ali məktəblərində təhsil alan azərbaycanlı gənclər birlik və həmrəyliyin möhkəmlənməsində, Azərbaycan diaspor quruculuğunun daha təkmil səviyyədə aparılmasında ikiqat qüvvə ilə çalışırlar.

Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri, siyasi elmlər namizədi Anar Tahirovla Xarkov şəhərində olarkən gənclərlə keçirilən növbəti tədbirin iştirakçısı olduq. Çıxış üçün söz alıb tribunaya çıxan gənclər qloballaşma ilə bağlı məsələlərə toxunur, diaspor quruculuğunun müasir mərhələsindən ətraflı danışırdılar.

Tədbirdə məzmunlu çıxışı ilə diqqətimizi cəlb edən gənclərdən biriXarkov Dövlət Universiteti hüquq fakültəsinin IV kurs tələbəsi, qəlbi Vətən eşqi ilə döyünən Afiq Əliyev oldu.

Tədbirin sonunda foyedə Afiqlə üzbəüz əyləşib söhbət edik. Onun həyat yoluna nəzər salıb ömür kitabını vərəqlədik. Bir daha əmin olduq ki, qürbət ölkədə yaşayıb təhsil alan Afiq Əliyev yaşadığı ölkədə azərbaycançılıq ideyasının daha da möhkəmlənməsində, dilimizin, mədəniyyətimizin, mütərəqqi adət–ənənələrimizin, tariximizin yaşadılmasında əlindən gələni edir. O, yaxşı bilir ki, dünya azərbaycanlılarının həmrəyliyi Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir.

Universitetdə təhsil alan azərbaycanlılar arasında Afiq həmişə sayılıb–seçilir, çalışır ki, elmi biliklərlə mükəmməl silahlansın, doğma Vətənə bacarıqlı bir hüquqşünas kimi qayıtsın, xalqa, Vətənə layiqli töhfələrini versin.

Afiq Əliyev ziyalı bir ailədə göz açıb böyümüş, Bakının Binəqədi rayonundakı 276 nömrəli məktəbdə təhsil aldığı dövrdə həmişə yüksək bilik nümayiş etdirmiş, rayon üzrə keçirilən fənn olimpiadalarında fərqlənmiş və pedaqoji kollektivin sevimlisinə çevrilmişdir.

Diaspor fəallarından olan Afiq Əliyev söhbətimizin sonunda Cənubi Qafqazda lider dövlətə çevrilən müstəqil Azərbaycanın inkişaf tempindən söhbət açdı, bu sahədə Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətindən danışdı.

2012–ci ildə Londonda keçirilən yarışlarda Azərbaycan idmançılarının Vətənə 10 qızıl medalla qayıtmaları, Bakıda bir sıra beynəlxalq idman yarışlarının keçirilməsi, 2015–ci ildə Avropanın ilk Olimpiya oyunlarına Bakının ev sahibliyi edəcəyindən qürurla söhbət açdı.

Bütün bunlar 500 minə yaxın soydaşımız yaşayan Ukraynadakı azərbaycanlıları ürəkdən sevindirir. Doğma Bakımız isə gündən–günə çiçəklənir, paytaxtımız Avropanın ən gözəl şəhərləri sırasında durur.

 

 

Qədir Aslan,

Ukrayna, Xarkov şəhəri

 

Respublika.- 2013.- 8 yanvar.- S. 3.