Kiyev şəhərindəki Səməd Vurğun adına kitabxanada Respublika Gününə həsr olunmuş tədbir

 

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xalqımızın həyatına böyük və tarixi hadisə kimi daxil olmuşdur. Müstəqil, azad, demokratik respublika qurulmasını qarşısına məqsəd qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, özünün öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirmişdir.

Ukraynanın paytaxtı qədim Kiyev şəhərində 28 May – Respublika Günü ilə bağlı tədbir keçirilmişdir. Səməd Vurğun adına kitabxanada keçirilən mərasimdə tədbir iştirakçıları ilk öncə kitabxananın qarşısındakı görkəmli Azərbaycan şairi Səməd Vurğunun abidəsi önünə tər gül-çiçək dəstələri qoymuşlar.

28 May – Respublika Gününə həsr olunmuş mərasimdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətli çıxış edərək vurğulamışdır ki, doxsan altı il əvvəl müsəlman aləmində ilk dəfə olaraq Azərbaycanda demokratik respublika yaranmışdır. Bu, böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığına qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Eyni zamanda respublikanın yaranması müsəlman aləmində respublika quruluşunun yayılmasına da təkan vermişdir.

Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərlərini özündə birləşdirən yeni bir dövlət nümunəsi olmuşdur.

Ulu öndərimiz, dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının tarixi kökləri barədə danışarkən demişdir: “Müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycan torpağında yaranması onunla bağlı idi ki, həmin dövrdə — XIX əsrin sonu, XX əsrin əvvəllərində xalqımız milli azadlıq və müstəqillik arzusu, ümidi ilə yaşayırdı. Həmin illərdə vətənin mütərəqqi övladları, ziyalılar xalq kütlələrini milli özünüdərkə, dirçəlişə, azadlığa və müstəqilliyə çağırır, milli azadlıq hərəkatı ideyasını yayır və möhkəmləndirirdilər ki, bu da məntiqi olaraq Azərbaycan Demokratik Respublikasının yaranmasına gətirib çıxardı”.

1991-ci il 18 oktyabrda yenidən müstəqilliyini əldə edən xalqımız öz hürriyyət və azadlığını hər zaman və hər şeydən uca tutduğunu sübuta yetirdi. Tarix sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətin və mürəkkəbdir.

1993-cü ilin həyəcanlı iyun günlərində Azərbaycan yenidən öz müstəqilliyini itirmək, parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Əgər həmin vaxt ümummilli liderimiz Heydər Əliyev hakimiyyətə gəlməsəydi bu qaçılmaz olacaqdı. Məhz bu böyük şəxsiyyət təhlükələri bir-birinin ardınca dəf edərək dövlət müstəqilliyimizin qorunub saxlanması, möhkəmləndirilməsi üçün misilsiz işlər gördü.

Respublika Gününə həsr olunmuş toplantıda Ukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədri Anar Tahirov və başqaları çıxış etdilər.

 

Qədir ASLAN,

Respublika.-2014.- 30 may.- S.12.