Kitabxanada tədbir

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 20 Yanvar faciəsinin 23– ildönümü ilə bağlı tədbir keçirilmişdir.

Ayrı–ayrı ictimai birliklərin, media nümayəndələrinin və kitabxana işçilərinin iştirakı ilə keçirilmiş tədbiri Respublika Gənclər Kitabxanasının direktoru Tahir Sadıqov açmış və Azərbaycanın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tahir müəllim bildirmişdir ki, 20 Yanvar hüzn günü kimi qeyd edilsə də tariximizə xalqımızın qəhrəmanlıq səhifəsi kimi düşmüşdür.

Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaqdır.

20 Yanvar şəhidi Allahyar Nəsibovun qardaşı Rövşən Aygünəş, jurnalist Müharibə Veteranları Assosiasiyasının sədri, yazıçı Tahir Paşa, Dünya Azərbaycanlıları Həmrəyliyinə Dəstək Cəmiyyətinin prezidenti Tofiq Əlizadə, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Araz Ziyalılar İctimai Birliyinin sədri Cavid Vəliyev, şair Qəşəm İlqar və başqaları çıxışlarında 20 Yanvar faciəsi ilə bağlı xatirələr söyləmişlər.

Tədbir iştirakçıları 20 Yanvar faciəsini əks etdirən vidieoçarxa tamaşa etmişlər.

 

 

R.ALLAHVERDİYEV

 

Respublika.- 2013.- 20 yanvar.- S. 4.