20 YANVAR FACİƏSİ

 

Sovet İttifaqının qoşun hissələri 1990–cı il yanvarın 19–dan 20–nə keçən gecə havadan, sudanqurudan Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, bununla da keçmiş SSRİ və keçmiş Azərbaycan SSR konstitusiyalarının maddələri kobud surətdə pozulmuş, respublikanın suveren hüquqları tapdalanmışdı. Dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdü. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdi.

Sovet Ordusu hissələrinin qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 147 nəfər öldürülmüş, 800 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlarqocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də var idi.

Yanvarın 22–də Bakıda şəhidlərin izdihamlı dəfn mərasimi təşkil edildi. Lakin təpədən–dırnağa qədər silahlanmış, “müzəffər sülh ordusukimi dünya ictimaiyyətinə həmişə təqdim edilən Sovet ordusu hissələrinin qarşısına xalqı çıxaranlar, hətta iqtidar nümayəndələri də dəfn mərasimində iştirak etməyi lazım bilmədilər.

O zaman yalnız Moskvada məcburi istefaya göndərilmiş ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükə qarşısında qoyaraq yanvarın 21–də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək buraya yığışmış azərbaycanlılar qarşısında çıxış etmiş, keçmiş SSRİ rəhbərliyinin, o cümlədən Mixail Qorbaçovun xalqımıza yabançı siyasətini kəskin tənqid etmişdir. Ümummilli lider Heydər Əliyev çıxışında demişdir: “İndi yanvarın 19–dan 20–nə keçən gecə baş vermişbugündavam edən faciənin üstundə dayanmaq istəyirəm. Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyrisabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir”.

Həqiqətən həmin vaxt Bakıda daxili qoşunların 12000 canlı qüvvəsi vardı. Bundan əlavə, Bakıda keçmiş Sovet ordusu hissələrinin canlı qüvvəsi və polis orqanlarının (o zamankı milis orqanlarının) əməkdaşları vardı. Ümummilli lider Heydər Əliyev həmçinin 21 yanvar 1990–cı ildə Azərbaycan KP Mərkəzi Komitəsinə, Ali Sovetə, Nazirlər Sovetinə, Azərbaycan xalqına 20 Yanvar faciəsi ilə əlaqədar başsağlığı teleqramı göndərmiş, teleqramın respublika mətbuatında dərc olunmasını, radioteleviziya ilə verilməsini, matəm nitqində oxunmasını xahiş etsə də həmin teleqramın rəsmi mətbuatda dərc edilməsi belə məsləhət bilinməmişdir.

Keçmiş SSRİ Ali Sovetinin Rəyasət Heyəti 15 yanvar 1990–cı il tarixdə “Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında” fərman qəbul etmişdir. Fərmanın 1–ci maddəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin, Azərbaycan SSR–in ona bitişik rayonların, Ermənistan SSR Gorus rayonunun ərazisində, habelə Azərbaycan SSR ərazisində SSRİ–nin dövlət sərhədi boyunca sərhədyanı zonada fövqəladə vəziyyət elan edilməsi nəzərdə tutulurdu.

Fərmanda Bakıda fövqəladə vəziyyət elan edilməsi nəzərdə tutulmamışdı. Yalnız keçmiş SSRİ Ali Soveti Rəyasət Heyətinin 19 yanvar 1990–cı il tarixli Fərmanı ilə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanının təsirini Bakı şəhərinin ərazisində şamil etməklə, 1990–cı il yanvarın 20–dən Bakıda fövqəladə vəziyyət elan edilmişdi. Lakin “Fövqəladə vəziyyətin hüquqi rejimi haqqında” keçmiş SSRİ Qanunu yalnız 3 aprel 1990–cı il tarixdə, başqa sözlə, 2 ay 16 gün sonra qəbul edilmişdir.

Beləliklə, fövqəladə vəziyyətin hüquqi rejimi haqqında müvafiq qanun mövcud olmadığı, fövqəladə vəziyyətin hüquqi rejiminin anlayışı, əsasları və qaydası müəyyən edilmədiyi halda Bakı şəhərində qanunsuz olaraq fövqəladə vəziyyət elan edilmişdir.

Mən həmin vaxtlar keçmiş Ermənistan SSR ilə sərhəddə yerləşən Qubadlı rayon prokuroru vəzifəsində işləyirdim. Rayonda da vəziyyət gərgin idi. Sərhədyanı kəndlərin bəzisinin əhalisi Dağlıq Qarabağda separatçılıq hərəkatı başlayandan sonra həmin kəndlərdən köçüb rayon mərkəzində məskunlaşmışdılar. Buna səbəb o idi ki, erməni yaraqlıları teztez həmin kəndlərin əhalisinə hücum edir, onları qorxu altında saxlayırdılar.

19 yanvar 1990–cı il tarixdə saat 19 radələrində evdə idim. Saat təxminən 19:30–da televiziya ekranı qəfildən qaraldı və yalnız bir neçə həftədən sonra televiziya verilişləri bərpa edildi. Biz sonradan bildik ki, buna səbəb təxribatçılar tərəfindən televiziyanın enerji blokunun partladılması olmuşdur.

1990–cı il yanvarın 19–20–də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputatistintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992–ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994– ilə qədər bu məsələyə siyasihüquqi qiymət verilməmişdi. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994– il tarixli iclasında 1990–cı il yanvarın 20–də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmişbu hadisələrə siyasihüquqi qiymət verilmişdir.

20 yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyriobyektiv və qərəzli xətti geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur.

Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının “1990–cı il yanvarın 20–də Bakıda törədilmiş faciəli hadisələr haqqında” 29 mart 1994– il tarixli qərarının 1–ci bəndində Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratiksuveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan SSRİ–ni digər xalqlarına sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990–cı il yanvarın 20–də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə yeridilməsi, bunun nəticəsində haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsi Azərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirilmişdir.

Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Hüquq fakültəsinin dosenti, hüquq elmləri namizədi mərhum Əli Əliyev bu faciə münasibəti ilə “Qurban” adlı qoşmasında deyib:

 

Ey mənim xalqımın mərd övladları

İgidlik rəmzisiz, sizlərə qurban.

Vətənin uğrunda şəhid olanlar,

Qeyrətə, namusa, hünərə qurban.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azadlıq mücahidlərinə yüksək qiymət verərək demişdir: “Azadlıq, müstəqillik uğrunda, Vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq”.

Bu matəm günü ərəfəsində biz bir daha çağdaş milli azadlıq mübarizəsinin öncüllərinə, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində örnək olan şəhidlərimizə Allahdan rəhmət diləyirik.

 

İlham Abbasov,

Ədliyyə Nazirliyi Ədliyyə

Akademiyasının prorektoru,

hüquq üzrə fəlsəfə doktoru.

Baş ədliyyə müşaviri,

prokurorluğun fəxri işçisi.

 

 

Respublika.- 2013.- 20 yanvar.- S. 5.