MƏNALI ÖMRÜN İŞIĞINDA

 

Deyirlər tarix təkrar olunur. Şübhəsiz bu sözdə bir həqiqət vardır. Tarix təkrar olur dedikdə tarixi hadisələr, günlər, şəxsiyyətlər anlamında başa düşülür. Məhz bu baxımdan yaxşılıq insan üçün bir əməldir və bu tarixdə iz buraxmaq deməkdir. Ta qədim dövrlərdən qadınlarımız — nənələrimiz, analarımız şücaəti, gözəl mədəniyyəti, mənəviyyatı və insanpərvərliyi ilə şöhrət qazanmışlar.

Tomris ana, Möminə xatın, Sara xatın kimi tarixdə ad qoymuş qadın şəxsiyyətlərimiz olunmuşdur. Bu gün də elə xanımlarımız var ki, onlar torpaqlarımızın müdafiəsi, Vətənin çiçəklənməsi uğrunda nənələrinin yolunu davam etdirirlər. Ər qeyrətli bu xanım–xatın qadınlarımız təbii ki, böyüməkdə olan nəsillər üçün bir örnəkdir. Həmin qadınlar vətəndaşlıq, vətənpərvərlik, insanpərvərlik fəaliyyətləri ilə tanınan xeyriyyəçi azərbaycanlılar sırasında öndə gedərək, keçən əsrin sonlarına doğru — müstəqilliyimizin bərpasından sonra xeyriyyəçilik işlərinin daha da vüsət almasına nail oldular.

Tarixi şəxsiyyətlərin ömür yoluna baxdıqda görürük ki, həyat böyük bir sınaq meydanıdır. Bu mənada ictimaisiyasi və mədəni fəaliyyəti ilə bizə böyük bir yaradıcılıq irsi bəxş etmiş Nəriman Nərimanovun bu fikirləri diqqət çəkir ki, “İnsanın xoşbəxtliyi onun həyatından sonra ismi hörmət ilə dillərdə zikr olmaqdadır. Bu mərtəbəyə çatmaqdan ötrü fədakarlıq lazımdır”. Həqiqətən, tarixi örnəklər də təsdiqləyir ki, bu dünya daim fədakarların çiyinləri üstündə insanlığa doğru can atıb, bəşəriyyətin əli yalnız yaxşıların, əməlisaleh insanların xoşməramlı arzuları, xoşniyyətli əməlləri ilə çörəyə çatıb. Ona görə də tarix boyu belə müdrik, alicənab və xeyirxah insanların adları həmişə hörmət və izzətlə anılıb. Heç şübhəsiz, belə bir təqdirəlayiq varislik ənənəsini davam etdirmək bizlərin də müqəddəs vəzifələrindəndir…

Ona görə də biz bu yazımızda müdrik babaların, fədakar nənələrin insanlıq ənənələrini davam etdirərək, estafeti gələcək nəsillərə layiqli şəkildə ötürmək üçün əmanət almış, xeyriyyəçi bir ziyalıdan — xanım–xatın bir Azərbaycan qadınından söhbət açmaq istəyirik.

Onun adını Dünyaxanım çağırırlar. Çünki insanlar üçün gördüyü xeyirxah işlər dünyamız qədər bitib–tükənməz, çoxsaylı yaxşılıqlar bir insan ömrünə sığmayacaq qədər hesabsız görünür… Dünyaxanım Əliyeva Azərbaycan qadınının uzaq keçmişdən miras qalan mənəvi dəyərlərini – xeyirxahlığı, saflığı, mərdliyi özündə daşımaqla bərabər, həm də müasir qadına xas olan işgüzarlıq, bilik, mədəniyyət kimi gözəl insani keyfiyyətləri şəxsində cəmləyə bilmişdir. Minlərlə insanın, o cümlədən anaların və uşaqların dərdinə şərik olmaq istəyən hər bir kəsdən, təbii ki, ilk növbədə möhkəm iradə, inam, bacarıq, ürək, mətanət tələb olunur. Çox sevindirici bir haldır ki, belə bir yüksək insani keyfiyyətlər Dünyaxanım timsalında özünü qabarıq büruzə verir. Biz bunun heç də təsadüfi olmadığını, bəşəri hisslərdən, insani ehtiyaclardan, milli duyğulardan, vətən təəssübkeşliyindən, zamanın doğurduğu obyektiv səbəblərdən bəhrələndiyinə Dünyaxanım Əliyeva ilə olan söhbətlərdə də şahidlik etmişik. O, özü də xarakterindəki səciyyəvi cəhətlərin formalaşmasında tarixi şəraitin, siyasiiqtisadi strukturlardakı dəyişikliklərin, ölkəmizə olan təcavüz faktının, xalqımızın sosial həyatında yaranmış çətinliklərin təsiredici rolunu danmır. Dünyaxanım bu barədə olan qənaətlərini belə ifadə edir: “Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə baş verən siyasi və iqtisadı proseslər, yeni iqtisadi sistemə keçid, müharibə şəraiti və bunun nəticəsində bir milyona yaxın qaçqın və köçkünün maddisosial problemləri ilə yaranan çətinliklərdən ilk növbədə əziyyət çəkən qadınlar və uşaqlar olub”. Məhz belə bir situasiya onun vətəninə, doğma elinə, yurduna olan sevgisini daha da artırmış, çətinlikdə yaşayan insanların rifahını və həyat tərzinin müəyyən qədər yaxşılaşdırılması istiqamətində işlər görməyə sövq etmişdir.

Şərqin dahi filosofu Cəlaləddin Rumi Mövlana demişdir: “Şam olmaq asan deyil. İşıq saçmaq üçün yanmaq gərəkdir”. Dünyaxanım Əliyeva vətən eşqilə döyünən ürəyinin səsilə ehtiyacı olan həmvətənlərinə, xüsusilə də qaçqın və köçkünlərə yardım göstərir, müxtəlif xeyriyyəçilik fəaliyyətləri ilə insanlıq yolunda necə yanıb–yaxıldığını əməli ilə təsdiqləyirdi.

Onun xeyriyyəçilik fəaliyyətinin qısa xronikasına nəzər salaq. Bütün mürəkkəb problemləri təkcə dövlətin üzərinə qoymaq olmaz — deyə düşünən Dünyaxanım Əliyeva 2000–ci ildə “Dünya, AnaUşaqictimai birliyini təsis etdi. Birliyin məqsədi anauşaqlarla bağlı problemlərin həllinə yardımçı olmaqla bərabər müxtəlif istiqamətlərdə maarifləndirmə və xeyriyyəçilik işini də əhatə edir. Yurd–yuvasından didərgin düşmüş, çadır şəhərciyində məskunlaşmış ailələrin dərdinə şərik olmaq üçün onlarla görüşə gedərək, yaşayış şəraitləri ilə tanış olmuş, ehtiyaclarını imkan daxilində ödəyərək, onları ərzaq, geyim, ev əşyaları ilə təmin etmişdir. Ümumilikdə, bu fədakar qadın 1200 ailəyə müxtəlif yardımlar göstərmişdir. Məsələn, Saatlı rayonundakı çadır şəhərciyində 1 saylı Füzuli rayon uşaq bağçasının madditexniki bazası zəif olduğundan tam fəaliyyət göstərə bilmirdi. Dünyaxanım həmin bağçanı öz himayəsinə götürərək hamilik etmişuşaqlara həm maddi, həm də mənəvi dəstək göstərmişdir. Bağça uşaqlarının yay istirahətlərini Masallı rayonunda keçirmələri üçün bütün lazımi tədbirləri görmüşdür. Bağçanın müdirəsi Afət Məmmədova bizimlə olan söhbətində bu insanpərvər xanımın gördüyü bütün xeyirxah işlər haqqında ürəkdolusu danışdı. Dünyaxanımın AmerikaYaponiyadan gələn jurnalistlərin müxtəlif bölgələrdə yerləşdirilmiş qaçqınlarla görüşlərini təşkil etməsini və yerləşdikləri çadır şəhərciyində onlar üçün yardımçı təsərrüfat yaradılmasındakı rolunu, Afət xanım bütün təfərrüatları ilə danışdı. O, bunları xüsusilə vurğuladı ki, Dünyaxanım Azərbaycanın 9 rayonunda məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə yardım göstərmiş və həkim briqadası təşkil edərək, çadır şəhərciyi sakinlərinin tibbi müayinəsini təşkil etmişdir. Çadırlarda yaşayan işsiz qadınlar üçün yeri açmaq məqsədi ilə toxuculuq sexi yaratmışdır. Dünyaxanım cəbhə bölgələrindəki əsgərləri də unutmur, onlara teztez baş çəkir və ana sovqatları ilə onları sevindirirdi. Füzuli bölgəsində “N” saylı hərbi hissənin “Fəxri əsgəri” seçilməsi də onun vətənin keşiyində durmuş gənclərə olan qayğısının bir təcəssümü idi.

Bu xeyirxah insanın gördüyü savabxeyirli işləri əlbəttə ki, bir məqaləyə sığışdırmaq qeyrimümkündür. Ona görə də bu yazımızda onlardan yalnız bir qismini sadalamağa çalışacağıq. Belə ki, Dünyaxanım hələ vaxtilə Mərdəkan qəsəbəsində və “Qızılqum” sanatoriyasında məskunlaşmış məcburi köçkün və qaçqınlara yardım etmişdi. O, 1992–ci ildən 2003– ilə kimi Pirşağıda yerləşdirilmiş Xocalıdan olan 48 ailəyə maddi və mənəvi dəstək göstərmişdir. Xocalıdan olan şəhid ailələrinə göstərdiyi köməyə, hər il faciənin ildönümü münasibəti ilə onlar üçün tədbirlər keçirdiyinə görə, “Alı Hacıyev” Qəhrəmanlıq mükafatı ilə təltif olunmuşdur. 1998–ci ildə xeyirxah işlərinə görə o, Hacı Zeynalabdin Tağıyev adına fəxri mükafata layiq görülmüşdür. Bu cəsur el qızımız haqqında çox yazılar yazılmışdır. O cümlədən, Vüsal Zeynalovun “Azərbaycan ziyalıları”, Nəzakət Ələkbərqızının “Ziyalılıq zirvəsi”, Məleykə Göyçaylının “XX–XXI əsrin yaradıcı və ziyalı insanları”, ensiklopedik toplu “Azərbaycan qadınları”, “Vektor” Beynəlxalq Elmi Mərkəzinin “Azərbaycanın tanınmış xanımları” və sair kitablarda, habelə dövri mətbuatda onun haqqında çox dəyərli fikirlər söylənilmişdir. Musa Quluzadə və Həvva Məmmədovanın “Dünya yaxşılarındır” kitabında isə Dünyaxanım Əliyevanın xeyirxahlıq və insanpərvərlik işi haqqında müfəssəl məlumat verilmişdir. Bu işləri ilə bərabər o, həm də xəstə və kimsəsizlərin, ahıl insanların ümid yeri olmuşdur. Bakı özəl məktəbinin, Q.Qarayev adına uşaq xəstəxanasının təmirini də o, öz vəsaiti hesabına həyata keçirmişdir. Dünyaxanım öz xeyriyyəçilik işi ilə gənclərin idman sahəsində nailiyyətlər qazanmasına da kömək göstərməyə çalışmışdır. 2008–ci ildə yeniyetmələr, gənclər və böyüklərarası TSU ŞİN GEN Karate üzrə I açıq Bakı çempionatının keçirilməsinə göstərdiyi köməkliyə görə, onun fəxri fərmanla təltif edilməsi dediklərimizin bariz nümunəsidir.

Onu da qeyd edək ki, D.Əliyeva “Vektor” Beynəlxalq Elmi Mərkəzinin Mükafat Komissiyasının qərarı ilə “Azərbaycanın tanınmış xanımları”, beynəlxalq layihəsinin qalibi olmuş”, “XXI əsrin tanınmış xanımı” Beynəlxalq diplomuna, “Avropa” Nəşr Mətbu evinin müəyyənləşdirdiyi 2005–ci ilin “Ən yaxşı vətənpərvər və xeyriyyəçi” diplomuna layiq görülmüşdür. Qətiyyətlə deyə bilərik ki, aslan qeyrətli bu xanım bütün bu təltif və mükafatları öz alın təri, halal zəhməti və əsl vətəndaş mövqeyi sayəsində qazanmışdır.

Dünyaxanım Əliyeva Dünya Azərbaycanlıları Konqresinin (DAK) Qadınlar Şurasının və “Dünya AnaUşaqİctimai Birliyinin sədridir. Dövlətçiliyin inkişafı, qüdrətləndirilməsi və dünya azərbaycanlılarının həmrəyliyinin təşkili sahəsində göstərdiyi xidmətlərinə görə Dünya Azərbaycanlılarının Həmrəyliyi Cəmiyyətinin fəxri fərmanı, milli dövlətçiliyin, ümummilli liderimiz Heydər Əliyevin ideyalarının təbliğində və gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində səmərəli fəaliyyətinə görə Akademik Budaq Budaqovun baş redaktoru olduğu “Mərhəmət elçisi” jurnalının redaksiya heyətinin qərarına əsasən “VƏTƏNƏ Sədaqət” diplomu ilə təltif edilmişdir. O, bir çox təltiflərə layiq görülmüş və səmərəli fəaliyyəti fəxri fərmanlarla dəyərləndirilmişdir. Bunlar içərisində “XX əsrin Azərbaycan qadını” (2001) medalı ilə təltif edilməsi onu xüsusilə çox sevindirmişdir.

2012–ci ildə “Azərbaycan diaspor təşkilatının formalaşmasında, Güney Azərbaycanla bağlı ictimai işlərin təşkilində” fəal iştirakına görə ona Uluslararası Güney Azərbaycan Konseyi Təşkilat Komitəsi tərəfindən diplom təqdim edilmişdir.

Həmişə olduğu kimi bu gün də Dünyaxanım Əliyeva — saf və incə duyğulara, geniş ürəyə, gözəl qəlbə sahib olan, şirin təbəssümü çöhrəsinə nur verən bu xeyirxah ziyalı xanım öz insanlıq borcunu sevə–sevə yerinə yetirməkdən xüsusi zövq almaqdadır. Fəaliyyət məqsədləri xoş məram və niyyətdən ilham alan bu Azərbaycan xanımına Allahdan cansağlığı və uzun ömür diləyir, ona başladığı işləri sona çatdırmaq üçün iradə möhkəmliyi və yaradıcılıq uğurları arzulayırıq.

 

 

İradə Zülfəliqızı.

 

Respublika.- 2013.- 19 yanvar.- S. 10.