Monumental ELMİ–TƏDQİQAT ƏSƏRİ

 

Qədim tarixə və zəngin mədəni irsə sahib olan Azərbaycan xalqı təhsil və maarif sahəsində də əsrlərin süzgəcindən keçib gəlmiş özünəməxsus ənənə və dəyərlərə malikdir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycanın təhsil tarixi hər birimizin fəxr etdiyi nailliyyətlərlə zəngindir”. Azərbaycanın tam müstəqil dövlət olaraq hərtərəfli və dinamik inkişaf etdiyi, dünya birliyində layiqli yer tutduğu indiki dövrdə milli təhsil tariximizin, onun inkişaf mərhələlərinin araşdırılması daha böyük önəm daşıyır. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” çoxcildlik kitabı bu istiqamətdə aparılan ilk sanballı tədqiqat əsəri kimi olduqca mühüm əhəmiyyət kəsb edir.

 

Müasir dövlətimizin banisi, milli təhsilimizin himayəçisi ulu öndərimiz Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar hazırlanmış, Azərbaycanın təhsil tarixinin bütün dövrlərini əhatə edən və yüksək poliqrafik səviyyədə çap olunmuş bu kitabların birinci cildində ən qədim dövrlərdən başlayaraq 1920–ci ilədək olan dövr, ikinci cildində sovet dövrü, üçüncü və dördüncü cildlərində isə müstəqillik dövrünün tarixi öz dolğun əksini tapıb. Tarixin araşdırılması nə qədər keçmişə hörmət və ehtiramı ifadə edirsə, gələcək üçün də mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan təhsil tariximizin də geniş tədqiqatlara böyük ehtiyacı vardı. Professor Misir Mərdanovun müəllifi olduğu dördcildlik nəşr təhsil tariximizin ciddi şəkildə öyrənilməsi ehtiyacından irəli gəlib. Bu kitablar sadəcə, bir tədqiqatçının ortaya qoyduğu nəşr deyil. “Azərbaycan təhsil tarixi” Azərbaycanın təcrübəli təhsil mütəxəssisinin Azərbaycanın təhsil tarixinə verdiyi qiymət və dəyərləndirməsidir. Bu dəyərləndirmənin məntiqində bugünkü Azərbaycan təhsilinin qarşısına qoyduğu məqsədlər, gələcək inkişaf perspektivləri durur. Kitabda əsas məqamlardan biri tariximizə söykənən bugünkü təhsilimizin dəyərləndirilməsi, təhsil islahatlarının məntiqinin ortaya qoyulması və təhsilin gələcək inkişaf konsepsiyasının əsas mahiyyətinin Azərbaycan vətəndaşlarına, o cümlədən təhsil ictimaiyyətinə çatdırılmasıdır.

“Azərbaycan təhsil tarixi” kitabının III cildində (Bakı, 2011, “Təhsil” Nəşriyyatı) müstəqillik illərində ölkəmizdə milli təhsil sisteminin təşəkkülü, təhsilin ayrı–ayrı pillələri üzrə inkişaf amilləri öz əksini tapıb. Professor Misir Mərdanov ön sözündə I və II cildlər üzərində işləyərkən qarşılaşdığı çətinlikləri xatırladaraq deyir: “O zaman düşünürdüm ki, müstəqillik dövründə təhsilin inkişaf mərhələləri gözlərimiz önündə və bizim yaxından iştirakımızla baş verdiyindən burada ciddi çətinliklərlə qarşılaşmayacağam. Amma bununla belə, müstəqillik dövrünün təhsil tarixini işləyərkən də özünəməxsus problemlərlə üzləşdim. Əgər qədim dövrdə tarixi materialların əldə edilməsində, sovet dövründə bununla bərabər mövcud materialların sistemləşdirilməsində çətinliklərlə qarşılaşdımsa, müstəqillik dövründə belə çətinliklərin olmayacağını güman edirdim. Lakin necə deyərlər, qələmi əlimə alıb ölkəmizin müstəqillik illərində təhsil tarixi üzərində işə başlayanda, bu dövrün də özünəməxsus problemləri ilə qarşılaşdım. Çətinliklərdən biri onunla bağlı idi ki, bu dövrdə təhsilin inkişafı sahəsində həyata keçirilən islahatlar, qəbul edilən qərarlar əvvəlki illərlə müqayisədə həm əhatə dairəsinə, həm də mahiyyəti və məzmununa görə həddindən artıq zəngin və irimiqyaslı idi”. Məhz bu baxımdan professor Misir Mərdanov çox düzgün olaraq qərara gəlib ki, müstəqillik dövrünün təhsil tarixini iki cilddə versin. III cilddə müstəqillik illərində məktəbəqədər təhsil, ümumi təhsil, məktəbdənkənar təhsil, ilk peşə–ixtisas təhsili və orta ixtisas təhsilinin inkişafından bəhs edilir. Bu yaxınlarda çapdan çıxan IV cild isə ali təhsil, elmi və əlavə təhsilin inkişaf meyillərini əhatə edir.

VII fəsildən, 672 səhifədən ibarət olan III cilddə müstəqillik illərində Azərbaycanda təhsilin inkişaf tarixi şərti olaraq üç mərhələyə bölünüb. 1991—1993–cü illəri əhatə edən birinci mərhələ təhsil sisteminin tənəzzülü, sovet hakimiyyəti illərində qazanılmış nailiyyətlərdən, mütərəqqi ənənələrdən imtina edilməsi dövrü kimi xarakterizə olunur. Bu dövr həm də milli ideyaların təhsil sisteminə gətirilməsi ilə təhsil tarixinə düşmüşdür.

İkinci mərhələ 1993–2003–cü illəri əhatə edir. Bu mərhələdə sabitləşmə meyilərinin təhsilin inkişafına da nüfuz etməsi, milli təhsil quruculuğu sahəsində ilk addımların atılması, dövlətin təhsilə diqqətinin artması, mütərəqqi və inkişafyönümlü qərarların qəbul edilməsi, təhsilin keyfiyyətinə nəzarətin güclənməsi, beynəlxalq əlaqələrin intensivləşməsi, təhsilə investisiya qoyuluşuna başlanması dövrü kimi yadda qalmışdır.

Üçüncü mərhələ 2003–cü ildən sonrakı dövrü əhatə edir. Müəllif bu mərhələni təhsil sistemində köklü islahatlar dövrü adlandırıb. Məhz həmin dövrdə təhsil tariximizdə ilk dəfə olaraq 16 inkişafyönümlü Dövlət Proqramı təsdiq olunaraq uğurla həyata keçirilib.

Tədqiqatçılar, müəllimlər, tələbələr və geniş pedaqoji ictimaiyyət üçün nəzərdə tutulan “Azərbaycan təhsil tarixi” kitabının III cildinin ayrı–ayrı fəsillərində ölkəmizdə təhsilin təşəkkülü, məktəbəqədər, ümumi, ilk peşə–ixtisas və orta ixtisas təhsili pillələri üzrə inkişaf amilləri, habelə pedaqoji mətbuatın inkişaf tendensiyaları öz əksini tapıb.

Bu kitabların ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunduğunu xüsusi vurğulayan təhsil naziri Misir Mərdanov Azərbaycanın təhsil tarixinin yazılmasının məhz ümummilli liderimizin tövsiyəsi olduğunu diqqətə çatdırır: “1998–ci ildə Azərbaycan müəllimlərinin birinci qurultayı keçirildi. Mən bu qurultaydakı çıxışımda təhsilimizin inkişaf tarixini mümkün qədər əhatə etməyə çalışdım. Qurultayda iştirak edən ulu öndər Heydər Əliyev təhsil tariximizin yazılmasını tövsiyə etdi. Bu kitabları nəşr etməklə mən ulu öndərimizin daha bir tövsiyəsini yerinə yetirməyə çalışmışam. Eyni zamanda, mən bu nəşrlər haqqında Prezident İlham Əliyevə məlumat vermişəm. Kitablarla tanış olan dövlət başçısı onların təqdimatının keçirilməsini məsləhət bildi”.

Bu günün müstəvisindən ötən əsrin 90–cı illərinin əvvəllərinə — müstəqilliyimizin ilk illərinə nəzər yetirəndə ötən müddətdə keçdiyimiz yolun bütün kəşməkəşləri, təzadları və həqiqətləri gözümüz önündə bir daha canlanır. Həmin dövrün tarixi gerçəkliyi odur ki, Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya aktı 1991–ci il oktyabrın 18–də qəbul edilsə də, ölkəmiz yalnız müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi Heydər Əliyevin respublikamızda siyasi hakimiyyətə böyük qayıdışından sonra öz həqiqi müstəqilliyinə qovuşdu. O vaxta qədər Azərbaycan siyasi çəkişmələr burulğanında boğulurdu, ölkədə qarşıdurma son həddə çatmışdı. Siyasi hakimiyyətdə bir–birlərini əvəz edən səriştəsiz və naşı iqtidarların günahı üzündən ölkəmiz həm siyasi, həm sosial–iqtisadi, həm də mədəni sahələrdə dərin tənəzzülə uğrayırdı. Təbii ki, bu da təhsil quruculuğunda böyük boşluqlar yaratmışdı. “Azərbaycan təhsil tarixi” əsərinin III cildinə ön sözündə müəllif kitabın hazırlanması prosesinə müsbət təsir edən bir sıra amillərə aydınlıq gətirərək yazır: “Bir tərəfdən mən özüm və yaxın ətrafımda olan insanlar Azərbaycanın sovet təhsili sisteminin yetirmələri idik, onun müsbət və mənfi cəhətlərini yaxşı bilirdik. İkinci bir cəhət isə ondan ibarət idi ki, mən müstəqilliyin ilk illərində Azərbaycanda və onun təhsil sistemində mənfi və müsbət istiqamətlərdə atılan addımların bilavasitə içərisində idim. Bütün bu hadisələr, necə deyərlər, gözlərimin qarşısında baş vermişdi. Heç bir müsbət nəticə verməyən tələsik atılan addımların da, təkamül yolu ilə həyata keçirilən və uğurla nəticələnən hadisələrin də şahidi idim”. Müəllif müstəqilliyimizin ilk illərində təhsil quruculuğunda iştirak edənlərin bu mühüm işə müxtəlif yanaşmalarına da toxunub və onların mənfi və müsbət cəhətlərini təhlil edib. Burada ən düzgün yanaşmanın məhz sovet dövründə qazanılmış təcrübə və nailliyyətlər əsas götürülməklə, xalqımızın milli dəyərləri, tarixi inkişaf meyilləri, adət–ənənələri nəzərə alınmaqla, beynəlxalq təcrübəyə və Avropa təhsil məkanına istinad edilməklə Azərbaycanda milli təhsil quruculuğunun aparılmasından ibarət olduğunu nəzərə çatdırıb və ulu öndərimizin bu istiqamətdə gördüyü misilsiz fəaliyyətin mahiyyətini konkret faktlar fonunda geniş ictimaiyyətə açıqlayıb.

Professor Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” kitabının III cildində Azərbaycanın ümumi inkişaf fonunda məktəbəqədər təhsil, ümumi təhsilin inkişafı, ümumi təhsil sahəsində beynəlxalq əlaqələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq, məktəbdənkənar təhsil, ilk peşə–ixtisas təhsilinin və orta ixtisas təhsilinin inkişafı, eləcə də pedaqoji mətbuatın bu sahədəki fəaliyyəti bütün incəliklərinə qədər araşdırılıb.

“Azərbaycan təhsil tarixi” çoxcildliyinin IV cildi (Bakı, 2012, “Təhsil” Nəşriyyatı) müstəqillik illərində Azərbaycanda ali təhsilin tarixinə həsr olunub. Kitabda müstəqilliyin ilk illərindən 2012–ci ilədək bütövlükdə ölkəmizin ali təhsil sistemində baş vermiş yeniliklər, ali məktəb elmi və əlavə təhsilin inkişaf meyilləri, eyni zamanda ayrı–ayrı ali təhsil müəssisələri haqqında ətraflı məlumatlar öz əksini tapıb.

Ali təhsilin tarixinin ayrıca cild kimi işlənməsinə aydınlıq gətirən müəllif bildirir: “Ölkənin ali təhsilinin inkişafı tələbə olduğum 1964–cü ildən indiyədək gözlərim önündə baş vermişdir. Ali məktəb işçisi olduğumdan təhsilin bu pilləsi ilə yaxından tanışam, ölkəmizdə ali təhsilin təşəkkülü tarixini bilərək onu ictimaiyyətə çatdırmağı mənəvi borcum hesab etmişəm”. Professor Misir Mərdanov daha sonra qeyd edir ki, ölkənin malik olduğu təbii sərvətlərin cəmiyyətin hərəkətverici qüvvəsi olan insan kapitalına çevrilməsi ali təhsilin qarşısında duran müstəsna əhəmiyyətə malik vəzifələrdəndir. Burada vacib amil ondan ibarətdir ki, sürətli dəyişikliklərin baş verdiyi hazırkı dövrdə, cəmiyyətin sosial–iqtisadi tərəqqisində, rəqabətədavamlı insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan bilik iqtisadiyyatının qurulmasında ali təhsilin müstəsna rolu vardır. Ali təhsil sadəcə yüksək səviyyəli mütəxəssis yetişdirmir, o həm də ölkənin insan kapitalını artırır. İnsan kapitalı dedikdə isə insanın malik olduğu qabiliyyət, qazandığı bilik, bacarıq, vərdiş və motivasiya ehtiyatı başa düşülür. Bu kapitalın xüsusiyyətləri kifayət qədər özünəməxsusdur, o, bir insana məxsus olsa da, eyni zamanda cəmiyyətin mülkiyyətidir.

IV cild iki fəsildən, 910 səhifədən ibarətdir. I fəsildə ali təhsildə idarəetmənin təşkili, ali təhsil şəbəkəsinin genişləndirilməsi, məzmun islahatları, normativ–hüquqi bazanın yaradılması, Bolonya prosesi, yeni maliyyələşmə mexanizminin tətbiqi, ilkin müəllim hazırlığı, özəl ali təhsil müəssisələrinin yaranması, ali məktəb elmi, ali məktəblərə tələbə qəbulu, əlavə təhsil, əcnəbilərin Azərbaycanda ali təhsili, xaricdə təhsil, ali təhsil sahəsində beynəlxalq əlaqələr və dərslik siyasəti məsələləri geniş şərh edilib. Kitabın IV cildinin II fəslində təhsil tariximiz üçün xüsusi əhəmiyyəti nəzərə alınaraq 1920–ci ilədək ali təhsil almış 487 nəfər azərbaycanlının siyahısı verilib.

I fəsil 15 paraqrafdan ibarətdir və hər biri ali təhsilin konkret sahə və istiqamətini ətrafli şərh və tədqiq edir. Məsələn, ali təhsil sahəsində məzmun islahatlarını əhatə edən üçüncü paraqrafda ali təhsildə ikipilləli sistemə keçmənin mahiyyəti, üstünlükləri, bu istiqamətdə illər ərzində görülən işlər, təhsil proqramlarının təkmilləşdirilməsi, qərarların qəbulu və digər məsələlər barədə dolgun materiallar verilir.

Beşinci paraqraf ölkəmizdə Bolonya sisteminin tətbiqi ilə bağlıdır. Azərbaycanda təhsilin dünya təhsil sisteminə, xüsusən ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası prosesini, Bolonya Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi sahəsində işləri sürətləndirmək məqsədilə Azərbaycan Prezidentinin imzaladığı 31 yanvar 2008–ci il tarixli Sərəncamın icrası istiqamətində “2009–2013–cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı” hazırlanıb. Dövlət Proqramının əsas məqsədi ölkənin ali təhsilinin dünya təhsil sisteminə inteqrasiyası, onun Bolonya prosesinin prinsiplərinə uyğun qurulması, cəlbedici və rəqabət qabiliyyətliliyinin təmin edilməsi, ölkə iqtisadiyyatının inkişaf tələblərinə uyğun ali təhsilli kadrlara yaranan tələbatın ödənilməsi, habelə əhalinin müasir ali təhsil almaq imkanlarının təmin edilməsi üçün iqtisadi və sosial baxımdan səmərəli ali təhsil sisteminin formalaşdırılmasıdır.

Dövlət Proqramında 8 istiqamət üzrə islahatların aparılması müəyyənləşdirilib ki, bunların da içərisində Bolonya Bəyannaməsinə və beynəlxalq təhsil təcrübəsinə uyğun olaraq ali təhsilin normativ–hüquqi bazasının yeniləşdirilməsi, ali təhsilin məzmununun və təlim texnologiyalarının təkmilləşdirilməsi, ali təhsil müəssisələrinin strukturunun və bütövlükdə onun idarə olunması sisteminin müasir tələblər baxımından modernləşdirilməsi, kadr hazırlığı, elmi–tədqiqat işlərinin müasir tələblərə uyğun qurulması, ali təhsilin maddi–texniki bazasının müasir tələblərə uyğun qurulması və ali təhsilin iqtisadiyyatının yeni mexanizmlərinin yaradılması və tətbiqi mühüm əhəmiyyət daşıyır.

VIII paraqrafda ölkəmizdə özəl ali təhsil müəssisələrinin yaranması və təşəkkülü məsələlərindən, IX paraqrafda ali təhsil sistemində elmi araşdırmalar sahəsində görülən işlərdən, XIII paraqrafda azərbaycanlıların xaricdə təhsilindən, on dördüncü və on beşinci paraqraflarda isə ali təhsil sahəsində beynəlxalq əlaqələrdən və dərslik siyasətindən ətraflı bəhs olunur.

Kitabda xüsusi qeyd olunduğu kimi, təhsili millətin gələcəyi adlandıran ümummilli liderimiz ona fəaliyyətinin bütün dövrlərində böyük önəm verib. Təhsilə qayğının artırılmasına dövlət siyasətinin üstün prinsipi, prioritet məsələsi kimi yanaşıb. Ölkəmizdə təhsil islahatı Proqramının hazırlanması və uğurla reallaşması təhsil sahəsində Heydər Əliyev siyasətinin parlaq nümunəsidir. Sonrakı illərdə İslahat Proqramına uyğun olaraq müstəqil Azərbaycanın təhsil sisteminin normativ–hüquqi bazasının yaradılması, təhsilin məzmununun yeniləşdirilməsi və təkmilləşdirilməsi, təhsilin idarə olunmasının demokratikləşdirilməsi, təhsil sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində çox böyük işlər görülüb. Məhz bunun nəticəsidir ki, bu gün biz təhsilin keyfiyyətinin ən inkişaf etmiş ölkələrin səviyyəsinə yüksəlməsi ilə bağlı uğurlarımızla, təhsil sahəsində beynəlxalq proqram və layihələrdə iştirakımızla haqlı olaraq fəxr edirik. Bütün bunlar, şübhəsiz ki, ulu öndərimizin siyasi kursunun uğurla davam etdirilməsi, möhtərəm Prezidentimiz İlham Əliyevin təhsilə, təhsil işçilərinə diqqət və qayğısı, səmərəli fəaliyyət üçün yaratdığı əlverişli şərait və imkanlar sayəsində mümkün olub. Prezidentin təhsil sahəsinə diqqəti ardıcıl və müntəzəm xarakter daşıyır. “Təhsil haqqında” Qanunun qəbul edilməsi, təhsil sistemində islahatların daha sürətlə davam etdirilməsi, ən mütərəqqi texnologiyaların tətbiqi, müəllimlərin əmək haqlarının müntəzəm olaraq artırılması, onların pedaqoji biliyinin artması bu sahənin dünya səviyyəsinə yüksəlməsinə imkan verib. Milli təhsilimizin inkişafı məsələsi öz məzmununu daha da genişləndirərək Azərbaycanın gələcək uğur modelinin əsasını formalaşdıran başlıca amil kimi gündəmə gətirilib, insan kapitalının möhkəmlənməsi və inkişafına xidmət edən ümummilli hərəkata çevrilib. 20 il ərzində digər sahələrdə olduğu kimi, təhsil sektorunda da çox böyük işlər görülüb. Bu dövrdə 2 mindən çox orta məktəb binası və əlavə tədris korpusu tikilib, bütün ali təhsil müəssisələrinin binaları əsaslı təmir olunub və yenidən qurulub. Ümumtəhsil məktəblərinin I–XI sinifləri üçün müasir tələblərə cavab verən milli dərsliklər yaradılıb və pulsuz olaraq şagirdlərə çatdırılıb. Latın qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa zamanda bütün məktəblər və kitabxanalar yeni əlifba ilə çap olunmuş dərslik və əlavə vəsaitlərlə təmin edilib. İnformasiya–kommunikasiya texnologiyalarının təhsilə tətbiqi böyük vüsət alıb.

“Azərbaycan təhsil tarixi” kitabında 2003–cü ildən sonrakı dövrə xüsusi önəm verilməsi təsadüfi deyil. Belə ki, müstəqil Azərbaycan dövləti son doqquz ildə həqiqətən də dünyada analoqu olmayan sürətli inkişaf yolu keçib. Həyatımızın bütün sahə və istiqamətlərində köklü dəyişikliklər, tərəqqi müşahidə edilib. Bu dövrün əsas xüsusiyyətlərindən biri təhsilə qayğının, onun inkişafına ayrılan xərclərin ildən–ilə artırılmasıdır. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. Son illər təhsil tarixində ilk dəfə olaraq 16 inkişafyönümlü Dövlət Proqramı təsdiq olunub və uğurla həyata keçirilməkdədir. Təhsilin ayrı–ayrı sahələrinin inkişafı üzrə real vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq edilmiş bu proqramların reallaşdırılması nəticəsində tədris müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi, infrastrukturun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, yeni dərslik siyasətinin reallaşdırılması, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya–kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki–peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər istiqamətlərdə əhəmiyyətli nailiyyətlər əldə olunub.

Professor Misir Mərdanov “Azərbaycan təhsil tarixi” kitabının IV cildinə ön sözündə oxuculara müraciətlə deyir: “Uzun illər apardığım tədqiqatlar, gərgin əmək və böyük zəhmət hesabına ərsəyə gəlmiş “Azərbaycan təhsil tarixi” çoxcildliyinin Sizin ixtiyarınıza verilməsini həyatımın ən əlamətdar hadisəsi hesab edirəm. Bütün həyatını ölkəmizdə təhsilin inkişafına həsr etmiş bir insan kimi ilk dəfə olaraq Azərbaycanın zəngin təhsil tarixinin müəllifi olmaqdan qürur duyuram. Zaman keçəcək, ölkəmizin təhsil tarixi ilə bağlı yeni–yeni tədqiqat əsərləri işıq üzü görəcək. Lakin bu çoxcildlik bundan sonra yaranacaq digər əsərlər üçün ilkin mənbə və istinad rolunu oynayacaqdır”.

Göründüyü kimi, Azərbaycan Respublikası təhsil naziri Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” çoxcildliyi sözün həqiqi mənasında sanballı elmi–tədqiqat əsəri və müstəqillik dövründə Azərbaycanın inkişafının kökündə dayanan amillərdən biri olaraq təhsil sahəsində həyata keçirilən islahatlar və bu islahatlar nəticəsində əldə olunan nailiyyətlərin bütöv salnaməsinin tərənnümü kimi olduqca dəyərlidir.

 

 

Xəlil CABBAROV

 

Respublika.- 2013.- 9 yanvar.- S. 3.