Ana dilinə qayğı hər birimizin vətəndaşlıq borcudur

 

(əvvəli 26 yanvar tarixli sayımızda)

 

Ana dilimizdə işlənən və ifadə etdiyi obyektlə əlaqəsi baxımından müəmmalı təsir bağışlayan sözlərdən biri də kərəyağı sözüdür. İlk baxışdan anlaşılır ki, kərə sözü ilə yağ sözü arasında heç bir əlaqə ola bilməz: yağ məişətdə işlədilən ərzaq, kərə sözü isə qulağı qısa deməkdir: kərə quzu, kərə qoyun, kərə molla və s. Bəs necə olmuşdur ki, mənaca bir–birindən bu qədər uzaq olan sözlər, yəni kərə və yağ sözləri birləşərək dilimizdə mürəkkəb isim – kərəyağı yarada bilmişdir? Heç şübhəsizdir ki, bu halda da xalq etimologiyası öz işini görmüşdür: insanlar yanlış olaraq tərə (göy öt) əvəzinə səslənmə baxımından qismən də olsa ona bənzəyən kərə sözünü işlətmişlər ki, bunun da nəticəsində dilimizdə mürəkkəb isim—kərəyağı sözü əmələ gəlmişdir.

Fikrimizi təsdiq edəcək bir faktı da qeyd etmək istərdim. Günlərin birində mən təsadüfən televiziyadan bizim kərəyaği adlandırdığımız ərzağı Osmanlı türklərinin tərəyağı adlandırdıqlarını eşitdim və dərhal uzun illər boyu məni düşündürən—Nə üçün kərəyağı? Bu nə deməkdir? sualına cavab tapdım. Sən demə, bizim uzun illərdən bəri kərəyağı adlandırdığımız ərzağın adı tərəyağı imiş. Zira kərə sözü ilə yağ sözü arasında heç bir əlaqə tapmaq mümkün olmadığı halda tərə (ot) sözü ilə yağ sözü arasında birbaşa əlaqə mövcuddur: heyvan (inək, camış və s.) tərə (ot) yeyir, süd verir, ondan da yağ alınır. Bu səbəbdən də haqqında söhbət gedən ərzağa kərəyağı yox, tərəyağı demək daha inandırıcı, daha məntiqi və daha ağlabatandır. Mən belə hesab edirəm ki, uzun illər boyu dilimizdə özünə yer tapmış bu yanlışlığa da son qoyulmalı və haqqında danışılan ərzaq dilimizin həm izahlı, həm də orfoqrafiya lüğətində bu cür, yəni tərəyağı şəklində yazılmalı və bu əsasda izah edilməlidir.

Dilimizdə öz mahiyyətinə uyğun işlədilməyən sözlərdən biri də ad günü mürəkkəb ismidir. Məsələ burasındadır ki, bizlərdən hər biri əslində doğulduğu, dünyaya göz açdığı günü qeyd edir, amma qeyd etdiyi gününü ad günü adlandırır. Bu nə dərəcədə məntiqidir, doğrudur? Axı bizlərdən hər birimiz adı qoyulan günü deyil, dəqiq olaraq anadan olduğu günü, doğulduğu tarixi bilir və həmin günü qeyd edir. Əslinə qalsa, bizlərdən heç birimiz bəlkə də adımızın hansı gündə, hansı tarixdə qoyulduğunu bilmirık. Belə olan halda biz ad günümüzü necə müəyyənləşdirə bilərik ki, onu da qeyd edək? Beləliklə, bir daha məlum olur ki, biz ad günü deyə keçirdiyimiz mərasim əslində bizim doğum günümzlə əlaqədar olaraq keçirilir. Bu səbəbdən də bu halda bizim adgünü deyil, doğumgünü sözünü işlətməyimiz məqsədə daha müvafiq, daha doğru olar; keçirdiyimiz mərasimin mahiyyətinə tam adekvat gələr.

Qəribə də olsa, bu halda qarşıya belə bir sual çıxır: bəs necə olmuşdudr ki bu qədər aydın, bu qədər təkzibolunmaz bir həqiqətə söykənən bir fakt ola–ola dilimizdə belə bir yanlışlıq əmələ gəlmişdir? Biz doğum günümüzü qeyd etdiyimiz halda, ona ad günü deyirik. Məsələ burasındadır ki, qədim zamanlarda azəri türklərində belə bir adət olmuşdur. Onlar, indikindən fərqli olaraq doğulan uşağa dərhal ad qoymamışlar. Uşaq doğulandan bir müddət keçdikdən sonra bu münasibətlə əlaqədar olaraq bir mərasim təşkil etmiş, qohum–qardaş bu mərasimə toplaşmış, şənlik etmiş və qohumların ümumi razılığı ilə uşağa bu və ya digər ad qoymuşlar; sonra da hər il o günü qeyd etmişlər. Ad günü sözü də buradan qaynaqlanmış, belə yaranmışdır. Zaman keçdikcə bu adət xalqımızın həyatından çıxmış, lakin bu söz—ad günü sözü dilimizdə yaşamağa davam etmişdir. Bu səbəbdəndir ki, biz müasir dövrümüzdə, əksər hallarda doğum günü əvəzinə yanlış olaraq ad günü sözünü işlədirik. Bizə görə dilimizdə yaşanan bu naqisliyin də aradan qaldırılmasının vaxtı çatmışdır.

Doğrudur, dilçilik elmi tarixində belə bir nəzəriyyə də mövcud olub ki, guya dillərdə mövcud olan sözlərlə onların ifadə etdiyi əşya və ya məfhum arasında heç bir əlaqə yoxdur; sözlər sadəcə olaraq simvollardır. Geniş mübahisə açmadan onu demək istərdik ki, bu fikirlə razılaşmaq çətindir, bəlkə də mümkün deyil. Zira, dillərdə yaranmış hər bir leksik vahidin, yəni sözün əsasında, arxasında hökmən bir maddi varlıq, bir mənəvi məfhum dayanmışdır. Dildə sözün başqa cür yaranması əsla ağılabatan deyil. Bu başqa məsələdir ki, bu gün dilimizdə işlətdiyimiz bir çox sözün mənşəyini, onların hansı şəraitdə, necə yaranmasını, hansı maddi obyektə və ya mənəvi məfhuma əsaslanaraq formalaşmasını deyə bilmirik. Lakin bu heç də o demək deyil ki, dillərdə, o cümlədən də bizim ana dilimizdə olan sözlər, necə deyərlər havadan, heç nədən yaranmışdır. Hər bir dildə, o cümlədən də bizim dilimizdə mövcud olan bir sıra sözlərin nədən, necə, hansı maddi və yaxud mənəvi əsasda yaranmasını izah edə bilməməyimiz onunla əlaqədardır ki, bu sözlərin əmələgəlmə, yaranma və formalaşma tarixi bizdən çox–çox, lap çox, ağılasığmaz dərəcədə uzaqlaşmışdır. Bu zaman müddətində sözlər öz nominativ mənasını, morfoloji formasını, hətta fonetik tərkibini elə dəyişmiş, öz ilkin forma və məzmunundan elə uzaqlaşmış, bəzən isə elə dərin mücərrədləşməyə məruz qalmışdır ki, onları bu gün tanımaq, onların mənşəyini müəyyənləşdirmək qeyri–mümkün olmuşdur. Dillərin daxili inkişaf qanunu adlanan bu proses bu gün də davam edir, yəqin ki sabah da davam edəcəkdir. Məsələn, bu gün dilimizdə, xüsusən də şifahi nitqimizdə işlətdiyimiz əşi, əyə, əə və aaz sözləri necə formalaşmış, haradan və necə əmələ gəlmişdir? sualına dilçi olmayan, hətta bəzi dilçilər belə güman ki, cavab verə bilməz. Amma apardığımız araşdırmalar bizə deməyə əsas verir ki, əşi sözü a kişi söz birləşməsindən, əyə, əə sözləri ay / a gədə söz birləşməsindən, aaz sözü ay qız söz birləşməsindən törəmişdir, əmələ gəlmişdir. Bu qəbildən olan, xüsusən də bu gün Bakı kəndlərində işlədilən nöş sözünün yaranması və formalaşması daha maraqlıdır. Qətiyyətlə demək olar ki, bu söz dilimizdə işlənən nə üçün söz birləşməsindən törəmişdir və öz formalaşma tarixində üç mərhələ keçmişdir: nə üçün > nöşün > nöş. Bir anlığa diqqət yetirsəniz asanlıqla görə bilərsiniz ki, bu ünsiyyət vasitələri arasındakı fərq əsasən onların ilkin variantına nisbətən hazırkı formasının qısa olmasıdır.

Yapon alimləri apardıqları təcrübə nəticəsində belə qənaətə gəlmişlər ki, danışmaq insan fəaliyyətinin ən çətin növüdür; insan danışarkən onun bədənində milyonlarla hüceyrə hərəkətə gəlir, insan daha çox enerji itirir. Məhz buna görədir ki, insanlar danışarkən daha tez yorulurlar. Bu da bir həqiqətdir ki, insanlar əmək fəaliyyətlərində, istər fiziki, istərsə də zehni, həmişə çalışırlar ki, gördükləri iş mümkün qədər az vaxt, az əmək və az enerji tələb etsin. Bu, insanlara İlahi tərəfindən əta edilmiş bir hədiyyədir, xüsusiyyətdir. Bir halda ki danışmaq insan fəaliyyətinin ən ağır, ən çox enerji tələb edən növüdür, bu halda təbiidir ki, onlar, yəni insanlar nitqlərini hər an, hər vasitə ilə qısaltmaq, onu daha lakonik etməyə meyilli olmalıdırlar və bu istək həmişə onları müşayiət etməlidir və edir də. Göründüyü kimi, a kişi birləşməsinə nisbətən əşi sözü, ay qız birləşməsinə nisbətən aaz sözü, nə üçün birləşməsinə nisbətən nöş sözü, nə qədər qısadır. Bu da insanlar arasında ünsiyyəti qısaldır, asanlaşdırır və nəticədə insanlar danışarkən daha az vaxt və daha az enerji sərf edirlər. Buna görə də heç də təsadüfi deyil ki, insanlar bu gün təşkilatların, müəssisələrin adını qısaldaraq işlədirlər. Məsələn, Britiş Petrolyum əvəzinə bp, Birləşmiş Millətlər Təşkilatı əvəzinə BMT, Amerika Birləşmiş Ştatları əvəzinə ABŞ və s. işlədirlər ki, bu da həmin məqsədə, yəni insanların öz nitqini mümkün qədər qısaltmaq, ona mümkün qədər az əmək, az enerji və az vaxt sərf etmək məqsədinə xidmət edir.

Hər bir millətə xas olan dil əsrlər boyu bu qanun, yəni mümkün qədər sözləri, bütövlükdə isə nitqi qısaltmaq əsasında inkişaf etmiş, formalaşmış və ona xas olan sözlər dəyişərək tanınmaz hala düşmüşdür. Bunun təbii nəticəsi olaraq da bugün hər bir dildə və eləcə də bizim ana dilimizdə mövcud olan əksər sözlərin haradan və hansı obyektiv səbəbdən yarandığını və necə formalaşdığını izah edə bilmirik. Və bizə elə gəlir ki, sözlərlə onların ifadə etdiyi əşya və ya məfhum arasında əlaqə yoxdur. Əslində isə bu yanlışdır, səhv fikirdir. Təkrarən qeyd edirik ki, hər bir dildə, o cümlədən də bizim ana dilimizdə mövcud olan sözlərin hər biri vaxtı kən bir əşyaya və yaxud bir məfhuma söykənərək zühur etmişdir, yaranmışdır. Dillərin hamısının lüğət fondu və lüğət tərkibi bu obyektiv və sarsılmaz qanuna söykənərək yaranmış, formalaşmışdır.

Dilimizin lüğət tərkibi ilə əlaqədar olaraq daha bir məsələ üzərində də dayanmağı vacib hesab edirik . Bu da ondan ibarətdir ki, ingilis dilindən dilimizə daxil olan sözləri biz bir qayda olaraq rus dili vasitəsi ilə alırıq. Ruslar bu sözləri necə tələffüz edirlərsə, biz də həmin sözləri o tərzdə tələffüz edirik. Nəticədə qaçılması mümkün olmayan yanlışlığa yol veririk.

Məsələ burasındadır ki, ingilis dilinin fonetik tərkibi ilə rus dilininin fonetik tərkibi arasında fərq mövcuddur: ingilis dilində olan [ə] və [h] səsləri rus dilində yoxdur. Bunun da təbii nəticəsi olaraq ruslar tərkibində bu səslər olan sözləri öz dillərində olan [e] və [x] səsləri ilə əvəzləyib tələffüz edirlər. Buna görə də ingilis dilində olan Jack sözünü ruslar Djek, manager sözünü menidjer , Totenham sözünü Totenxem şəklində tələffüz edirlər. Bizimkilər də bu qəbildən olan sözləri ruslar kim tələffüz edirlər. Onlar bir şeyi nəzərə almırlar ki, (ya bilməməkdən, ya da rus dilinin təsirinə düşdüklərindən) ingilis dilində olan [ə] və [h] səsləri bizim dilimizdə də var. Buna görə də ingilis dilindən aldığımız bu növ sözləri necə deyərlər ruslaşdırmağa əsla ehtiyac yoxdur. Bu sözləri biz çox asanlıqla və rahatlıqla ingilislər kimi tələffüz edə bilərik. Bu da bir tərəfdən həmin sözlərin əslinə uyğun olaraq (yəni ingilis dilində olduğu kimi) tələffüz edilməsinə səbəb olar, digər tərəfdən də bizlərin ingilis dilini daha asan, daha tez öyrənməmizə qismən də olsa kömək edər və ingilis danışıq dilini anlamağımızı asanlaşdırar.

Ana dilimizin səlisliyinə, özəlliyinə və gözəlliyinə xələl gətirən məsələlərdən biri də son zamanlar dilimizə rus dilindən kalka yolu ilə keçən hansı ki bağlayıcısı ilə işlədilən cümlələrdir. Məsələn, bəzi natiqlər danışarkən belə deyirlər: Evlər hansı ki keçən əsrdə tikilib sökülməlidir. Zavod hansını ki biz tikdirmişk hələ də işləyir və s. Bu cümlələr bizim dilimizin sintaktik qanunlarına əsasən belədir; Keçən əsrdə tikilən evlər sökülməlidir. Bizim tikdirdiyimiz zavod hələ də işləyir. Bu cümlələrin rus dilinin təsiri nəticəsində qurulmuş variantı ilə öz ana dilimizin sintaktik qanunları əsasında qurulmuş variantını müqayisə etsək, məlum olar ki, 1) rus dilinin təsiri nəticəsində qurulmuş cümlələr mürəkkəb, öz ana dilimizin sintaktik qanunları əsasında qurulmuş cümlələr isə sadədir; 2) rus dilinin sintaktik quruluşunun təsiri altında qurulmuş cümlələr daha çox sözdən ibarətdir (1–ci cümlədə 7, ikinci cümlədə isə 8 söz), öz ana dilimizin sintaktik qanunları əsasında qurulmuş cümlələr bu baxımdan, yəni tərkibi baxımından daha qısadır, yığcamdır (1–ci cümlədə 5 söz, 2–ci cümlədə 6 söz); 3) rus dilinin təsiri altında formalaşmış cümlələrə nisbətən bizim dilimizin sintaktik qanunları əsasında qurulmuş cümlələr dilə daha yatımlıdır. Belə olan halda başa düşülmür ki, bizim bəzi natiqlər rus dilinin təsirinə düşərək nə üçün nitqlərində hansı ki bağlayıcılı cümlə işlədirlər. Bununla da bir tərəfdən dilimizin sintaktik qanunlarına xələl gətirir, digər tərəfdən də necə deyərlər, sadəni, asanı qoyub çətinə qaçırlar. Onu da qeyd edək ki, hər bir dilin qrammatik quruluşu o dilin özəlliklərindən biridir, bəlkə də başlıcasıdır, o zaman dilin qrammatik quruluşu məsələsi dillər üçün, o cümlədən də bizim ana dilimiz üçün qeydinə qalınası əsas məsələ hesab edilməli və ciddi nəzərdə saxlanmalıdır. Yeri gəlmişkən bir məsələni də deyək ki, bu növ sintaktik quruluşlu cümlələr nəinki bizim ana dilimiz, hətta demək olar ki, bütün türk dillərinin sintaksisi üçün yaddır.

Qısaca olaraq yuxarıda deyilənlər göstərir ki, dilimizdə hansı ki bağlayıcısı ilə cümlə qurmaq və onu nitqimizdə işlətmək nəinki qüsurludur, hətta yolverilməzdir; dilimizin əsrlər boyu formalaşmış sintaktik quruluşuna, qanunlarına zərbədir.

Rus dilindən kalka yolu ilə dilimizə daxil olan daha bir söz üzərində də dayanmaq istərdik. Bu söz futbol oyunları ilə əlaqədar olaraq uzun müddətdir ki, dilimizin lüğət tərkibində özünə yer tapmış azarkeş sözüdür. Göründüyü kimi, bu söz dilimizdə mövcud olan azar sözünə fars dilindən alınmış – keş şəkilçisinin əlavə edilməsi vasitəsilə düzəldilmişdir. İlk baxışdan bu söz, yəni azarkeş sözü insanda sanki bir mənfi ovqat, xoşagəlməz reaksiya, təsəvvür yaradır. Bunun da başlıca səbəbi heç şübhəsizdir ki bu sözün əsas komponenti olan azar sözü ilə əlaqədardır. Nəzərə almaq lazımdır ki, rus dilindən dilimizə kalka edilmiş bolelğhik sözünün həm də tərəfdar, fanat mənaları var. Bu sözü dilimizə kalka edən şəxs isə həmin faktı, yəni bolelğhik sözünün tərəfdar, fanat mənalarının olmasını nəzərdən qaçırmış, rus dilindəki boleznğ sözünün dilimizdə qarşılıqlarından biri olan azar sözünü əsas götürmüş, onun sonuna – keş şəkilçisini əlavə etmiş, bunun da nəticəsində azarkeş kimi xoşagəlməz söz dilimizin lüğət tərkibində özünə yer tapmış və bu gün də fərqinə varmadan həmin sözü mahiyyəti etibarı ilə ifadə etdiyi mənaya uyğun gəlməyən, insanda xoşagəlməz ovqat yaradan bu sözü – AZARKEŞ sözünü dilimizdə genə–bola işlədirik. Biz belə hesab edirik ki, dilimizin lüğət tərkibində özünə yer tapmış bu sözü də islah etməmək, onun ifadə etdiyi mənaya, məfhuma adekvat olan bir sözlə əvəz etmək lazım gəlir. Bizcə, azarkeş sözü əvəzinə dilimizdə tərəfdar və yaxud fanat sözü işlətmək daha münasib, daha doğru olardı: məsələn, filan komandanın tərəfdarı / fanatı.

Həmin yazıda məni uzun müddətdən bəri düşündürən və dilimzdə anlaşılmazlıq yaradan bir məsələ üzərində də dayanmaq istərdim. Bu, şifahi nitqimizdə işlətdiyimiz, lakin dilimizin fonetik sistemində özünə yer tapmayan, bir qisim dillərdə (məsələn, müasir ingilis dilində) sonor adlanan burun səsinin vacibliyi məsələsidir. Məndə olan məlumata görə, bir zamanlar dilimizdə belə bir səsin olmasını qəbul etmişlər, adına da nuni səğir demişlər. Hazırda dilimizin fonetik sistemində belə bir səsin olması qəbul edilmir, lakin yuxarıda qeyd etdiyimiz kimi nitqimizdə işlədirik, bunsuz keçinə bilmirik. Zira bu səs həm də fonemdir, yəni o nominativ məna daşıyır, ikinci şəxsi üçüncü şəxsdən fərqləndirir. Məsələn, biz bir şəxsə Əlini yu, deyərkən anlaşılmır ki, o şəxs öz əlinimi, yoxsa başqa birisinimi əlinimi yusun. Bu anlaşılmazlığın səbəbi də o odur ki, hər iki halda əl ismi eyni şəkildə işlədilir: Əlini yu (ikinci şəxsə müraciət, yəni öz əlini yu). Əlini yu (ikinci şəxsə müraciət, yəni üçüncü bir şəxsin, məsələn, uşağın əlini yu). Bu anlaşılmazlıq, dolaşıqlıq da ondan irəli gəlir ki, dilimizdə ikinci şəxsi göstərəcək nisbət şəkilçisi yoxdur. Dilimizdə ikinci şəxs üçün nisbət şəkilçisini varlığı isə sonor adlanan burun səsi ilə əlaqədardır. Demək, ana dilimizdə olan bu çatışmazlığı aradan qaldırmaq üçün isə dilimizdə burun sonor səsinin varlığını etiraf etməli və dilimizin hərf sisteminə bu səsi ifadə etmək üçün müvafiq hərf əlavə etmək lazım gəlir. Bu da praktik olaraq elə bir çətin məsələ deyil. Bizcə, bu məqsədlə dilimizdə mövcud olan n hərfinin üstünə bir işarə qoymaq kifayət edərdi (g və ğ hərflərində olduğu kimi). Həmin hərfin ifadə etdiyi səsi isə belə işarə etmək olardı [ ]. Beləliklə də bu problem öz həllini tapmış olardı.

 

(davamı növbəti saylarımızda)

 

Oruc İBRAHİMOĞLU,

filologiya elmləri doktoru.

 

Respublika.- 2013.- 27 yanvar.- S. 2.