KİTABXANAŞÜNASLIĞIN TARİXİ VƏ METODOLOGİYASININ ARAŞDIRILMASINA DƏYƏRLİ TÖHFƏ

 

Əməkdar elm xadimi, Əməkdar mədəniyyət işçisi, BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının üzvü, tarix elmləri doktoru, professor Abuzər Xələfovun imzası kitabsevərlərə yaxşı tanışdır. Alim Azərbaycan kitabxanaları tarixinin ilk tədqiqatçısı, milli kitabxanaşünaslıq elminin banisi, Bakı Dövlət Universitetində respublikamız üçün ali təhsilli kitabxanaşünas-biblioqrafkitabşünas kadrlar hazırlayan kitabxanaçılıq-informasiya fakültəsinin yaradıcısı kimi böyük hörmət qazanmışdır.

Professor Abuzər Xələfovun “Kitabxanaşünaslığın tarixi və metodologiyası” adlı yeni fundamental dərsliyi Bakı Universiteti Nəşriyyatında nəfis şəkildə çapdan çıxmışdır. Ömrünü Azərbaycanda kitabxana işi tarixinin öyrənilməsinə həsr etmiş professor Abuzər Xələfovun növbəti dərsliyi uzun illərdir apardığı gərgin elmi axtarışların uğurlu nəticəsi kimi qələmə alınmışdır. Dərslikdə ən qədim zamanlardan başlamış müasir informasiya cəmiyyəti şəraitinə qədər kitabxanaçılıq fikirlərinin meydana gəlməsi və formalaşması prosesi xronoloji ardıcıllıqla tədqiqata cəlb edilərək araşdırılmış, kitabxanaşünaslığın meydana gəlməsi, təşəkkülü və inkişafı ümumiləşdirilmiş, onun cəmiyyətin tərəqqisindəki nümunəvi məqsəd və vəzifələri elmi cəhətdən əsaslandırılmış, kitabxanaşünaslığın əsas inkişaf istiqamətləri müəyyənləşdirilmişdir.

Müstəqillik illərində ilk dəfə yazılan və 7 fəsildən ibarət olan dərslikdə kitabxanaşünaslığın tarixi və metodologiyasını araşdırıb ümumiləşdirərkən müəllif “Kitabxanaşünaslıq fıkrinin meydana gəlməsi, təşəkkülü və inkişafı (Qədim dövrlərdən bizim eraya qədər)”, “Orta əsrlərdə kitabxanaşünaslıq”, “XIX əsrlərdə kitabxanaşünaslıq”, “XX əsrdə kitabxanaşünaslıq”, “Azərbaycanda kitabxanaşünaslıq fikrinin meydana gəlməsi, təşəkkülü və inkişafı”, “İnformasiya cəmiyyəti və kitabxanaşünaslığın müasir problemləri”, “Kitabxanaşünaslığın metodologiyası” mövzularını əhatəli faktlar əsasında sistemli şəkildə şərh etmişdir.

Tarixilik prinsipini əsas götürən professor Abuzər Xələfov dərslikdə haqlı olaraq kitabxanaşünaslıq fikrinin meydana gəlməsi, inkişafı, formalaşması və təkmilləşməsi məsələlərini ön plana çəkmişdir. Alim eramızdan əvvəl II minilliyin ortalarından bu günümüzə qədər dünyada, o cümlədən Avropa, Asiya, Amerika ölkələrində, xüsusilə Rusiyada kitabxanaşünaslıq fikrinin yaranmasını və inkişafını tarixi və məntiqi ardıcıllıqla izləmiş, dəyərli ümumiləşdirmələr aparmış və inandırıcı elmi nəticələrə gəlib çıxmışdır. Eyni zamanda ən qədim dövrlərdən indiyə kimi Azərbaycanda kitabxanaşünaslıq fikrinin təşəkkülü və inkişafı məsələsini araşdırarkən müəllif milli və ümumbəşəri ideyalara söykənmiş, dünya kitabxanaşünaslıq nəzəriyyəsinin mütərəqqi ənənələrindən bəhrələnmiş, sovet kitabxanaşünaslığının tərkib hissəsi kimi və müstəqil elm kimi Azərbaycan kitabxanaşünaslıq elminin tərəqqi yolunu ətraflı şəkildə tədqiq etmişdir.

Professor Abuzər Xələfov XX əsrin 60-70-ci illərində kitabxanaşünaslığın humanitar elm olaraq formalaşması prosesinə nəzər salmış, kitabxanaşünaslıq nəzəriyyəsində demokratik ideyaların, intellektual azadlığın, informasiyadan sərbəst istifadənin geniş yayılması məsələsini vurğulamış, bu elmin mahiyyətini, obyektinipredmetini dəqiqləşdirmiş, funksiyalarını, strukturunuquruluşunu izah etmişdir. O, həmçinin kitabxanaşünaslığın elmi metodologiyası və metodikası kimi mühüm məsələlərə aydınlıq gətirmiş, onun fəlsəfəsini yaratmış, kitabxanaşünaslıq tədqiqatlarının təşkili prinsiplərini aydınlaşdırmışdır.

Dünyanın ən qədim xalqlarından biri olan Azərbaycan xalqının zəngin mədəniyyət tarixindən bəhs edən professor Abuzər Xələfov yazının, əlifbanın, kitabın və kitabxanaların meydana gəlməsi ilə bağlı maraqlı faktları ümumiləşdirərək, indiyə qədər irəli sürülən elmi mülahizələri daha da dəqiqləşdirir. O yazır ki, tanınmış Amerika alimi S.KramerinTarix Şumerdən başlanır” əsərində ilk məktəblərin, ilk parlamentin, ilk əxlaqi ideyaların, ilk ədəbi mübarizələrin, ilk kitabxana kataloqunun və ümumiyyətlə, hər şeyin ilkinin Şumerdən başlandığı təsdiqlənir. Şumerlərlə qədim Azərbaycan dövlətinin iqtisadi, siyasi və mədəni əlaqələri məsələsinə toxunan dərslik müəllifi bu maraqlı tarixi fakta aydınlıq gətirməyə çalışır.

Azərbaycan ərazisində mövcud olmuş qədim Aratta, Manna, Midiya, Alban, Atropaten dövlətlərinin kitab mədəniyyəti barədə söz açan alim Zərdüştlüyün 21 cilddən, 815 fəsildən ibarət “Avesta” haqqında, onun məzmunu, əlyazmaları, kitabxanalarda yayılması haqqında geniş məlumat verir.

Daha sonra o, Alban mədəniyyəti ilə bağlı bir sıra tarixi əsərlərə söykənərək, qədim qaynaqlarda Albaniyanın (Arranın) bizim eranın ilk əsrlərindən böyük inkişaf yolu keçmiş qüdrətli bir dövlətə çevrilməsi barədə məlumat verir. Xalq qəhrəmanı Cavanşirin hökmdarlığı, tarixçi Musa Kalankatlının “Alban tarixi”, xristianlığın yayılması, 52 hərfdən ibarət Alban əlifbası ilə bağlı çox dəyərli faktları elmi şəkildə ümumiləşdirən tədqiqatçı fikirlərini inandırıcı dəlillərlə sübuta yetirir.

“Kitabi-Dədə Qorqud” dastanlarının türkdilli xalqların müştərək milli mədəniyyətləri tarixindəki roluna toxunan professor Abuzər Xələfov bu eposun məzmunu, yazıya alınması, dünya kitabxanalarındakı yeri barədə də ətraflı bilgi verirbu məşhur eposun əhəmiyyətini xüsusi vurğulayır.

VII-XI əsrlərdə Azərbaycanda kitab və kitabxanaların meydana gəlməsi və inkişaf istiqamətlərinin izlənilməsi dərslikdə öz geniş əksini tapmışdır. Azərbaycan ərazisinin ərəb xilafəti tərəfindən işğala məruz qalması, İslam dininin zorla qəbul edilməsi nəticəsində milli mədəniyyətimizin çox böyük zərər çəkdiyini nəzərə çarpdıran müəllif qeyd edir ki, həm müharibələr zamanı, həm də İslam dininin qəbulu prosesində yerli xalqın bütün mədəniyyət abidələri, məktəbləri və yazılı abidələri, kitab və kitabxanaları, dini iqamətgahları, müqəddəs ocaqları dağıdılıb yerlə-yeksan edilmişdi.

Bununla yanaşı, yenicə təşəkkül tapan müsəlman mədəniyyətinin Azərbaycan mədəniyyətinə təsirini də incəliklə araşdıran alim bu qənaətə gəlir ki, orta əsrlərin alimləri, şairləri, mütəfəkkirləri xilafətin tərkibinə qatılmış digər ölkələrin tanınmış ziyalıları kimi ərəb dilində yazıb-yaratmaq məcburiyyəti qarşısında qalsalar da, milli özünəməxsusluğu qoruyub saxlamağa, islam mədəniyyəti ilə milli mədəniyyəti qovuşdurmağa çalışır və nəticədə tamamilə orijinal əsərlər yaradırdılar.

XI-XV əsrlərdə Azərbaycanın siyasi həyatında baş vermiş dəyişikliklərlə əlaqədar kitabxanaların fəaliyyətindəki yeniliklər də dərslikdə geniş əks etdirilmişdir. Müəllif mövzunu hərtərəfli şərh edərək göstərir ki, kitab, söz, kitabxana haqqında qiymətli fikirlər bu dövrdə yazıb-yaratmış görkəmli şairlərin, alimlərin, mütəfəkkirlərin əsərlərində geniş işıqlandırılmışdır. XII əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük düha, milli mədəniyyətimizin “qızıl dövünüyaradanlardan biri olan dahi Nizami Gəncəvinin bu məsələ ilə bağlı qənaətlərinin ümumiləşdirilməsi bu baxımdan diqqətəlayiqdir.

Azərbaycan kitabkitabxana mədəniyyətinin inkişafında misilsiz xidmətləri olmuş görkəmli şəxsiyyətlərimizdən Bəhmənyarın, Xətib Təbrizinin, Qətran Təbrizinin və onlarca başqalarının fəaliyyəti də dərslikdə geniş şəkildə araşdırılır.

Bu da xüsusi qeyd olunmalıdır ki, professor Abuzər Xələfov çoxillik araşdırmaları sayəsində bu qənaətə gəlir ki, orta əsrlərdə ölkəmizin ərazisində kitabxanaların üç növüsaray, məscid, mədrəsə və şəxsi kitabxanalar fəaliyyət göstərmişdir. Müəllif ilk dəfə olaraq indiyə qədər dərindən öyrənilməmiş məscid və mədrəsə kitabxanalarının fondlarının tərkibi, məzmunu, məqsəd və vəzifələri haqqında ətraflı məlumatları ümumiləşdirərək, Ərdəbil, Təbriz, Marağa, Urmiya, Xoy, Sərab, Bərdə, Gəncə, Beyləqan, Qəbələ, Dərbənd, Şamaxı, Şəmkir, Naxçıvan və başqa şəhərlərdəki məscid və mədrəsələrin nəzdindəki kitabxanalar haqqında maraqlı tarixi məlumat verir.

Görkəmli alimlərimizdən Z.Bünyadovun, Ə.Mirəhmədovun, R.Əliyevin və başqalarının mülahizələrini müdafiə edən professor Abuzər Xələfov XI-XII əsrlərdə Gəncədə zəngin saray kitabxanasının və digər kitabxanaların olduğunu təsdiqləyir və qeyd edir ki, o vaxtlar Gəncədə “Dar-əl kitab” adlı böyük bir kitabxana fəaliyyət göstərirdi. Bu tarixi faktı o zaman Azərbaycanda olmuş Yaqut Həməvi də “Məcməul Huldan” əsərində təsdiq etmişdir. Gəncə böyük mədəniyyət və ticarət mərkəzi olduğundan dünyanın bütün ölkələrindən gələn tacirlər burada kitaba böyük tələbatın olduğunu nəzərə alaraq kitab gətirməyə də səy göstərirdilər.

Professor Abuzər Xələfovun fikrincə, tarixi qaynaqlardan məlum olur ki, XII əsrdə Gəncə ilə yanaşı, Azərbaycanın digər böyük şəhərlərində, o cümlədən Təbrizdə, Şamaxıda, Bərdədə də kitabxanalar olmuşdur.

Azərbaycanda monqol işğalı dövründə kitabxana işini araşdıran müəllif qeyd edir ki, XIII yüzilliyin birinci yarısında Azərbaycanı işğal edərkən monqollar ölkənin böyük şəhərlərindən Ərdəbili, Təbrizi, Gəncəni, Şamaxını, Beyləqanı, Bərdəni və s. dağıdıb viran qoymuşdular. Məktəblər, mədrəsələr, kitabxanalar yerlə-yeksan edilmiş, kitablar vəhşicəsinə yandırılmışdı.

Professor Abuzər Xələfovun fikrincə, monqol işğalı Azərbaycan mədəniyyətinin inkişafını ləngitsə də, onu tamamilə dayandıra  bilmədi. Mədəni inkişaf səviyyəsi etibarilə Azərbaycan əhalisindən qat-qat aşağı olan monqolların özləri Azərbaycan mədəniyyətinin təsiri altına düşmüş, yerli mədəniyyəti istər-istəməz qəbul etməli olmuşdular.

Alim yazır ki, XIII əsrdə Azərbaycanda tayı-bərabəri olmayan, öz fondunun nadirliyinə və zənginliyinə görə dünyanın ən böyük kitabxanaları ilə yarışa girə bilən Marağa Rəsədxanasının Elmi Kitabxanası fəaliyyətə başlamışdı. Bu kitabxana ölkəmizdə kitabxana işinin tarixində öz məqsədi, vəzifələri və yaranma tarixi dəqiq məlum olan ilk elmi kitabxanadır. Həmin kitabxanada 400 min kitab (əlyazması) toplanmışdı.

Dərslikdə XIII-XVIII əsrlərdə fəaliyyət göstərmiş bir sıra məşhur kitabxanalar, o cümlədən Təbrizdəki saray kitabxanası, Ərdəbildəki Şeyx Şəfi məqbərəsinin kitabxanası haqqında bir çox elmi məlumatlar ümumiləşdirilmiş, bu görkəmli dövlət xadiminin Azərbaycan mədəniyyəti tarixindəki rolu yüksək qiymətləndirilmişdir.

Professor Abuzər Xələfov yazır ki, XIX əsr Azərbaycan kitabxana işi tarixində mühüm yerlərdən birini şəxsi kitabxanalar tuturdu. Məhz bu dövrdə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və şairlərinin çox zəngin, nadir kitab fonduna malik şəxsi kitabxanaları təşkil edilmişdi ki, belə kitabxanalar nəinki ölkəmizdə, həmçinin qonşu ölkələrdə belə çox məşhur olmuşdur. Bu baxımdan A.Bakıxanovun, M.F.Axundovun, M.Kazımbəyin və N.Nərimanovun şəxsi kitabxanaları haqqında ümumiləşdirilmiş məlumatlar xüsusi maraq doğurur. Müəllif haqlı olaraq göstərir ki, şəxsi kitabxana yarandığı, formalaşdığı dövrün elmi-mədəni səviyyəsini, dövrün kitab sərvətini əks etdirən qiymətli elmi və mədəni xəzinədir.

Kitabda müasir Azərbaycan cəmiyyətində gedən sosial-mədəni proseslərlə kitabxana işinin əlaqələndirilməsinə, kitabxana işinin nəzəri əsaslarının ümumiləşdirilməsinə də xüsusi diqqət yetirilmişdir. Müəllif zəngin elmi müddəalara söykənərək cəmiyyətdə gedən dərin mədəni inkişaf proseslərinin araşdırılması kontekstində kitabxanaların bu prosesdə yerini, vəzifələrini və iştirakını qiymətli elmi dəlillərlə əsaslandırmışdır.

Bütövlükdə uzun bir tarixi dövrü özündə əks etdirən “Kitabxanaşünaslığın tarixi və metodologiyası” dərsliyi uzunmüddətli gərgin səmərəli axtarışların bəhrəsi kimi qiymətləndirilə bilər. Mədəniyyət və kitabxana tarixinin araşdırılması, milli kitabxanaşünaslıq elminin inkişafı istiqamətdə mühüm elmi nəticələrə nail olmuş professor Abuzər Xələfovun mütəxəssislərə, müəllimlərə, magistrantlarageniş oxucu auditoriyasına təqdim olunan növbəti fundamental dərsliyi də Azərbaycan kitabxanaşünaslıq elmini daha da zənginləşdirəcəkdir. Əminliklə qeyd edə bilərik ki, Azərbaycanın müstəqilliyi şəraitində milli və bəşəri dəyərlərə əsaslanan, dünyanın zəngin kitabxanaşünaslıq ənənələrindən bəhrələnən bu sanballı dərslik hələ uzun illər mütəxəssislərin və tələbələrin ən yaxın məsləhətçisi olacaq və müəllifinə böyük hörmət gətirəcəkdir.

 

Knyaz ASLAN,

Bakı Dövlət Universiteti kitabşünaslıq və nəşriyyat işi

kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent.

 

Kərim TAHİROV,

M.F.Axundov adına Azərbaycan Milli  Kitabxanasının direktoru,

tarix üzrə fəlsəfə doktoru, professor.

 

Respublika.-2014.- 25 may.- S.6.