Azərbaycan xalqının qəhrəmanlıq salnaməsinin parlaq səhifəsi

 

20 yanvarda sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış Azərbaycan xalqı öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Azərbaycanda haqq–ədalətin müdafiəsi yolunda canlarından keçmiş vətən övladları Qanlı yanvarda xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

 

Bu gün dünya birliyinin tamhüquqlu üzvü kimi müstəqillik yollarında cəsarətli addımlar atan xalqımızın azadlığa gedən yolu 20 Yanvar faciəsindən keçir. Elə bir faciədən ki xalqımız bu faciənin ağrısı ilə 23 ildir ki, yaşayır, onun yaraları heç zaman sağalan deyil, illər, əsrlər ötsə belə, bu tarix nəsillərin qan yaddaşında yaşayacaqdır.

Tarix sübut etmişdir ki, azadlıq və müstəqillik insanlara heç zaman könüllü verilmir, o qazanılır. Təbii ki, çox böyük itkilər hesabına. Azərbaycan xalqının azadlıq və müstəqilliyə gedən yolu heç də hamar olmamış, yüzlərlə soydaşımızın qanı–canı, saysız–hesabsız məhrumiyyətlər, ağrı–açılar bahasına başa gəlmişdir.

Qanlı 20 Yanvar faciəsi–həmin qanlı şənbə gecəsi müasir dövr Azərbaycan tarixinə həm dəhşətli itki və faciə, həm də qəhrəmanlıq və milli özünütəsdiq anları, dəqiqələri, saatları kimi yazılıb. Azərbaycan xalqının ümumxalq hüzn günü olan 20 Yanvar faciəsi haqqındakı çıxışında ümummilli lider Heydər Əliyev deyib: “Xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o ayrı–ayrı insanlara edilən qəsd, təcavüz deyildir, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycana edilən hərbi təcavüz idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.

Təhlillər göstərir ki, 20 Yanvar faciəsi SSRİ–nin cinayətkar rəhbərliyinin Azərbaycan xalqını mübarizə əzminə və öz milli azadlığı uğrunda mücadiləsinə görə cəzalandırmaq, onu azadlıq ideyalarından döndərməyə vadar etmək məqsədilə törədilən əsl genosid aktı idi. Qorbaçovun ermənipərəst klanının Azərbaycanla xüsusi haqq–hesab niyyəti vardı. Sovet imperiyasının o vaxtkı rəhbərliyi bununla həm qeyri–rus respublikalarının azadlıq istəyini, həm də türk xalqlarının, ilk növbədə Azərbaycan xalqının azadlıq arzusunu beşiyində məhv etmək istəyirdi.

XX əsr tarixində totalitar rejimin həyata keçirdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsi öz müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan xalqına qarşı, ümumiyyətlə insanlığa qarşı yönəldilmiş dəhşətli bir cinayət hadisəsi idi.

Azərbaycan xalqı həmin tarixi günlərdə əsrlərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşmaq üçün təpədən–dırnağa qədər silahlanmış imperiya cəlladlarına qarşı ölüm–dirim mübarizəsinə qalxaraq nəyə qadir olduğunu nümayiş etdirdi. İmperiya rəhbərləri Azərbaycan xalqının bu qədər qətiyyətli, mətin və azadlıqsevər olduğunu güman etmirdi. Elə düşünürdülər ki, asanlıqla Azərbaycan xalqını diz çökdürüb onu müstəqillik arzusundan daşındıra biləcəklər.

Xalqımıza və ölkəmizə öz düşmən mövqeyi ilə seçilən və tanınan keçmiş SSRİ Ali Sovetinin sədri, Sov. İKP MK–nın baş katibi M.S.Qorbaçov ittifaq konstitusiyasının 49–cu və Azərbaycan SSR Konstitusiyasının 71–ci maddələrini kobud şəkildə pozmaqla “Bakı şəhərində fövqəladə vəziyyətin elan olunması haqqında” 19 yanvarda imzaladığı fərmana əsasən bu haqda şəhər əhalisinə heç bir xəbərdarlıq etmədən təpədən dırnağadək silahlanmış qoşun hissələrini Bakı şəhərinə yeritmiş, elə gecə ikən onlar dinc əhaliyə qarşı qəddarlığı və vəhşiliyi ilə dünyada analoqu olmayan qırğın törətmişlər.

O vaxt Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumatın çatmaması üçün yanvarın 19–da “Alfa” qrupu və respublika DTK–nın rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində Azərbaycan televiziyasının enerji bloku partladıldı. Fövqəladə vəziyyətin yanvarın 20–də saat 00.00–da tətbiq edilməsi qərarlaşdırılsa da, qoşun hissələri yanvarın 19–da saat 21–dən etibarən Türkan–Qala tərəfdən atəş aça–aça şəhərə yeridilmişdi. Fövqəladə vəziyyət elan edilməsi barədə xəbər komendant Dubinyak tərəfindən səhər saat 7–dən elan edilənədək hərbçilər 100 nəfərə yaxın Azərbaycan vətəndaşını qətlə yetirmişdilər. Qanlı yanvar günlərində Azərbaycanda 147 nəfər şəhid olmuşdur. 612 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 212 nəfəri SSRİ–nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı.

Lakin çox təəssüflər olsun ki, həm SSRİ, həm də Azərbaycan rəhbərliyi bu qanlı cinayətin bilavasitə təşkilatçıları və iştirakçıları olduqlarından 1990–1991–ci illərdə nəinki onun açılması və cinayətkarların məsuliyyətə cəlb olunmasından ötrü tədbirlər görməmiş, əksinə, törədilmiş cinayəti ört–basdır etmək üçün əllərindən gələni etmişlər.

Həmin vaxtlarda Moskvada ağır şəraitdə yaşayan ümummilli liderimiz Heydər Əliyev oradakı Azərbaycan nümayəndəliyinə gələrək baş vermiş ağır faciə ilə bağlı xalqına başsağlığı verdi, bütün dünyaya bəyanat ünvanladı, mətbuat konfransı keçirdi. Öz həyatını təhlükə qarşısında qoyan böyük insan 20 Yanvar faciəsini bütün dünyaya çatdırdı. Beynəlxalq kütləvi informasiya vasitələri Heydər Əliyevə istinad edərək Azərbaycan xalqının başına gətirilən müsibətlə–qanlı–qadalı günlərlə bağlı məlumatlar və xəbərlər yaydılar.

O günlərdə İngiltərədə nəşr olunan “Qardian” qəzeti Azərbaycanda və Bakıda baş verən hadisələrə şərh verərək yazmışdı ki, bu, islam dünyasına qarşı növbəti terrordur: “Bu hərbi əməliyyatı” əsassız bir qorxu və səksəkənin nəticəsi kimi izah etmək olar. Bakıya gəlincə, ordunun şəhərə hücumu zamanı günahsız adamların (cavanların, qadınların, uşaqların) vəhşicəsinə güllələnməsi, tankların özlərini onların altına atan gəncləri basıb keçməsi, tonqallar ətrafında qızınan azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərinin tanınmaz hala salınması bütün dünya ictimaiyyəti tərəfindən pislənməlidir”.

“Nyu–York tayms” qəzeti 18 fevral 1990–cı il tarixli sayında yazmışdı: “Bakının işğalından sonra xalqını sevən hər bir azərbaycanlıda Moskvaya və Qorbaçova nifrət hissi oyanmışdır…Vaxtilə üzüyola bir müstəmləkə olan Azərbaycan indi öz suveren, demokratik hüquqlarını tələb edir, Bakıda adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinə qədər, demək olar hamı buna inanır ki, Moskva Azərbaycanın suveren hüquqlarını tələb etməsinin qarşısını almaq üçün Bakıya qoşun göndərdi”.

ABŞ–ın “Baltimar san” qəzeti Kremlin “millətçi üsyanı” yatırmaq adı altında bəhanəsinin əssasız olduğunu göstərərək yazmışdı ki, bu qərar konstitusiyanı kobud surətdə pozmaq, eyni zamanda suveren respublikanın hüquqlarını tapdalamaqdır.

Xarici mətbuat sovet rəhbərlərinin guya “Azərbaycanda İslam Respublikası yaratmaq qərara alınmışdır” bəhanəsini tənqid edərək soruşurdu: “Sovet rəhbəri bunu deyərkən görəsən əlində tutarlı əsası vardırmı?”. İslam amili ilə bağlı “Nyu–York tayms” qəzetinin müxbirinin sualına şəhidlərin dəfnini təşkil etmiş və xalq tərəfindən yaradılmış ictimai komissiyanın cavabında deyilmişdi: “Şəhidlər Xiyabanında azərbaycanlılarla yanaşı, ruslar, yəhudilər, tatarlar, ləzgilər də dəfn olunmuşlar…Bizi “İslam fundamentalizmində” günahlandırırlar…Biz fundamentalist olsaydıq, yəhudiləri və rusları burada dəfn edərdikmi?”

Azərbaycanın o ağır günlərində böyük çətinliklərlə, hətta gizli yollarla Bakıya gəlmiş xarici ölkələrin müxbirləri 20 Yanvar hadisələri barəsində həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynamışlar. 30–dan artıq ölkəni təmsil etmiş jurnalistlər səmimiliklə etiraf edirdilər ki, Bakıya gəlib çatana kimi onların burada baş vermiş, habelə davam edən hadisələrə münasibətləri birmənalı olmamışdı. Lakin öz gözləri ilə gördükləri, yerli sakinlərlə söhbətləri, şəhid ailələri ilə görüşləri, adi adamlarla müsahibələri, peşə təcrübələri, Şəhidlər Xiyabanında hökm sürən milli əhval–ruhiyyə, yüz minlərlə insanın intizamı, ləyaqətli davranışı, müxtəlif millətlərdən olan şəhidlərə doğma hörmət, məhəbbət hissləri xarici jurnalistləri obyektiv surətdə düzgün, məntiqi nəticələrə gətirmişdi.

20 Yanvar faciəsinə ilk siyasi qiymət 1990–cı il yanvarın 21–də Moskvada–İmperiyanın mərkəzində Heydər Əliyev tərəfindən verilmişdir. Həmin gün Heydər Əliyev xalqımıza qarşı edilən təcavüzü pislədi. Bunun məsuliyyətini o dövr SSRİ və Azərbaycan rəhbərlərinin daşıdığını bildirdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi.

Lakin nə o vaxtkı iqtidar, nə də AXC–”Müsavat” iqtidarı tərəfindən 20 yanvar faciəsinə hüquqi–siyasi qiymət verilmədi. Çünki onlar faciənin baş tutmasına bilavasitə şərait yaratmışdılar.

Yalnız 1994–cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994–cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi–hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında yanvar faciəsinin əsl səbəblərini açıqladı. Günahkarları aşkar etdi. 1990–cı il yanvarın 20–də törədilmiş faciəli hadisələrə Milli Məclisin 29 mart 1994–cü il tarixli qərarı ilə siyasi–hüquqi qiymət verildi.

Azərbaycan xalqı 20 yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da öz tarixi qəhrəmanlıq ənənələrini yaşatdığını, vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990–cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətənimizin igid övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq, əbədi səhifə yazdılar. Bu səhifənin adı həm də azadlığın, istiqlalın ad günü idi.

 

 

Mübariz Abbasov,

iqtisadçı.

 

Respublika.- 2013.- 20 yanvar.- S. 5.