AZƏRBAYCAN–NATO ƏMƏKDAŞLIĞI MÖHKƏM TƏMƏLƏ SÖYKƏNİR

 

FotoDövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan öz siyasi kursunda dünyaya sıx inteqrasiya yolunu seçərək qlobal siyasi proseslərə əsaslı təsir imkanları olan aparıcı təşkilatlarla əməkdaşlığa mühüm önəm verib. Azərbaycanın dünya birliyinə, beynəlxalq təşkilatlara, Avratlantik strukturlara geniş inteqrasiyası xarici siyasətimizin prioritet istiqaməti, strateji xəttidir. Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında xalqımız bu seçimini hələ on doqquz il bundan əvvəl müəyyənləşdirib. BMT, Avropa Birliyi, NATO, Avropa Şurası və digər mötəbər beynəlxalq təşkilatlarla əməkdaşlığın ildən–ilə genişlənməsi, Azərbaycanın bu strateji seçimə sadiqliyinin əyani təcəssümüdür. Dövlətimizin başçısı İlham Əliyev bəyan edib ki, əsası ulu öndərimiz tərəfindən qoyulmuş ümumi strategiya dəyişməz olaraq qalır. 1993–cü ildən başlayaraq ümummilli liderimiz bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də prinsipial və ciddi dəyişikliklərin əsasını qoydu. Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsiretmə imkanlarının dərin nəzəri təhlili əsasında xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan prinsipial addımlar atıldı.

 

Dövlətimizin xarici siyasət konsepsiyasını açıqlayan Heydər Əliyev hələ 1993–cü ildə andiçmə mərasimindəki çıxışında demişdi: “Respublikamızın qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın mənafeyini dünya miqyasında müdafiə edə bilən səriştəli xarici siyasətin yeridilməsidir. Qarşıda böyük vəzifələr durur. Bizim xarici siyasətimiz birinci növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Əsas vəzifəmiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaqdan və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqeyini möhkəmlətmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir. Bizim daxili siyasətimiz, xarici siyasətimiz dünya demokratiyasının açdığı yolla demokratik prinsiplər əsasında gedəcəkdir”. Ötən on doqquz ildə bu vəzifə uğurla yerinə yetirilib. İndi Azərbaycan bütün dünyaya açıqdır, çoxşaxəli diplomatik əlaqələrə malikdir. Ölkəmiz ən nüfuzlu beynəlxalq təşkilatların, eləcə də birliklərin, iqtisadi və maliyyə qurumlarının üzvüdür. Odur ki, xarici siyasətimizdə beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi daim diqqət mərkəzindədir. Nüfuzlu beynəlxalq təşkilatlarla, xüsusən də NATO və Avropa birliyi ilə sıx əməkdaşlıq, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da böyük əhəmiyyət daşıyır.

NATO–nun Cənubi Qafqaz dövlətləri, xüsusən də Azərbaycanla əməkdaşlığı əsasən “Sülh Naminə Tərəfdaşlıq” və “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı” çərçivəsində həyata keçirilir. Bu sənədlərdə tərəfdaş ölkələrin Şimali Atlantika Alyansı ilə müdafiə, təhlükəsizlik və hərbi siyasət sahələrində islahatlara dair məsləhətləşmələrin keçirilməsi üzrə məqsədləri və niyyətləri müəyyən edilib. 1994–cü il mayın 4–də Heydər Əliyev “Sülh Naminə Tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalayıb. 1997–ci ilin noyabrında isə ulu öndərin sərəncamı ilə Azərbaycanın NATO ilə əməkdaşlıq üzrə Dövlət komissiyası yaradılıb. Hər il Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri SNT çərçivəsində keçirilən 300–dən artıq təlim və seminarda iştirak edirlər. Müşahidələr göstərir ki, SNT çərçivəsində keçirilən təlimlərdə iştirak Azərbaycan Silahlı Qüvvələri zabitlərinin bilik və vərdişlərinin artırılmasına yardım edir, ümumilikdə isə ölkənin NATO standartlarına inteqrasiyası üçün zəmin yaradır. Azərbaycanın NATO ilə əməkdaşlığı Avropaya inteqrasiya, həmçinin regionda təhlükəsizlik və stabilliyin təmin olunması yolunda addım kimi qiymətləndirilir. Qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində inkişaf edən Azərbaycan–NATO münasibətləri bərabərtərəfli prinsiplərə əsaslanmaqla yanaşı, müasir dünyanın tələblərinə tamamilə cavab verir. Çünki Azərbaycan balanslaşdırılmış xarici siyasətin fonunda NATO–nun proqramlarında fəal şəkildə təmsil olunur.

Müasir dünyada qlobal həmrəylik və ümumi təhlükəsizlik məsələləri ön plana keçir. Bu məsələnin həlli dünya və Avropa dövlətlərinin qoşulduğu nüfuzlu beynəlxalq qurumlar — BMT, Avropa Birliyi, NATO, Avropa Şurası çərçivəsində mümkündür. Bu baxımdan Azərbaycan BMT və Avropa birliyi ilə yanaşı, NATO ilə əlaqələrə də xüsusi önəm verir. Avrostrukturlarla və Avropa ölkələri ilə münasibətlərimizin çox yüksək səviyyədə olduğunu bildirən Prezident İlham Əliyev deyib: “Biz ölkənin inkişaf meyarlarını Avropa dövlətlərinin standartlarına çatdırmağa çalışırıq. Zənnimcə, biz buna nail olacağıq. Eyni zamanda, biz Avropaya, belə demək olarsa, əliboş gəlmirik. Biz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi, terrorçuluqla mübarizə, nəqliyyat məsələlərində bir çox işlər təklif edə bilərik. Ötən illər ərzində bir çox məsələləri müzakirə etmişik. Neft, qaz və yanacaqla bağlı məsələlər danışıqlarımızda başlıca rol oynayırdı. Bu gün isə mən çox şadam ki, biz getdikcə neft və qaz haqqında daha az danışırıq. Mən çox şadam ki, bu gün Azərbaycana təkcə enerji resurslarını nəql edə bilən tərəfdaş deyil, müasir bir ölkə kimi baxırlar. Etnik və dini tolerantlığın nümunəsi olan bir dövlət kimi baxırlar. Azərbaycan maariflənmiş, əhalisi gənc və turizm baxımından böyük potensiala malik olan bir dövlətə çevrilmişdir. Biz çox şadıq ki, neft kapitalını insan kapitalına çevirmişik”.

Azərbaycan bu gün regionun lider dövlətidir. Təsadüfi deyil ki, ölkəmizin nüfuzu, siyasi və iqtisadi qüdrəti, geosiyasi və strateji mövqeyi dünyanın aparıcı dövlətləri ilə yanaşı, Avratlantik strukturları, nəhəng hərbi blokları da özünə cəlb etməkdədir. Bu mənada Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanla NATO–nun qarşılıqlı və əhəmiyyətli əməkdaşlığı xüsusi önəm daşıyır. Hazırda Azərbaycan “Sülh Naminə Tərəfdaşlıq” proqramına müvafiq olaraq üzərinə götürdüyü 50–yə yaxın vəzifəni yerinə yetirir. Bu, birgə fəaliyyətin səmərəliliyini daha da artırır. Azərbaycan NATO ilə Alyansın İraq və Kosovoda sülhməramlı missiyası çərçivəsində əməkdaşlıq edib, hazırda bu əməkdaşlıq Əfqanıstanda uğurla davam etdirilir. 2012–ci ildə NATO–nun baş katibi Anders Foq Rasmussenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıda yüksək səviyyəli görüşləri də əməkdaşlığımızın keyfiyyət və məzmunca daha yüksək mərhələyə qədəm qoyduğunun təsdiqidir.

Dövlətimizin başçısı öz bəyanatında vurğulayıb ki, NATO ilə Azərbaycan arasında bu fəal dialoq regional sabitlik və əməkdaşlıq üçün olduqca vacibdir. Azərbaycan NATO–nun çox etibarlı tərəfdaşıdır: “Mən, həmçinin Şimali Atlantika Şurasının üzv dövlətlərinin səfirləri ilə keçirdiyim görüşü və apardığımız müzakirələrdən sonra onların şərhlərini xatırlayıram. Bu şərhlərin hamısı ölkəmiz haqqında müsbət mövqe yaradırdı. Bu, göstərir ki, ikitərəfli səviyyədə üzv dövlətlərlə də bizim olduqca konstruktiv münasibətlərimiz vardır. Azərbaycan ilə NATO–ya üzv dövlətlər arasında olan münasibətlər çox geniş, proqnozlaşdırılan və dostluq xarakteri daşıyan münasibətlərdir. Bu isə öz növbəsində NATO ilə Azərbaycan arasında mövcud əlaqələri daha da gücləndirir”.

Bakıda keçirilən yüksək səviyyəli danışıqlarda, təbii ki, Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı və beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin apardığı əməliyyatlara töhfəsi ilə yanaşı, həmçinin regiondakı vəziyyət, regional təhlükəsizlik və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli məsələləri əsas müzakirə mövzuları olub. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan münaqişənin tezliklə, beynəlxalq hüquq və ərazi bütövlüyü prinsipləri əsasında həllinə çalışır. Ərazi bütövlüyümüzə verdiyi dəstəyə görə NATO–ya çox minnətdarıq. Bu, Çikaqo sammitinin, o cümlədən əvvəlki Lissabon və Buxarest sammitlərinin sənədlərində də əks olunub. Azərbaycan torpaqları, demək olar ki, 20 ildir işğal altındadır. Bu ədalətsizliyə son qoyulmalı, bu regional təhlükə aradan qaldırılmalıdır.

NATO ilə əməkdaşlığımızın əsas missiya və məqsədi, ilk növbədə, milli ordu quruculuğu prosesini təkmilləşdirmək və Avropa standartlarına uyğunlaşdırmaqdır. Bu istiqamətdə ölkəmizin bir çox nazirlikləri, xüsusən də Müdafiə Nazirliyi NATO ilə sıx əməkdaşlıq edir. Ötən il NATO–nun baş katibi Anders Foq Rasmussenin başçılıq etdiyi nümayəndə heyətinin Bakıda keçirdiyi yüksək səviyyəli görüşləri də həm Azərbaycan–NATO əlaqələrinin inkişafı, həm də dünyadakı proseslər baxımından böyük əhəmiyyət daşıyıb. Prezident İlham Əliyev vurğulayıb ki, bizim əməkdaşlığımız bütün sahələri, o cümlədən də qlobal enerji təhlükəsizliyi məsələlərini əhatə edir: “Müzakirə etdiyimiz mövzulardan biri enerji təhlükəsizliyi idi. Azərbaycan bu məsələ ilə bağlı NATO–nun üzv dövlətləri ilə sıx işləyir. Biz nəhəng enerji ehtiyatları aşkar etmişik. Çox müasir daşıma infrastrukturuna, boru kəmərlərinə malikik. Biz yeni TANAP boru kəmərinin tikintisini planlaşdırırıq. Bu boru kəməri ilə resurslarımızı Avropa bazarlarına nəql edə biləcəyik. Enerji təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan öz səylərini davam etdirməyə, tərəfdaşlığın gücləndirilməsinə hazırdır. Əminəm ki, bu tərəfdaşlıq davam edəcək, xüsusən də nəzərə alsaq ki, biz enerji təhlükəsizliyi məsələləri üzrə üzv dövlətlərlə artıq iş aparırıq, uğurlu olacaqdır. Bəzi üzv ölkələrin enerji balansında Azərbaycan neftinin payı 30 faizdən artıqdır. Əminəm ki, vaxt gələcək bizim qazımız da Avropadakı dostlarımızın və qonşularımızın qaz istehlakında mühüm yer tutacaqdır”.

NATO–nun bundan sonra da Azərbaycana müdafiə və təhlükəsizlik islahatları sahəsində dəstək göstərəcəyni vurğulayan NATO–nun baş katibi Anders Foq Rasmussen deyib: “Biz istəyirik ki, siz həmin mühüm sahələrdəki dinamikanı qoruyub saxlayasınız. Biz, həmçinin çoxlu sayda partlamamış mərmilərin zərərsizləşdirilməsində və 100 hektarlarla torpağın bundan təmizlənməsində yardım edirik. Bu, dünyada bu cür layihələrdən ən böyüyüdür və insanların marağına xidmət edən layihədir. Beləliklə, dialoqumuzun və əməkdaşlığımızın güclü çərçivəsi vardır. Biz uğurlarımızı davam etdirməkdə, illər boyu Əfqanıstanda birgə işləyərək hərbi qüvvələrimizin əldə etdiyi əməli təcrübənin artırılmasında, XXI əsrdə qloballaşan dünyada hamının üzləşdiyi təhlükəsizlik çağırışlarını birgə işləyərək aradan qaldırmaqda israrlıyıq. Bir sözlə, Azərbaycan NATO üçün və NATO isə Azərbaycan üçün dəyərli tərəfdaşlardır. Biz güclü, uzunmüddətli tərəfdaşlığı qurmaq imkanına malikik və əminəm ki, bu fürsətdən istifadə etməyə çalışmalıyıq”.

Bütün bunlar bir daha təsdiqləyir ki, Avratlantik strukturlara, xüsusən də NATO–ya geniş və hərtərəfli inteqrasiyaya böyük önəm verən Azərbaycanın qüdrətli ordu quruculuğu, müasir müdafiə sənayesi yaradılması, sosial–iqtisadi islahatların, infrastruktur layihələrinin genişləndirilməsi, eləcə də demokratiya və insan hüquqlarının müdafiəsi istiqamətində atdığı addımlar ardıcıl və məqsədyönlü xarakter daşıyır.

 

 

Xəlil CABBAROV

 

Respublika.- 2013.- 19 yanvar.- S. 1;4.