Azərbaycanda sürüşmələr və onların həlli yolları

 

Azərbaycan mediasında son günlərdə daha çox rast gəlinən təbii fəlakətlərə həsr olunmuş məqalələr içərisində əsas yerlərdən birini 2012–ci ilin dekabr ayında Bakı şəhərinin 20–ci sahəsindən Badamdar sahəsinə gedən avtomobil yolunun sol hissəsindəki yamacda baş verən sürüşmə hadisəsi tutur. Mətbuatda çap olunan belə məqalələrin bir qismi qeyri–mütəxəssislər tərəfindən yazılaraq sensasiya xarakterli olduğundan “Respublika” qəzetinin bir qrup oxucusu sürüşmələr haqda elmi biliklərə əsaslanan daha ətraflı məqalə yazılmasını xahiş etmişdir. Azərbaycan ərazisinin dağlıq və dağətəyi ərazilərinin yamaclarını təşkil edən süxurların ağırlıq qüvvəsinin təsiri ilə yamacların meyillilik dərəcəsi, yamacları təşkil edən yura, tabaşir, üçüncü və dördüncü dövrün gillərindən, gilli şistlərindən, qum və əhəng daşlarından formalaşan ərazilərin iqlim və onun rütubətləndirmə dərəcəsi, meşə, kolluq və bitki örtüyünün qorunub saxlanılma dərəcəsi, ətraf mühitə insanların düşünülməmiş müdaxiləsi, ərazinin seysmikliyi və s. amillər nəticəsində sürüşmələr baş verir.

Abşeron yarımadasında isə sürüşmələrin baş verməsinə Xəzər dənizinin səviyyə tərəddüdləri ilə yanaşı, ərazidə son 20 ildə çox kəskin xarakter alan antropogen amillər səbəb olur.

 

Sürüşmələr əkin sahələrini, meşələri, yolları, kommunikasiya sistemlərini, müxtəlif təsərrüfat tikililərini, binaları, fərdi yaşayış evlərini, kəndləri və s. sahələri dağıdır. Azərbaycanda çox geniş yayılan digər təbii fəlakətlər: zəlzələlər, vulkanlar, tektonik hadisələr, leysan yağışları, sellər və s. təbii proseslər də öz növbəsində sürüşmələrin baş verməsinə və ya fəallaşmasına səbəb olur.

Azərbaycanda sürüşmələr əsasən Böyük və Kiçik Qafqazın, Talış dağlarının dağətəyi və dağlıq ərazilərində, Abşeron yarımadasında, Qusarçay, Qudyalçay, Qaraçay, Vəlvələçay, Ataçay, Qozluçay, Pirsaatçay, Girdimançay, Gəncəçay, Kürəkçay, Şəmkirçay, Göyçay, Ağsuçay, Mazımçay, Şinçay və s. çay hövzələrində yerləşən Quba, Qusar, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Şamaxı, Şəki, Zaqatala, Qax, Ağsu, Qazax, Tovuz, Daşkəsən, Gədəbəy, Göygöl, Kəlbəcər, Şahbuz, Ordubad, Yardımlı, Lerik, Lənkəran, Xocalı, Şuşa və s. inzibati rayonların ərazisində daha çox yayılmışdır.

Əfsuslar olsun ki, hazırda Azərbaycanda mövcud sürüşmələrin dəqiq sayı və onların sahəsi tam dürüst müəyyən edilməmiş, onlar pasportlaşdırılmamışdır. Ona görə də Azərbaycanda olan sürüşmələrin sayı, sahəsi haqda dəqiq fikir söyləməkdə çətinlik çəkirik.

Bu sahə ilə məşğul olmuş və olan alim və mütəxəssislər Azərbaycanda sürüşmələrin sahəsinin 4.0 min kvadratkilometr, bəziləri isə Azərbaycan ərazisinin 25–30 faizinin sürüşmələrə meyilli olduğunu qeyd edirlər.

Azərbaycanın ayrı–ayrı ən aktiv sürüşmə əraziləri elmi məqalələrdə, monoqrafiyalarda xəritələşdirilsə də, bütün Azərbaycan üçün sürüşmələrin sayı, sahəsi tam dəqiq məlum olmadığından, bu təbii prosesin bu günə qədər bütün Azərbaycan üçün 1:50000, 1:100000 böyük miqyaslı xəritəsinin tərtib olunmaması sürüşmələrin sahələrinin dəqiqləşdirilməsini çətinləşdirir.

Dünyada sürüşmələrin geniş yayıldığı ərazilərdə bu sahədə müntəzəm tədqiqatlar aparılır. Hər bir sürüşmə ərazisi tədqiq edilərək, sürüşmənin fəallaşması və ya passiv fazaya keçməsi təsərrüfat məqsədləri üçün belə ərazilərin hansı istiqamətdə istifadə imkanları haqda əsaslandırılmış tövsiyələr verilir. Digər inkişaf etmiş ölkələrlə yanaşı, MDB ölkələri olan Moldovada, Ukraynada, Tacikistanda, Qırğızıstanda bu problemin öyrənilməsinə daha çox önəm verilir.

Son 10 il ərzində respublikanın dağətəyi və dağlıq ərazilərində yerləşən əksər inzibati rayonlarda baş vermiş sürüşmələr dağıntılara səbəb olmuş, Azərbaycan iqtisadiyyatına külli miqdarda zərər vurmuşdur. Əgər 20–30 il bundan əvvəl Azərbaycanın əsasən Bakı şəhərində, Şabran, Tovuz, İsmayıllı, Şuşa, Şamaxı, Kəlbəcər, Şahbuz, Ordubad, Yardımlı, Lerik və s. rayonlarında yerləşən 100 yaşayış məntəqəsi sürüşmələrə məruz qalırdısa, müasir dövrdə Azərbaycanın dağlıq və dağətəyi ərazilərində yerləşən, demək olar ki, bütün inzibati rayonların ərazilərində sürüşmələr baş verir və hazırda respublika əhalisinin iki faizdən çoxu sürüşmə təhlükəsi altında yaşayır. Orta hesabla hər il Azərbaycanda 1–2 kənd sürüşməyə məruz qalır və öz fəaliyyətini dayandırır.

Azərbaycan tarixində 12,5 kvadratkilometr ərazini əhatə edən sahəcə ən böyük sürüşmə 1908–ci ilin iyun ayında İsmayıllı rayonunun Tircan kəndində və 3 kvadratkilometr ərazini əhatə edən Xızı rayonunun Yuxarı Fındaqan kəndində 1943–cü ilin aprel ayında baş verib. Eyni vaxtda ən çox kəndi əhatə edən sürüşmə 11–12 may 2002–ci ildə İsmayıllı rayonunun 8 kəndində, ən çox insan tələfatı nisbətən müasir dövrdə 1988–ci ildə Bayılda olmuş və 19 nəfər dənizçinin ölümü ilə nəticələnmişdir. Ən çox zərər isə 6–7 mart 2000–ci ildə Bayıl sürüşməsindən (50 milyon ABŞ dolları miqdarında) olub.

24 dekabr 2004–cü ildə Lerik rayonunun Soru kəndində 80 fərdi yaşayış evi, 12 oktyabr 2009–cu ildə Qusar rayonunun Quturcan kəndində 156 fərdi ev, 2010–cu il oktyabrın 17–də Quba rayonunun Güləzi kəndində 180 fərdi ev, 10 aprel 2010–cu il və 21 mart 2012–ci ildə Şamaxı rayonunun Muğanlı kəndlərində olmuş sürüşmələr nəticəsində 100–dən çox fərdi yaşayış evi dağılıb yararsız hala düşmüşdür. Artıq bu kəndlərin, demək olar ki, hamısı tam təhlükəsiz ərazilərə köçürülmüşdür.

Əhatə dairəsinə, intensivliyinə, vurduğu zərərlərin çoxluğuna və s. göstəricilərinə görə Abşeron sürüşmələri Azərbaycanda mövcud olan sürüşmələr içərisində birinci yerdə durur. Abşeronda sürüşmələr antiklinal qarışıqların yamaclarında, əsasən hündürlüyü 100–200 m olan ərazilərdə daha tez–tez təkrarlanması ilə seçilirlər. Abşeronda mövcud olan sürüşmələrin hazırda fəaliyyətdə olanlarına Bayıl, Zığ, Qaraçuxur, Bibiheybət, Badamdar, Əhmədli və s. göstərə bilərik. Abşeronun göstərilən sürüşmələri içərisində tarixən ən çox təkrarlananı, ən çox zərərlər vuranı, onlara qarşı daha çox mübarizə tədbirləri görüləni Bakı şəhərinin ən çox məskunlaşan, ən intensiv avtomobil yolları və kommunikasiya xətlərinin keçdiyi bir ərazidə yerləşən Bayıl sürüşməsidir. Bu sürüşmə əsasən Bakı şəhəri amfiteatrının cənub–qərb hissəsində, yamacları lyosvarı gillicələr və Abşeron gillərindən təşkil olub, burada yeraltı suların səviyyəsi 10–20 metrdən 40 metrədək dərinlikdə dəyişir. Göstərilən ərazidə sürüşmələrin formalaşmasına, baş verməsinə, inkişafına əsasən göstərilənlərlə yanaşı, bu ərazinin Xəzər dənizi sahilində yerləşməsi və ərazinin bəzi sahələrinin Xəzər dənizi səviyyəsi ilə eyni və qismən ondan aşağıda yerləşən yamacın ətəyinin isə dəniz tərəfindən müntəzəm yuyulması, yamacı təşkil edən süxurların yuyulma nəticəsində islanaraq müqavimətinin kəskin azalması, tektonik hərəkətlər, ərazinin bəzi hissələrinin normadan artıq yüklənməsi, atmosfer çöküntüləri, seysmiklik, son illərdə çox kəskin sürətlə artmaqda olan antropogen amillər və s. də səbəb olur.

Bayıl sürüşmələrinin tutduğu ərazilər əsasən Funikulyordan Neftçilər prospekti, Xəzər dənizi istiqamətinədək, şimalda Dağüstü Parka tərəf, şimal–qərbdə Bayıl dairəsinin “ağzınadək” olan əraziləri əhatə edərək, aktiv sürüşmə vaxtı olmuş sürüşmələr öz areallarını genişləndirir.

Azərbaycanda olan sürüşmələr içərisində tarixən ən çox öyrəniləni, ən çox təkrarlananı, ən çox dağıntılara və iqtisadi zərərlərə səbəb olanı Bayıl sürüşməsidir. Burada 1903, 1914, 1927, 1929, 1930, 1943, 1946, 1952, 1953, 1968, 1969, 1970, 1974, 1978, 1991, 2000–ci illərdə olmuş sürüşmələr nəticəsində Uşaq xəstəxanası, Ayaqqabı fabriki, şəhər zooparkı, Saraykin, Park küçələrində çoxsaylı yaşayış binaları, Paris Komunası, Gəmi Təmiri zavodlarının müxtəlif tikililəri, yanacaqdoldurma stansiyası, Texniki peşə məktəbi, avtomobil yolu, müxtəlif kommunikasiya qurğuları və s. obyektlər dağılaraq öz fəaliyyətlərini dayandırmağa məcbur olublar. Göstərilən ərazidə son 100 ildə ən dağıdıcı sürüşmə 6–7 mart 2000–ci ildə olub və bunun nəticəsində 200 fərdi ev zədələnmiş, 43 ev isə dağılaraq istifadə üçün tam yararsız hala düşmüşdür. Mütəxəssislərin ola biləcək sürüşmələr haqda vaxtında etdikləri xəbərdarlıq çoxsaylı insan ölümünün qarşısını almışdır.

2000–ci il Bayıl sürüşmələrinin qarşısının alınması üçün Rusiyadan 3 nəfər sürüşmələr üzrə mütəxəssis Azərbaycana dəvət olunub. Onlar Bayıl sürüşmələri haqda Azərbaycan mütəxəssislərinin göstərilən sahəyə dair məlum materiallardan istifadə edərək Bayıl sürüşmələrinin qarşısının alınması üçün təklif və tövsiyələr verir və onlara gördükləri işin müqabilində kifayət qədər böyük qonorar verilib. Ancaq rus mütəxəssislərin göstərilən sahədə gördükləri işlər səmərə vermədi.

Dekabr ayında 20–ci yaşayış sahəsindən Badamdara gedən avtomobil yolunun sol yamacında sürüşmələrin baş verməsinə səbəb əsasən bu ərazidə məskunlaşan insanların biganəliyi, məsuliyyətsizliyidir.

Bu sürüşmənin baş verdiyi ərazidə dövlət əhəmiyyətli təsərrüfat obyektləri, çoxsaylı yaşayış binalarının olmamasına baxmayaraq dünyanın iki ölkəsindən, o cümlədən Yaponiyadan göstərilən sürüşmənin qarşısını almaq üçün yerli mütəxəssislərə praktik köməklik göstərmək üçün dəvət olunublar. Arzu edərdik ki, onlar 2000–ci ildə Bayıl sürüşmələrinin qarşısının alınması üçün dəvət olunan rus mütəxəssisləri kimi olmasınlar.

Ümumiyyətlə, sürüşmələrin əsasən yaz fəslində və qismən də payızın əvvəllərində formalaşmasına və baş verməsinə əsas səbəb göstərilən dövrlərdə yağıntıların daha çox düşməsi ilə əlaqədardır. Ölkənin orta dağlıq zonasında yerləşən ərazilərdə illik yağıntının 60 faizi yaz aylarında, 40 faizi isə payız aylarında düşür. Dağətəyi ərazilərdə isə yağıntıların 70 faizi yaz və payızda düşür.

Oxucu marağını nəzərə alaraq 100 ildən çox müddətdə sürüşmələrin davam etdiyi Tircan sürüşməsi haqda məlumatları çatdırmaq istərdim. Göstərilən kənddə 26 may 1908–ci ildə baş vermiş çox güclü sürüşmədən əvvəl kənddə 8 bulaq olsa da, su dalınca gedənlər bütün bulaqların sularının quruduğunu, kəndin bəzi yerlərində çatların əmələ gəldiyini görüb və elə həmin gün gündüz saat 12 radələrində kəndin qərb məhəllələri, bundan 2 saat sonra isə kəndin şərq hissəsinin sürətlə sürüşməyə məruz qalmasını görən əhali dəhşətə düşür. Göstərilən kənddə güclü sürüşmənin üç gün, zəif sürüşmənin isə üç ay davam etməsi nəticəsində Tircan kəndi tamamilə dağılır. Kəndin məscidi və onun ətrafındakı 40–a qədər fərdi ev tamamilə dağılaraq onların yerində uzunluğu 60 m, eni 35 m, dərinliyi 5 m olan göl əmələ gəlir. Tədqiqatçılar göstərilən sürüşmə nəticəsində kəndin əhalisinin 600 nəfərinin öldüyünü qeyd edirlər. Sonrakı illərdə sürüşmə nəticəsində kənd öz yerini 2 dəfə dəyişsə də, Tircanda sürüşmələr bu gün də davam edir və kənddə olan fərdi yaşayış evlərinin əksəriyyəti qəzalı vəziyyətdədir.

Təqdim olunan məqaləni yazmaq məqsədilə Tircan kəndində oldum. Bu kənd Azərbaycanın ən qədim yaşayış məskənlərindən olsa da, gördüklərim məni məyus etdi. Vaxtilə çoxsaylı bulaqları, abad küçələri, məscidləri, meyvə bağları olan bu kənd “əhalisizləşir”. Qəzalı vəziyyətdə olan çoxsaylı evləri, hər 10 evdən 5–7–nin qapısında asılmış qıfılı görüb ürək ağrısı ilə kəndi tərk etmək istərkən bir neçə yaşlı insan mənə yaxınlaşdı. Kəndin bu günkü problemləri haqqında göz yaşları tökə–tökə danışdılar və onlar kənddə mövcud olan sosial problemlərin həll edilməsini məndən xahiş etdilər. Mən isə onların xahişini “Respublika” qəzeti vasitəsilə əlaqədar təşkilatlara çatdırmağa söz verdim.

Bu məqalənin müəllifi 2012–ci ilin yay ayında bir neçə Avropa ölkəsində olub və olduğu ölkələrdə məqalədə bəhs olunan bəzi məsələlərin necə həll olunması ilə maraqlanıb. İsveçrə, Avstriya, Belçikada, Lixtenşteyn və s. ölkələrdə vətəndaşlar fərdi tikinti işləri apararkən ilk növbədə tikinti işləri ilə məşğul olan şirkətlərə müraciət edərək harada, neçə otaqlı fərdi mənzil tikmək üçün layihə–smeta sənədləri alır, sonra sığorta şirkətləri ilə tikdirəcəyi fərdi mənzilin tikinti–layihə sənədlərinə uyğun sığortaladır. Daha sonra 99 illik çox aşağı faizlə tikintini başlamaq üçün maliyyə resursları əldə etmək üçün bankla müqavilə bağlayır, son mərhələdə torpaq sahəsinin ayrılması üçün icra orqanlarında inşaatçı, coğrafiyaşünas, iqtisadçı, yer qurluşçusundan ibarət olan mütəxəssislərin tikinti ilə əlaqədar son rəyini alır.

 

(davamı növbəti saylarımızda)

 

 

Neron Babaxanov,

BDU–nun professoru.

 

Respublika.- 2013.- 17 yanvar.- S. 7.