“GƏNCƏ ŞƏHƏRİNİN HƏRB TARİXİ VƏ ŞƏHİDLƏRİ”

 

Gəncə şəhərində torpaqlarımızın bütövlüyü uğrunda döyüşlərdə canından keçmiş şəhid ailələrinə, ömrünün qalan hissəsini yarımcan yaşamağa məcbur olan əlil insanlara gündəlik diqqət və qayğı göstərilir, onların qarşılaşdıqları ailə–məişət problemləri tezliklə öz həllini tapır. Təkcə 2011–ci ildə 121 nəfər Qarabağ müharibəsi əlilinə və şəhid ailəsinə 25 min manata yaxın yardım edilmiş, 5 şəhid ailəsinin mənzili əsaslı təmir olunmuş, 60 nəfər isə yeni mənzillərə köçmüşdür. Hazırda Yeni Gəncə yaşayış massivində 9 mərtəbəli, 81 mənzilli yaşayış binasının tikintisi sürətlə davam etdirilir. Daha 81 əlil və şəhid ailəsinin mənzil probleminin birdəfəlik həll edilməsi məqsədilə yeni 9 mərtəbəli binanın inşasına başlanacaqdır. Şəhid xatirəsinin əbədiləşdirilməsi üçün 200–dən artıq küçəyə onların adı verilmişdir.

 

Şəhərdə əsaslı şəkildə tamamilə yenidən qurulan “Şəhidlər Xiyabanı” gəncəlilərin şəhid ruhuna sonsuz etiramının ən böyük ifadəsidir. Xiyabanda möhtəşəm abidə ucaldılmış, 367 şəhid qəbri qara mərmərlə üzlənmişdir.

Bu faktlar şəhid ailələri üzvlərinin, əlillərin və müharibə veteranlarının, habelə şəhər içtimaiyyətinin nümayəndələri ilə yeni nəşr edilmiş “Gəncə şəhərinin hərb tarixi və şəhidləri” kitabının təqdimat mərasimində səslənmişdir.

Yığıncağı giriş sözü ilə açan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı, kitabın nəşrinin təşəbbüskarı və məsləhətçisi, ön sözün müəllifi Elmar Vəliyev demişdir ki, Azərbaycan şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, ailələrin sosial problemlərinin həllinə gündəlik diqqət və qayğı ilə bağlı təməli ulu öndər tərəfindən qoyulan nəcib və humanist siyasət bu gün də ölkəmizdə uğurla davam etdirilir. Məhz siyasətin bu uğurlu varislik ənənələrinin nəticəsidir ki, şəhid ailələrinin, müharibə əlillərinin və onlara bərabər tutulan insanların sosial müdafiəsi mühüm dövlət siyasəti kimi həyata keçirilir. “Gəncə şəhərinin hərb tarixi və şəhidləri” kitabı da dövlətimizin müqəddəs amallar uğrunda canlarını fəda etmiş oğullarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində yürütdüyü məqsədyönlü tədbirlər sırasındadır.

AMEA–nın Gəncə bölməsinin direktoru, AMEA–nın müxbir üzvü Fuad Əliyev yeni kitabın nəşrini şəhərin hərb tarixinə, şəhid ruhuna etiramın ifadəsi kimi dəyərləndirərək demişdir ki, toplu üç hissədən ibarətdir. Kitab ölkəmizin hərb salnaməsində sanballı səhifə təşkil edən Gəncə şəhərinin hərb tarixinə nəzərlə başlayır. İkinci bölmədə Usta Bəndər, Cavad xandan tutmuş, müasir dövrümüzədək 30 sərkərdə və milli qəhrəmanlara, üçüncü hissədə isə 367 Qarabağ müharibəsi şəhidinə həsr olunmuş sənədli oçerklər toplanmışdır.

Yeni kitabın nəşri ilə bağlı çıxış edənlər toplunun nəşrə hazırlanması təşəbbüsünü və kitab üzərində işləyənlərin əməyini yüksək qiymətləndirərək demişlər ki, şəhərdə şəhid ailələri və əlillərlə vaxtaşırı görüşlər keçirilir, onların ailə–məişət problemləri, qarşılaşdıqları çətinliklər daim diqqət mərkəzindədir və operativ olaraq həll edilir. Şəhər rəhbərliyinin tapşırığı ilə şəhid ailələrinin və əlillərin elektrik enerjisi, təbii qazsu ilə fasiləsiz təchizatı əlaqədar orqanların rəhbərlərinin gündəlik diqqət mərkəzindədir.

Görüşdə Elmar Vəliyev şəhid ailələrinin üzvləri və əlillərin vəziyyəti ilə bir daha maraqlanmış, bir neçə şəhid ailəsinin və əlilin məişətlə bağlı çətinlikləri yığıncaq davam etdiyi müddətdə oretativ olaraq həll edilmişdir.

Elmar Vəliyev yığıncağa yekun vuraraq demişdir ki, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, ömürlərinin qalan hissəsini yarımcan yaşamağa məcbur olan insanların xatirəsi uca tutulmalıdır. Bu günkü gənclik qəhrəmana göstərilən qayğının cazibəsində böyüməlidir. Onlar görməlidir ki, vətən, xalq öz qəhrəmanını sevir, şəhidinin xatirəsini uca tutur. Nəsillərin qəhrəmanlıq estafetinin nüvəsində məhz bu amil dayanır.

Yığıncaqda iştirak edən şəhid ailələrinin üzvlərinə, əlillərə yeni nəşr olunmuş kitabın nüsxələri paylanmışdır.

Yeni kitab vaxtsız oğul, ata, ər, qardaş itirmiş insanların kədərini ovundurmaq üçün çox müqəddəs bir töhfədir.

Hazırda yaradıcı kollektiv ikinci kitab üzərində çalışır. Xocalı soyqırımına həsr olunacaq yeni toplu fevrtalın 26–da – Xocalının işğalı günü işıq üzü görəcəkdir.

 

 

Y.TANRIVERDİYEV

 

Respublika.- 2013.- 29 yanvar.- S. 4.