UNUDULMAZ TƏDQİQATÇI ALİM

 

XX əsrin 70–ci illərindən ədəbi aləmdə parlaq istedadı ilə tanınan görkəmli ədəbiyyatşünas alim Xeyrulla Məmmədovun ömür yolunu taleyin acı həqiqəti 2005–ci ildə qəflətən bağladı. Ancaq vaxtsız vəfatı hörmətli professorun dünyada əbədiyyətə qovuşmasına mane ola bilmədi. İllər ötdükcə onun elmi yaradıcılığına müraciət olunur, nəşr olunmamış yazıları çapa verilir, xatirələr yazılır, hərtərəfli zəngin yaradıcılığının müasir ədəbi prosesə təsiri təqdir olunur. Onun əsərlərindəki elmi inandırıcılıq, ədəbi–bədii həqiqətlərin öyrənilməsində çəkdiyi zəhmət, ədəbiyyatşünaslığımızın inkişafında göstərdiyi xidmətlər elmə hörmətlə yanaşan insanların diqqətini çəkməyə bilməz. Həm alim, müəllim, həm də ictimai mühitin nəzər nöqtəsində olan bir şəxs kimi yaşadığı müddətdə hörmətlə qarşılanan, ölümündən sonra isə dövri mətbuatda hörmətlə anılan Xeyrulla müəllim xalqına və Vətəninə sədaqətlə xidmət etmiş, zəngin ədəbi irs yaratmışdı. Məlum olduğu kimi, özünütəsdiq o zaman alınır ki, tədqiqatçı, alim və yazıçının ağır zəhmətin nəticəsində əldə etdikləri ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır.

Klassik, həm də müasir ədəbiyyatımızın elə bir sahəsi yoxdur ki, Xeyrulla müəllim müraciət etməmiş olsun. Özündən əvvəlki tədqiqatçıların yaxşı işlərinə hörmətlə yanaşan alim daim yeniliklər axtarır, faktlar ortaya qoyur, yazdığı mövzular haqqında aydın və dolğun təsəvvür yaradırdı. Ədəbi fikrimizin daha dərindən öyrənilməsi, milli–mental məsələlərdə həssaslıq, təlqin etmək bacarığı, konkret inandırıcı dəlillər irəli sürmək, ədəbi hadisələri ümumiləşdirmək bacarığı onun yazılarında diqqəti cəlb edən cəhətlərdir.

Xeyrulla Məmmədov XX əsrin 90–cı illərindəki ağır zamanlarda xalqımıza mənəvi dəstək verən şəxslərdən olub. Şəxsən mən bolşevik mətbuatı ilə bağlı mövzu üzərində işləyirdim. Xeyrulla müəllim təkidlə mövzunu Cənubi Azərbaycanla bağlı mövzuya dəyişməyimi tələb etdi. Xeyrulla müəllim kadrlara, xalqa, Vətənə, ümummillət işinə sədaqətlə xidmət etməyi təlqin edirdi. Bunun üçün, hər şeydən əvvəl, onlardan tariximizi, ədəbiyyatımızı dərindən öyrənməyi tələb edirdi.

Unudulmaz müəllim, tədqiqatçı alim Xeyrulla Məmmədovun xatirəsi əziz tutulmuşdur. 2011–ci il yanvar ayının 26–da Lerik şəhərində onun yaşadığı küçəyə “Professor Xeyrulla Məmmədov küçəsi”adı verilmişdir.

“Dünyada qala bilmək…” adlı anım kitabında toplanmış xatirələr onun vətəndaş alim kimi fəaliyyətindən soraq verir. Kitabda Şeyxülislam Hacı Allahşükür Paşazadə, görkəmli tədqiqatçı Əziz Mirəhmədov, xalq şairi Sabir Rüstəmxanlı, professorlar—Nizami Xudiyev, Şamil Qurbanov, Teymur Kərimli, Himalay Qasımov, Elman Quliyev, xalq artisti Ramiz Novruz və başqa dövlət, elm və incəsənət adamları Xeyrulla Məmmədov haqqında səmimiyyətlə söhbət açırlar.

Kitabda toplanan yazılardan hiss edirsən ki, bəziləri onun gülər üzünü xatırlayır, bəziləri tələbə auditoriyalarını. Kimi radio və televiziya verilişlərindən Xeyrulla müəllimi anır, kimi də elmin daş–kəsəkli yolunu şərəflə keçmiş dövrünü yada salır. Xeyrulla müəllim cismani yoxluğuna baxmayaraq, bu gün də müasirimizdir, bizimlə yaşayır. Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyd edir ki, Xeyrulla müəllim kimi insanların yaratdıqları mənəvi–ruhani mühit saf və sağlam olur, görüşməsən də onları həmişə öz ətrafında hiss edirsən.

Xeyrulla müəllim haqqında çox xatirələr, yaradıcılığı haqqında elmi yazılar işlənib. Dərs dediyi universitetdə alim dostları, mənəvi varisləri olan alim–tələbələri onun xatirələrdən silinməsinə imkan verməyəcək. Onlar yaşadıqca gələcək nəsillərə Xeyrulla Məmmədovdan xatirələr danışacaq, onu anacaqlar. Çox gərgin həyat tərzi keçirən, qiymətli axtarışların, elmi əsərlərin müəllifi olan, nailiyyətlərini öz əməyi ilə qazanan, sədaqətli insan və mehriban qardaş etibarı qazanan, vətəndaşlıq qeyrətini simasında cəmləşdirən, əsl alim və intellekt şəxsiyyət kimi özünü tanıtdıran Xeyrulla müəllim haqqında nəşr olunan bu xatirələr dəyərli abidədir. Xeyrulla Məmmədovun ailəsi, onu tanıyan insanlar, Lerik camaatı onunla fəxr edirlər. Azərbaycan ədəbiyyatının tədqiq olunmasında, müəllimlər ordusunun yaranmasında əməyi olan zəhmətkeş alim, səriştəli tədqiqatçı Xeyrulla Məmmədovu xatırlamaq, yaddaşları təzələmək həm elmimizə, ədəbiyyatımıza hörmət əlamətidir, həm də görkəmli alimimizin ruhu qarşısında mənəvi borcu yerinə yetirməkdir. Tərtibçi Ramiz Novruzov, redaktor İsrafil İsrafilov və xatirə müəlliflərinin hər birinin əməyi təqdirəlayiqdir. Əliağa Vahidin özü üçün yazdığı beyt, elə bil ki, Xeyrulla müəllimin həyatının mənasını ifadə edir:

Vətənə, xalqa çalışdım əbədi xidmət edəm,

Solmasın bağü baharım mən öləndən sonra.

 

 

Sakibə Ələsgərova,

filologiya üzrə fəlsəfə doktoru.

 

Respublika.- 2013.- 9 yanvar.- S. 4.