“Xocalıya Ədalət!” çağırışının tarixi kökü

 

Aytən MUSTAFAYEVA,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru,

hüquq üzrə fəlsəfə doktoru.

 

Kitab “Xocalıya Ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının 5 illiyi münasibətilə nəşr edilmişdir.

“Xocalıya Ədalət!” kampaniyasının yaradılması təşəbbüsü 2008-ci il 8 may tarixində, Şuşanın işğalının ildönümü günü Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva tərəfindən irəli sürülmüşdür. Hazırda faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın 40-dan çox ölkəsində uğurla həyata keçirilməkdədir.

Tarix boyu belə olub: dərk olunmayan həqiqət və yaxud dərdə çevrilmiş ədalət. Elə bir dərdə ki, insan, həqiqi bəşər övladı ona qarşı mübarizə meydanlarına atılmış, amma ölüm-dirim savaşında məğlub olmamışdır. İnsan Hüquqları İnstitutunun yaradıcısı, mərhum professor Rövşən Mustafayev “Azərbaycan dövlətçiliyi” kitabında yazır: “...Azərbaycan torpağı, onun isti qucağı lap qədimlərdən bəri insanları özünə cəlb etmişdir. Minlərlə insan axını bu torpaqdan keçərək vəcdə gəlmiş, yeni ilham, yeni ideyalar almışdır. Od ətrafında gələcək barədə dərin-dərin düşüncələr içində yeni təlimlər doğularaq zəvvarlara verilmiş, onların vasitəsilə də dünyaya yayılmışdır.

...Və əgər əvvəllər bizim məmləkətə yeni fikir, yeni ideya dalınca gəlirdilərsə, indi bu torpağa, onun hər qarışına acgöz ehtiraslı xəyanətkar əli uzanmışdır. Azərbaycan atəşini söndürmək istəyiblər.

Öz tarixinin qan yaddaşına bir çox mədəniyyətləri və dinləri köçürən, dünyanı rəngarənglik spektoru kimi dərk edən bizlər üçün bir şey aydındır: vətən və vətəndaşlıq ideyası hər şeydən ucadır. Dünyanın tarixi də bu həqiqəti dəfələrlə sübut etmişdir”.

Fransanın tərəqqi əsrinin (XV əsrin sonu — XVI əsrin əvvəli) siyasi olimpinin ən ciddi şəxsiyyəti sayılan Nikollo Makiavelli demişdir: “Söhbət vətən və vətəndaşlıq borcundan gedəndə nəyin ədalətli, nəyin ədalətsiz, nəyin xeyirxah, nəyin qəddar, nəyin təqdirəlayiq, nəyin biabırçı olması fikrinə qətiyyən əhəmiyyət verilməməlidir. Hər şeyi yaddan çıxarıb, yalnız ölkənin varlığını və azadlığını xilas etmək üçün fəaliyyət göstərmək lazımdır”.

Qarşımızdakı bu kitab zaman-zaman dövlətçiliyimizə zərbələr endirən, onun ünvanına şər və böhtanlar deyən, torpağını, milli-mənəvi xəzinəsini oğurlayan, adamlarını güllədən və süngülərdən keçirən, yurd yerlərini xarabazara çevirən və bütün bunlardan ləzzət alanlara... daxili və xarici düşmənlərə, Beynəlxalq terrorun bir qolu olan erməni terror birləşmələrinə, erməni silahlı birləşmələrinə və separatçı dəstələrinə qarşı qəzəb və nifrətlə yazılıb. Əslində bu kitab Xocalıda törədilən cinayətlərin, terror hadisələrinin, bir sözlə, bəşəri nifrətə layiq erməni vandalizminin anatomiyasıdır.

Mən sülhsevər insanları, ərazi və ölkələri təlatüm və səksəkədə, qorxu altında saxlayan Beynəlxalq terrorun bir qolu olan erməni terroru ilə bağlı Azərbaycanda öz diplomatik missiyalarını yerinə yetirən Avropanın, eləcə də qərbin nüfuzlu diplomatlarına, ictimai-siyasi xadimlərinə, NATO generallarına belə bir sual verdim: hər il ABŞ Dövlət Departamenti tərəfindən dünyada mövcud olan terror təşkilatlarının adları açıqlanır, xüsusi siyahılar tərtib olunur. Amma hansı səbəbdənsə türk dünyasında, eləcə də Avropada, Asiyada, Afrikada... nəhayət, Qərbin bir sıra ərazilərində və Azərbaycanın Dağlıq Qarabağ ərazisində, xüsusən Xocalı yaşayış məntəqəsində insanları vəhşicəsinə, xüsusi amansızlıqla məhv edən, kütləvi qırğınlar və soyqırımlar törədən, bir milyon vətəndaşımızı yurdundan didərgin salan, mədəni, mənəvi dəyərlərimizi məhv edən, insanlarımızı mənəvi, fauna və floramızı ekoloji terrora məruz qoyan bədnam “ASALA”, “DPO”, “Haydad”... kimi terrorçu dəstələrin və qruplaşmaların adları həmin sənədlərdə qeyd olunmur. Nə üçün? Sonradan bu sualın cavabı bizim üçün aydın oldu. Yəqin etdik ki, bu sənədlər ABŞ Dövlət Departamentində elə ermənilər tərəfindən hazırlanır.

Azərbaycan xalqı artıq bu yanaşmanı yaxşı dərk edir... Şübhə etmirəm ki, belə ikili yanaşma çox uzun sürməz. İşğalçı dövləti və onun terrorçu qruplarını himayə edənlərə bütün bunlar başucalığı gətirmir. İnsanları indi aldatmaq mümkün deyil.

Bu kitablar dünyaya kimin kim olduğunu bir daha açıb göstərir, əsl terrorçuları və onların maliyyə mənbələrini, eləcə də onları dəstəkləyənlərin əsl xislətini ifşa edir. ABŞ Konqresinin və Dövlət Departamentinin kitabxanalarına, “The Vashington Post” (ABŞ) qəzetinə Beynəlxalq terrorla, onun bir qolu olan erməni terroru ilə bağlı çox mühüm sənədlərin açıqlamasını verən Azərbaycan milli təhlükəsizlik nazirinin müavini, general-mayor Hafis Musayev fikirlərində xatırladır: “...Azərbaycan həmişə sülhün və ədalətin keşiyində olub. Bizim torpaqlarımız və insanlarımız hər cür terrora məruz qalıb. Azərbaycan Sizlərdən nə istəyir?.. İstəyir ki, hər kəsi öz adı ilə çağırasız. Terrorçu dəstələrin siyahısı hazırlanarkən, ermənilərin bir qayda olaraq, törətdikləri cinayətlərin əsl mahiyyəti açılıb göstərilsin. Mən Konqres kitabxanasında Amerika xalqı üçün bir kitab qoydum. İstərdim xalq o kitabı oxusun... O həqiqəti, Xocalı ədalətini, Qarabağ həqiqətini dərk etsin”.

Kitablarda qoyulan mövzunun yaddaşlardan silinməyən uzun bir tarixi olsa da, bu mövzuya yanaşma xətti, onun ideyası yenidir. Artıq dünyada özünə böyük nüfuz qazanmış Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya Federasiyasındakı Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın “Xocalıya Ədalət!” çağırışına münasibət əvvəlki illərdən tam fərqlidir. Dünyanın terror tarixində qeyd olunur ki, Beynəlxalq terrora qarşı cəmi yeddi strategiya mövcuddur. Heç kəs şübhə etməsin ki, yaşadığımız yüzillikdə yaranmış bu strategiya tarixdə məhz “Leyla Əliyeva strategiyası” kimi qalacaq, təhlil olunacaq.

Erməni terrorçuları işğal etdikləri Azərbaycan torpaqlarında, Dağlıq Qarabağın yaşayış məntəqələrində, xüsusilə Xocalı ərazisində kütləvi qırğınlarla törətdikləri genosidə görə BMT sənədlərinin, Konvensiya və qərarların, layihə və planların, müharibə və işgəncələr əleyhinə çıxarılan hökmlərin, direktivlərin üstündən saymazyana xətt çəkməli oldular. İnsan hüquqları ilə bağlı bütün beynəlxalq öhdəliklər tamamilə pozuldu. Xocalıda pozulan insan hüquqları sahəsindəki beynəlxalq normativlərə gəlincə, onlar belə qeyd edilir:

—İnsan hüquqları sahəsində əsas baza prinsiplərini əks etdirən beynəlxalq müqavilələr. Məsələn, BMT Nizamnaməsi; 1948-ci il tarixli İnsan hüquqları haqqında Ümumi Bəyannamə; BMT Nizamnaməsinə müvafiq olaraq dövlətlər arasında dostluq münasibətlərinə və əməkdaşlığa aid beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il tarixli Bəyannamə; 1975-ci il tarixli ATƏM-in Helsenki Yekun Aktı və s;

—İnsan hüquqları sahəsində ümumi (universal və regional) normalar.

Məsələn, İqtisadi, sosial və mədəni hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Pakt; Mülki və siyasi hüquqlar haqqında 1966-cı il tarixli Beynəlxalq Pakt; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il tarixli Avropa Konvensiyası; İnsan və xalqların hüquqları haqqında 1981-ci il tarixli Afrika xartiyası və s;

—İnsan hüquqları sahəsində ayrı-ayrı münasibətlərin tənzimlənməsinə yönəlmiş normalar (universal və regional): Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1948-ci il Konvensiyası; Köləliyin, qul ticarətinin və köləliyə oxşar institut və ədalətlərin ləğv edilməsi haqqında 1956-cı il Konvensiyası; İşgəncə və qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə 1984-cü il Konvensiyası; İşgəncənin və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması haqqında 1987-ci il Avropa Konvensiyası və s.;

—Ayrı-ayrı hüquqların və qrup şəxslərin hüquqlarının müdafiəsi istiqamətində qəbul edilmiş normalar: Qadınların siyasi hüquqları haqqında 1952-ci il Konvensiyası; Uşaq hüquqları haqqında 1989-cu il Konvensiyası; Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında 1990-cı il Beynəlxalq Konvensiyası; Milli azlıqların müdafiəsi haqqında 1995-ci il Çərçivə Konvensiyası; Aparteid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında 1973-cü il Beynəlxalq Konvensiyası; Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında 1979-cu il Konvensiyası, Təhsil sahəsində ayrı-seçkilik əleyhinə 1960-cı il YUNESKO Konvensiyası və s.;

—İnsan hüquqları sahəsində tövsiyə xarakterli normalar. Məsələn, İnkişafa olan hüquq haqqında 1986-cı il tarixli Bəyannamə, Yetkinlik yaşına çatmayan şəxslərə münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsinə dair BMT-nin 1985-ci il tarixli Minimal standart qaydaları; Milli, etnik, dil və dini azlıqlara mənsub olan şəxslərin hüquqları haqqında 1992-ci il Bəyannaməsi və s.

Müəlliflərin bu kitabı nəşr etdirməkdə məqsədləri Xocalı faciəsilə bağlı törədilən qırğınların əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində durmuş ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaq, beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlara, müraciətlərə hörmətlə yanaşmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində və həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir. Hadisələrdə iştirak edən silahlı erməni quldur birləşmələrinin fakt və sənədlərlə ifşa olunması üçün burada kifayət qədər həm daxili, həm də xarici arxivlərdən yığılmış sənədlər vardır.

Müəlliflər bu tədqiqat əsərlərilə Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın “Xocalıya Ədalət!” çağırışına qoşulduqlarını bəyan edir, güclü, təkzibedilməz məntiqi fakt və sübutlar, dəlillər və sənədlərlə bu mövzuda elmi-tədqiqat işləri ilə məşğul olan alimlərimiz, yazıçı və jurnalistlərimiz, siyasətçilərimiz üçün çox zəngin materiallar toplusu yaratmışlar. Bu ikicildlik kitabdan bəhrələnən hər kəs, inanırıq ki, ədalət sorağına çıxmış vətəndaşımız Leyla xanımın bu müqəddəs kampaniyasının aktiv iştirakçılarına çevriləcək, ədalətin təntənəsinə, zəfər çalmasına öz töhfəsini verəcəkdir.

Bu kitabın mahiyyəti göstərir ki, “Xocalıya Ədalət!” çağırışı yeni yüzillikdə beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Şübhəsiz, kitabları oxuyan və bunları obyektiv təhlil edən hər kəs bu modelin böyüklüyünü və əhəmiyyətini hiss edəcək, görəcək və gələcək mübarizəmiz, qələbəmiz üçün lazımi nəticələr çıxaracaqdır.

Müəlliflər belə qənaətə gəlirlər ki, “Xocalıya Ədalət!” heç də təsadüfən siyasi meydana çıxmayıb. Onun böyük ictimai-məntiqi mahiyyəti olduğu kimi, güclü siyasi-fəlsəfi dəyərləri də diqqətdən yayına bilməz.

Əliyevlər ailəsi haqqında xeyli filmlər çəkilib, kitablar nəşr edilib. Amma fikrimcə, milyonlarla insanı (istər dost olsun, istərsə də düşmən, fərq etməz) tərbiyələndirən, onlara dünyanı dərk etdirən, təmiz, saf əqidə və zəngin mənəvi dəyərlər altında yaşamağa çağıran, zülmə, ədalətsiz işlərə qarşı barışmaz olmağa... çağıran fəlsəfi elementlər, məsələlər, həyat və cəmiyyəti, dövlət və xalqı birləşdirən, sintez edən tezislərdən yaddan çıxanı, toxunulmayanı varsa da, onu axtaranlar bu ailənin timsalında tapa bilərlər.

Düşmən bizim üçün sürgünlər də təşkil etsə, bizləri, övladlarımızı, ailələrimizi diri-diri yandırsa da, kütləvi qətliamlar törətsə də, canımızdakı və qanımızdakı “Vicdan”, “Namus”, “Millət”, “Torpaq”, “Şərəf’, “Ləyaqət”, “Ədalət”, “Kişilik”... sözlərini çəkib çıxara bilmədi... Qeyd edim ki, bu sözlərin hər biri Beynəlxalq terrora və onun bir qolu olan erməni terroruna qarşı mübarizədə ən ciddi səngərdir. Mən Əliyevlər ailəsini məhz bu məğlubedilməz səngərdə görürəm. Fikrimcə, dünyada elə bir ikinci nəsil yoxdur ki, dünya şöhrətli siyasətçi və dövlət xadimi ilə yanaşı, orada beş nəfər elmin, təhsilin və tərbiyənin ən yüksək pilləsində dayanaraq “Akademik” kimi şərəfli bir adı daşısın. Varmı? Hələ ki, yoxdur... (Şübhəsiz, bütün bunlara düşmən heç vaxt sevinməz). Bu gün Əliyevlər ailəsi də başqa ailələr kimi itirilmiş torpaqlarımız uğrunda, yandırılan və viranə qalan Xocalı haqqında, ümumən Dağlıq Qarabağ haqqında, köçkün və qaçqın insanlar haqqında, tökülən şəhid qanı haqqında... ədalət prinsipilə beynəlxalq kürsülərə yol alıb. Bu ailə dünyaya anlatmaq istəyir ki, yer üzündə, bəşəriyyətə nəfəs verən, ona dayaq olan bir söz də var: “Ədalət”. Hələ ki, bu söz düşmən lüğətində yox dərəcəsindədir. Olsaydı onlar bu amansız, qatı cinayətləri törətməzdilər. Mənim fikrimcə, alimlərimiz, tədqiqatçılarımız, elm adamlarımız Azərbaycanın Şərəf və Ləyaqəti uğrunda vuruşurlarsa, ağsaqqallarımız və ağbirçəklərimiz, qadınlarımız kişilərimizlə birlikdə Namus və Kişilik uğrunda döyüşlərə atılıblarsa, cavanlarımız, gənc oğlan və qızlarımız ilə Ədalət və Torpaq uğrunda mübarizədə meydanlardadır. Artıq ot kökü üstə bitib. Geriyə yol yox dərəcəsindədir. Bu yolu isə Azərbaycana Əliyevlər ailəsi açdı.

Yolun başlanğıcında, ən çətin, kəşməkəşli cığırlarında, sıldırımlı, buzlu-qırovluqayalarında isə... Ulu Öndərimiz Heydər Əliyevin özü dayandı... Ulu Öndər tarixin Şərəf və Ləyaqət kürsüsündə dayanaraq, xalqına, millətinə müraciət etdi, itirilmiş və yaxud erməni terroruna məruz qalaraq işğal olunmuş torpaqlarımızla bağlı xatırlatdı: “...Qarşımızda duran əsas vəzifələrdən biri son əsrdə xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciəyə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik nümayiş etdirməliyik. Xalqımıza qarşı törədilə biləcək hər cür xəyanətin və təcavüzün qarşısını hamımız üçün ali məqsəd olan müstəqil Azərbaycan dövləti uğrunda dönməz mübarizə əzmi və iradəsi ilə almaq olar...”.

Fikrimcə, bu siyasi-fəlsəfi müraciətin özəyini xalq və millət üçün ədalətin bərqərar olunması uğrunda aparılacaq mübarizənin nüvəsi təşkil edirdi. O, xüsusən erməni təcavüzünün nəticəsi olaraq itkin düşmüş öz yaxın və əzizlərinin taleyini bugünədək bilməyən, erməni terroruna məruz qalmış minlərlə insanın faciəsini öz faciəsi bilirdi. Xocalı soyqırımını bağışlamaq heç cür mümkün deyildi. Ulu Öndər Heydər Əliyev hər çıxışında, hər görüşündə irqindən, dinindən və dilindən asılı olmayaraq təkrar-təkrar xatırladırdı: “...Ermənistanın təcavüzü başlanandan indiyə qədər təxminən 16 min azərbaycanlı şəhid tələf olmuş, 22 minə qədər adam yaralanmış, bir milyona yaxın adam isə qaçqın düşmüşdür. İndi qaçqınlarımızın, məcburi köçkünlərimizin sayı bir milyondan artıqdır. Kəndlərimiz, şəhərlərimiz, qəsəbələrimiz viran olmuşdur... Lakin Xocalı faciəsi bunların ən dəhşətlisi olmuşdur. Bütün bu qanlı faciələrin qarşısının alınmasında, o cümlədən Xocalı faciəsinin baş verməsində, şəhərin təpədən dırnağa qədər silahlanmış amansız düşmənlə üz-üzə müdafiəsiz qalmasında erməni qəsbkarları ilə bərabər, Azərbaycanın o zamankı rəhbərliyi, habelə hakimiyyət uğrunda hər cür yolverilməz vasitələrlə mübarizə aparan müxalifət qüvvələri də birbaşa məsuliyyət daşıyırlar... Faciə haqqında dünya ictimaiyyətinə geniş məlumat vermək, beynəlxalq aləmə həyəcan təbili çalmaq əvəzinə, Xocalı dəhşətlərinin  həqiqi miqyasını  xalqdan  gizlətməyə  cəhd etmiş, tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik nümayiş etdirmişlər...”.

Dünyanın nüfuzlu dövlət və siyasi xadimi ümummilli liderimizin bu çağırışı isə bugünkü nəslə, eləcə də gələcək nəslə əsl xəbərdarlıq idi. Düşmən bu xəbərdarlıqdan həmişə qorxub. Məhz buna görə də Xocalı soyqırımını təsdiq edən fakt və sənədləri təkzib etmək üçün ABŞ-ın və Fransanın erməni diaspor təşkilatları 2003-cü il fevralın 26-da Vaşinqtonda bir araya gələrək, iş adamlarını və siyasətçiləri özündə birləşdirən “Xüsusi komitə” yaratdılar. Komitə üzvlərinin vəzifəsi, əsasən, beynəlxalq miqyasda Xocalı ilə bağlı baş verənləri təkzib etmək, bütün günahları Azərbaycanın üzərində saxlamaq idi. Amma alınmadı. Millət artıq oyanmışdı. O, indi ağı qaradan seçə bilirdi. O vaxt dünyanın ən məşhur telekanallarında, mətbuat səhifələrində bəşəriyyət üçün belə bir sual qoyulmuşdu: “Cənablar! Azərbaycanda nə baş verib?..” Və yaxud, “Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalından, külü göyə sovrulan Xocalı olaylarından xəbəriniz varmı?..

Amma dünya hələ də baş verənlərə biganəliyində idi. Heç nə baş verməmiş kimi, hamı susurdu. Ulu öndər, artıq Xocalı faciəsinin bütün dünyada tanınması və ona beynəlxalq hüquqi-siyasi qiymətin verilməsilə bağlı, eləcə də bu faciənin təşkilatçılarının, ideoloqlarının və icraçılarının dünya ictimaiyyətinin gözündə ifşasına və cəzalandırılmasına nail olmağın Milli Fəaliyyət Proqramını vermişdi. Bu proqramın həyatda öz təsdiqini tapması bir tərəfdən Xocalı müdafiəçilərinin və şəhidlərinin ruhu qarşısında bizim insanlıq və vətəndaşlıq borcumuz, digər tərəfdən isə, insanlığa qarşı yönəlmiş bu cür qəddar cinayətlərin gələcəkdə bir daha təkrar olunmamasına xidmət edərdi.

Bu, ulu öndərin qarşısında dayanan, onun taleyinə düşən tarixi bir missiya idi və o bu missiyanı şərəf və ləyaqətlə yerinə yetirmişdi... Erməni separatçıları isə o vaxt və bugünün özündə belə tələsərək, dünyanın ən məşhur kitabxanalarında Xocalı faciəsini təsdiq edən kəşfiyyat sənədlərini, politoloqların açıqlamalarını, fotoşəkilləri, qovluqları ya məhv edirlər, ya da oğurlayıb aradan çıxarmaqla məşğuldurlar. Maraqlı idi, bir ayın içərisində (2005-ci ilin aprel ayı) “Böyük Ermənistan”ın ideoloqlarından olan Z.Balayanın dünyanın erməni mətbuatında 36

dəfə çıxışı verildi. Çünki o, qorxurdu. Bu gün də erməni siyasətçiləri tarixin və Azərbaycanda doğulan yeni nəsillərin üsyanından ehtiyat edirlər. Və yaxud Kaliforniyanın Qlendil şəhər meri Ara Naçaryan ABŞ Prezidenti Barak Obama ilə bir kollecdə oxuduğundan istifadə edərək, Xocalı həqiqətlərini öyrənmək istəyən Prezidentə erməni diasporunun hazırladığı, hadisələri təhrif edən “Xocalı fotoalbomu” vermişdi. Kanadada erməni diasporunun orqanı olan “Abaqa” (“Gələcək”) qəzetində isə “Vətən yaddaşlarda” və “Qəriblər evi” cəmiyyətləri Xocalı hadisələrini ört-basdır etməyə cəhd edən ardıcıl yazılar verir, müsabiqələr keçirirdilər. Məsələn, məlumata görə, “Vətən yaddaşlarda” erməni cəmiyyətinin liderləri Avropa Şurasında təmsil olunan erməni millət vəkillərinə ünvanladıqları müraciətlərdə tələb edirdilər: “...Nəyin bahasına olursa-olsun, Siz Avropa Şurasının sənədlərindən “işğalçı” sözünü çıxarmağa çalışın. Bu da sizlərin erməni xalqı önündə ən böyük missiyanız olardı...”.

Azərbaycanda böyük quruculuq işlərini və ulu öndərin siyasi proqramlarını, dövlətçiliyimiz üçün vacib olan ideyaları cəsarətlə həyata keçirən Prezident İlham Əliyevin Xocalı hadisələrinə yanaşma metodu zamanın tələblərinə uyğun olaraq, ardıcıl, kəskin və barışmaz oldu. Faktiki, Xocalı soyqırımına Azərbaycanın yanacaq resurslarında gözü qalan Avropanın, Asiyanın, Amerikanın, Afrikanın... neft və qaz səltənəti hesab etdikləri Azərbaycanın haqlarını müdafiə edən hüquqi, siyasi qiymət verilməsi ədalətli yanaşma baxımından heç də asan məsələ deyildi. Dini və iqtisadi maraqların toqquşduğu, baş-başa dayandığı məqamlar hiss olunmaqda idi. Ata Heydər Əliyev siyasi kursunun oğul İlham Əliyev tərəfindən ardıcıl, zamanın tələblərinə uyğun olaraq cəsarətlə, şərəflə davam etdirilməsi erməni diaspor təşkilatlarını, faktiki olaraq, iflic vəziyyətində qoymuşdu.

Bakıda Heydər Əliyev Fondunun yaradılması isə erməni hakimiyyətini, beynəlxalq aləmdə erməni separatçılarını çaşdırdı. Ermənilər bundan sonra dünyada antiazərbaycan təbliğatını daha da genişləndirmək məqsədilə yeni strateji taktiki seçimlər etmək zəruriyyətilə üzləşdilər.

Prezident İlham Əliyev isə Xocalı faciəsilə bağlı fikirlərini bir daha açıqladı: “Haqq anı gəlib çatmışdır. Terrorizmi birbaşa və ya dolayısı ilə dəstəkləyən hər bir ölkə və ya təşkilat, beynəlxalq birlik tərəfindən məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan terrorizmdən çox əziyyətlər çəkmişdir. Ermənistanın təcavüzü başlandığı andan erməni terrorçu qrupları tərəfindən Azərbaycana qarşı 32 terror aktı törədilmişdir. Erməni terrorçularının Azərbaycan xalqına qarşı törətdiyi terror aktları Ermənistan silahlı qüvvələrinin Azərbaycana genişmiqyaslı təcavüzünün əsas elementlərindən biridir. Bu terrorizmin nəticəsi kimi on minlərlə azərbaycanlı öldürülmüş, bir milyon adam qaçqın vəziyyətinə düşmüş, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuşdur”.

Bu elə bir vaxtda deyilirdi ki, onda Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva yeni bir missiyanı dünyada həyata keçirməkdə idi. Mehriban xanım dünyanın ən ali məclislərində, yığıncaq və simpoziumlarda, konfranslarda insanlara və bəşəriyyətə sülh və əmin-amanlıq arzulayan Azərbaycan xalqının qədim və zəngin tarixi, mənəvi dəyərlərindən, bugünkü nailiyyətlərindən... danışır, onu təbliğ edir, dünya dövlətləri ilə yanaşı, öz imzasını qoyurdu. Şübhəsiz, bu imza sözün əsl mənasında düşməni sarsıdan, paxıl və xainləri mənən sındırıb nəfəsini kəsən Azərbaycan imzası idi...

Fondun RF-dəki Nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyeva isə tamam  başqa bir missiyanı icra edir. O, artıq “Xocalıya  Ədalət!” çağırışını  ideoloji  bir bazaya  çevirmişdi.  Bu  çağırış, doğrudan  da, Beynəlxalq erməni terroruna qarşı mübarizədə güclü strateji bir model kimi diqqəti cəlb etdi.

Xatırladım ki, müəlliflərin ərsəyə gətirdikləri bu ikicildlik kitab elmi-tədqiqat əsəri kimi Beynəlxalq erməni terrorizminin vəhşiliklərini, cinayətlərini təsdiq və ifşa edən şahid ifadələri, sənədlər, sübutlar və s. faktlar toplusu kimi diqqəti cəlb edir. “Leyla Əliyevanın “Xocalıya Ədalət!” çağırışı Beynəlxalq erməni terroruna qarşı mübarizədə yeni strateji modeldir” adlı kitabı müəlliflərin vətəndaş yanğısıyla apardıqları gərgin elmi axtarışları, zəhmətləri sayəsində ərsəyə gətirib, dünya ictimaiyyətinə, tariximizə, gələcək nəsillərə təqdim etdikləri dəyərli töhfəsidir.

Həyat davam edir. “Xocalıya Ədalət!” artıq dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa... qarşı mübarizəyə çağırır.

Azərbaycan tarixinin qan yaddaşından qarşımızdakı bu kitabların səhifələrinə köçürülmüş erməni şovinistlərinin müxtəlif dövrlərdə xalqımıza qarşı törətdikləri fiziki, mənəvi, ekoloji terrorlar faktlarını təsdiq edən sənəd və sübutlarla tanış olduqca onlara qarşı nifrətimizi bir daha artırır. Bu tarixi vəhşilikləri, Xocalı soyqırımını törədən cinayətkarların və onların havadarlarının Beynəlxalq tribunallarda mühakimə edilib cəzalandırılmaları üçün qüvvələrimizi səfərbər edib, beynəlxalq hüquq normaları çərçivəsində torpaqlarımızı erməni təcavüzkarlarından azad etməliyik. Bu istiqamətdə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xalqımızın istəkləri üzərində bünövrəsini qoyduğu siyasi, strateji və tarixi kurs Prezidentimiz İlham Əliyev başda olmaqla dövlətimiz, hökumətimiz tərəfindən mütəşəkkil, ardıcıl və inamla həyata keçirilir.

“Xocalıya Ədalət!” kampaniyasının yüksək səviyyədə təşkil edilib keçirilməsi nəticəsində bir çox dövlətlərdə haqq, ədalət naminə ictimai fikrin formalaşması rəsmi dairələrdə də bu məsələyə tarixi həqiqətlər baxımından yanaşma zəruriyyəti yaradırdı. Belə ki, müəlliflərin qeyd etdiyi kimi, 18 il ardıcıl olaraq Ağ Ev üçün ABŞ Dövlət Departamentinin hazırladığı “Beynəlxalq Terror Təşkilatlarının Siyahısı”na “ASALA” Erməni Silahlı Terror Birləşməsinin adı salınmırdı. Niyə? Nə üçün? Məgər dünya birliyi “ASALA” erməni terror təşkilatının mövcudluğundan, törətdiyi terror aktlarından, cinayətlərdən, erməni vandalizmindən xəbərsiz idimi? ABŞ-dakı erməni diasporu, lobbisi və digər ictimai təşkilatları, erməni iş adamlarının yaratdıqları maliyyə mənbələri, xüsusilə Erməni Milli Azadlıq cəbhəsinin üzvləri “ASALA”nın bu rəsmi siyahıya salınmasına maneçilik törədirdilər. Maraqlı bir fakt diqqəti cəlb edir, demə terror təşkilatlarının siyahısını ABŞ-ın Dövlət Departamentində Mərkəzi Kəşfiyyat İdarəsinin polkovniki, milliyyətcə erməni olan Martin Abramyan adlı şəxs hazırlayırmış. 2013-cü ilin oktyabrında Martin Abramyan öz vəzifəsindən uzaqlaşdırılır və sonra “ASALA” Erməni Terror Təşkilatının adı ABŞ Dövlət Departamentinin hazırladığı “Beynəlxalq Terror Təşkilatlarının Siyahısı”na salınır. Ümid edirik ki, ABŞ-ın MKİ “ASALA”nın tam ifşası üçün özünün arxiv materiallarını dünya ictimaiyyətinə açacaqdır.

“Ədalət” sözü müqəddəs kəlmədir. Misir ehramlarının birində hansısa bəşər övladı öz qanı ilə, kimlərdənsə öyrənib əzbərlədiyi “Mən ədalət istəyirəm” ifadəsini yazmışdı...

Ənənəyə fikir verin: Ulu öndər Heydər Əliyev... Prezident İlham Əliyev... Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun sülhməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva... və Fondun vitse-prezidenti, RF-dəki Moskva Nümayəndəliyinin rəhbəri, “Xocalıya Ədalət!” çağırışının təşəbbüskarı və təşkilatçısı Leyla xanım Əliyeva... Bütün bunlar ədalətin bitib-tükənməyən təntənəsi, müdriklərimizin söylədikləri “Ot kökü üstə bitər” zərb-məsəlinin mahiyyəti, fəlsəfəsidir.

Eləcə də bu düşündüklərimiz, qələmə aldıqlarımız və təhlillərimizin nəticələri “Ot kökü üstə bitər” fəlsəfəsinin davamıdır. Həmçinin bütün bu tarixi ənənədə ədalət axtarışı, ədalət istəyi olub. Vaxt, zaman gələcək ədalət istəyini pozan, onu dağıdıb məhv edənlər üçün... bütün bunlar dözülməz zülm və işgəncə zəncirlərinə çevriləcək... Azərbaycan xalqının düşmənlərinin mühakiməsi üçün tarixin Nürnberq məhkəməsindən də qorxulu məhkəmələri qurulacaq. Mən buna inanıram. Leyla xanım Əliyevanın “Xocalıya Ədalət!” çağırışının təntənəsinə inanıram.  

 

Hazırladı:

Elçin VƏLƏDOĞLU,

Respublika.-2014.-26 fevral.-S.7.