Azərbaycanda sürüşmələr və onların həlli yolları

 

(əvvəli 17 yanvar tarixli sayımızda)

 

Bu işlərdən sonra fərdi tikintinin başlanılmasına icazə verilir. Qeyd olunan təşkilatların çox ciddi nəzarəti altında tikinti işləri həyata keçirilir. Tikintiyə digər çox vacib və lazımlı tələblər də qoyulur. Buna misal olaraq tikiləcək fərdi evin zirzəmi və sığınacağının olması mütləq tələb olunur.

Müqavilələrdə göstərilmiş fərdi tikinti illər ərzində hər hansı bir təbii fəlakətlərə, müharibələrə və s. hadisələrə məruz qalıb yararsız hala düşərsə, bu işlərə məsul olan yuxarıda qeyd olunan təşkilatlar cavabdehlik daşıyır.

Bəs Azərbaycanda bu məsələlər necə həll olunur? Bakı şəhərində və kənd yerlərində aparılan fərdi tikinti işlərində ərazinin seysmikliyi, çoxsaylı təbii fəlakətlərin olma ehtimalları və s. kimi məsələlər nəzərə alınmadan fərdi tikinti işləri aparılır.

Bakı şəhərində sürüşmələrə daha çox meyilli olan Bayıl və Badamdar yamacında, Əhmədli qəsəbəsinin Gəncə prospektində, Masazırda və s. ərazilərdə yerləşən torpaq sahələri əsasən icra orqanlarına, bələdiyyələrə məxsus olduğundan sürüşmələrə meyilli bu sahələrin çox hissəsi insanlar tərəfindən qanunsuz olaraq zəbt edilir.

Buna misal olaraq Bakı şəhərinin 20–ci sahə yaşayış ərazisindən Bibiheybət məscidinə tərəf gedən avtomobil yolunun sağ hissəsindəki dik yamacda son illərədək cəmi 2–3 fərdi ev inşa edilmişdisə, son 1–2 il ərzində göstərilən yamac vəhşicəsinə terraslaşdırılaraq burada yüzlərlə yeni fərdi ev tikilmişdir. Deyilən yamacda vaxtı ilə şam ağacları əkilsə də, indi bundan əsər–əlamət qalmayıb. Göstərilən yamac qanunsuz dağıdılaraq göstərilən əraziyə qanunsuz su, işıq, qaz çəkilməyə cəhd edilir. Biriki il öncə dayanıqlı olan bu yamacda 3–5 ildən sonra qanunsuz inşa edilən bütün fərdi yaşayış evlərinin sürüşməsi nəticəsində Bakı şəhərini ölkənin cənub bölgələri ilə və ən böyük ticarət mərkəzləri ilə birləşdirən avtomobil yolu uzun müddətə bağlana bilər. Vaxtı itirmədən, burada dağıdıcı sürüşmənin olmasını gözləmədən çox ciddi tədbirlər görülməlidir!

Əlaqədar təşkilatlar Bakı şəhərində və kənd yerlərində baş verən sürüşmələr və digər növ təbii fəlakətləri baş verməmişdən əvvəl yox, sonra dağıntılara, iqtisadi zərərlərə səbəb olanda əl–ayağa düşüb təbii fəlakətlərə düçar olanlara kömək etməyə başlayırlar. Belə halı biz son illərdə Azərbaycanda baş vermiş daşqınlar, sellər, zəlzələlər, sürüşmələr vaxtı dönə–dönə müşahidə etmişik.

Yuxarıda təsvir olunan xarici ölkə təcrübəsindən istifadə edilməklə şəxslərin torpaq sahəsini qanunsuz zəbt edərək apardığı tikinti işlərinə cavabdeh olan, sürüşməyə meyilli ərazilərdə tikinti üçün torpaq sahəsi ayıran məsul şəxslər cavabdehdirlər.

Azərbaycanda kəndlərlə yanaşı, sürüşmələrə ən çox məruz qalan həm də avtomobil yollarıdır. Avtomobil yollarının sürüşmələrə ən çox məruz qaldığı Lerik, Yardımlı, Qəbələ, Oğuz, Laçın, Kəlbəcər, Tərtər, Ağdərə, Şuşa, Xankəndi, İsmayıllı, Şamaxı, Qobustans. inzibati rayonlarında inkişaf edən yeganə nəqliyyat növü avtomobil nəqliyyatı olduğundan sərnişin və yük daşımalarının 100 faizi ancaq avtomobil nəqliyyatının payına düşür. Göstərilən inzibati rayonların ərazisində, yollarında baş verən sürüşmələr onlarca yaşayış məntəqəsinin ətraf mühitlə əlaqəsini kəsir, kənd və inzibati rayonlar üçün çox böyük iqtisadisosial problemlər yaradır.

Azərbaycanda əsasən ikinci, üçüncü, dördüncü, beşinci dərəcəli avtomobil yollarının 1000 kilometrdən çox hissəsi sürüşmələrə məruz qalır və ya potensial sürüşmə ərazilərindən keçir. Sürüşmələrə ən çox məruz qalan avtomobil yollarına Bakı–Şamaxı–Muğanlı–İsmayıllı, Masallı–Yardımlı, Lənkəran–Lerik, Qobustan–Şamaxı–Ağsu, QubaQusars. yolların bir hissəsi ilə yanaşı, Bakı şəhərinin ayrı–ayrı hissələrindən keçən avtomobil yollarını da misal göstərmək olar.

Sürüşmələr avtomobil yollarını müvəqqəti, bəzən də uzun müddətə yararsız hala salır, yük, sərnişin daşımada fasilələrə səbəb olur. Müəssisələrin ritmik fəaliyyətini pozur, onlar istehsal etdiyi məhsulları vaxtında istehlakçıya çatdırmadığı üçün məhsulun maya dəyəri bahalaşır.

Sürüşmələr avtomobil yollarına birbaşa və dolayı zərərlər vurur, dolayı zərərlər daha çox olması ilə seçilir. Birbaşa vurulan zərəri hesablamaq çətin olmasa da, dolayı zərərləri hesablamaq çətindir. Buna səbəb avtomobil yollarını sürüşmələrin dağıtması ilə əlaqədar boşdayanmalar zamanı dəyən zərərlərin Azərbaycanın müvafiq orqanları tərəfindən hesabat aparılmaması ilə izah edilə bilər. Yuxarıda qeyd etdiklərimizə misal olaraq 2000–ci il martın 6–7–də Bakı şəhərində baş vermiş sürüşmə nəticəsində şəhərin Neftçilər prospektindən keçən beynəlxalq İpək Yolunun bir hissəsinin (Bakı şəhərini respublikanın əsasən cənub bölgəsi və Aran rayonu ilə birləşdirən 150 metrlik hissəsi) sürüşmə nəticəsində dağılıb yararsız hala düşməsini və nəticədə həmin yolda avtomobillərin hərəkətinin 40 günə qədər dayanmasını göstərmək olar. Bunun nəticəsində Bakı şəhərinə gələn və şəhərdən çıxan yük və sərnişin maşınlarının şəhərə daxil olma və çıxma məsafəsi 10 kilometrədək uzandı. Bu yolla Bakı şəhərinə hər gün daxil olan 3–5 min ədəd avtomobilin 20–30 dəqiqə əlavə vaxt və əlavə 3–5 litr yanacaq itkisinə səbəb oldu. Deməli, göstərilən avtomobil yolunun 40 gün işləməməsi 50 min saat vaxt itkisinə və 300–350 min litr əlavə yanacaq sərfinə səbəb oldu, qalan digər dolayı məsrəfləri nəzərə alsaq, yanacaq sərfi hesabına dəymiş zərərləri müəyyən etmək olar. Daha bir misal: Ağsu çayı yatağından keçən Muğanlı (Şamaxı)–İsmayıllı avtomobil yolunun 12 kilometrlik məsafəsində teztez baş verən sürüşmələr nəticəsində avtomobil yolunun dağılmasına görə bu yol fasilələrlə öz fəaliyyətini dayandırması külli miqdarda iqtisadi zərərlərə səbəb olur. Belə hal Bakı–Şamaxı–Ağsu yolunun Ağsu aşırımından keçən hissəsində də teztez baş verir. Sürüşmələr Lənkəran–Yardımlı avtomobil yolunu da fasilələrlə yararsız hala salır. Bunu nəzərə alaraq göstərilən yol 2005–ci ildə yenidən quruldu, ancaq bu ərazidə sürüşmələrin baş vermə səbəbləri tam nəzərə alınmadığından və onlara qarşı əsaslı mühəndis müdafiə tədbirləri görülmədiyindən göstərilən avtomobil yolu yenidən sürüşmələrə məruz qaldı.

Kənd yaşayış məntəqələrini inzibati rayon mərkəzləri ilə birləşdirən kəndarası yollar torpaq və çınqılla örtülmüş yollardan ibarət olub, bu yolların heç birində sürüşmələrə qarşı qoruyucu–mühəndis tikililər aparılmadığından baş verən adi sürüşmə onlarla kənd arasında əlaqələrin bir müddət pozulmasına və burada yaşayan əhali arasında sosial gərginliyə səbəb olur. Məsələn, 11–12 may 2002–ci ildə İsmayıllı rayonu ərazisində baş vermiş sürüşmə 8 kəndin uzun müddət ətraf yaşayış məntəqələri ilə əlaqələrini kəsdi. 27 sentyabr 2006–cı ildə ölkənin cənub bölgəsində yağan leysan yağışlar sürüşmələri aktivləşdirmiş, sellərə səbəb olmuşbunun nəticəsində 53 kilometrlik Masallı–Yardımlı avtomobil yolunun 20 kilometrlik hissəsi yararsız hala düşmüşdür. Bu yolun yenidən qurulma işlərinə 7 milyon manat sərf edildiyi və 23 oktyabr 2006–cı ildə istifadəyə verildi.

Vaxtilə sürüşmələrə qarşı, demək olar ki, heç bir mühəndis qoruyucu tədbirlər görülmədiyindən Muğanlı–İsmayıllı avtomobil yolu inşa edildiyi vaxtdan indiyə kimi sürüşmələr nəticəsində dağılmaqda davam edir. Hər il bu yolu sürüşmələrdən qorumaq üçün külli miqdarda maliyyə vəsaiti sərf olunsa da, bu avtomobil yolu, demək olar ki, hər il öz fəaliyyətini qısa və uzun müddətli fasilələrlə dayandırmalı olur. Çoxtonnajlı yük və sərnişin avtobuslarının bu yolda il boyu hərəkəti mümkün deyildir. Ümumiyyətlə göstərilən yolun axtarış–layihə işlərində və yolun çəkilişi vaxtı onun keçdiyi sahənin aktiv sürüşmə ərazisi olması nəzərə alınmamış yol inşa olunarkən onun keçdiyi ərazilərin meşə və kolluqları qırılmış və nəticədə bu ərazi ən aktiv fəal sürüşmə ərazisinə çevrilmişdir.

Göstərilən yolun çəkilişinə müasir dövrün pul vahidi ilə 6 milyon ABŞ dolları sərf olunsa da, istifadəyə verildiyi vaxtda baş vermiş sürüşmə nəticəsində dağıntıya məruz qalmışdır. Sonrakı illərdə bu yolda keçirilən monitorinq nəticəsində yolun yenidən başqa ərazidən, indiki yoldan bir neçə kilometr şərqə tərəf ərazidən çəkilməsi təklif olunsa da, bu işlər hələ də həyata keçirilməmişdir. Şamaxı–Muğanlı–İsmayıllı yolu Bakı şəhərini Gürcüstanla birləşdirən Bakı–Ələt–Gəncə–Qazax İpək Yoluna nisbətən 100 kilometr qısadır. Göstərilən yol Azərbaycanın ən zəngin turistrekreasiya sərvətləri olan regionlarını qısa məsafədə Bakı şəhəri ilə birləşdirir. Göstərilənləri nəzərə alaraq xarakterizə edilən yolun daim sürüşməyə məruz qalan Ağsu çayı yatağından keçən hissəsi bizim fikrimizcə, asma körpü ilə əvəz olunarsa hər cür avtomobillərin il boyu təhlükəsiz hərəkətini təmin etmək olar. Belə asma körpülər Türkiyədə, Bolqarıstanda, İtaliyadas. turizmin inkişaf etdiyi ölkələrdə inşa edilir. Göstərilən ölkələrin təcrübəsinə əsasən bu yol yenidən asma yol kimi inşa edilməlidir. Yolun mövcud olduğu 30 il ərzində, demək olar ki, hər il yolda təmir–tikinti işləri aparılsa, yolun hərəkət hissəsinin bir hissəsi dönə–dönə yeri dəyişdirilsə də, bu yolda sürüşmələri ram etmək hələlik mümkün olmamışdır.

Göstərilən yolda mütəmadi tikinti–quraşdırma işləri aparılır, yol bəzi yerlərdə genişləndirilir, yol boyu yağış, leysan sularını ötürən bir neçə kilometr uzunluğunda kanallar çəkilir, ən çox sürüşmələrə məruz qalan bəzi hissələrində yolu sürüşmələrdən qorumaq üçün 1–1,5 metr hündürlüyündə daşlardan qoruyucu divarlar inşa edilir.

Görülən işlərin miqyasının çox böyük olmasını və bütün sürüşmə ərazilərini əhatə etməsini nəzərə alsaq, deyə bilərik ki, burada görülən işlər çox böyük maliyyə vəsaiti hesabına başa gəlir. Ancaq yolda tikintiinşaat işləri getdiyi bir vaxtda inşa edilmiş su ötürücü kanalların, arxların və daş divarların bir hissəsi sürüşmələr nəticəsində artıq dağılmağa başlamışdır. Bu yolda tikinti–quraşdırma işləri aparanlara demək istərdik ki, göstərilən yolda yenidən aparılan primitiv təmir–tikinti işləri ilə ərazidə ən aktiv fəaliyyətdə olan sürüşmələrin qarşısını almaq olmaz!

Tam məsuliyyətlə deyə bilərik ki, Muğanlı–İsmayıllı yolunun Ağsu çayı yatağından keçən 10–12 kilometrlik hissəsində aparılan yenidənqurma işlərinə sərf edilən maliyyə vəsaitləri sürüşmələr nəticəsində Ağsu çayı yatağına axıdılır.

Dünyada sürüşmələrin geniş yayıldığı və turizmin inkişaf etdiyi ölkələrdə mövcud olan avtomobil yolları atlaslarında sürüşmələrin avtomobil yollarının hansı hissələrində daha teztez təkrarlandığı ərazilər çox dəqiqliklə göstərilir və belə yollarda hər bir sürüşmənin olduğu ərazilərdə çoxsaylı nişangahlar qoyulur.

Təəssüflər olsun ki, Azərbaycanda olan avtomobil yollarında belə nişangahlara yalnız Bakı–Şamaxı–Ağsu yolunun bir neçə yerində rast gəlinir.

Azərbaycanda avtomobil yolları atlası böyük miqyasla tərtib olunmalı, yollarda təsadüf olunan bütün təbii fəlakətlər, o cümlədən sürüşmələr yeni tərtib olunan atlasda öz əksini tapmalıdır.

Sürüşmələrin geniş yayıldığı ölkələrdə sürüşmələri öyrənən, onlara qarşı mübarizə tədbirlərini həyata keçirən elmistehsalat mərkəzləri fəaliyyət göstərir. Nəzərə alsaq ki, Azərbaycan ərazisinin 60 faizi dağlıq və dağətəyi sahələrdən ibarətdir, onda belə ərazilərin potensial sürüşmə əraziləri olmasını deyə bilərik. Göstərilənləri nəzərə alaraq belə bir elmistehsalat mərkəzinin Azərbaycanda yaradılması günün tələbidir. Bu mərkəz Fövqəladə Hallar Nazirliyinin bir struktur bölməsi ola bilər.

Azərbaycanda sürüşmələri müxtəlif elmi istiqamətdə öyrənən Milli Elmlər Akademiyasının CoğrafiyaGeologiya İnstitutlarında çox yüksək ixtisaslı kadrlar olmasına baxmayaraq, yolların çəkilişində onların elmi potensialından demək olar ki, istifadə edilmir. Yol tikintisi işlərinə sürüşmələr haqda heç təsəvvürləri olmayan mütəxəssislər cəlb olunur. Bu isə sonradan çəkilən yolların az vaxt keçmədən dağılmasına səbəb olur. Necə ki, Muğanlı–İsmayıllı yolunda olduğu kimi. Buna qəti yol vermək olmaz.

Vaxtilə Bakı şəhərində İttifaq əhəmiyyətli bir neçə layihə institutları fəaliyyət göstərirdi. Bu institutlarda nəinki Azərbaycan üçün, hətta bir neçə xarici ölkələrdə əraziləri–yolları sellərdən, sürüşmələrdən qorumaq üçün layihələr tərtib olunurdu.

Azərbaycan müstəqillik qazandığı ilk illərdə belə layihə institutlarının əksəriyyəti öz fəaliyyətlərini maliyyə çətinlikləri üzündən dayandırmalı, bu institutların illər boyu formalaşmış yüksək elmi potensialı öz fəaliyyətlərini digər sahələrdə tətbiq etməli oldu. İttifaq əhəmiyyətli belə institutların binaları müxtəlif nazirlik, komitə, səfirlik və habelə özəl təşkilatlara verildi. Halbuki okean sahillərində təkrarlanan təbii fəlakətlərdən başqa, dünyada mövcud olan bütün təbii fəlakətlərin əksərinə Azərbaycanda rast gəlinir.

Təbii fəlakətlərə qarşı, xüsusi olaraq sel və sürüşmələrlə mübarizə işlərini layihələşdirən belə layihə institutlarının heç olmasa birinin, ikisinin fəaliyyəti bərpa edilməlidir. Bu işlərdə xüsusi olaraq Fövqəladə Hallar Nazirliyi daha çox maraq və köməklik göstərməlidir.

Yaxın gələcəkdə Azərbaycan dünyanın inkişaf etmiş turizm ölkəsinə çevriləcəkdir. Bununla əlaqədar Azərbaycana hər il şəxsi avtomobilləri ilə çoxminli turistlərin gəlməsini nəzərə alsaq, İpək Yolu və Şimal–Cənub nəqliyyat dəhlizinin tam istifadəyə verilməsi ilə əlaqədar ölkəmizin avtomobil yollarında sürüşmələrə qarşı çox ciddi tədbirlər görülməlidir.

Yuxarıda sürüşmələrə dair yazılanları ümumiləşdirərək belə nəticəyə gəlmək olar!

Təbii proseslərin, antropogen amillərin təsiri nəticəsində sürüşmələr çox sürətlə öz əhatə dairələrini genişləndirərlərsə, yaxın 20–30 ildən sonra əsasən dağlıq, qismən də dağətəyi ərazilərdə yerləşən kəndlərin əhalisizləşdirilməsinə səbəb ola bilər. Bu isə öz növbəsində respublikada əsasən heyvandarlıq təsərrüfatının, qismən də digər kənd təsərrüfatı sahələrinin tənəzzülünə səbəb olmaqla, dağ turizminin inkişafına çox mənfi təsir edə bilər.

Respublika ərazisində mövcud olan bütün sürüşmələrin sayı, sahəsi, onların əhatə dairəsində yerləşən bütün təsərrüfat obyektləri və s. məsələlər haqda məlumatlar respublikanın bütün inzibati rayonlarında fəaliyyət göstərən Fövqəladə Hallar Nazirliyinin səlahiyyətli nümayəndələri tərəfindən sürüşmələrin dəqiq inventarlaşdırma işləri aparılmalıdır. Bu işlərin nəticəsi olaraq respublikada mövcud olan böyüklükiçikli bütün sürüşmələrin böyük miqyaslı xəritəsi tərtib edilməli, belə xəritələr sürüşmələrin geniş yayıldığı respublikada bütün inzibati rayonların icraedici orqanlarına göndərilməli, fəaliyyətdə olan hər bir sürüşmə ərazisindən necə istifadə edilmə imkanları haqda xəritədə, veriləcək tövsiyələrə çox ciddi riayət olunmasını yerli icra orqanlarından (bələdiyyə, kəndlərdə yerləşən icra nümayəndələrindən) tələb edilməlidir.

Azərbaycanın kənd yerlərində sürüşmələrin fəaliyyətdə olduğu və sürüşmələrə meyilli olan ərazilərdə təsərrüfat obyektlərinin, tikili və qurğuların inventarlaşması aparılmalı və belə ərazilərdə hər cür tikinti–quraşdırma işlərinə qadağa qoyulmalı, meşə və kolluqların qırılmasının qarşısı alınmalıdır. Sürüşmələrə meyilli kəndlərdə əhalinin kəndləri tərk etməmələri üçün hər cür sosial problemlərin həll edilməsini vaxtı itirmədən həyata keçirmək lazımdır. Sürüşməyə meyilli ərazilərdə aparılan mühüm dövlət əhəmiyyətli tikintilərin inşası vaxtı sürüşmələrə qarşı mühəndis qoruyucu sistemlərin baha başa gələcəyini düşünmədən, hər cür müdafiə tədbirləri görüb, belə tikililərin inşasına icazə verilə bilər.

Azərbaycanda sürüşmələrin daha çox yayıldığı Abşeron yarımadasında, xüsusən də Bakı şəhərində sürüşmələrə çox meyilli ərazilərdə yaşayış binalarının və s. təsərrüfat obyektlərinin tikintilərinə monitorum qoyulmalı və belə ərazilər ancaq meşə–park zonası kimi istifadə edilməlidir.

Bakı şəhərinin məqalədə adları qeyd olunan sürüşmə ərazilərində qeyriqanuni tikinti işləri aparmaq üçün insanlara torpaq sahələri verənlər, belə ərazilərdə qanunsuz tikinti aparanlar, çox ciddi surətdə müvafiq qanunlarla cəzalandırılmalıdırlar.

Azərbaycanda mövcud olan çoxsaylı təbii fəlakətlər içərisində əhatə dairəsinə, vurduğu zərərlərin məbləğinə görə sürüşmələr sellər, zəlzələlər, daşqınlardan sonra ölkə iqtisadiyyatına hər il təxminən 3–5 milyon ABŞ dolları miqdarında zərər vurur. Bu zərər və dağıntılar ilbəil çox sürətlə artmaqda davam edir. Ona görə də ölkəmizdə geniş yayılan sürüşmələrə etinasız yanaşmaq olmaz.

 

 

Neron Babaxanov,

BDU–nun professoru.

 

Respublika.- 2013.- 18 yanvar.- S. 6.