TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR

 

Respublikamızın hər yerində olduğu kimi, Beyləqan rayonunun təhsil işçiləri də 2013– ilə ötən illərdə qazanılmış uğurları davam etdirmək əzmi ilə başlamışlar. Rayonda ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş təhsil islahatının həyata keçirilməsi həm keyfiyyətcə, həm də kəmiyyətcə yeni məzmun daşıyır, milli təhsilin yüksək səviyyəyə qaldırılması üçün bütün imkanlardan səmərəli istifadə olunur. Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqov dedi:

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu və 1999–cu ildən bəri uğurla həyata keçirilən “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” ölkəmizin təhsil quruculuğunda taleyüklü əhəmiyyətli hadisə olmuşdur. Proqramda təhsilin gələcək inkişafı konsepsiyası və strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, madditexniki bazasında islahatların aparılması uğurla davam etdirilir. Bu cəhətdən Beyləqan rayonunun pedaqoji kollektivləri də öz səylərini əsirgəmirlər.

Hazırda rayonda 54 ümumtəhsil məktəbi fəaliyyət göstərir və bu məktəblərdə 12460 nəfər şagirdin təlim–tərbiyəsi ilə 1846 pedaqoji işçi məşğul olur. Şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə 3 məktəbdənkənar müəssisəyə 587 şagird cəlb olunmuşdur. Cari dərs ilində 1235 nəfər məktəbyaşlı uşaq birinci siniflərdə təhsilə cəlb olunmuşdur.

Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun beşinci siniflərdə dərs deyəcək 464 nəfər müəllim yay aylarında xüsusi təlim kurslarından keçmişlər. Yeni tələblərlə əlaqədar olaraq 81 nəfər ixtisasartırma kurslarına göndərilmişdir, 50 müəllim yerlərdə təşkil olunmuş seminarlarda məşğul olmuşlar. 478 müəllim İKT üzrə təlimlərə cəlb olunmuşdur.

Təhsildə müvəffəqiyyət əldə etmək üçün birinci növbədə keyfiyyətə fikir veririk, qabaqcıl təcrübələrin üzə çıxarılması və tətbiqi, açıq və nümunə dərslərinin təşkili sahələrində ardıcıl aparırıq.

Qiymətləndirmə metodlarının daha şəffaf, daha qüsursuz olması normal təhsil üçün vacib şərtdir. Şagird görəndə ki, müəllim onun əməyini dəqiq qiymətləndirir, şişirtməyə, yaxud qərəzçiliyə yol vermir, onda daha da həvəslənir, daha yaxşı oxuyur, öz üzərində daha yaxşı çalışmağa başlayır. Mən bu sözləri deyərkən ulu öndərimiz Heydər Əliyevin bir kəlamını xatırlayıram: “Ədalət hər yerdə lazımdır, amma məktəbdə ədalət hamısından çox lazımdır… Əgər məktəbdə gənc, uşaq ədalətsizliklə qarşılaşırsa, onda belə təsəvvür yaranır ki, elə bu dünya ədalətsiz dünyadır. Buna yol vermək olmaz”.

Məktəblərdə kurikulumun tətbiqi uğurla davam etdirilir, rayonun ümumtəhsil məktəblərində müəllimlərin və məktəb rəhbərlərinin treninqləri keçirilmişdir. İl boyu buraxılış siniflərində sınaq–test yoxlamaları aparılmış, nəticələr ətraflı təhlil edilərək pedaqoji kollektivlərə çatdırılmışdır. LiseyBahar, Dünyamalılar kənd 1 saylı, şəhər 1 saylı, Birinci Aşıqlı, Qəhrəmanlı, Mayak, Əlinəzərli kənd məktəblərində oxuyan şagirdlərin bilik səviyyəsi daha yüksək olmuşdur. Ötən dərs ilində 743 nəfər şagird orta təhsil kursu üzrə buraxılış imtahanlarında iştirak etmiş, onlardan 639 nəfəri orta təhsil haqqında attestat almışdır. 150 məzunumuz ölkənin ali məktəblərinə qəbul olunmuş, 17 nəfər 500–dən yuxarı bal toplamışdır.

Məktəblərdə təlim–tərbiyənin səmərəliliyini artırmaq məqsədilə müxtəlif məzmunlu müsabiqə və yarışların keçirilməsi sistem halını almışdır. Xüsusi istedada malik olan yeniyetmə və gənclərlə aparılan işə ayrıca diqqət yetirilir. Bu sahədə xüsusi Dövlət Proqramı ilə bağlı istedad bankı yaradılmış, istedadlı uşaqlarla mükəmməl sistemi qurulmuşdur. Bunun nəticəsində bir sıra məktəblərin şagirdləri məktəblilərin fənn olimpiadalarının respublika mərhələsində qalib olmuşlar. “Şahin” və “Cəsurlar” hərbi–idman oyunlarının keçirilməsinə diqqət əvvəlki illərdəkinə nisbətən xeyli artırılmışdır, nəticələr pis olmamışdır. Uşaq şahmat məktəbinin yetirmələri ötən il uğurlu nəticələr əldə etmiş, Lalə Firudinli, Aytən Məmmədzadə, Cavid Abbaslı yüksək idman kürsülərinə qalxmışlar. “Çiçəklən, Azərbaycan!” rəsm müsabiqəsində uşaq idman məktəbinin yetirməsi Cavad Cavadlı və Məhyəddin Əhmədli diplomlara layiq görülmüşlər.

Məktəblərin madditexniki bazası getdikcə möhkəmləndirilir. Mil, Milabad, Yeni Mil, Yuxarı Çəmənli kənd məktəblərində cari təmir işləri aparılmış, şəhər 6 saylı, Əmirzeydli, Çəmənli, Sarısu, Dünyamalılar kənd orta məktəblərinin inşası başa çatdırılmışdır.Şəhər məktəblərində istilik sistemləri yenidən qurulmuşdur. Cari tədris ilində məktəblər üçün 140 adda əyani tədris vəsaitləri, 640 dəst şagird masası, 70 müəllim masası, 251 müəllim stulu, 70 ədəd sinif dolabı, 64 yazı lövhəsi, digər inventar və avadanlıqlar alınmışdır. 99 adda 17512 nüsxə dərslik pulsuz təhsil müəssisələrinə çatdırılmışdır.

Təhsil millətin gələcəyidir. Bu sahədə respublikamızda və bölgələrdə çox böyük işlər görülür. Tədris ocaqlarında madditexniki bazanın möhkəmləndirilməsi, dünya təcrübəsinin tətbiqi, yeni pedaqoji təfəkkürün formalaşması, müasir təlim metod və texnologiyalarından istifadə və digər yeniliklər, irəli sürülən layihələr islahatın uğurla davam etdirildiyinə dəlalət edir. Bu irəliləyişdən ruhlanan Beyləqan müəllimləri tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində 2013– ildə də ardıcıl və məqsədyönlü aparır.

 

 

Sabir MUSTAFAYEV

 

Respublika.- 2013.- 29 yanvar.- S. 5.