Qazax rayonunda keçirilən II Beynəlxalq Aşıq Festivalı ozan-aşıq sənətinin təntənəsinə çevrilmişdir

 

Bu günlərdə Qazax rayonunda II Beynəlxalq Aşıq Festivalı keçirilmişdir. Bu məqsədlə dünyanın 8 ölkəsindən və Azərbaycanın bütün bölgələrindən gəlmiş qonaqlarustad aşıqlar rayon icra hakimiyyətində yüksək səmimiyyətlə və qonaqpərvərliklə qarşılanmışlar. Səmimi keçən görüşdən sonra onların hər birinə türk dünyasının qədim musiqi aləti saz və qiymətli hədiyyələr bağışlanılmışdır. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov qonaqlarlafestival iştirakçıları ilə xatirə şəkli çəkdirmişdir. Sonra qonaqlar şəhərin gəzməli-görməli yerləri ilə, xüsusən, son illərdə tikilib istifadəyə verilmiş sosial obyektlərlə, Heydər Əliyev adına park, Heydər Əliyev Mərkəzi, Fəxri Qazaxlılar parkı, İsmayıl Şıxlı parkı, Ədəbiyyat Muzeyi, Rəsm Qalereyası, Şahmat Məktəbi, Gənclər Mərkəzi, Uşaq Əyləncə Mərkəzi və s. tanış olmuşlar. Qonaqlar Fəxri Qazaxlılar parkı ilə tanış olarkən orada son illər aparılmış yenidənqurma və abadlıq işləri, Molla Vəli Vidadinin, Molla Pənah Vaqifin, Səməd Vurğunun, Mehdi Hüseynin, İsmayıl Şıxlının, Əliağa Şıxlinskinin, Fərrux ağa Qayıbovun, Ədalət Nəsibovun və başqalarının xatirəsinə ucaldılmış heykəl və büstlər onlarda səmimi hisslər yaratmışdır.

Tədbir başlanmazdan əvvəl Festival iştirakçıları Ulu Öndərin adını daşıyan parka gəlmişlər və orada Heydər Əliyevin xatirəsinə ucaldılmış əzəmətli abidəni ziyarət edib önünə gül-çiçək dəstələri qoymuşlar.

Festivalın açılışı Gənclər Mərkəzində olmuşdur. Tədbiri giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov açmış, qonaqları və tədbir iştirakçılarını salamlamış, onları Qazax rayonunda keçirilən möhtəşəm musiqi bayramı münasibətilə təbrik edərək Festivalın işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, Heydər Əliyev Fondunun Prezidenti, Millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Azərbaycanın Aşıq sənəti YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilmiş, xalqımızın bu ölməz sənəti haqlı olaraq dünya ədəbiyyat inciləri sırasında özünə layiqli yer tutmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycan mədəniyyəti və incəsənəti sözün həqiqi mənasında böyük yüksəliş dövrü keçmişdir. Bu yüksəliş mədəniyyətimizin və incəsənətimizin əsas qollarından biri olan aşıq sənətinə də aiddir. Azərbaycanda qədim dövrlədə yaranmış aşıq sənəti bu gün də yaşayır və inkişaf edir. Aşıq sənətinin görkəmli nümayəndələri - aşıq Alı, aşıq Ələsgər, aşıq Şəmşir, aşıq Hüseyn Bozalqanlı, aşıq Mikayıl Azaflı, aşıq İmran Həsənov, aşıq Əkbər Cəfərov, aşıq Mirzə Bayramov, aşıq Əsəd Rzayev, o cümlədən, Qazaxda doğulub boya-başa çatmış görkəmli el sənətkarları aşıq Avdı, aşıq Dərya Məhəmməd, aşıq Cəlal Qəhrəmanov, aşıq Kərəm İncəli, aşıq Ədalət Nəsibov və başqaları müasir aşıq sənətinin inkişafında misilsiz xidmətlər göstərmişlər. Aşıq sənətindən bəstəkarlamız da dəyəyrlənirlər və öz yaradıcılıqlarında ondan istifadə edirlər.

Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərilən böyük diqqət və qayğı ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Möhtərəm prezidentimiz Mədəniyyətimizin və İncəsənətimizin ictimai həyatdakı rolunu həmişə yüksək qiymətləndirir, Azərbaycan mədəniyyətinin və incəsənətinin bütün dünyada tanıdılması üçün ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.

İcra başçısı sonra demişdir ki, aşıq sənətinin yaşamasında və inkişafında respublikamızın qərb qapısı olan Qazax mahalının da öz xidmətləri vardır. 2010-cu ilin oktyabr ayının 24-də Qazaxda keçirilən I Beynəlxalq Aşıq Festivalı və bu gün keçirilən II Beynəlxalq Aşıq Festivalı dediklərimizə əyani sübutdur.

Bundan sonra, folklorşünas alim, professor Qəzənfər Paşayev çıxış etmiş, qədim aşıq sənətinin yaranması tarixi, inkişafı və bu günü ilə bağlı tədbir iştirakçılarına geniş məlumat vermişdir.

Festivalın açılışı Qazax aşıqlarının ifası ilə başlamışdır. Aşıqlardan Eldar İbrahimovun, Samir Allahverdiyevinİlqar Qələmçəlinin çıxışları alqışlarla qarşılanmışdır.

Söz Türkiyənin Anadolu bölgəsindən gəlmiş aşıqlara verilmişdir. Ustad aşıq Maqsud Fəryadinin rəhbərlik etdiyi aşıqlar ansamblı maraqlı çıxışları ilə dost, qardaş xalqın görkəmli sənətkarları və ustad aşıqları kimi tədbir iştirakçılarının yaddaşında qalmışdır.

İran İslam respublikasının şərq vilayətindən, yəni Cənubi Azərbaycandan və Təbriz şəhərindən gəlmiş ustad aşıqlardan Şahbazinin, Əbülfəzin, Fərəməzin, Talehin və başqalarının çaldıqları saz havaları və oxuduqları aşıq mahnıları tədbir iştirakçılarında Festivala olan marağı daha da artırmış və tədbirə xoş ahəng qatmışdır.

Şirvan aşıq məktəbinin yetirmələri olan ustad aşıqlardan aşıq Əli Tapdıqoğlunun, aşıq Yanvarın, aşıq Almuradın, aşıq Abbasın və gənc aşıq Arifin ifaları tədbir iştirakçılarının sevincinə səbəb olmuş və davamlı alqışlarla qarşılanmışdır.

Gürcüstanın Borçalı mahalından gəlmiş Hicran xanım Mehdiyevanın ifası isə Borçalı aşıq məktəbinin nüfuzunu və hörmətini daha da artırmışdır.

Beləliklə, II Beynəlxalq Aşıq Festivalı çərçivəsində dünyanın 8 ölkəsindən dəvət olunmuş aşıqların Qazax rayonunda geniş kütlə qarşısındakı şıxışları aşıq-ozan sənətinin təntənəsinə çevrilərək böyük maraq və əks-sədaya səbəb olmuşdur.

Noyabr ayının 16-da qonaqlar böyük hörmət və zəngin təəsuratlarla Qazax elindən ayrılaraq Tovuz rayonuna yola düşmüşlər.

Əzim YusifbƏyli,

Respublika.-2014.- 18 noyabr.- S.10.