Sağlam və təhlükəsiz əmək hər bir vətəndaşın hüququdur

 

Əmək fəaliyyəti ilə məşğul olan vətəndaşların hüquqlarını qorumaq, onların əməyinin mühafizəsinin təşkilinə ciddi nəzarət etmək həmin insanların maddi mənəvi firavanlığının təminatına kömək edir. Azərbaycan həm bu sahədə qanunvericilik bazasının dolğun olması və onun mütəmadi təkmilləşdirilməsi, həm də məqsədyönlü tədbirlərin həyata keçirilməsi baxımından ön sırada olan ölkələrdən birinə çevrilib. Qeyd edək ki, Konstitusiyada hər kəsin sağlam və təhlükəsiz şəraitdə işləmək hüququ təsbit olunub, əmək və istirahət hüquqlarının əsasları müəyyən edilib.

1997-ci ildə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən dövlət qurumu - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Əmək Müfəttişliyi (DƏM) yaradılıb. 2011-ci ildə isə DƏM-in bazasında ƏƏSMN yanında DƏMX yaradılıb. 1999-cu ildə MDB-də ilk dəfə olaraq Azərbaycanda Əmək Məcəlləsi qəbul edilib. Həmin məcəllənin 317 maddəsindən 33-ü məhz əməyin mühafizəsi normalarını, qaydalarını  və prinsiplərini, həmçinin əməyin mühafizəsinin hüquqi, təşkilati, texniki və maliyyə təminatı məsələlərini əhatə etməklə, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunması ilə bağlı işəgötürənlərin məsuliyyətinin müəyyənləşdirilməsinə xidmət edir. Bundan başqa, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının əsas işçi hüquqları ilə bağlı 57 konvensiyanı qəbul edibonlardan 21-i əməyin mühafizəsi və təhlükəsizliyinə aiddir. Amma qanunvericilik bazasının kifayət qədər təkmilləşdirilməsinə baxmayaraq, ölkəmizdə vətəndaşların işçi olaraq hüquqlarının qorunması, onların əməklərinin mühafizəsi, sağlam və təhlükəsiz şəraitinin təşkili ilə bağlı problemlər uzun illərdir yaşanır. Hər il istehsalat qəzaları, həmçinin sağlam və təhlükəsiz şəraitinin təşkil edilməməsi üzündən baş vermiş bədbəxt hadisələr nəticəsində bəzi insanlar peşə xəstəliklərinə məruz qalır və müxtəlif dərəcəli bədən xəsarəti alırlar. Hər il istehsalatda 250-yə qədər bədbəxt hadisə baş verir və nəticədə 80 nəfərə yaxın insan dünyasını dəyişir. Sadaladığımız hadisələr nəticəsində ölkə iqtisadiyyatına müəyyən məbləğdə ziyan dəyir, ümumidaxili məhsulun (ÜDM) bir neçə faizi itir.

Qeyd edək ki, istehsalat qəzalarının və peşə xəstəliklərinin qurbanı olanlar arasında daş karxanaları, topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, emal sənayesi, tikinti, nəqliyyat və iqtisadiyyatın digər sahələrində işləyən və hüquqları pozulan işçilər də var.

Texniki və digər təhlükəsizlik tədbirlərinin pozulması zamanı işçilərin təhlükəsizliyinin minimum səviyyəyə enməsi və onların hüquqlarının kobud şəkildə pozulması isə daha çox əmək münasibətlərinin rəsmiləşdirilməməsi, işəgötürənlə işçilər arasında əmək müqavilələrinin bağlanılmaması ilə əlaqədardır. Xatırladaq ki, “Azərbaycan Respublikasında tikinti sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 30 avqust 2007-ci il tarixli fərman tikinti sektorunda, digər sahələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarının təmin olunmasını nəzərdə tutur. Ancaq tikinti sektorunda əmək qanunvericiliyinə, bu sahədə olan digər normativ hüquqi sənədlərin tələblərinə, əməyin mühafizəsi və texniki təhlükəsizlik normalarına və qaydalarına riayət olunmaması, tikinti müəssisələrində bir çox hallarda işəgötürənlərlə işçilər arasında əmək müqavilələrinin bağlanılması hallarına həmişə rast gəlinir. Bundan başqa, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, işçilər tərəfindən yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə hər bir müəssisənin mülkiyyətçisi və işəgötürəni bilavasitə cavabdehdir. Amma acınacaqlı faktdır ki, əksər tikinti müəssisələrində, yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaradılmır, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına tam riayət olunmur, işçilərin xüsusi geyimləri (xüsusi ayaqqabı, qoruyucu dəbilqə və digər fərdi mühafizə vasitələri) ilə təmin olunmasında ciddi nöqsanlara yol verilir. Bütün bunlar da istehsalatda bədbəxt hadisələrin baş verməsinə şərait yaradır. Üstəlik, tikinti sektorunda bədbəxt hadisələrin baş verməsinin əsas səbəbi olan “hündürlükdən yıxılma” bir çox hallarda işəgötürənlər tərəfindən tikinti norma və qaydalarına riayət olunmaması, işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməməsi və ya onlardan istifadə olunmaması, tikilən binalarda potensial yıxılma təhlükəsi olan eyvanların, pilləkənlərin, lift şaxtalarının çəpərlənməməsi və tapşırılmış işin icrasına nəzarətin zəifliyi ilə əlaqədar olur.

Qeyd edək ki, sadaladığımız problemlərin yaranmasının qarşısının alınması üçün DƏMX mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlarda işəgötürənlərin əmək qanunvericiliyinə əməl edib-etməməsini müəyyənləşdirmək üçün dövlət nəzarəti həyata keçirir.

Həmin tədbirlər zamanı aşkarlanan qanun pozuntularının böyük əksəriyyətini əmək müqavilələrinin bağlanmaması, yaxud onun şərtlərinin yerinə yetirilməməsi, əməkhaqqının hesablanmasındakı və ödənilməsindəki nöqsanlar, işdən qanunsuz azad edilmə halları təşkil edir. Məsələn, təkcə bu ilin I rübü ərzində həyata keçirilən dövlət nəzarəti zamanı ayrı-ayrı müəssisələrdə əmək qanunvericiliyinin pozulması ilə bağlı 3277 fakt aşkar edilib, ayrı-ayrı müəssisələr üzrə 2951 nəfər işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin olunub, əmək kollektivləri arasında tərəflərin razılığı əsasında əmək münasibətlərinə dair əlavə şərtləri müəyyən edən 88 kollektiv müqavilə bağlanılıb və digər tədbirlər görülüb. Amma bu günədək həyata keçirilən tədbirlər əmək bazarındakı münasibətlərin tənzimlənməsi, əmək müqavilələrinin bağlanılması, qeyri-leqal məşğulluğun ləğvi və vətəndaşların əmək hüquqlarının qorunması üçün kifayət etməyib. Çünki cəmiyyətdə əməyin mühafizəsinin əhəmiyyətinin lazımınca dərk olunmaması ucbatından istehsalat qəzaları və peşə xəstəlikləri hələ də baş verir. DƏMX bu cür problemlərin həlli üçün dövlət nəzarətini həyata keçirməklə və yerlərində əmək qanunvericiliyinin pozulması halları ilə bağlı inzibati tədbirləri görməklə kifayətlənmir, eyni zamanda, yol verilə biləcək qanun pozuntularının qarşısının alınması, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması ilə bağlı işəgötürənlərin məsuliyyətinin artırılması üçün maarifləndirmə işlərinə böyük önəm verir. Həyata keçirilən maarifləndirilmə tədbirləri zamanı işçi və işəgötürənlərə əmək qanunvericiliyi, xüsusən də sağlam və təhlükəsizlik əmək normaları haqqında hüquqi-praktik məlumatlar verilir. İşəgötürənlərə izah edilir ki, işçilər üçün təhlükəsiz şəraitinin yaradılması, əməyin mühafizəsi hər bir müəssisənin iqtisadi mənafeyi üçün vacibdir. Çünki əməyin mühafizəsi normaları pozulduğu təqdirdə İnzibati Xətalar Məcəlləsinə əsasən, cəza tədbirlərinin tətbiq olunması müəssisələr və işəgötürənlər üçün maddi itki deməkdir. Bundan başqa, qanunvericiliyin müəssisə, idarə və təşkilatlarda geniş təbliğ olunması, izahı istiqamətində müsbət nəticələrin əldə edilməsi üçün “Əmək və icra intizamı”, “Əmək mübahisələri”, “İş və istirahət vaxtı”, “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” mövzularında seminar-müşavirələr keçirilib. Beynəlxalq Əmək Təşkilatı tərəfindən hazırlanmış Risklərin qiymətləndirilməsinin əsasları adlı metodik vəsait Azərbaycan dilinə tərcümə olunaraq çap edilib və istifadə üçün müəssisələrə verilib. Əməyin mühafizəsinə dair 20-dən artıq adda əyani vasitə də müəssisələrə paylanılıb. Eyni zamanda, əmək münasibətləri və əməyin mühafizəsi sahəsində mövcud normativ-hüquq sənədlərinin toplusu hazırlanaraq işəgötürənlərə çatdırılıb. Bir sözlə, DƏMX bu cür təbliğat və maarifləndirmə işləri sayəsində istehsalat qəzalarının və peşə xəstəliklərinin baş verməsinin qarşısını almağa və onların sayını azaltmağa çalışır. Amma yaxşı olar ki, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına dövlət nəzarətinin və maariflədirilmə işlərinin səmərəli təşkilinə həmkarlar təşkilatları, qeyri-hökumət təşkilatları və icmalar da cəlb edilsin. Çünki bu məsələlərdə sözügedən təşkilat və qurumların ictimai fəallığı işçilərin əmək hüquqlarının qorunmasında, onlar üçün sağlam və təhlükəsiz əmək şəraitinin təşkilində stimullaşdırıcı rol oynayar. Üstəlik, sözügedən tədbirlərin regionlarda mütəmadi təşkili bölgə əhalisinin məlumatlandırılmasında mühüm əhəmiyyətə malik olar.

Xatırladaq ki, dövlət başçısının 2011-ci il 15 noyabr tarixli 1836 nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının icrası üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında ölkəmizdə əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə Milli Strategiyanın hazırlanması nəzərdə tutulub.

Aidiyyəti dövlət orqanlarının və sosial partnyorların iştirakı ilə bu strategiyanın layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib. Bu layihədə əməyin təhlükəsizliyi və sağlamlaşdırılması üzrə əsas məqsədlərə çatmaq üçün yaxın gələcəkdə Dövlət Əməyin Mühafizəsi Fondunun, Əməyin Mühafizəsi üzrə Milli İnformasiya Mərkəzinin, eləcə də əməyin mühafizəsi vasitələrini istehsal edən müəssisələrin yaradılması nəzərdə tutulur. Strategiya üzrə əməyin mühafizəsi sisteminin təkmilləşdirilməsi, işçilərin sağlamlığının qorunması məqsədilə onların icbari tibbi sığorta olunmalarına dövlət və ictimai nəzarətin gücləndirilməsi işləri də aparılacaq. Bununla yanaşı, əməyin mühafizəsi və gigiyenası sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi kimi tədbirlər də həmin strategiyada qeyd olunub. Bunlardan əlavə, dövlət başçısının 2014-cü il 3 fevral tarixli fərmanı ilə Əmək Məcəlləsinin 49-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin sistemdə qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Qeyd edək ki, sözügedən elektron informasiya sistemi bu ilin iyulun 1-dən tətbiq olunacaq. Təbii ki, bu dəyişikliklər məşğul əhalinin əmək hüquqlarının müdafiəsini təmin edilməsinə və qeyri-leqal əmək fəaliyyətinin qarşısının alınmasına, işəgötürən-işçi münasibətlərinin rəsmiləşdirilməsində və əməyin ödənişinin təşkilində mövcud olan problemlərin aradan qaldırılmasına şərait yaradacaq. üstəlik, işəgötürən və işçilər əmək müqavilələri əsasında öz üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmək məcburiyyətində qalacaq.

Yuxarıda sadalananlar isə istehsalat qəzalarının və peşə xəstəliklərinin sayının və ölkə iqtisadiyyatına dəyən ziyanın məbləğinin azalmasına, həmçinin ölkə üzrə ÜDM-nin bir neçə faiz artmasına gətirib-çıxaracaq.

 

Müşfiq CƏFƏROV,

Respublika.-2014.- 30 may.- S.14.