BEYNƏLXALQ DƏRƏCƏLİ HAKİM

 

Niftalı Quliyev. Bu ad çoxlarına tanışdır. Cəmi 64 il ömür sürmüş Niftalı Quliyev idman sahəsində uğurlara imza atmış və ölkəmizin üçrəngli bayrağını dəfələrlə yüksəklərə qaldırmışdır.

 

Niftalı Tanrıverdi oğlu Quliyev 1948–ci ildə Zəngəzur mahalının Qafan bölgəsinin Çanaqçı kəndində ziyalı ailəsində anadan olmuşdur. Son dərəcə cəld və çevik olan balaca Niftalı, Xustub dağlarının sıldırım qayalarına quş tək qalxar, Qənimət meşəsini, çəmənli düzləri qarış–qarış gəzər və yorulmaq bilməzdi. Çanaqçı orta məktəbində oxuduğu illərdə şagirdlər arasında cəsurluğu və qorxmazlığı ilə hörmət qazanmış və güclü biləkləri ilə haqsızlığa qarşı barışmaz olmuşdu. Onun yanında tay–tuşları artıq əskikliyə yol verməzdi. Çünki Niftalı həm zəiflərin köməyində durar, həm də haqsız işlər görənlərə qarşı tutarlı cavab verən bir gənc kimi müəllimlərin də diqqətini cəlb edirdi.

Sumqayıt şəhər 13 saylı orta məktəbdə təhsilini davam etdirən Niftalı Quliyev eyni zamanda idmanın ağır növü ilə də məşğul olmağa başladı. Məşq zalında güclü əzələlərinə güvənən gənc Niftalının idmana qarşı marağı daha da artmışdır.

O, məşqçisi milliyyətcə alman olan Boris Moordan sənətin sirlərini öyrənməyə başladı.

1971–1975–ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi institutunda təhsil almış və dəfələrlə Azərbaycan, Ümumittifaq yarışlarının qalibi və mükafatçısı olmuşdur. Niftalı müəllim 1975–ci ildə “SSRİ İdman ustası” adına layiq görülmüşdür.

O, 1984–1997–ci illərdə Sumqayıt şəhəri “Ehtiyat Əmək Qüvvələri Cəmiyyətinin”sədri, 1997–2000–ci illərdə Təhsil Nazirliyi Respublika İdman Mərkəzinin direktor müavini, direktor əvəzi, 2000–ci ildən Təhsil Nazirliyi Respublika Bədən Tərbiyə Mərkəzində direktor vəzifələrində işləmişdir. Niftalı Quliyev 1987–ci ildən Azərbaycan Boks Federasiyasının vitse–prezidenti seçilmişdir.

Dövlətimiz tərəfindən əməyi yüksək qiymətləndirilmiş və 1998–ci ildə Azərbaycan Respublikasının “Fəxri Bədən Tərbiyəsi və İdman işçisi” adına layiq görülmüşdür. Niftalı Quliyev 1993–cü ildə Boks üzrə Beynəlxalq dərəcəli (EABA) hakim, 1996–cı ildə Boks üzrə Beynəlxalq dərəcəli (AİBA) hakim, 2000–2007–ci illərdə dünyanın boks üzrə ilin ən yaxşı hakimi, 2004–cü ildə Afina Olimpiya Oyunlarının ən yaxşı hakimlərindən biri və 2005–ci ildə isə Pekində keçirilən dünya birinciliyində “Dünyanın bir nömrəli hakimi” olmuş və yarışları inamla idarə etdiyi üçün böyük şöhrət qazanmışdır.

Dünya Olimpiya və Avropa birincilikləri yarışlarını yüksək səviyyədə idarə etmiş və ədalətli qərarı ilə başqalarından fərqlənmişdir.

Niftalı müəllim elmi yaradıcılıqla da məşğul olmuş və pedaqoji elmlər namizədi alimlik dərəcəsini almışdır. O, 2005–ci ildən Azərbaycan Boks Federasiyasında Hakimlər Kollegiyasının sədri seçilmişdir. 2006–cı ildə Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi fəxri adına layiq görülmüşdür. XXVIII Yay Olimpiya oyunlarında iştirak etmiş boks üzrə Azərbaycan nümayəndə heyəti tərkibində ölkə Prezidenti cənab İlham Əliyevlə görüşmüş və xatirə şəkilləri bir yadigar kimi hələ də qəlblərdə qalır və yaşayır.

Tanınmış ictimai siyasi–xadim Zülfüqar Kazımovla orta məktəbdə bir oxumuş Niftalı müəllim dostluğa sədaqətli, əsl Azərbaycan övladı idi. Zülfüqar müəllim Niftalı Quliyevdən hər dəfə söhbət düşərkən kövrəlir və gənclik illərini yada salır:

—Biz Niftalı ilə orta məktəbdə bir oxumuşuq. Eyni vaxtda idmanla məşğul olmuşuq. Mən rayondan Bakıya, o isə Sumqayıta getmişdir. Sonradan mən digər sahələrdə çalışsam da, Niftalının uğurlarına sevinmişəm. Mən Bakıda işləsəm də tez–tez onunla görüşər və dostumun uğurlarından fərəh duyardım. Nərimanov rayonunda rəhbər vəzifələrdə işləyən zaman Niftalı bizim bir çox tədbirlərimizdə fəal iştirak edərdi.

Boks üzrə dünya çempionatlarında, yarışlarda Azərbaycanı şərəflə təmsil etmiş və Azərbaycanın Boks üzrə dünyada tanınmasında böyük xidmətləri olmuşdur.

Ölkə Prezidenti fərqlənən idmançılarla yanaşı, Niftalı Quliyevə də mükafatlar vermişdir. O, Prezidentin sərəncamı ilə mənzil və qiymətli mükafatlara layiq görülmüşdür. Niftalı Quliyev indiyə kimi Polşa, Danimarka, Slovakiya, Macarıstan, Xorvatiya, Rumıniya, İtaliya, Borqarıstan, Yunanıstan, Türkiyə, İran və digər ölkələrdə Beynəlxalq boks yarışlarında beynəlxalq dərəcəli hakim kimi yüksək dərəcədə yarışları idarə etmişdir.

15 dekabr 2012–ci ildə Niftalı Quliyev qəflətən dünyasını dəyişdi. Bu xəbər idmançılarımızı, dostlarını, geniş ictimaiyyəti sonsuz dərəcədə kədərləndirdi.

Niftalı müəllim gözəl övladlar böyüdüb boya–başa çatdırmışdır. Kiçik oğlu Elxan atasının yolunu davam etdirir. Elxan da atası kimi boksçudur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş və bir sıra yarışların qalibidir.

Niftalı Quliyevin əziz xatirəsi dostlarının qəlbində əbədi yaşayacaqdır. Allahdan eloğlumuz Niftalı müəllimə qəni–qəni rəhmət diləyirik.

 

 

Yavər Nuriyev

 

Respublika.- 2013.- 23 yanvar.- S. 6.